Müttəfiqlik xarakterli əlaqələr
Müttəfiqlik xarakterli əlaqələr
2021-ci ilin iyun ayında 15-də Qarabağın tacı Şuşa şəhərində iki qardaş ölkə Azərbaycan və Türkiyə arasında Şuşa Bəyannaməsi imzalandı. Bəyannamədə yer alan iki məsələ diqqət çəkir. Bunlardan birincisi odur ki, hər iki ölkə bir-birlərinin təhlükəsizliyinin təminatı üçün BMT Nizamnaməsinə uyğun qarşılıqlı öhdəlik götürdülər. İkincisi isə Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması istiqamətində birgə iş birliyi oldu. Azərbaycan-Türkiyə əməkdaşlığı bütün müstəvilərdə yüksələn xətlə inkişaf etdir. Vətən müharibəsində Azərbaycanın qazandığı Qələbədən sonra bölgədə yeni reallıq yaranıb. Nüfuzlu beynəlxalq təşkilatlar, ölkələr də bu reallığı qəbul edir. İmzalanmış Şuşa Bəyannaməsi də bölgədə Azərbaycan-Türkiyə qardaşlığının yaratdığı reallığın nəticəsidir. Bəyannamə tərəflərin gələcək əməkdaşlığı üçün yol xəritəsi rolunu da oynayır.
Bəyannamədə digər önəmli məsələ Zəngəzur dəhlizinin açılmasının xüsusi qeyd edilməsidir. Təbii ki, Zəngəzur dəhlizinin açılması Vətən müharibəsindəki 44 günlük Zəfərimizin yaratdığı geosiyasi şəraitdir. Şuşa Bəyannaməsini imzalaması bölgəyə yeni siyasi ab- hava gətirdi. Birincisi, Ermənistan imzalanan müqavilənin şərtlərinə mütləq əməl etməlidir. Məlum olduğu kimi, Ermənistanda müəyyən revanşist qüvvələr sərsəm bəyanatlar səsləndirir, regionda öz maraqlarını hansısa formada gücləndirməyə çalışan dövlətlər isə tarixi reallıqlardan uzaq bəyanatlar verirlər. Bu bəyannamə həmin qüvvələrə açıq-aydın mesaj verilir – strateji tərəfdaşlar, qardaş dövlətlər bir-birilərinə bundan sonrakı dövrdə də dəstək olacaqlar. İkincisi, Ermənistan öz qonşuları ilə normal münasibətləri bərpa etməlidir. Azərbaycanın Vətən müharibəsində qələbə qazanması bölgədə tam yeni reallıqlar yaratdı. Əgər Ermənistan bu reallıqları qəbul edər və qonşuları ilə normal münasibətlər qurarsa, o zaman bu bölgə üçün xeyirli olar. Şuşadan region dövlətlərinə, o cümlədən, dünyaya çox açıq və aydın mesaj verildi – regionun güclü, strateji tərəfdaş, qardaş olan dövlətlərinin birliyi bundan sonrakı dövrdə də davam edəcək və bu regionda başqa xülyalara düşməyə çalışan qüvvələr qarşılarında güclü Azərbaycanı və Türkiyəni görəcəklər.
Əlihüseyn Rəsullu-Zərdab rayon Hüseynxanlı kənd sakini, fəal gənc