Biz azad olmuşuq, Azərbaycan xalqı azad yaşamalıdır
“Hər bir azərbaycanlı bunu anlamalı, bilməlidir. Biz bir daha müstəmləkə ola bilmərik, bir daha qul ola bilmərik. Biz azad olmuşuq, Azərbaycan xalqı azad yaşamalıdır.”
1990-cı illər ictimai-siyasi hadisələrlə dolu olan, xalqımızın dəfələrlə zamanın sınağından keçdiyi dövrdür. Elə bu çətin və məşəqqətli zamanda xalqın iradəsi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev 1993-cü ildən 2003-cü ilə qədər öz dəyərli ömrünü Azərbaycan xalqının gələcəyinə sərf etdi. Tarixi bir missiyanı yerinə yetirən Ulu Öndər ölkənin və xalqın ən ağır vaxtında hakimiyyətə gəlişi ilə dövlətçiliyin strategiyasını, ideologiyasını yaratdı, onu praktik dövlətçilik müstəvisində həll etdi. Qanunsuzluq, hərc-mərclik və iqtisadi sarsıntı məngənəsində boğulan xalqın maddi rifahını yaxşılaşdırmaq üçün müdrik tədbirlər gördü. Xarici siyasətdə Azərbaycanın sülhsevər bir dövlət kimi mövqelərinin möhkəmlənməsində böyük uğurlar qazandı. Yeni neft strategiyası ölkənin qarşısında dayanan bir sıra sosial, iqtisadi, siyasi, geostrateji məsələlərin həllində önəmli rol oynadı. Bu, həm də iqtisadi amildən siyasi təsir vasitəsinə çevrilərək, ölkənin geosiyasi maraqlarını təmin edən, qlobal məkana inteqrasiyanı reallaşdıran, Cənubi Qafqazda enerji təhlükəsizliyini qoruyan və sabitliyi mühafizə edən, əhalinin sosial təminatını, dövlətin iqtisadi rifah və tərəqqisini stimullaşdıran vacib faktordur. 1993-cü ilin ortalarından başlayaraq Azərbaycanda hakimiyyətin formalaşmasında güc, zorakılıq tətbiq edilməsi kimi təhlükəli meyllərə birdəfəlik son qoyuldu. Müasir dövrün tələblərinə uyğun, yalnız hüququn aliliyinə əsaslanaraq formalaşdırılan idarəetmə sistemi Azərbaycanın bir dövlət olaraq iqtisadi və siyasi cəhətdən möhkəmlənməsinə, dünyanın ən qüdrətli dövlətlərinin strateji tərəfdaşına çevrilməsinə səbəb oldu. Ulu Öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin daimiliyini, əbədiliyini, dönməzliyini təmin edən mükəmməl bir dövlətçilik ideologiyası formalaşdırdı. Onun siyasi yolunu uğurla davam etdirən Prezident cənab İlham Əliyev ölkəmizə tarixi uğurlar qazandırır. Azərbaycan tarixinin ən şanlı səhifəsi olan 44 günlük Vətən müharibəsi dövründə Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev böyük sərkərdəlik məharəti, güclü iradə və qətiyyət nümayiş etdirdi. Diplomatiya, informasiya və siyasi fəaliyyət istiqamətlərində də misilsiz uğurlara imza atdı. Xalq Liderinin ətrafında sıx birləşdi, qəhrəmanlıq dastanı yazan rəşadətli ordumuz yenilməzliyini sübut etdi. Türkiyə kimi güclü qardaş dövlət Azərbaycana tam və birmənalı dəstəyini göstərdi. Dost Pakistan dövləti ölkəmizə kömək etməyə hazır olduğunu bəyan etdi, digər tərəfdaş dövlətlər haqq işimizi müdafiə etdi. Beləliklə, XXI əsrin müharibəsini aparan Azərbaycan düşmən üzərində tarixi qələbəsini qazandı, doğma Qarabağımız əsl sahiblərinə qaytarıldı.
Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova
“Azərbaycan xalqı tarixən digər dinlərə həmişə dözümlü olmuş və onlara hörmətlə yanaşmışdır. Bu, Azərbaycan xalqının milli xüsusiyyətidir.”
Azərbaycan müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant ölkədir. Ölkəmizdə ayrı-ayrı etiqad və inanclara malik etnosların min illərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanmasında Azərbaycan xalqına xas olan humanizm və çoxmillətlilik dəyərlərin müstəsna rolu vardır. Regionda tarixən dözümlülük mühitinin formalaşmasında islamın Azərbaycanda yayılmasının böyük rolu olmuşdur. Çünki mərhəmət, sevgi və əxlaq dini olan islamda tolerantlıq, dözümlülük yüksək mənəvi dəyər və mədəniyyət kimi qiymətləndirilir. Bu baxımdan əsrlər boyu müsəlmanlarla yanaşı yaşayan digər dinlərin mənsubları da regionda dinc və ayrı-seçkiliyə məruz qalmadan yaşamışlar. Prezident cənab İlham Əliyevin bu sahəyə xüsusi diqqət və qayğısının nəticəsi olaraq bu gün dövlət və din münasibətləri özünün ən yüksək səviyyəsindədir. Azərbaycanda bütün dinlərin nümayəndələri öz dini ayinlərini azad şəkildə icra etməkdədirlər. Azərbaycanda bütün dinlərin nümayəndələri qarşılıqlı hörmət və anlaşma, sülh şəraitində birgə yaşayırlar. Ölkədə mövcud ictimai sabitlik, vətəndaş həmrəyliyi və etnik dini dözümlülük mühiti mütərəqqi tarixi ənənələrdən bəhrələnən milli siyasətin məntiqi nəticəsidir. Hazırda mütərəqqi dünyada demokratik dəyərlərdən biri kimi qəbul edilən etnik dini tolerantlıq Azərbaycan cəmiyyətinin nümunəvi normalarına çevrilmişdir. Çoxmillətli və çoxkonfessiyalı dövlət kimi Azərbaycan Respublikası bu gün dünya birliyinə hərtərəfli inteqrasiya siyasəti həyata keçirir. Bu siyasətin nəticəsində hazırda ölkəmizdə bütün dini icmalar bərabər hüquqlara malikdirlər. Bununla bərabər, ölkənin hüquq sistemi ekstremizm təhlükəsinin real olduğu şəraitdə, dini təşkilatlara kənardan təsiri məhdudlaşdırır, potensial təhlükəli radikal ideyaların təbliğ edilməsinə imkan vermir. Bu gün ölkəmizdə dinlərarası münasibətlər ən yüksək səviyyədədir. Azərbaycana gələn mütəxəssislər dini tolerantlığı universal model kimi təqdim etməkdədirlər. Bu istiqamətdə Ümummilli Lider Heydər Əliyevin və Prezident cənab İlham Əliyevin xidmətləri müstəsna əhəmiyyətə malikdir. Azərbaycanda olan dinlərarası əlaqələr tolerantlığın əhatəsində, əsrlərdən bəri formalaşan köklü bir ənənə, qarşılıqlı hörmət və əməkdaşlıq mövcuddur.
Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova
“Azərbaycan xalqı hər zaman ümumbəşəri dəyərlərlə, Avropa dəyərləri ilə Azərbaycanın milli-mənəvi dəyərlərinin inteqrasiyasına çalışmışdır.”
Mənəvi dəyər özünün fiziki və mənəvi varlığını qoruyub saxlamaq, yaşatmaq üçün hər hansı sosial qrup və ya cəmiyyətin əksər üzvlərinin doğru və lazımlı olduğuna inanıb qəbul etdikləri ortaq dünyagörüş, məqsəd, əxlaq normaları və inanclardır. Bu gün dövlətin hər cür resurslardan səmərəli istifadə yolları ilə formalaşdırmağa çalışdığı başlıca dəyərlər bunlardır: ədalətli olmaq, ailə birliyinə önəm vermək, vətənsevərliyi aşılamaq, qanunlara hörmət, dinə hörmət, eyni zamanda tolerantlıq, çalışqanlıq, qonaqsevərlik, yardımsevərlik, milli ideologiya, milli tarix, milli dil, dinimiz, milli mədəniyyət və incəsənət, milli ədəbiyyat, milli özünüdərk, ailə, dahi şəxsiyyətlərimiz, milli musiqimiz, muğamlarımız, fərdi yaddaşı, etnos yaddaşını, millətin, xalqın yaddaşını ehtiva edən folklorumuz bizim milli-mənəvi dəyərlərimizdir. Bir sözlə, milli olan bütün nailiyyət və keyfiyyətlərimiz milli dəyərlər sisteminə aiddir. Ümummilli Lider Heydər Əliyev dinimizin milli-mənəvi dəyərlərin ən önəmli ünsürlərindən biri olduğunu önə çəkirdi. Dini və etnik tolerantlıq Azərbaycan xalqının qanında, canında, kökündə var. Milli ənənələrimizdə, mentalitetimizdə, habelə sosial, mənəvi və dini düşüncə laylalarımızı özündə yaşadan folklorumuzda başqa dinlərə, millətlərə dözümlü münasibət özünü yaşadır. Hazırda bu mənəvi dəyərlər zəngin mədəni irs olmaqla bərabər, eyni zamanda milli özünəməxsusluğun ifadə vasitəsinə çevrilib. Xalqımız qədim adət-ənənələrlə yanaşı, həyatımızda yeni formalarda təcəssüm olunan mədəni sərvətimizi bu gün də yaşadır və inkişaf etdirir. Deməli, milli-mənəvi dəyərlərimizin müasirliklə vəhdəti artıq layihə, proqram yox, həyat tərzidir. Beləliklə, xalqlar arasında milli-mənəvi dəyərləri ilə tanınan Azərbaycan xalqı ustadlığı və təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə dünya sivilizasiyasında özünəməxsus yer tutur. Deyilən bu mənəvi dəyərlər dövrün, mövcud şəraitin və ictimai quruluşun ruhuna, tələblərinə uyğun cilalanır, yeni forma və məzmun kəsb edir. Eyni zamanda şəraitə uyğun mənəvi dəyərlər adət və ənənələr yaranır. Azərbaycan müasirləşən, Avropa və dünya birliyinə sürətlə inteqrasiya edən ölkədir. Təbii ki, müasir dünyada sürətlə davam edən qloballaşma prosesləri bizim də ölkədən yan keçməyib. Buna baxmayaraq, qloballaşma adı altında öz milli dəyərlərimizi unutmamalı və bu dəyərlərə sadiq olmalıyıq. Hər bir ölkə və xalq üçün onun milli dəyərləri hər şeydən üstün tutulmalı və digər xalqların dəyərləri ilə ziddiyət təşkil etməməlidir. Bu baxımdan biz qloballaşma deyəndə Azərbaycanda beynəlxalq əməkdaşlığı, xoş münasibətləri, səmimi dostluğu nəzərdə tutulur. Milli dəyərlərimizə dərindən bələd olan görkəmli dövlət xadimi Ümumilli Lider Heydər Əliyev xalqımıza xas olan adət-ənənələrimizi yaşatmağı, təbliğ etməyi tövsiyə edirdi. Ulu Öndər Heydər Əliyevin bu istiqamətdə müəyyənləşdirdiyi siyasət bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova
“Bizim ənənələrimiz, mənəvi, milli, dini dəyərlərimiz ölməzdir və bundan sonra da yaşayacaqdır.”
İnsanın mənəviyyatı, əxlaqi normaları və baxışları ilə bağlı olan milli-mənəvi dəyərlərin yaradıcısı xalqdır. Xalqın mövcudluğunun əsas göstəricisi olan milli-mənəvi dəyərlər onun ən qiymətli sərvətidir. Hər bir xalq milli-mənəvi dəyərlər sisteminə malikdir. Milli-mənəvi dəyərlər bizim tariximiz, dilimiz, dinimiz, adət-ənənələrimiz, mentalitetimiz, mədəniyyətimiz, ədəbiyyat və incəsənətimizdir. Bu dəyərləri qoruyub saxlamaq hər birimizin müqəddəs borcumuzdur. Milli mədəniyyətimizin zənginliyindən, xalqımızın nə qədər qədim köklərə malik olmasından xəbər verən adət və ənənələrdən, bayram adət-ənənələri, toy, yas mərasimləri, islam dininin bəşəri hissləri təbliğ edən dəyərləri xalqımızın milli-mənəvi simasının aynası hesab edilir. Adət və ənənələrin milli mənəvi dəyərlər sistemində oynadığı əvəzsiz rollardan biri hər bir ənənənin müəyyən əxlaqi məna daşıması ilə bağlıdır. Belə ki, adət və ənənələrimiz hər bir insan nəslinin yaratdığı əxlaqi dəyərləri qoruyub, yeni nəslə çatdırmaq vacibdir. Əgər biz adət və ənələrimizə nəzər salsaq, görərik ki, onların arasında əxlaqa, tərbiyəyə, mədəniyyətə zidd olan, özündə mənfi xüsusiyyətləri ehtiva edən heç bir məqam yoxdur. Böyüyə hörmət, kiçiyə mərhəmət, bayram günlərində qonaq qəbul etmək, hədiyyə vermək, küsənləri barışdırmaq, kədərli və çətin günlərdə dərdi bölüşmək, yardımlaşmaq və s. kimi humanist dəyərlərlə zəngin olan xalqımız ta qədimdən bu dəyərləri nəsildən nəslə ötürərək qoruyub saxlamışdır. Azərbaycan özünün milli adət-ənənələrini qorumaqla yanaşı əxlaqi dəyərlərə söykənən bir sıra digər mədəniyyətlərə də qucaq açmış, zaman-zaman onları özününkiləşdirmiş, daha dəqiq desək milliləşdirmişdir. Belə ənənələrdən biri İslam sivilizasiyasında xüsusi hörmətlə qarşılanan, özündə böyük bir mədəniyyətin bütün incəliklərini əks etdirən Ramazan ayı və bu ayda oruc ibadətinin həyata keçirilməsidir. Müqəddəs Ramazan ayında müsəlmanlar Allah qarşısında vicdani borclarını daha dolğun ödəmək fürsəti əldə edir, mənəvi zənginliyin və əxlaqi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar. Ramazan ayı insanların ruhən təmizləndiyi, Uca Yaradana yaxınlaşdığı, birlik və bərabərliyin, xeyirxahlıq və şəfqətin yaşandığı aydır. Azərbaycan müstəqillik əldə etdikdən sonra dini bayramlar yenidən heç bir qadağalar olmadan böyük şövqlə qeyd edilməyə başladı. Milli-mənəvi dəyərlərimizin qoruyucusu ümummilli lider Heydər Əliyev məscidlərdə keçirilən Ramazan bayramı tədbirlərində özü şəxsən iştirak edir və geniş nitq söyləyirdi. Ulu Öndər Heydər Əliyev deyirdi: “Ramazan ayı cəmiyyətimizdə həmrəyliyin, dini-mənəvi birliyin möhkəmləndirilməsi işinə xidmət edən, hər bir müsəlmanın, adət-ənənələrimizə riayət edən hər bir insanın qəlbində olan bayramdır. Bizim ənənələrimiz, mənəvi, milli, dini dəyərlərimiz ölməzdir və bundan sonra da yaşayacaqdır”. Ümummilli Liderimizin milli-mənəvi və dini dəyərlərin qorunması istiqamətdə müəyyənləşdirdiyi siyasət bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, hazırda Azərbaycan dünyanın ən tolerant ölkəsidir və ölkəmizdə din-dövlət münasibətləri çox yüksək səviyyədədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizdə mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət göstərmiş və çıxışlarında: “Azərbaycan müasir dövlətdir, dünyəvi dövlətdir. Eyni zamanda, öz milli və dini ənənələrinə sadiq olan dövlətdir. İslam dəyərləri bizim milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir və müqəddəs Ramazan ayı bütün dövrlərdə Azərbaycan xalqının qəlbində yaşamışdır. Azərbaycan o ölkədir ki, burada bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır və bu, bizim böyük sərvətimiz oldunu” qeyd etmişdir .
Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Bahar Qurbanova
“Azərbaycan xalqının qəlbində milli azadlıq ruhu, müstəqillik ruhu daim yaşamışdır.”
Milli müstəqillik bəşər tarixi boyu xalqların, millətlərin ən çox arzusunda olduqları siyasi, hüquqi və mənəvi tələbatları arasında əsas nemət olub. Çünki müstəqil olmayan bir xalq və millət daima var ola bilməz. Milli müstəqilliyini əldən vermiş millətlər zaman-zaman başqa xalqların və millətlərin içində assimilyasiyaya uğrayaraq tarixində arxivlərində qalırlar. Hər xalqın, millətin milli və dövlət müstəqilliyinin əldə edilməsində mühüm tarixi missiyaya malik olan dahi şəxsiyyətləri var. Öz xalqlarına milli müstəqillik nemətini daddıra bilən həmin dahilər heç zaman unudulmur. Tarixi təcrübə göstərir ki, dövlətin, cəmiyyətin və insanlığın inkişafını müəyyən edən əsas faktorlardan biri də lider fenomenidir. Məhz böyük şəxsiyyətlər özlərinin fəaliyyəti, irəli sürdüyü ideyalar və qəbul etdiyi qərarlarla nəinki öz dövlətlərinin tarixinə, bütövlükdə dünyada gedən ictimai-siyasi proseslərə təsir göstərmək imkanına malik olurlar. Belə tarixi simalar öz əməlləri və ideyaları ilə xalqların həyatında o qədər dərin iz qoyurlar ki, millətin və dövlətin tərəqqisinin həmin dövrü birbaşa onların adları ilə bağlı olur. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr bütövlükdə xalqın azadlıq, müstəqillik arzularının gerçəkləşməsinə real hüquqi, siyasi və iqtisadi əsasların yaradılması, bu möhkəm baza üzərində qazanılmış dövlət müstəqilliyinin möhkəmləndirilməsi, xalqın təbii konstitusion hüquqlarına sahib çıxması, milli-mənəvi yüksəlişə nail olması, fərdin özünü vətəndaş kimi dərk etməsi kimi iftixar doğuran şanlı epoxanı əhatə edir. Ümummilli liderin Azərbaycan qarşısındakı əvəzsiz tarixi xidmətlərinin ən qabarıq siyasi təzahürü isə onun dayanıqlı milli dövlət qurması, onu möhkəmləndirməsidir. Xalqımızın tarix boyu qərarlaşmış milli dəyərlərinin bərpa edilməsi, Azərbaycan dilinin inkişafı, milli mədəniyyətimizin, dinimizin, mənəviyyatımızın yüksəldilməsi, gənclərin milli ruhda tərbiyə edilməsi Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ürəyinin ən dərin qatlarına qədər milli lider olduğunu nümayiş etdirmişdır. Azərbaycanda elm, təhsil, mədəniyyət və incəsənət xadimlərinə dövlət qayğısının Heydər Əliyevin hakimiyyəti dövründə artırılması, tariximizin obyektiv mənzərəsinin yaradılması və s. kimi milli mənəviyyatı və milli qüruru yüksəldən, milli şüuru və milli ruhu, zənginləşdirən özünəqayıdış prosesi reallığa çevrilmişdir. XX əsrin üçdə birini milli lider və rəhbər kimi millətinə xidmət etmiş Heydər Əliyevə Azərbaycan xalqının sonsuz məhəbbəti əbədidir. Tarixə qızıl hərflərlə yazılmış bu həqiqətləri daim qəlbində yaşadan Azərbaycan xalqı qüdrətli dövlət xadiminin misilsiz xidmətlərini sonsuz minnətdarlıq hissi ilə dilə gətirir, dünya şöhrətli müdrik oğlu Heydər Əliyevin əziz xatirəsini həmişə uca tutur. Bu gün Azərbaycan özünün hər bir sahədə dinamik inkişaf dövrünü yaşayır. Çünki cənab prezident İlham Əliyev Ulu öndər Heydər Əliyev siyasi kursunu uğurla davam etdirir. Əsrlər keçəcək, illər bir-birini əvəz edəcək, nəsillər dəyişəcək amma Heydər Əliyevin milli müstəqillik, azərbaycançılıq ideyaları heç zaman yox olmayacaq. Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.
Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Ehtiram Osmanov