22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

“Azərbaycanın genofondu gənclərdir, biz onları hərtərəfli qorumalıyıq”

“Azərbaycanın genofondu gənclərdir, biz onları hərtərəfli qorumalıyıq”

“Azərbaycanın genofondu gənclərdir, biz onları hərtərəfli qorumalıyıq”

Sirr deyil ki, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə gənc nəslə diqqətin göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Müxtəlif dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmışdır. Ulu Öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratmış, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyən etmişdir. Ulu Öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra, təhsilimizin ötən əsrin 70-80-ci illərində mövcud olmuş bir çox ənənələri kimi, xarici ölkələrə tələbələrin göndərilməsi ənənəsi də davam və inkişaf etdirilməyə başlandı. Artıq, 2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc təhsil alırdı. Dövlət hesabına xaricdə təhsil alan gənclərin sosial durumu daim Ulu Öndərin diqqət mərkəzində idi. Təkcə, Türkiyədə dövlət hesabına təhsil alan 700 azərbaycanlı tələbənin hər birinə təqaüd verilməsi üçün ildə 2,4 milyard manat vəsait ayrılmışdı. İstedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək üçün Prezident Heydər Əliyevin ali məktəblərə qəbul imtahanlarından ən yüksək bal toplamış abituriyentlərlə şəxsən görüşüb, onlara “Prezident təqaüdü”nün verilməsi barədə qərarı dahi şəxsiyyətin təhsilə diqqətinin daha bir nümunəsidir. Ümummilli Liderin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilmişdir. 1996-cı il fevral ayının 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. Ulu Öndər Heydər Əliyev tərəfindən 1996-cı il 22 iyun tarixində imzalanmış “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Fərmanına əsasən istedadlı gənclərə dövlət qayğısını təmin etmək məqsədilə Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı” və “Qızıl kitab”a adları yazılmış gənc istedadlara təqdim etmək üçün xüsusi təqaüd təsis edildi. Ulu Öndər tərəfindən 2 fevral 1997-ci il tarixində imzalanmış Sərəncama əsasən, fevral ayının 2-si “Azərbaycan Gəncləri Günü” elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda “Gənclər Günü” təntənəli şəkildə qeyd edilməyə başlanıb. Ulu Öndər Heydər Əliyev 1999-cu il iyulun 29-da imzaladığı “Dövlət gənclər siyasəti haqqında” Fərmanla gənclərin inkişafı üçün daha əlverişli şərait yaradılmışdır. Fərmanla Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq edilmiş, Gənclər və İdman Nazirliyinin nəzdində gənclərin problemləri üzrə elmi araşdırmalar mərkəzi yaradılmışdır. 2002-ci il 9 aprel tarixində “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu Qanun Azərbaycan Respublikasında gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir. Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biridir. O, vurğulayırdı: – “Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir, sarsılmazdır. Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir.”

Zərdab Gənclər evi sosial xidmət müəssisəsinin metodisti – Mecidli Cəlal

 

 

“Gənclərin qarşısında duran vəzifələr birinci növbədə cəmiyyətdə öz yerini tutmaqdan, maariflənməkdən, təhsilini artırmaqdan, cəmiyyət üçün faydalı olmaqdan ibarətdir.”

Azərbaycan gəncliyi deyəndə, bunu Ulu Öndər Heydər Əliyevsiz təsəvvür etmək olmaz. İstər SSSR-i tarixində olsun, istərsə də müstəqillik dönəmində Azərbaycan gəncliyinin uğurları, nailiyyətləri Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun hakimiyyətə gəlişindən etibarən, Azərbaycan gəncliyinə gənclik duyğuları qayıtdı və gənclərimiz bütün dünyada öz sözünü deməyi bacardı. Ulu Öndər hakimiyyətə gəldiyi zamandan etibarən Azərbaycan gəncliyinin gələcəyini düşündü. Ümummilli Lider düşünürdü ki, Azərbaycanın parlaq gələcəyi, yalnız savadlı, bilikli, intelektual qabiliyyəti yüksək olan gənclərdən ibarətdir. Bildiyimiz kimi, SSRİ dönəmində hələ Ulu Öndər hakimiyyətə gəlməmişdən öncə, Azərbaycan gəncləri heç bir perspektivli vəzifələrdə, işlərdə, sahələrdə təmsil olunmurdular. Lakin Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gələndən sonra yürütdüyü gənclər siyasəti nəticəsində Azərbaycan gəncliyi öz parlaq, uğurlu dönəmini yaşamağa başladı. Bu gün ölkəmizdə hər bir sahədə-hərbi, təhsil, siyasi, iqtisadi və digər bütün sahələrdə təmsil olunan gənclərin, onların qazandığı uğurların, nailiyyətlərin hamısı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər ölkəmizdə hər bir sahəyə xüsusi diqqət və qayğı ilə yanaşdığı kimi gənclərlə bağlı məsələlərə də xüsusi önəm verir və bu sahəyə xüsusi diqqətlə, qayğıyla yanaşırdı. Onun gəncliyə verdiyi qiyməti dünya ölkələrinin heç birində heç bir dövlət başçısı öz ölkəsinin gəncliyinə belə qiymət verməyib. Ulu Öndər Heydər Əliyev və Azərbaycan gəncliyi deyərkən sadaladığımız bütün faktlar göz önündə durur.

Şübhəsiz ki, Ümummilli Lider Heydər Əliyevin gənclərə göstərdiyi xüsusi diqqət və qayğı bu gün də ən yüksək səviyyədə Ulu Öndərin layiqli davamçısı, ölkə Prezidenti, cənab İlham Əliyev tərəfindən aparılır. Ölkə Prezidenti hər zaman gəncləri maraqlandıran, onları narahat edən problemlərlə maraqlanır, görüşlər keçirir və bu istiqamətdə öz tövsiyyə və tapşırıqlarını verir. Hər zaman olduğu kimi, bu gün də gənclərə diqqət və qayğı cənab Prezidentin nəzarətindədir. Təbii ki, buna görə də, Azərbaycan gəncləri dahi şəxsiyyət Heydər Əliyevin düzgün qurduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkənin dinamik inkişafının davamlılığını təmin etmək üçün üzərilərinə düşən məsuliyyəti yüksək səviyyədə yerinə yetirməyə çalışırlar. Cənab Prezidentin gənclərlə bağlı yürütdüyü siyasət Ulu Öndərin bu sahədə yürütdüyü siyasətin davamı olaraq, bu gün Azərbaycan gənclərinin dünya miqyasında ölkəmiz üçün parlaq uğurlar qazanmasının təminatı və nəticəsidir. Qeyd edim ki, Ulu Öndərin hakimiyyəti zamanı olduğu kimi, bu gün də cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşən gənclər çox böyük uğurlar qazanırlar. Gənclər siyasəti ölkədə həyata keçirilən dövlət siyasətinin mühüm tərkib hissəsidir. Ölkə Prezidenti, cənab İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb.

 Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru-Könül Rəhimova

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın