22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Azərbaycana qarşı 200 ildən çox davam edən düşmənçilik siyasəti

Azərbaycana qarşı 200 ildən çox davam edən düşmənçilik siyasəti

Azərbaycana qarşı 200 ildən çox davam edən düşmənçilik siyasəti.

Azərbaycan torpağının hələ Çar Rusiyası zamanından Qarabağa köçürülməsindən bu günə qədər ermənilərin təxribatları davam edir. Ermənilər ərazilərimizdə məskunlaşdıqları ilk gündən Azərbaycan toponimlərini dəyişməyə başlayıb. Daha dəqiq desək, hələ 1918-1920-ci illərdə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı unudulmaz olaraq qalıb. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırıma məruz qalıb, Əhaliyə onlarla işgəncələr verilib. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb. İşğalçı Ermənistanla Azərbaycan arasında növbəti  münaqişə SSRİ-nin mövcud olduğu dövrdə Ermənistanın Azərbaycana qarşı qanunsuz və əsassız ərazi iddiaları ilə başlayıb.1988-ci ildə daha 250 000 azərbaycanlı öz doğma yurdundan qovulub. 1991 və 1992-ci illərin əvvəllərində Ermənistan Azərbaycana qarşı genişmiqyaslı müharibəyə başlayıb. Münaqişənin aktiv dövrü isə 1994-cü ilin mayına, atəşkəs əldə olunana qədər davam edib. Bu müddətə qədər Azərbaycanın əhəmiyyətli hissəsi, o cümlədən Qarabağ, ona bitişik yeddi rayonu Ermənistan tərəfindən işğal olundu. Cinayətkar, talançı və işğalçı ermənilər 30 il ərzində əzəli ata-baba torpaqlarımızı işğal altında saxlayıb, onilliklər ərzində yalnız yaşayış məntəqələrini deyil, məzarlıqları da dağıdıb viran qoyub. BMT Nizamnaməsinin 51-ci maddəsinə görə, hər hansı dövlət beynəlxalq öhdəliklərini yerinə yetirmədiyi və başqa dövlətin ərazisini işğal etmək üçün hərbi qüvvədən istifadə etdiyi hallarda təcavüz qurbanına özünü fərdi və ya kollektiv şəkildə müdafiə etmək hüququ verilir.

Beləliklə, Ali Baş Komandanın rəhbərliyi altında ordumuz BMT Təhlükəsizlik Şurasının yerinə yetirilməyən 4 qətnaməsini təkbaşına icra edib. 30 ilə yaxın Qarabağ həsrəti 44 gündə son çatdı. Torpaqlarımız işğaldan azad edildi. Beləliklə, Vətən müharibəsi noyabrın 10-da tarixi Qələbə ilə başa çatdı. Nəticədə Azərbaycan İkinci Qarabağ müharibəsi dövründə nəinki döyüş meydanında, eyni zamanda, informasiya müharibəsində düşmənlərə, Ermənistana havadarlıq etmək niyyəti ilə qərəzli fikir bildirənlərə qalib gəldi.  Ölkə rəhbərliyi tərəfindən istər Vətən müharibəsi, istərsə də postmüharibə dövründə xüsusən effektiv xarici siyasət davam etdirildi.

Veteran müəllim, rayon ağsaqqalı- Vəfadar Niftəliyev

 

 

 

Prezident İlham Əliyevin dövlət siyasətinin mütləq prioriteti.

İşğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın sərhədləri boyunca bayrağımızın dalğalanması bütün dövrlərdə dövlət siyasətinin  prioriteti və strateji hədəfi idi. Bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olmuşdur. Ermənistan bu müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salmış, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv etmiş, Azərbaycana milyardlarla dollar dəyərində maddi ziyan vurmuşdur. Ermənistanın Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən isə Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutuldu. Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulmuşdur. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verildi. Azərbaycan xalqı 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın bu əmrini gözləyirdi. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi. On minlərlə insanın orduya könüllü kimi yazılması, eləcədə təxribatlar zamanı öz evlərinin tərk etməməsi faktı Azərbaycanda xalq-ordu birliyi və orduya olan inamından xəbər verdi. Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf edən  Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına Qələbəni bəxş edən  müzəffər Orduya çevrildi. Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycan Ordusu Cənubi Qafqazın ən qüdrətli ordusudur.

Dövlət başçısı İlham Əliyevin qalib Sərkərdə kimi işğaldan azad edilmiş ərazilərimizə, Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə gerçəkləşdirdiyi 16 noyabr 2020-ci tarixli səfəri ilə Böyük Qayıdışa xidmət edən ilk quruculuq tədbirləri başladı. Dastana çevrilən Şuşa əməliyyatının aparılmasına bələdçilik edən Füzulu- Şuşa yolu Zəfər yolu adlandırıldı və təməli qoyuldu. Bu yol qısa zamanda tikilib istifadəyə verildi. Bu torpaqlarda aparılan, sadalamaqla bitməyən bərpa-quruculuq işləri Azərbaycanın malik olduğu imkanların təqdimatıdır. İşğaldan azad edilmiş torpaqlarımızda mədəni-dini abidələrimizin bərpası işində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun rolunu xüsusi qeyd etməliyik.  Dövlət başçısı İlham Əliyevin tapşırığı, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xarıbülbül” musiqi festivalı, Vaqif Poeziya Günləri ənənəsi bərpa edildi.

Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir. Tezliklə bərpa-quruculuq işləri başa çatacaq, bu torpaqlarımıza qayıdan sakinlərimiz onlara yeni nəfəs verərək ölkəmizin dayanıqlı inkişafına dəstək olacaqlar.

Zərdab rayon üzrə gənclər və idman sektorunun əməkdaşı-  Bahar Qurbanova

 

 

“İkili standartlar siyasəti”

Soyuq müharibə, ideyaların (həm də iddiaların) mübarizəsi, yaxud silahlı savaş. Zamanına məkanına , dünya siyasətinə uyğun biri-birini əvəzləyən, mahiyyət etibarı ilə dünya düzənini pozan hər iki ifadə qlobal problemlər içərisində çalxalanan, “tərsinə dövran edən” müasir dünyamızın “fırlanan çərxi” üçün xarakterikdir. Güclünün gücsüz üzərində hakimlik iddiaları, ikili standartlardan qaynaqlanan ədalətsizlik, geosiyasi maraqların toqquşması nəticəsində bölgələrdə yaranan gərginlik ən çox müsəlman ölkələrinə təsir göstərir. ABŞ-ın müsəlman ölkələrinə qarşı açıq, ikili standart siyasəti dövlətlərin ərazi bütövlüyü üçün təhlükələr törətməklə həlli müşkül problemlər yaradır, insanlar məhrumiyyətlərlə üzləşirlər. Dövlətlərin müstəqilliyi üçün ən böyük təhlükə olan ikili standartlar güclünün gücsüz üzərində hakimliyi olmaqla beynəlxalq hüquq normalarını da, ədaləti də “gücsüzləşdirir.” Bu qorxulu tendensiyaya qarşı barışmaz münasibətini “Dəfələrlə bu barədə fikirlərimi müxtəlif beynəlxalq kürsülərdən ifadə etmişəm. Dünyada beynəlxalq hüquq normaları kobudcasına pozulur, onlara məhəl qoyulmur, münaqişələr uzun illər həll edilmir, çünki “ikili standartlar” siyasəti mövcuddur” sözləri ilə ifadə edən Prezident İlham Əliyev vurğulayır ki, bir çox dövlətlərdə baş verən inqilablar, dövlət çevrilişləri belə zərərli yanaşmalardan qaynaqlanır. Geosiyasi maraq, mənafe və intriqaları təmin etmək üçün tətbiq edilən, bəla kimi dünya dövlətlərini zəiflədən ikili standartların manipulyasiya, təzyiq vasitəsinə , ən qorxulusu isə beynəlxalq normaya çevrilməsi adi hal alıb. Bu vəziyyəti təsdiqləyən nümunələr isə istənilən qədərdir. İkili standartlara ən bariz nümunə illərdən bəri Qərbin dəstəyi ilə davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Azərbaycan torpaqlarını zəbt edən Ermənistana heç bir təzyiq göstərilmirsə, işğalçı cəzalandırılmırsa, ölkəmizin ərazi bütövlüyünün toxunulmazlığı ilə bağlı BMT-nin qəbul etdiyi 4 qətnamənin həllinə etinasızlıq göstərilirsə, demək “beynəlxalq hüquq normaları” adlı prinsiplər gəlişi gözəl sözlərdən başqa bir şey deyildir. Bu cür “dişsiz prinsipləri” istədikləri kimi “ yoğurub şəkilləndirənlər” üçün “oyunun qaydaları” yenə də geosiyasi maraqlara uyğun fərqlidir. İşğalçı Ermənistan “ Qərb demokratlarından” hər cür maddi yardım alırsa, təcavüzkarla işğala məruz qalanın adı eyniləşdirilirsə, ən dözülməzliyi işğalçılıq siyasətini pisləyən qətnamələri qəbul edən, dünya dövlətlərinin “ailəsi” hesab olunan BMT-də təcavüzkar ölkə Azərbaycanla yanaşı təmsil olunursa bu açıq-aşkar separatçılığa dəstək deməkdir. Haqlı ilə haqsıza eyni yanaşma “ikili standartlar”ın mahiyyətini tam ifşa edir. İkili yanaşma “ayrı-seçkiliyi” BMT-də qəbul edilən qətnamələrə də yol tapıb, “ögey” və “doğma” kateqoriyasına aid olunan dövlətlərlə bağlı sənədlərə münasibətin meyarına çevrilib.

Zərdab rayon üzrə gənclər və idman sektorunun əməkdaşı-  Ehtiram Osmanov

 

 

“Dəmir yumruq” əməliyyatının ilk saatlarında cəbhə xəttindən sevindirici xəbərlər gəlməyə başladı.

Ötən illər ərzində atılmış hər bir addım və qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edib. Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi gərgin əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanınıldı. 30 il davam edən beynəlxalq riyakarlıq tarixi ədalətin bərpa olunması üçün hərbi gücdən istifadə olunmasını qaçılmaz etdi. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün 24 mart 1992-ci ildə təsis olunmuş ATƏM-in (indiki ATƏT) Minsk Qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdır. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qalmış və icra olunmamışdır. Aramsız davam edən Ermənistanın təxribatçı addımları, bəyanatları, hərəkətləri müharibəni qaçılmaz etmişdi. Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Şanlı Ordumuzun ətrafında “dəmir yumruq” kimi birləşərək, dövlətimizin ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. 44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. “Dəmir yumruq” əməliyyatının ilk saatlarında cəbhə xəttindən sevindirici xəbərlər gəlməyə başladı. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin çirkin kampaniyalarına qarşı fədakarlıqla mübarizə apardılar. Bu birlik və həmrəylik haqlı olaraq “Dəmir yumruq” kimi səciyyələndirilir.Müzəffər Ali Baş Komandan İlham Əliyevin indi böyük dövlət xadimi və Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Qələbə ilə regionda yaradılmış yeni reallıq müstəqilliyin tarixində yeni “Qalib xalq” düşüncə fəlsəfəsinin formalaşmasını tələb edir. Vətən Müharibəsində tarixi qələbə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması, Azərbaycanın dünyada hazırkı layiqli yeri, əldə etdiyi böyük nüfuz ölkəmizin suverenliyi, dövlət müstəqilliyi və milli kimliyi ilə bağlı rəmzi hadisələrə yeni baxışın formalaşmasını tələb edir.

Veteran müəllim, rayon ağsaqqalı- Vəfadar Niftəliyev

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın