22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Milli həmrəylik

Milli həmrəylik

Milli həmrəylik

Ermənistanın ölkəmizə qarşı 2020-ci il 27 sentyabrdan başlayan növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanının rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsi başladı. Müasir dünya tarixinə qızıl hərflərlə yazılacaq Vətən müharibəsi. Düşmənin hərbi təcavüzündən sonra 28 sentyabr 2020-ci ildə Ali Baş Komandan Prezident cənab İlham Əliyevin sərəcamı ilə ölkədə qismən səfərbərlik elan olundu. Ehtiyatda olan hərbi qulluqçular, o cümlədən könüllü olaraq ordu sıralarına yazılmış gənclər döyüşlərə cəlb olundu.

30 il boyunca heç bir beynəlxaq təşkilatın addım atmadığını, dünya birliyinin işğalçılara göz yumduğunu görən dövlətimiz artıq öz məsələsini özü həll edərək müdafiəyə qalxdi. Qanında milli ruh olan, döyüş əzmli xalqımızın mərd igid oğulları – on minlərlə vətəndaşımız könüllü şəkildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməyə başladı. Hətta ölkə xaricində olan həmvətənlərimiz də konsulluqlara müraciət edərək könüllü ordu sıralarına yazıldılar. Onlar döyüşə hazır olduqlarını və 30 illik həsrətə son qoymaq üçün axır nəfəslərinə qədər döyüşəcəklərini dedilər. Əvvəllər bu sözlər bizəbir mifkimibir təsəlli kimi gəlirdi. Lakin 2-ci qarabağ savaşı göstərdi ki, həqiqətən vətənini sevən, onun uğrunda son damla qanına qədər vuruşan, onu sonda nə gözləyəcəyini bilmədən gözüyumlu döyüşə gedən, qazi olaraq həyatının sonuna kimi şikəst qalmağı gözə alan, bütün sevdiklərini, ailəsini, övladlarını geridə qoyaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşə gedən igidlərimiz var imiş. Həmin igidlər 30 il boyunca hamı tərəfindən səsləndirilən “lazım gəlsə döyüşməyə hazıram” ifadəsinin həm doğru olduğunu sübut etdilər. İnsan necə böyük daxili qüdrətə, iradəyə və vətən eşqinə malik olmalıdır ki, arxasında buraxdıqlarına baxmadan ölümə gedə bilsin. Bu hadisəllər göstərdi ki, xalqımızın heç düşünmədən vətən uğrunda döyüşməyə hazır olan igidləri çoxdur.Döyüşlər böyük zəfərin başlanğıcı kimi Azərbaycan ordusunun qələbəsi ilə nəticələndi.

Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal

 

 

Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmaq istəmirdi

Üç il bundan öncə 2020-ci ilin sentyabrında qüdrətli Azərbaycan dövləti öz əzəli-əbədi torpaqlarını işğaldan azad etmək üçün Ermənistanın təxribatlarına cavab olaraq əks-hücum tədbirlərinə başladı. Bəli əks-hücum əməliyyatı, çünki ilk qığılcım bizdən yaranmadı. Məlum olduğu kimi Azərbaycan Konstitusiyasının 9-cu maddəsinə əsasən “Azərbaycan Respublikası başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi kimi və beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni rədd edir”. Biz isə öz əzəli-əbədi ulu torpaqlarımız, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağımız uğrunda müharibə etdik. Lakin daha əvvəl 30 ilə yaxın müddət ərzində sülh danışıqlarına davam edərək, Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunacağına ümid bəsləyirdik. Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyev, ölümündən sonra isə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev dəfələrlə danışıqlar aparmış, beynəlxalq konfranslarda çıxış etmiş, Dağlıq Qarabağın statusu haqqında dünya birliyinə sülh yolu ilə çağırışlar etmişdir. Lakin bütün danışıqlar əhəmiyyət verməmiş, BMT tərəfindən qəbul olunmuş 4 qətnamə elə kağız üzərindəcə qalmış, heç bir nəticə hasil olmamışdır.

44 günlük şanlı Vətən müharibəsi nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Bu bəyanat nəticəsində Kəlbəcər, Ağdam və Laçın da Azərbaycana qaytarıldı. Uzaqgörən liderimizin bu razılaşmaya imza atmasının səbəbi daha çox qan tökülməsinin qarşısını almaq idi. 44 günlük şanlı qələbə şəhidlərimizin canı və qanı bahasına əldə olunmuşdu. 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanat imzalanaraq müharibənin sonlandığı elan olunanda hər yanda qələbə sevinci yaşandı. Nəhayət İlham Əliyevin komandanlığı ilə Azərbaycanın 30 ilə yaxın düşmən tapdağı altında qalan dilbər guşələri öz əbədi sahiblərinə qayıtdı.

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri

 

 

İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə nəticələndi

27 sentyabr 2020-ci ildə Azərbaycan xalqı, dövləti və ordusu elə bir tarix yazdı ki, bu, bütöv bir millətin ləyaqət rəmzinə, milli qeyrət nümunəsinə çevrildi. Biz yağı düşmənin üstümüzə atdığı ləkəni təmizlədik, biz qamətimizi düzəltdik, biz 30 ildir itirdiyimiz dəyərləri özümüzə qaytardıq, biz illərlə həsrətində olduğumuz torpaqlarımıza qovuşduq. Biz heç nəyi unutmadıq, unutmadıqca da möhkəmləndik, gücləndik və nəhayət, dünyanın illərdir göz yumduğu ədalətsizliyi özümüz təkbaşına aradan qaldırdıq. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşən Azərbaycan xalqı 30 illik mərhumiyyətə cəmi 44 günə son qoydu. Tariximizdə yeni səhifə yazıldı. Vətən müharibəsi Azərbaycan xalqının Zəfər məramına, milli kimlik mücadiləsinə, torpaq və Vətən sevgisinə şahidlik etdi.

Tarixi torpaqlarımızı 30 ildir işğal altında saxlayan Ermənistanın hərbi təxribatları müntəzəm xarakter alanda Azərbaycan cavab vermək məcburiyyətində qaldı. Şanlı aprel döyüşlərindən sonra dərs almayan Ermənistan rəhbərliyi ötən ilin iyul və avqust aylarında yenidən hərbi təxribatlara əl atanda yəqin düşünürmüş ki, bu, onlara itirilmiş ictimai nüfuzu qaytaracaq və yaxud Azərbaycan üzərində kiçik qalibiyyət belə onlara erməni cəmiyyətində lovğlanmaq üçün bir xeyli vaxt qazandıracaq. Amma bu dəfə onların fikirləşdiyi kimi olmadı, Vətən müharibəsi Ermənistanın siyasi konyukturasının bütün mənfur planlarını alt-üst etdi, 27 sentyabr tarixi onların dırnaqarası arzularının tükənən günü oldu. Azərbaycan xalqı öz Prezidentinin ətrafında sıx birləşməklə bütün dünyaya sübut etdi ki, Qarabağ millətimizin milli ləyaqət rəmzidi və Azərbaycan xalqı 30 ildə bir an da olsun Qarabağ arzusundan bir addım geri çəkilməyib. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi millət quruculuğu prosesi ona gətirib çıxardı ki, Xalq-Prezident-Ordu birliyi qalib gəldi, düşmən 30 ildir işğal altında saxladığı torpaqlarımızdan qovuldu.

Əlihüseyn Rəsullu- Hüseynxanlı kənd sakini, fəal gənc

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın