22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Səmərəli siyasi dialoq

Səmərəli siyasi dialoq

Səmərəli siyasi dialoq

Müstəqil dövlət kimi dünyanın əksər dövlətləri ilə ikitərəfli, çoxtərəfli siyasi, iqtisadi, mə­də­ni əlaqələri olam Azərbaycan bəşəri dövlət olaraq ehtiramlarla əhatələnib. Bunun nəticəsidir ki, dövlətlərarası münasibətlər sistemində Azərbaycan həmişə öncüllər sırasında olub. Azərbaycan-Bolqarıstan münasibətləri də bu baxımdan diqqəti çəkir. Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin mayın 8-də Azərbaycana rəsmi səfəri də bu münasibətlərin daha da dərinləşəcə­yi­nin zəmanətidir. Bu səfər səmərəli siyasi dialoq kimi tarixləşdi. Qarşılıqlı inam və etimad əsa­sında formalaşmış Azərbaycan-Bolqarıstan əlaqələri ötən müddət ərzində siyasi, iqtisadi, enerji ­ və digər sahələrdə dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında səmərəli əməkdaşlıq formalaşıb. İkitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin va­cib istiqamətlərindən biridir. Bu mənada Azərbaycan ilə Bolqarıstan arasında münasibətlər də bu tezis əsasında genişlənib, genişləndirilir. Bu iki dövlət arasında diplomatik münasibətlər 1992-ci il iyunun 5-də yaradılıb.

Səfər çərçivəsində xatırladıldı ki, təbii qaz təchizatı sahəsində ildən-ilə Azərbaycan qazının Bolqarıstana ixracı artmaqdadır. Keçən il 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı Bol­qarıstan bazarına nəql edilmişdir. 2022-ci ildə bu rəqəm cəmi 600 milyon kubmetr idi. Apa­rılmış hesablamalar onu göstərir ki, bu ilin sonuna qədər 1,5 milyard kubmetr Azərbaycan qazı Bolqarıstana ixrac ediləcək. Bu da Bolqarıstanın qaz istehlakının təqribən 50 faizini təşkil edir. Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla “yaşıl enerji kabeli” layihəsi isti­qa­mətdə çox fəal iş aparır. Bir neçə aydan sonra hazır olacaq texniki-iqtisadi əsaslandırma işlərin başlanması üçün gözəl zəmin hesab edilir. Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri Azərbaycan-Bolqarıstan münasibətlərində yeni bir mərhələ kimi tarixləşəcək.

Zərdab rayon Əlibəyli kənd tam orta məktəbinin direktoru-Kəmalə Əliyeva

 

 

Müsbət dinamika

Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Bolqarıstan ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir. Bu mənada Azərbaycan ilə Bolqarıstan arasında münasibətlər hər zaman yüksək səviyyədə olub və müsbət dinamikası ilə seçilib. Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var. Ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci il iyunun 5-də qurulub. Bu il ölkələrimiz arasında əlaqələrin yaradılmasının 32-ci ildönümü qeyd olunacaq. Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Bolqarıstan əlaqələri ötən müddət ərzində siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında səmərəli əməkdaşlıq formalaşıb. Azərbaycan-Bolqarıstan münasibətləri Prezident cənab İlham Əliyevin 2015-ci ildə Sofiyaya rəsmi səfəri zamanı imzalanmış Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə ilə keyfiyyətcə daha yeni səciyyə qazanıb. Bu son dərəcə mühüm sənədlə tərəflər qarşılıqlı maraq doğuran sahələrdə həm ikitərəfli formatda, həm də beynəlxalq aləmdə iki ölkə arasında əməkdaşlığı dərinləşdirmək və genişləndirmək məqsədilə strateji tərəfdaşlığa daxil olduqlarını bəyan ediblər. Birgə Bəyannaməyə əsasən, xarici işlər nazirlərinin sədrliyi ilə Azərbaycan-Bolqarıstan Strateji Dialoqu təsis olunub.

Strateji Dialoqun birinci iclası 2018-ci ildə, ikinci iclası isə 2022-ci ildə keçirilib. İndiyədək iki ölkə arasında imzalanan 60-dan çox sənəd müqavilə-hüquq bazasının möhkəmlənməsində mühüm rol oynayıb. İki ölkə arasında əlaqələrin gücləndirilməsində təbii ki, qarşılıqlı səfərlər mühüm əhəmiyyət daşıyır. Bu mənada Bolqarıstan Respublikasının dövlət və hökumət başçıları, müxtəlif rəsmi nümayəndə heyətləri ölkəmizə mütəmadi səfərlər həyata keçiriblər. Dünən Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri baş tutdu. Səfər çərçivəsində Cənab İlham Əliyev Bolqarıstan Prezidenti ilə təkbətək, həmçinin geniş tərkibdə görüşlər keçirdi. Prezidentlər əməkdaşlığın müxtəlif aspektlərinə dair məsələləri ətraflı müzakirə etdilər. Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev həmçinin mətbuata bəyanatlarında Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına verdiyi töhfələr təqdir edildi. Prezident cənab İlham Əliyev qeyd etdi ki, hazırda Bolqarıstan və Azərbaycan enerji təhlükəsizliyi məsələləri üzərində sıx şəkildə çalışır. Bolqarıstana qaz təchizatımız artır. “Ümidvaram ki, bu il də artım müşahidə edəcəyik. Biz, həmçinin yaşıl gündəlik üzərində birlikdə işləyirik. Mən cənab Prezidenti COP29-da iştirak etməyə dəvət etdim və onu noyabrda yenidən görməyə şad olaram. Eyni zamanda, yaşıl enerji kabeli layihəsində heyətlərimiz sıx şəkildə işləyirlər. Əminəm ki, səfərin yaxşı nəticələri olacaq və tərəfdaşlığımız uğurla davam edəcək”.

Zərdab rayon Gəlmə kənd tam orta məktəbinin direktoru-Rasif Qaçayev

 

 

Mühüm enerji potensialı

Bu gün Azərbaycanın Bolqarıstan ilə münasibətləri hər iki ölkənin qarşılıqlı maraqları əsasında uğurla inkişaf edir. Bolqarıstan və Azərbaycan arasında strateji tərəfdaşlıq əlaqələri vardır, bu əlaqələr genişlənir və güclənir. Təsadüfi deyil ki, həm Azərbaycan Prezidenti cənab İlham Əliyev, həm də Bolqarıstan Prezidenti Rumen Radev mətbuata verdikləri bəyanatlarında iki dost ölkə arasında kifayət qədər fəal siyasi dialoq qurulmasından məmnunluqlarını bildirdilər. Azərbaycanın dövlət başçısı Öz bəyanatında ikitərəfli münasibətlərin yüksələn xətlə inkişaf etdiyinə diqqət çəkərək bildirib ki, Bolqarıstan və Azərbaycan, doğrudan da, strateji tərəfdaşlardır.
İki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində dövlət başçılarının nümayiş etdirdikləri siyasi iradənin önəmini xüsusi qeyd etmək lazımdır.

Bolqarıstan Azərbaycanı Cənubi Qafqazda və Qara dəniz regionunda prioritet, strateji və etibarlı tərəfdaş hesab edir. Azərbaycan da Bolqarıstanla dostluq və əməkdaşlıq əlaqələrinin gücləndirilməsində maraqlıdır. Həm Bolqarıstan, həm də Azərbaycan ikitərəfli iqtisadi əməkdaşlığın, o cümlədən energetika sahəsində daha da inkişaf etdirilməsinə maraq göstərir. Dövlət başçısı cənab İlham Əliyev Bolqarıstan Prezidenti ilə birgə mətbuata bəyanatında onu da bildirdi ki, Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla yaşıl enerji kabeli istiqamətində çox fəal iş aparır. Bir neçə aydan sonra hazır olacaq texniki-iqtisadi əsaslandırma işlərin başlanması üçün gözəl zəmin olacaq: “Beləliklə, Azərbaycan Avropa məkanı üçün təkcə neft-qaz təchizatçısı kimi deyil, eyni zamanda, yaşıl enerji təchizatçısı kimi özünü göstərəcək. Potensial kifayət qədər genişdir və biz bu barədə, eyni zamanda, ilin sonunda COP29 konfransında da danışacağıq”. Bütün bunlar onu deməyə əsas verir ki, dərin köklərə malik Azərbaycan-Bolqarıstan əlaqələri bundan sonra daha da genişlənəcək və dərinləşəcəkdir.

Zərdab rayon Salahlı kənd ümumi orta məktəbinin direktoru- Rəşad İsmayılov

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın