Cocuq Mərcanlı kəndi və Lələtəpə yüksəkliyi
Cocuq Mərcanlı kəndi və Lələtəpə yüksəkliyi.
Cəbrayıl rayonu Kiçik Qafqaz dağlarının cənub-şərqində – Araz çayının sol sahilində – cənub tərəfdən İran İslam Respublikası, cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd, şərqdən isə Füzuli rayonları ilə həmsərhəddir. Cəbrayil rayonu 1993-cü il avqust ayının 23-də əzəli və əbədi düşmənlərimizin tapdağı altına keçmişdir. 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd büsbütün ermənilərin işğalına məruz qaldı, vəhşicəsinə dağıdıldı.Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ildə həyata keçirilmiş “Horadiz” əməliyyatı zamanı Füzuli rayonunun 20 dən çox yaşayış məntəqəsi ilə yanaşı, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi də işğaldan azad edilmişdir. Lakin Lələtəpə yüksəkliyi erməni işğalçılarının nəzarətində olması kənd sakinlərinin ora qayıtmasını mümkünsüz edirdi. 2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində Lələtəpə yüksəkliyi erməni işğalından azad edilmiş və kənddə insanların təhlükəsiz yaşaması mümkün olmuşdur.
Bununla da, tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranmışdır.2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti irimiqyaslı hərbi əməliyyatlara başlamasına, Azərbaycan Ordusunun mövqelərinə və mülki yaşayış məntəqələrinə atəş zərbələri endirməsinə cavab olaraq əks-hücum əməliyyatı işə düşdü, sonradan “Dəmir Yumruq” adını alan bu əməliyyat Vətən müharibəsinə çevrildi. 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsinin ilk günlərindən Azərbaycan Ordusu əks-hücuma keçdi, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktybar tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhəri və rayonun 9 kəndi işğaldan azad edildi. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 90 kənd işğaldan azad edildi. Oktyabrın 4-ü bizim tariximizdə əbədi qalacaq. Çünki oktyabrın 4-də Cəbrayıl şəhəri işğalçılardan azad edildi və bu Qələbənin çox böyük mənası var idi. Çünki ilk dəfə olaraq müharibənin birinci həftəsində şəhər, rayon mərkəzi azad edilmişdir.
Cəbrayıl rayonu qısa müddət ərzində bərpa olunur və 30 ilə yaxın müddətdə məcburi köçkün həyatı yaşayan insanlarımız öz doğma yurdlarına qayıdırlar. Dövlətimizin böyük qayğısı və diqqəti, insanlarımızın qurub-yaratmaq eşqi tezliklə Qarabağın bu dilbər güşəsini də gözəlliklər diyarına çevirəcəkdir.
Rüxsarə Eminova – Zərdab rayonu Körpükənd kənd tam orta məktəbinin direktoru
Cəbrayıl rayonunun işğaldan azad olunması.
Torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası, haqq-ədalətin bərqərar olması uğrunda apardığımız, sonu zəfərlə bitən Vətən müharibəsi Azərbaycan tarixinə ən şərəfli və şanlı səhifələrdən biri kimi yazıldı. Müzəffər ordumuzun tarixi qələbəsi uzun illər davam edən haqsızlığa, ədalətsizliyə son qoydu. Tarixi ədalət bərpa olundu. Düşmənə öz layiqli cavabı verildi.
44 gün ərzində xalqımız qürur və fəxarət dolu günlər yaşadı. Bu hadisələrdən biri də elə mübarizənin ilk həftəsində Cəbrayıl rayonunun işğaldan azad olunduğu 4 oktyabr 2020-ci il tarixidir. Bu möhtəşəm qələbə Böyük Zəfərə gedən yolda ordumuzun ilk addımı oldu. Strateji əhəmiyyətinə görə mühüm məntəqələrdən biri olan Cəbrayıl şəhərinin azad olunması digər ərazilərin də düşmən tapdağından təmizlənməsinə şərait yaratdı. Eyni zamanda bu qələbənin yaratdığı ruh yüksəkliyi və mənəvi- psixoloji üstünlük ordumuza, əsgərlərimizə gələcək qələbələr üçün böyük stimul oldu.
Cəbrayıl uğrunda aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər, 90 kənd işğaldan azad edildi. Digər tərəfdən də bu tarixi qələbə elə ilk addımdaca ermənilərin illər boyu ordularının yenilməzliyi haqqında uydurduqları yalanı üzə çıxardı, ifşa etdi.
Vətən müharibəsindəki şanlı qələbədən sonra qarşıda duran vacib məsələlərdən biri işğaldan azad olunmuş ərazilərin iqtisadı inkişafı, dağıdılmış infrastrukturun, viran edilmiş şəhər və kəndlərin bərpasıdır. Bölgənin inkişafını sürətləndirəcək və regionun tranzit əhəmiyyətini artırmaq məqsədi ilə yeni yolların inşa edilməsi bu planın əhəmiyyətli hissəsidir.
Bütün qələbələrimiz kimi 4 oktyabr tarixi də Zəfər tariximizin şanlı səhifələrindən biri kimi tariximizə qızıl hərflərlə yazıldı. Bu şərəfi, bu qüruru bizlərə yaşadan qalib Ali Baş Komandana, müzəffər və rəşadətli ordumuzun hər bir əsgərinə sonsuz sevgi və minnətimizi bildirir, Vətənin azadlığı yolunda canından və qanından keçmiş bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik.
səlim Zeynalov – Zərdab rayonu Dəkkəoba kənd tam orta məktəbinin direktoru