22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Azərbaycan idmanının yüksəlişi həm də dövlətimizin yüksəlişi deməkdir

Azərbaycan idmanının yüksəlişi həm də dövlətimizin yüksəlişi deməkdir

Azərbaycan idmanının yüksəlişi həm də dövlətimizin yüksəlişi deməkdir.

İki ilə yaxındır ki, Azərbaycan beynəlxalq əhəmiyyətli tədbirlərə, yarışlara qalib ölkə kimi qatılır. Təbii ki, 30 ilə yaxın dövrün çağırışları ilə bu günümüzün tələbləri, məsuliyyəti fərqlidir. Bu gün tarixə qovuşmuş Qarabağ münaqişənin hələ həllini tapmadığı dövrlərdə keçirilən tədbirlərin qalibiyyət çağırışlarının təməlində Azərbaycanın gücünün, qüdrətinin, nəyə qadir olduğunun təqdimatı dayanırdı. Çünki Birinci Qarabağ müharibəsində məlum səbəblərdən məğlubiyyətimiz, torpaqlarımızın işğal altında olması hər sahədə qələbə çağırışı edirdi. Bu gün isə tarixi Zəfər qazanmış bir xalqı təmsil etmək həm qürurludur, həm də məsuliyyətlidir. Dövlətimizin başçısı İlham Əliyev aprelin 8-də Macarıstanda keçirilmiş güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvləri ilə görüşündə də bu məqamı xüsusi qeyd etdi ki, bir müddət bundan əvvəl elə bu otaqda gənc güləşçilərlə görüş zamanı onlara bildirmişdim, yarışa çıxanda unutmamalıdırlar ki, müzəffər ölkəni və qalib xalqı təmsil edirlər.

Nəzərə alaq ki, idman da bir siyasətdir. Yarışlarda qalibiyyətimiz Dövlət Himnimizin səsləndirilməsi, üçrəngli bayrağımızın dalğalanması ilə müşayiət olunur. Bu isə öz növbəsində ölkəmizin təqdimatı, beynəlxalq aləmdə yerinin və rolunun möhkəmlənməsi, ən əsası bu sahədə mövcud imkanlarımız barədə dünya ictimaiyyətinin məlumatlara malik olması deməkdir. Azərbaycanda idman sahəsində yaradılan infrastruktur beynəlxalq səviyyədə də təqdir edilir. Azərbaycanın 2015-ci ildə ilk Avropa Oyunlarına, 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi, bu tədbirlərin yüksək səviyyədə təşkilatçılığı layiqincə dəyərləndirildi. Tolerant, multikultural dəyərlərin inkişafına böyük töhfələr verən Azərbaycan bu idman tədbirləri vasitəsilə müsəlman dünyasında İslam həmrəyliyinin daha da möhkəmləndirilməsinə də dəstəyini göstərdi.

Son illərdə ölkəmizdə idmanın inkişafı üçün yaradılan infrastruktur göz qabağındadır. Paytaxt və bölgələrdə inşa olunan idman kompleksləri gənclərin idmanın müxtəlif növlərinə dərindən yiyələnmələri üçün geniş imkanlar açır. Statistikaya nəzər salaq. 2003-2018-ci illərdə Azərbaycan idmançıları beynəlxalq yarışlarda böyük uğurlar əldə ediblər. İdmançılarımız 15 il ərzində Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında böyük qələbələr qazanıblar. Azərbaycan həmin illərdə 7 Olimpiya Oyunlarında – 2004-cü ildə Afina, 2006-cı ildə Turin, 2008-ci ildə Pekin, 2010-cu ildə Vankuver, 2012-ci ildə London, 2014-cü ildə Soçi, 2016-cı ildə Rio-de-Janeyro Oyunlarında iştirak edib. İlk Avropa Oyunlarında Azərbaycan ikinci yerə, İslam Həmrəyliyi Oyunlarında isə birinci yerə yüksəldi. Rio-de-Janeyro Olimpiya Oyunlarında Azərbaycan medalların sayına görə 14-cü yerdə oldu. Məlum olduğu kimi, 2019-cu ilin sonlarından etibarən koronavirus infeksiyasının dünyanı cənginə alması ilə bağlı digər tədbirlərlə yanaşı, idman yarışlarına da məhdudiyyətlər qoyuldu.

 

Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın