Biz Nizamidən, Füzulidən danışarkən onları dünya mədəniyyətinə, elminə böyük töhfələr vermiş mütəfəkkirlər kimi tanıtmalıyıq
Biz Nizamidən, Füzulidən danışarkən onları təkcə şair kimi deyil, böyük filosoflar kimi, dünyaya, dünya mədəniyyətinə, elminə böyük töhfələr vermiş mütəfəkkirlər kimi tanıtmalıyıq.
Heydər Əliyev Azərbaycanın dünyada tanınmasında ədəbiyyatın əvəzsiz rolunu hər zaman mükəmməl formada anlamış və elə bu səbəbdəndir ki, yubiley tədbirləri ilə Azərbaycan ədəbiyyatını, mədəniyyətini tanıtmaq üçün belə məsuliyyətli tədbirləri həyata keçirmişdir.
Ulu Öndər Heydər Əliyevin ədəbiyyat siyasətində böyük Azərbaycan şairi Nizami Gəncəvinin həyatı və yaradıcılığının tədqiq və təbliğ olunması, dünya miqyasında tanıdılması məsələləri geniş yer tutmuşdur. Əvvəla,Ümummilli Lider Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində Nizami Gəncəvinin adının, ədəbi irsinin, ideallarının tədqiqi və təbliği işini diqqət mərkəzində saxlamışdır. O, Azərbaycana rəhbərliyinin hər iki dövründə və Siyasi Büronun üzvü kimi SSRİ Nazirlər Soveti Sədrinin Birinci müavini vəzifəsində çalışarkən Nizami Gəncəvinin həyatı və yaradıcılığının dəyərləndirilməsi və təbliğ olunması məsələləri ilə ardıcıl şəkildə məşğul olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti kimi Ulu Öndər Heydər Əliyevin məruzələri, nitqləri və çıxışlarında Nizami Gəncəvinin zəngin işindən yaradıcılıqla istifadə etməyin əsl nümunəsini göstərmişdir. Bundan başqa, Heydər Əliyev 16 avqust 1972-ci il tarixində Moskvada nəşr olunan «Literaturnaya qazeta» da çap etdirdiyi SSRİ-də və dünya ölkələrində böyük əks-səda doğurmuş «Qoy ədalət zəfər çalsın!» adlı müsahibəsində də Nizami Gəncəvi irsindən bir neçə istiqamətdə yaradıcı şəkildə istifadə etmişdir. XX əsrin yetmiş-səksəninci illərində görkəmli dövlət xadimi Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi, müdrik siyasətinin işığında Nizami Gəncəvinin adının əbədiləşdirilməsi istiqamətində də böyük işlər görülmüşdür. O zamanlar bolşeviklər tərəfindən Kirovabad adlandırılan şəhərdə Yeni Gəncə adlı mikrorayonun salınması bu şəhərin qədim adının unutdurulmaması və yenidən qaytarılması ideyasının gündəmə gətirilməsi baxımından zamanına görə kifayət qədər cəsarətli və uzaqgörən addım idi. Bakı metrosunda dayanacaqlarından birinə Nizami Gəncəvinin adının verilməsi və xalq rəssamı Mikayıl Abdullayevin rəsmləri əsasında Nizami ornamentləri ilə bəzədilməsi dahi şairin doğma xalqı ilə qaynayıb-qarışmasını təmin etmək üçün düşünülmüş mühüm hadisədir.
Azərbaycanın Ümummilli Lideri, dahi şəxsiyyət Heydər Əliyev Məhəmməd Füzuli kimi mötəbər şəxsiyyətində dünya miqyasında təbliğində əvəzsiz xidmətlər göstərmişdir.
Füzuli orta çağlar Şərq-Azərbaycan ədəbiyyatının bədii-fəlsəfi zirvəsidir. Ona görə də Füzulini görmək və göstərmək üçün onu öyrənmək lazımdır. Ümummilli Lider Heydər Əliyev bu cəhətə – Füzuli irsinin nəşri və tədqiqi məsələsinə xüsusi önəm verirdi. Bu baxımdan XX əsrin sonunda keçirilən Füzuli bayramı təkcə türk millətlərinin birlik mərasimləri deyil, həm də bir növ XX əsr ədəbi-filoloji fikrinin yekunu idi. Ulu Öndər Heydər Əliyev bu fikirdə idi ki, “Biz elmimizin, mədəniyyətimizin, incəsənətimizin, ədəbiyyatımızın XX əsrdəki nailiyyətləri ilə fəxr edə bilərik”. Həqiqətən də XX əsrdə Azərbaycanda elm və mədəniyyət, xüsusilə də humanitar və ictimai elmlər, filoloji fikir vüsətli inkişaf yolu keçmiş, Azərbaycanda rəssamlıq, musiqi, aktyor və ədəbiyyatşünaslıq məktəbləri təşəkkül tapıb formalaşmışdır. Burada müxtəlif xalqların və onların mədəniyyətlərinin qarşılıqlı əlaqə və təmasda olduğu ümumittifaq mühitinin də rolu danılmazdır.
Ümummilli Lider Heydər Əliyevin Məhəmməd Füzuli ilə bağlı görüşləri onun ümumiyyətlə klassik irsə münasibətinin miqyaslarını əks etdirir. Nizami Gəncəvi, Məhəmməd Füzuli dühasının mahiyyətini açmaq və bütün cahana göstərmək XX əsrdə hamıdan çox dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyevə nəsib olmuşdur.
Dilarə Məmmədova- Zərdab şəhər 2 saylı körpələr evi-uşaq bağçasının müdiri
Məhz Azərbaycan xalqına mənsub olan Nəsimi kimi nadir bir şəxsiyyəti dünya ictimaiyyətinə, elminə, dünya mədəniyyətinə tanıtmaq, şübhəsiz ki, xalqımızın hörmətini qaldırmaq deməkdir.”
Tarix uzaqlaşdıqca biz Heydər Əliyev dühasının əzəmətini, onun şəxsiyyətinin böyüklüyünü daha aydın dərk edirik. Əslində bu qeyri-adi şəxsiyyət hər zaman bizim əhatəmizdədir. Çünki Ulu Öndərin layiqli davamçısı prezidentimiz Cənab İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycanı məhz onun miras qoyduğu dövlətçilik prinsipləri ilə idarə edir, onun imkan tapıb həyata keçirə bilmədiyi idealları tarixə çevirir. Bu misilsiz şəxsiyyətin xalqımız üçün etdiyi işlərin möhtəşəmliyini, tarixi dəyər və miqyaslarını əhatə etmək olduqca çətindir.Ulu Öndər Heydər Əliyevin miras qoyduğu sərvətlər içərisində onun zəngin nəzəri irsi xüsusi yer tutur. Onun irsi bizim milli sərvətimizdir. Bu qiymətli irsin mühüm bir hissəsini onun mədəniyyət, ədəbiyyat və incəsənətin müxtəlif növ və janrları haqqında nəzəri konsepsiyaları müəyyənləşdirir.
Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının misilsiz sərvəti olan klassik irsə, ümumən bədii ədəbiyyata xüsusi önəm verirdi.
1970-ci illərdə ümumən respublikamızda klassik mədəni irsimizin öyrənilməsi baxımından tamamilə yeni mərhələ başladı. Həmin mərhələ bilavasitə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsimi ilə bağlı gerçəkləşdirdiyi işlər bu şairin irsinin yeni təfəkkür qatına, milli şüur və yaddaşa bədii-estetik çalar qatmasını izləməyə imkan verir.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Nəsimi haqqında sözləri sitat gərilrib: “Tariximiz çox zəngindir və biz bunu vaxtaşırı xalqa çatdırmalıyıq. Xatirinizdədirmi, Nəsiminin 600 illik yubileyini qeyd etdiyimiz zaman bu, dünyada nə qədər əks-səda doğurdu, Azərbaycanı nə qədər tanıtdı! Nəhayət, 600 ildən sonra biz Nəsiminin Hələb şəhərindəki məzarını tapdıq. İndi onun məzarı oraya gedən adamlar üçün bir ziyarətgahdır. Məhz Azərbaycan xalqına mənsub olan Nəsimi kimi nadir bir şəxsiyyəti dünya ictimaiyyətinə, elminə, dünya mədəniyyətinə tanıtmaq, şübhəsiz ki, xalqımızın hörmətini qaldırmaq deməkdir. Mən təkcə şairlər haqda danışmaq istəmirəm. Nəsimi də yalnız şair deyil, həm də alim, filosofdur”.
XX əsrdə Nəsimi kimi şəxsiyyəti dünya çapında tanıtmaq Ümummilli Lider , dahi şəxsiyyət Heydər Əliyevə nəsib olmuşdur.
Nurlu Mikayılova- Zərdab rayon Məlikli kənd körpələr evi-uşaq bağçasının müdiri
Azərbaycan xalqı qarşısında Niyazinin əvəzsiz xidmətləri vardır. O, Azərbaycan professional musiqisinin yaranmasında və inkişafında böyük səylər göstərmiş və bu xidmətləri xalqımız heç vaxt unutmayacaqdır
Azərbaycan musiqisində ilk simfonik əsərlərin müəlliflərindən biri kimi Niyazinin milli simfonizmin təşəkkülü və inkişafında böyük rolu olmuş, onun opera, balet, simfonik muğam, süita, fortepiano ilə orkestr üçün konsert və mahnıları, dram tamaşalarına və kinofilmlərə bəstələdiyi musiqi yaddaşlara həkk olunmuş, dinləyicilər tərəfindən böyük məhəbbətlə qarşılanmışdır.
Maestro müxtəlif illərdə Azərbaycan Dövlət Simfonik Orkestrinin, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının, Azərbaycan Dövlət Filarmoniyasının rəhbəri olmuşdur.
Niyazi zəmanəsinin görkəmli dirijoru idi. O, Leninqrad Opera və Balet Teatrında, Parisin “Qrand-Opera”, Londonun “Kovent-Qarden” teatrlarında, Ankara opera və balet teatrında “Məhəbbət əfsanəsi”, “Yatmış gözəl”, “Daş çiçək”, “Yevgeni Onegin”, “Qaratoxmaq qadın”, “Aida” kimi dünya şöhrətli əsərlərə, İstanbul opera teatrında türk bəstəkarı A.Sayqunun “Koroğlu” operasının ilk tamaşasına dirijorluq etmişdir.
Bir sıra görkəmli sənət ustalarımız kimi, Niyazi də öz yaradıcılıq axtarışlarını respublikamızın rəhbəri möhtərəm cənab Heydər Əliyevin qayğısı nəticəsində genişləndirməyə nail olmuşdur. Dövlətimizin başçısı Niyazinin yaradıcılığına, sənət taleyinə həmişə böyük diqqət və sevgi ilə yanaşmışdır. Niyazinin ev-muzeyi təşkili haqqında əmr Mədəniyyət Nazirliyi tərəfindən 1990-cı ilin dekabrın 28-də verilmişdir. 18 sentyabr 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə muzeyin açılışı olmuşdur. Maestro Niyazi bu mənzildə 1958-ci ildən ömrünün sonunadək yaşayıb-yaratmışdır.
Niyazinin çox böyük ictimai fəaliyyəti də olmuşdur. O, bir neçə çağırışla Azərbaycan Ali Sovetinin deputatı seçilmişdir. Onun fəaliyyəti xalq, ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir. O, Sovet İttifaqının Xalq Artisti adına layiq görülmüşdür. Sovet İttifaqının ən böyük mükafatı – Sosialist Əməyi Qəhrəmanının qızıl ulduzu ilə təltif edilmişdir. Bu təltiflər və eyni zamanda, ona verilmiş beynəlxalq mükafatlar doğrudan da onu göstərir ki, Niyazi böyük şəxsiyyət, böyük sənətkar və Azərbaycan xalqının layiqli nümayəndəsi idi. Biz haqlı olaraq onun sağlığında da onunla fəxr edirdik, bu gün də fəxr edirik.
Gülər Ağayeva- Zərdab rayon Alıcanlı kənd körpələr evi-uşaq bağçasının müdiri
“Cəlil Məmmədquluzadə Azərbaycan tarixində görkəmli yer tutmuş dahi bir insan, yazıçı, publisist, filosof mütəfəkkir, xalqımızın mədəniyyətini çox zənginləşdirmiş bir şəxsiyyətdir.”
Cəlil Məmmədquluzadə Azərbaycan tarixində görkəmli yer tutmuş dahi bir insan, yazıçı, publisist, filosof, mütəfəkkir, xalqımızın mədəniyyətini çox zənginləşdirmiş bir şəxsiyyətdir”, – deyən Ulu Öndər Heydər Əliyev Cəlil Məmmədquluzadənin yaratdığı əsərləri Azərbaycan xalqının milli sərvəti, mənəviyyat mənbəyi hesab edirdi.
Ulu Öndər Heydər Əliyev Cəlil Məmmədquluzadənin yaradıcılığında olan bu kimi milli xüsusiyyətləri, ümumbəşəri dəyərləri və milli ideologiyanı belə səciyyələndirirdi: “Cəlil Məmmədquluzadənin yaradıcılığındakı Azərbaycanın bütün milli xüsusiyyətlərini, eyni zamanda ümumbəşəri dəyərlərini əks etdirən fikirlər bizim milli ideologiyanın əsasıdır və həmin ideologiyanın yaranması üçün böyük bir vasitədir, böyük bir sərvətdir.
Cəlil Məmmədquluzadə yaradıcılığında milli və bəşəri ideyalar daha çox üstünlük təşkil edir. Böyük demokrat “Şeir nəşəsi” felyetonunda yazır: “Dünyadan xəbəri olmaya-olmaya beş sütun hədərən-pədərən yazmaq, yalan-palana camaatı müştəbeh etmək heç də yazıçılıq demək deyil. Şeir nəşəsi ilə məst olan şairlərin dövrü mətbuat səhifələrində eşqdən, məhəbbətdən, vüsaldan, kaman qaşlardan, lalədən, bülbüldən, güldən, pəridən, ulduz gözlərdən və habelə şairanə nazik mətləblərdən bəhs etməkdə davam etmələri ilə millətə layiqincə xidmət göstərmək mümkün deyil.
Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” 2019-cu il 17 yanvar tarixli Sərəncamına əsasən görkəmli yazıçı və ictimai xadim Cəlil Məmmədquluzadənin yubileyi geniş qeyd olunmuşdur.
Bu gün Ümummilli Lider Heydər Əliyevin miras qoyub getdiyi irsi uğurla davam etdirən Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirlər nəticəsində Cəlil Məmmədquluzadə irsi də yaşayacaq və var olacaqdır.
Çinarə Pirməmmədova- Zərdab rayon Hüseynxanlı kənd körpələr evi-uşaq bağçasının müdiri
Öz əsərləri ilə yüksək bədii sənətkarlıq və əsl vətəndaşlıq qeyrəti aşılayan, doğma Vətəni sonsuz məhəbbətlə sevən, qüdrətli qələmi ilə xalqımıza sədaqətlə xidmət edən Məmməd Arazın poeziyasını Azərbaycan torpağından, tariximizdən, el-obadan ayrı təsəvvür etmək çətindir
Müasir Azərbaycan ədəbiyyatının inkişafında Məmməd Arazın özünəməxsus yeri və rolu vardır. Onun dərin fəlsəfi məzmunlu lirikası zəngin ənənələrə malik milli poeziyamızı keyfiyyətcə yeni mərhələyə qaldıraraq daha da zənginləşdirmişdir.
Məmməd Arazın gənc yaşlarından başlayaraq yarım əsrdən artıq davam edən ədəbi fəaliyyəti mənsub olduğu xalqa layiqli şair – vətəndaş xidməti nümunəsidir. Doğma Vətənə bağlılıq, istiqlalçılıq, vətəndaşlıq hisslərinin tərənnümü, fikir dərinliyi və sadəlik, poetik təfəkkürün genişliyi kimi yüksək keyfiyyətlər Məmməd Araz yaradıcılığına uzunömürlülük bəxş etmiş, onun qələminə məxsus əsərlər geniş oxucu kütləsinin rəğbətini qazanmışdır.
Ümummilli Liderimiz Heydər Əliyevin Xalq şairi, poeziyamızın istedadlı nümayəndəsi Məmməd Arazın yaradıcılığına münasibəti də maraq doğurmuşdur. Müdrik rəhbər həm Məmməd Arazın şəxsiyyətinə, həm də böyük istedadına, bənzərsiz sənətinə daim yüksək qiymət vermişdir. Qeyd edək ki, Məmməd Arazın ilk şeri mətbuatda 1952-ci ildə dərc olunsa da, o, bir şair olaraq məhz 1970-ci illərdə, Ulu Öndərin Azərbaycana birinci rəhbərliyi dövründə parlamışdır. Sənətkara böyük şöhrət gətirən “Qanadlı qayalar”, “Atamın kitabı”, “Həyatın və sözün rəngləri”, “Oxucuya məktub”, “Aylarım, illərim” kimi diqqətəlayiq kitabları məhz həmin illərdə çap olunmuş, geniş əks-səda doğurmuşdur. O dövrdə Məmməd Araz müxtəlif vəzifələrdə də çalışmışdır. 1970-1972-ci illərdə “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında, 1972-1974-cü illərdə isə Azərbaycan Dövlət Nəşriyyatında Baş redaktor müavini vəzifələrində çalışmış, 1971-1981-ci illərdə Azərbaycan Yazıçılar İttifaqında poeziya bölməsinə rəhbərlik etmiş, 1974-cü ildən “Azərbaycan təbiəti” jurnalının redaktoru kimi səmərəli fəaliyyət göstərmişdir. Hələ 1975-ci ildə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunması, 1978-ci ildə isə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülməsi Məmməd Araz şəxsiyyətinə və sənətinə ulu öndərin hörmət və qayğısının ifadəsi idi.
Ümumiyyətlə, ədəbiyyatın böyük hamisi və bilicisi olan görkəmli dövlət xadimi Heydər Əliyev Məmməd Araz sənətinə həmişə diqqət göstərmiş və yüksək qiymət vermişdir. Təsadüfi deyil ki, istedadlı sənətkarın anadan olmasının 60 illiyi ərəfəsində Ulu Öndər Heydər Əliyev 6 oktyabr 1993-cü il tarixdə şairə təbrik məktubu ünvanlamış, səmimi arzularını çatdırmış, onun yaradıcılığının ideya-bədii məziyyətlərini, fəlsəfi mündəricəsini, xəlqi mahiyyətini, populyarlığını, mənəvi tərbiyədə rolunu yüksək dəyərləndirmişdir.
Həcər Orucova- Zərdab rayon Gəlmə kənd körpələr evi-uşaq bağçasının müdiri
Hüseyn Cavid bizim üçün doğrudan da əzizdir. O, tariximizdə böyük bir şəxsiyyətdir və böyük bir irs qoyub. Xalqımız, tariximiz nə qədər yaşayacaqsa, Hüseyn Cavidin irsi də o qədər yaşayacaq və xalqımız ondan istifadə edəcək
Bəşər tarixində şeirə-sənətə, sənətkar şəxsiyyətinə hamilik edən dövlət başçıları az olmayıb. Ancaq Azərbaycanın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyev bu baxımdan unikal bir mövqeyə malikdir, desək, yəqin ki, mübaliğə olmaz. Xüsusən klassiklərin yaradıcılığına böyük önəm verən Heydər Əliyev onların tədqiq və təbliğinə, Vətən və millət qarşısındakı xidmətlərinin dəyərləndirilməsinə qayğı və diqqətini bir an belə əsirgəməyib. Azərbaycan ədəbiyyatını dünyanın ən qədim və zəngin ədəbiyyatlarından biri sayan Ümummilli Lider, bu ədəbiyyatın yetirdiyi böyük dahilərin qlobal miqyasda öz layiqli qiymətlərini almadıqlarını dəfələrlə qeyd etmiş və bu yolda göstərdiyi titanik səyləri təvazökarlıqla özünün vətəndaşlıq borcu elan etmişdir.
Hüseyn Cavid sənətinə hələ keçən əsrin 70-ci illərindən maraq göstərənUlu Öndər Heydər Əliyev onun adını Azərbaycan ədəbiyyatı xəzinəsini zənginləşdirənlər sırasında çəkib. Səksəninci illərin əvvəllərindən isə Ümummilli Liderimiz Hüseyn Cavid irsinə müntəzəm diqqət göstərmiş, şairə layiqli qiymətin verilməsi işinə nəzarəti bir an belə zəiflətməmişdir. Sonralar, 1993-cü ilin sentyabrında Azərbaycan Milli Elmlər Akademiyasının ziyalıları ilə görüşündə Ulu Öndər Heydər Əliyev Cavidlə bağlı fəaliyyətini belə xatırlayırdı: “…Böyük filosof-şairimiz, dramaturqumuz Hüseyn Cavid həbs olundu, uzun illər əsərləri qadağan edildi. Ancaq tarix hər şeyi öz yerinə qoydu. Hüseyn Cavidin cənazəsi də Sibirdən öz Vətəninə gətirildi, onun adı da yüksəldi. Ancaq təəssüf edirəm ki, 1981-ci ildə Hüseyn Cavidin 100 illiyi haqqında Kommunist Partiyasının qəbul etdiyi qərarı Azərbaycanda on il ərzində həyata keçirmədilər… İndi Hüseyn Cavidin əsərləri xalqa hava-su kimi lazımdır. Təkcə ədəbi baxımdan deyil, həm də fəlsəfi, elmi baxımdan lazımdır. Lakin bu əsərlər lazımi səviyyədə nəşr olunmuşdurmu”?
Təəssüf ki, dahi şairin əsərlərinin nəşri üçün Dahi öndərimizin göstərdiyi bu narahatlıq onun sağlığında aradan qaldırıla bilmədi. Ancaq bu gün Cavid külliyyatının beşcildliyi möhtərəm Prezidentimiz İlham Əliyevin imzaladığı sərəncama əsasən latın qrafikası ilə çap edilərək oxucu kütləsinə çatdırılıb.
Şabəyim Ağayeva-Zərdab rayon Dəli Quşçu kənd körpələr evi-uşaq bağçasının müdiri
Üzeyir Hacıbəyov fövqəladə fitri istedadı, böyük fədakarlığı, mükəmməl təhsili, elmi, vətənpərvərliyi, ictimai-siyasi fəaliyyəti ilə xalqımızın böyük şəxsiyyətlərindən biri olmuş, dünya korifeylərinin ön sırasında duran, Azərbaycanı təmsil edən görkəmli şəxsiyyət olmuşdur.”
Azərbaycan mədəniyyətinin yorulmaz himayədarı olan Ümummilli Lider Heydər Əliyevin musiqi mədəniyyətimizin sütunu, dünya şöhrətli dahi bəstəkar, musiqişünas, publisist, dramaturq, filosof, pedaqoq, alim, akademik, ictimai xadim Üzeyir bəy Hacıbəyliyə xüsusi sevgisi və rəğbəti vardı. O, mədəniyyət və incəsənətlə, mətbuatla bağlı çıxışlarında hökmən Ü. Hacıbəylinin adını çəkər, ondan sitatlar gətirərdi. Hətta Ulu Öndər tərəfindən 18 iyun 2001-ci il tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” imzalanmış fərmanda da ana dilinin qorunmasında, tədrisində, inkişafında xüsusi xidmətləri olan qabaqcıl maarifçilər, ziyalılar arasında Üzeyir bəy Hacıbəylinin adı iki dəfə çəkilmişdir.Ümummilli Lider Heydər Əliyev Üzeyir bəy Hacıbəyli fenomenini qiymətləndirə bilən bir dövlət xadimi idi. O, mədəniyyətlə, incəsənətlə, hətta ədəbiyyat və publisistika ilə bağlı çıxışlarında dahi Üzeyir bəyi xatırlayır, ona istinad edir, bütün sahələrdə onun dahi olduğunu dönə-dönə vurğulayırdı.
Böyük Öndərin Üzeyir Hacıbəylinin anadan olmasının 110 illik yubileyinə həsr edilmiş tədbirdə söylədiyi dahi sənətkar haqqındakı məruzəsi bu gün də yaddaşlarda yaşayır. Bənzərsiz natiq olan Ulu Öndər Heydər Əliyev Üzeyir bəyin həyat və fəaliyyətini o qədər gözəl təhlil etdi ki, musiqişünas alimləri kölgədə qoydu.
Ümummilli Lider Heydər Əliyev həmçinin Üzeyir Hacıbəylinin operalarından, operettalarından, digər musiqi əsərlərindən, onun üç hakimiyyət – çar Rusiyasının hakim olduğu dövr, Azərbaycan Demokrat Respublikasının dövrü və Azərbaycanda sovetlər dövründə yaşadığını qeyd etmiş, bununla yanaşı onun vətənpərvərliyini xüsusi vurğulamışdır. Üzeyir Hacıbəyli irsini dərindən bilən, bütün söhbətlərində, çıxışlarında dahi sənətkarın bənzərsiz dühasından söz açan Ümummilli Liderimizə jurnalistlər sual verəndə ki, “sizin ən sevimli bəstəkarınız kimdir?” Heydər Əliyev tərəddüd etmədən “Üzeyir Hacıbəyov “- demişdir.”Üzeyir Hacıbəyov fövqəladə fitri istedadı, böyük fədakarlığı, mükəmməl təhsili, elmi, vətənpərvərliyi, ictimai-siyasi fəaliyyəti ilə xalqımızın böyük şəxsiyyətlərindən biri olmuş, dünya korifeylərinin ön sırasında duran, Azərbaycanı təmsil edən görkəmli şəxsiyyət olmuşdur “, – deyən Ulu Öndər böyük sənətkara tükənməz məhəbbətini izhar edərək, daha sonra qeyd etmişdir ki, “…dahi Üzeyir bəy Hacıbəyovun xatirəsi qarşısında baş əyirəm. Bütün Azərbaycan xalqı bu gün Üzeyir Hacıbəyovun xatirəsi qarşısında baş əyir. Mən onun xatirəsinə hörmət və ehtiramımı bildirərək, bu gün bir daha xalqımızı birliyə dəvət edirəm. Üzeyir Hacıbəyov irsinin yaşaması naminə, mədəniyyətimizin, mənəviyyatımızın yaşaması naminə sizin hamınızı şücaətə, qəhrəmanlığa, vətənpərvərliyə dəvət edirəm”.
Aytac Həşimzadə- Zərdab rayon İsaqbağı kənd körpələr evi-uşaq bağçasının müdiri
Şah İsmayıl görkəmli dövlət xadimi, siyasi şəxsiyyət, Azərbaycanı birləşdirən insandır. Azərbaycanın qədim dövlətçiliyi Şah İsmayılın adı ilə bağlıdır
Azərbaycan xalqının, onun tarix və mədəniyyətinin çoxəsrlik kökləri vardır. Xalq öz tarixinin və tarixi yaddaşının vəhdətini hiss etdikdə onda özünə inam, mənəvi qüvvə yaranır. Öz etnik mənşəyini dərk etmiş fərdin həyatı tarixiliklə dolğunlaşır, o, öz xalqının tarixində baş vermiş bütün hadisələrlə, onun mədəniyyəti ilə bağlılığı barədə düşünməyə, özünü ən azı bu tarixin bir hissəsi kimi dərk etməyə başlayır. O, yaradıcı şəxsiyyətə çevrilir, “özünün kim olması”, mənsub olduğu etnosun keçmişi ilə onu nəyin bağlaması barədə düşünməyə başlayır
Qədim və orta əsrlərə aid ilk mənbələri öyrənməklə asanlıqla yəqin etmək olar ki, Azərbaycan tarixində həm siyasi, həm də mədəni və elmi sahələrdə parlaq şəxsiyyətlər çox olmuşdur.
Xalqımızın tarixində əsrlər boyu bütöv bir ölkənin, vahid məkanda yaşayan, eyni dildə danışan və ümumi dəyərlərə şərik olan yüzlərlə nəsli və milyonlarla insanı həyata səsləyən ideyanı təcəssüm etdirən şəxsiyyətlər çox olmuşdur. Bu korifeylərin mənəvi və praktik irsi bəzən ölkəmiz və xalqımız üçün yolgöstərən ulduz olmuşdur
Belə tarixi şəxsiyyətlərdən, korifeylərdən biri də Şah İsmayıldır. Həqiqi alimlər, nüfuzlu tarixçilər üçün Şah İsmayıl böyük dövlət xadimi və istedadlı sərkərdə olaraq qalır. Azərbaycanlıların şüurunda isə Şah İsmayıl Azərbaycan torpaqlarını birləşdirmiş, mərkəzləşdirilmiş Azərbaycan dövlətini yaratmış şəxsiyyətdir.
Şah İsmayıl Xətainin öz xalqı qarşısında xidmətləri həm də ondan ibarətdir ki, o, Azərbaycan milli mədəniyyətinin inkişafı üçün əlverişli şərait yaratmışdır, onun hakimiyyətdə olduğu illər ölkənin orta əsrlər tarixində tərəqqi baxımından ən önəmli dövr sayılır. O, təkcə ana dilində yaradan şairləri, Azərbaycan alimlərini, incəsənət xadimlərini təşviq etmirdi, həm də bütövlükdə incəsənətin, elmin inkişafına himayədarlıq edirdi. Onun səyləri sayəsində Azərbaycan dili nəinki fars dilinin güclü təsirindən qurtardı, həm də sonrakı yüzilliklər boyu onu üstələdi. Azərbaycan şairlərinin başqa dillərdə yazıb-yaratması ənənəsinə birdəfəlik son qoyuldu. Müasirlərinin dediyinə görə, Şərq miniatür sənətinin inkişafının ən parlaq zirvələrindən biri məhz həmin dövrə təsadüf edir. Elm, sənət xiridarı olan Xətainin sarayında yaradıcılıq üçün əlverişli şəraitdə, diqqət, qayğı, hörmətlə əhatə olunmuş mühitdə böyük rəssam Behzad, habelə bir çox digər istedadlı heykəltəraş, xəttat, musiqiçi yaşayırdı. Hətta məşum Çaldıran döyüşü ərəfəsində belə Şah İsmayıl ilk növbədə, istedadlı rəssam və alimlərə qayğı göstərir, onları təhlükəsiz yerdə gizlətməyi, qorumağı əmr edirdi .
Azərbaycan tarixində xalq üçün misilsiz xidmətlər göstərən Şah İsmayılın mühüm fəaliyyətini Ulu Öndər Heydər Əliyev hər zaman vurğulayırdı.
Ümummilli Lider Heydər Əliyev Azərbaycanın cəsur sərkərdəsi , tanınmış tarixi şəxsiyyəti Şah İsmayıl haqqında bu fikirləri söyləmişdir. “Şah İsmayıl görkəmli sərkərdə, Azərbaycanın şahı olmuşdur. O dövrdə keçmişimizdən kimin kim olduğunu söyləmək bizim üçün çətin idi. İndi isə açıq şəkildə deməyə imkanımız var ki, Şah İsmayıl görkəmli dövlət xadimi, siyasi şəxsiyyət . Azərbaycanı birləşdirən insandır. Azərbaycanın qədim dövlətçiliyi Şah İsmayılın adı ilə bağlıdır”.
Səbinə Məhəmmədli- Zərdab rayon Böyük Dəkkə kənd körpələr evi-uşaq bağçasının müdiri
Cəmi 23 il ömür sürmüş Asəf Zeynallı Azərbaycan musiqi mədəniyyəti tarixinə romans, simfonik musiqi və şair kimi bir sıra yeni janrların ilk nümunələrini yaratmış böyük bəstəkar kimi daxil olmuşdur.
Azərbaycanın görkəmli bəstəkarlarından olan Asəf Zeynallı cəmi 23 il yaşayıb. 16 yaşından müntəzəm yaradıcılığa başlayan bəstəkar geriyə qalan 7 illik ömrünə xarüqələr sığdırıb. Və nə yaxşı ki, işlərini sabaha saxlayanlardan olmayıb. Çünki əksi olsaydı başqalarının on illərlə vaxt sərf edəcəyi işləri cəmi yeddicə ilə sığdıra bilməzdi.Əslində, heç sığdıra da bilmədi..
Öz misilsiz və qısa yaradıcılıq ömründə musiqi sənəti tariximizə əbədi möhrünü vurmağı bacarmış sənətkar milli romans, piano və simfonik musiqinin banisidir. 23 illik qısa ömrü parlaq istedadı, musiqiyə sonsuz məhəbbəti, yaradıcılıq enerjisi sayəsində böyük məktəb halına gəlib.
Asəf Zeynallının musiqi irsi çoxcəhətlidir. O, xalqın mənəvi zənginliyinin tərcümanı olan musiqinin müxtəlif janrlarında dəyərli əsərlər yaratmışdır. Lakin Azərbaycan musiqi tarixində bəstəkar, milli romans janrının yaradıcısı kimi tanınaraq, özünəməxsus dəst-xətti ilə xüsusi olaraq diqqəti cəlb edir.
Asəf Zeynalı İlk milli romansların, fortepiano və skripka üçün miniatür pyeslərin, ilk simfonik nümunələrin müəllifi kimi Azərbaycan musiqi mədəniyyəti tarixinə daxil olub. Avropa musiqisinin nəzəri əsaslarını dərindən mənimsəyən bəstəkar onları xalq musiqisi ilə sintez edərək orijinal əsərlər yaradıb.
Asəf Zeynallının musiqi tarixində əvəzsiz rolu Ümummilli Lider Heyder Əliyevin daim diqqət mərkəzində olub. Qısa müddət ərzində böyük nailiyyətlərə imza atan Asəf Zeynallı öz dövrünün dühası idi. Bu gün Asəf Zeynalının adını əbədiləşdirmək üçün Bakı Musiqi Kollecinə və paytaxt küçələrindən birinə onun adı verilib.
Nurcahan Mürşüdova- Zərdab rayon Gödəkqobu kənd körpələr evi-uşaq bağçasının müdiri
Rəşid Behbudov dünyanı dolaşmış ilk Azərbaycan müğənnisidir, musiqiçisidir
Görkəmli Azərbaycan müğənnisi və ictimai xadim Rəşid Behbudov Sosialist Əməyi Qəhrəmanı, SSRİ Xalq artisti, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, Lenin, Qırmızı Əmək Bayrağı və Xalqlar Dostluğu ordenləri ilə təltif olunmuş, bir sıra xarici ölkələrin mükafatlarına, Dağıstan xalq artisti, Gürcüstan əməkdar incəsənət xadimi adına layiq görülmüşdür.
1946-1956-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953-1960-cı illərdə fasilələrlə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, 1957-1959-cu illərdə Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olmuşdur. 1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomim kimi müxtəlif janrlarını üzvi surətdə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil etmiş və ömrünün sonunadək onun solisti və bədii rəhbəri olmuşdur.
O, bir çox böyük ümumdünya incəsənət məclislərində, beynəlxalq gənclər festivalında, xalqlar dostluğu konsertlərində, Bolqarıstan, Macarıstan, Polşa, Finlandiya, İngiltərə, Şotlandiya, Hollandiya, İtaliya, Fransa, Belçika, Avstriya, Portuqaliya, Əfqanıstan, Türkiyə, İran, İraq, Suriya, Liviya, Hindistan, Misir, Efiopiya, Sudan, Kosta-Rika, Ekvador, Peru, Argentina, Boliviya və s. ölkələrdə olmuşdur. Bir çox görkəmli bəstəkarların mahnıları Rəşid Behbudovun ifasında planet xalqlarının 50-dən çox dilində səslənmişdir.O, səfərlərində incəsənət ustası xadimi kimi Azərbaycanı təmsil etmişdir.
Bütün Sovet respublikaları ilə yanaşı Argentina, Bolqarıstan, Belçika, Çili, Çin, Efiopiya, Finlandiya, Hindistan, İran, İraq, İtaliya, Misir, Türkiyə və s. ölkələrdə geniş repertuarla çıxış edən Rәşid Behbudov, Azərbaycan xalq mahnılarının və Azərbaycan bəstəkarlarının vokal əsərlərinin xarici ölkələrdə populyarlaşmasında çox böyük rol oynamışdır. Rәşid Behbudov Hindistana səfəri haqqında “Uzaq Hindistanda” kitabını yazmışdır.
Azərbaycanın dünya miqyasında tanıdılmasında əvəzsiz xidmət göstərmiş Rəşid Behbudov haqqında Ümummilli Lider Heydər Əliyev öz fikirlərini söyləmişdir.
Ulu Öndər deyirdi: «Mən Rəşid Behbudovu ilk dəfə 1943-cü ildə, İkinci Dünya müharibəsinin o ağır dövründə Bakıda Zabitlər evində dinləmişəm. Ondan sonra mən Rəşid Behbudovun sənətinə, onun səsinə vurğunam və bütün ötən illər onun mahnıları, onun ifa etdiyi gözəl rollar, onun gözəl səsi məni həmişə heyran edibdir. Rəşid Behbudov mərhum Tofiq Quliyev ilə birlikdə Azərbaycanda ilk estrada mahnılarının yaradıcısı olubdur. Deyə bilərəm ki, Rəşid Behbudov dünyanı dolaşmış ilk Azərbaycan müğənnisidir, musiqiçisidir. İkinci beləsi olmayıbdır. Hansı ölkəyə gedirdisə, mütləq səfərindən əvvəl oranın gözəl mahnılarından bir neçəsini o ölkənin xalqının dilində hazırlayırdı, gedib orada oxuyurdu və böyük hörmət qazanırdı”.
Bu gün Azərbaycan xalqı ölməz sənətkar Rəşid Behbudovun əziz xatirəsini qəlbində yaşadır.
Şəhla Xəlilova- Zərdab şəhər 1 saylı körpələr evi-uşaq bağçasınn müdiri