Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı gündəliyi Prezident İlham Əliyev müəyyən edir
Azərbaycanın qələbəsi, düşmənin kapitulyasiya ilə başa çatan Vətən müharibəsindən iki ilə yaxın zaman keçsə də regionun inkişafı, region dövlətlərinin və xalqlarının təhlükəsizliyi naminə sülh danışıqlarının aparılması zəruriyyəti öz aktuallığını hələ də qoruyub saxlayır. Vətən müharibəsindən dərhal sonra Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq, Ermənistanın 30 illik işğalına son qoyub, müharibə yolu ilə özünün ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Bu savaşda ordumuz xalqımıza qarşı 1992-ci il fevralın 26-da Xocalı kimi dəhşətli soyqırımını həyata keçirmiş Ermənistan ordusunu və bəşəriyyət üçün ən təhlükəli meyillərdən olan erməni faşizmini məhv edib.
Hələ İkinci Qarabağ müharibəsinin gedişində dövlətimizin başçısı postkonflikt dövründə Cənubi Qafqazın siyasi arxitekturasını şərh edərkən, gələcəkdə bütün istiqamətlər üzrə inteqrasiya və inkişafın, xüsusən də uzunmüddətli sülh və təhlükəsizliyin yaradılmasının vacibliyini bildirib. Bunun üçün Azərbaycan təkliflərlə çıxış edib və bu təkliflər Ermənistanın kapitulyasiyası hesab olunan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda əks olunub. Lakin postmüharibə dövründə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı gündəliyi Prezident İlham Əliyev müəyyən edir. Çünki Azərbaycan artıq Ermənistana 5 prinsipdən ibarət təklif göndərib. İndiki mərhələdə normallaşma prosesinin əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılmasından ibarətdir.
Aprelin 30-da ADA Universitetində 23 ölkədən gəlmiş dünyanın 40-dan çox nüfuzlu beyin mərkəzlərinin nümayəndələrinin iştirakı ilə keçirilən “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” beynəlxalq forumunda da müzakirə edilən məsələlər,Azərbaycanın təşəbbüsləri və prioritetləri bir daha bütün dünyaya İkinci Qarabağ müharibəsindəki zəfərdən sonra Azərbaycanın sülh tərəfdarı olan ölkə kimi mövqeyini əks etdirdi.
Prezidentin bu forumda iştirakı və verilən bütün sualları ətraflı cavablandırması bir daha onu göstərdi ki, Azərbaycan Cənubi Qafqaz dövləti olaraq sülhü, əmin-amanlığı, inkişafı dəstəkləyir və nəinki öz qonşuları ilə, Cənubi Qafqazla əməkdaşlıq etmək istəyən digər dövlətlərlə dostluq münasibətlərini və əlaqələrini qurmağa hazırdır. İlham Əliyev forumdayeni reallıqlara aydınlıq gətirərək həqiqətləri və Azərbaycanın ümumi istəyini bəyan etdi və Ermənistana da mühüm mesajlar ünvanladı. Dövlətbaşçısı bildirdi ki, bizim açıq bəyan edilmiş və beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş sülh gündəliyimiz və təşəbbüslərimiz Cənubi Qafqazda regional inkişaf üçün yeni imkanların yaradılmasına yönəldilib. “Bu, təkcə Azərbaycan və Ermənistan arasında deyil, ümumiyyətlə, Cənubi Qafqaza aid məsələdir”, – deyə Prezident bildirdi. Dövlət başçısı onu da bildirdi ki, Ermənistan da başa düşməlidir ki, onlar regionda təcrid edilmiş ada kimi yaşaya bilməzlər. Əfsuslar olsun ki, məğlub olaraq kapitulyasiya aktına imza atan bir ölkə kimi daha çox sülh danışıqlarına ehtiyacı olan Ermənistan rəhbərliyi hələ də revanşist qüvvələrin təsiri və təzyiqi üzündən təklif olunan danışıqlar prosesinə adekvat cavab verməyib. Qeyd edək ki, hələ ki Azərbaycanın təklifi masa üzərindədir amma təbii ki, səbir sonsuz deyil və Azərbaycanın səbri sona çatdıqdan sonra olanları ən yaxşı Ermənistan bilir. Buna görə də reallığı dərk edib, sülhə can atması ən çox onun özünə sərf edəcəkdir. O cümlədən sülh müqaviləsi ilə Avrasiya regionunda əməkdaşlığın möhkəmlənməsi üçün də yeni imkanlar yaranacaqdır. Burada həm yeni əməkdaşlıq formatları, həm də müasir beynəlxalq nəqliyyat dəhlizi imkanları nəzərdə tutulur. Təbii ki, bu, həm də regiona uzun müddətli sülhün gəlişinin başlanğıcı ola bilər.
Azərbaycanın yaratdığı yeni reallıqlarda, regionda münasibətlərin normallaşdırılması prosesində diqqəti çəkən başqa bir məqam vasitəçiliklə bağlı missiyanın dəyişməsi, yeni formatın yaranmasıdır. Artıq bu missiyanı Avropa İttifaqı üzərinə götürüb. Bu gün Avropa İttifaqı regional əməkdaşlıq səylərində iştirak etmək, həvəsləndirmək, dayanıqlı sülh və rifah naminə regionda olan ölkələr arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi arzusundadır. Artıq bu prosesdə ikili standartlara, beynəlxalq hüququn tapdalanmasına yer yoxdur. Eyni zamanda yeni format göstərir ki, Azərbaycanın yaratdığı reallıqlar Minsk qrupunu tarixin arxivinə göndərib. “Biz Avropa İttifaqını vicdanlı aktor hesab edir və onun səylərini alqışlayırıq. İndi Minsk qrupu mövcud deyil, ona görə düşünürük ki, Avropa İttifaqı normallaşma prosesində öz rolunu oynaya bilər”, – deyə Prezident İlham Əliyev ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda deyib.
Beləliklə, Vətən müharibəsinin nəticəsi və postmüharibə dövrü göstərdi ki, Azərbaycanda həyata keçirilən siyasi kurs dövlətimizi və xalqımızı qələbələrə aparan alternativsiz yoldur. Qarşıda isə xalqımızı Qarabağın və Şərqi Zəngəzurun sürətlə bərpası ilə keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarının yaşadıqları sevincli günlər, Zəngəzur dəhlizinin fəaliyyətə başlamasından fayda əldə edəcək ölkələrin Azərbaycana minnətdarlıq ünvanlayacaq zamanı gözləyir.
Anar MƏMMƏDOV
Milli Məclisin deputatı