21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

İki su kəmərindən 630 min sakin faydalanacaq – FOTOLAR

İki su kəmərindən 630 min sakin faydalanacaq – FOTOLAR

Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ərəfəsində “Azərsu” Açıq Səhmdar Cəmiyyəti yanında İctimai Şuranın üzvlərinin ümummilli liderin içməli su sektorunda şah əsəri sayılan Kür Sutəmizləyici Qurğular Kompleksinə səfəri təşkil olunub. Əvvəlcə ulu öndərin kompleks ərazisində ucaldılmış abidəsi ziyarət olunub, abidənin önünə gül dəstələri qoyulub. 

“Azərsu ASC-dən Qafqazaz.com a verilən məlumata görə, Kür Su Təchizatı İdarəsinin rəisi Eldəniz Həsənov sutəmizləyici qurğuların iş prinsipi və burada suyun təmizlənməsi prosesi barədə İctimai Şura üzvlərinə ətraflı məlumat verib. Qeyd olunub ki, Kür çayından üzən nasos stansiyaları vasitəsilə götürülən su birinci mərhələdə radial durulduculara ötürülür. Burada reagentlərdən istifadə edilərək onun tərkibindəki lil çökdürülür. İkinci mərhələdə su horizontal durulducularda emal prosesindən keçir. Nəhayət, 3-cü mərhələdə qum süzgəclərindən keçən su təmiz anbara ötürülür, burada zərərsizləşidirilir və nasoslarla magistral kəmərlərə vurulur. Magistral kəmərin 89-cu kilometrində – Səngəçal qəsəbəsi yaxınlığında yenidən qaldırıcı nasoslardan istifadə olunmaqla suyun Bakıya çatdırılması təmin edilir.

Qonaqların diqqətinə çatdırılıb ki, Oğuz-Qəbələ-Bakı su kəmərinin və Ceyranbatan  Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin istismara verilməsindən sonra Abşeron yarımadasına gətirilən içməli suyun həcmi xeyli artıb. Bu da Kür Sutəmizləyici Qurğular Kompleksindən Bakıya verilən suyun bir hissəsinin Muğan və Aran bölgələrinə yönəldilməsinə imkan yaradıb. Bu məqsədlə 107 km uzunluğunda Şirvan-Muğan və 62 km uzunluğunda Sabirabad-Saatlı qrup magistral su kəmərləri, kəmərlərin üzərində anbarlar tikilərək istismara verilib. Bununla da, Hacıqabul, Şirvan, Salyan, Neftçala, Biləsuvar, Sabirabad və Saatlı şəhərlərinin, eləcə də magistral kəmərin marşrutu boyunca yerləşən kəndlərin su təchizatı əsaslı şəkildə yaxşılaşdırılıb. Bütövlükdə 2030-cu ilə perspektiv inkişaf nəzərə alınmaqla Şirvan-Muğan və Sabirabad-Saatlı qrup su kəmərlərindən 170-dən çox yaşayış məntəqəsinin 630 min nəfər sakini faydalanacaqdır.

Qeyd edək ki, Prezident İlham Əliyevin ərzaq təhlükəsizliyinin və ixrac potensialının artırılmasının təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq Kür Sutəmizləyici Qurğular Kompleksi Hacıqabul və Şamaxı rayonlarının ərazisində 10 min hektar əkin sahəsini suvarma suyu ilə də təmin edir. Bu məqsədlə kompleksdən Padarçöl adlanan əraziyə 27,5 km uzunluğunda əsas daşıyıcı kəmər inşa olunub.

Xatırladaq ki, Kür Sutəmizləyici Qurğular Kompleksinin inşasına 1968-ci ildə başlansa da işlər ləng aparılıb. 1969-cu ildə ulu öndər Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsindən sonra layihənin icrasında ciddi dönüş yaranır. Ümummilli liderin təşəbbüsü ilə xalq tikintisinə çevrilən layihənin birinci növbəsi mərhələlərlə 1970-1971-ci illərdə istismara verilib. 27 sentyabr 1970-ci ildə kompleksdən Abşeron yarımadasına suyun verilməsinə başlanıb.

Sürətlə inkişaf edən Bakı şəhərinin içməli su təchizatını yaxşılaşdırmaq üçün 1980-ci illərdə Kür su kəmərləri sisiteminin ikinci növbəsi üzrə işlər icra edilib. 3 mərhələdə (1984, 1986 və 1988-ci illərdə) Bakıya əlavə 3 magistral su kəməri çəkilib. Bununla da kompleksin məhsuldarlığı saniyədə 9,5 və ya sutkada 820 000 kubmetrə çatdırılıb.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın