Kəlbəcər və Laçın rayonlarının bərpası azad edilmiş digər rayonlara nisbətən daha çətindir
Kəlbəcər və Laçın rayonlarının bərpası azad edilmiş digər rayonlara nisbətən daha çətindir.
1928-ci ildə Kəlbəcərin İstisu kəndinin məşhur mineral suyu olan “İstisu” bulağı ətrafında sanatoriya yaradıldı. İşğal dövründə yararsız hala salınan sanatoriya 2020-ci il noyabr ayının 25-də Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində Azərbaycana qaytarıldı.
Sərt dağlıq ərazilərə malik olan və hərbi cəhətdən strateji əhəmiyyət daşıyan Kəlbəcər və Laçında bərpa və yenidənqurma layihələri ilə bağlı olaraq iyunun 26-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Kəlbəcər rayonunda “İstisu” sanatoriyasının təməlqoyma mərasimində iştirak etmişdir. Öz çıxışında bildirmişdir ki, vaxtilə məşhur olan İstisu suyu yenidən buraxılacaq, Azərbaycanda istehlak olunacaq və ixrac ediləcək. Ermənilərin binalarımızı, məscidlərimizi, məktəblərimizi, şəhər və kəndlərimizi, o cümlədən bu sanatoriyanı dağıtdıqlarını bildirən Prezident İlham Əliyev söyləmişdir: “ Keçən il burada bu dağıntılarla tanış oldum və göstəriş verdim ki, bu yerdə – İstisu qəsəbəsində yeni mehmanxana inşa edilsin və müalicə mərkəzi yaradılsın. Bir müddətdən sonra burada yeni gözəl mehmanxana və müalicə mərkəzi yaradılacaq. Mən hesab edirəm ki, bu, çox vacibdir. Çünki İstisu sanatoriyası və İstisu suyu bu bölgənin rəmzi, Kəlbəcərin təbii sərvəti idi. Bu gün biz – bu torpaqların sahibləri vaxtilə əlimizdən alınmış bütün sərvətləri özümüzə qaytarmışıq. Bütün şəhər və kəndlərimizi yenidən, sıfırdan bərpa edirik və edəcəyik, o cümlədən Kəlbəcər rayonunda, Laçın rayonunda böyük quruculuq işləri gedir”.
Qeyd etmək istəyirəm ki, “İstisu” bulağının suyu kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə seçilir. Laborator analizlər göstərib ki, mineralların miqdarı 6,7 qrama çatan bir litr suyun tərkibi litium, brom, yod, mərgümüş, fosfor, sink, mis, nikel, maqnezium, dəmir və digər kimyəvi maddələrlə zəngindir. Bu bulaqların suyundan mədə-bağırsaq, qaraciyər, öd kisəsi və sair xəstəliklərin müalicəsində istifadə edilir.
Ermənilər 30 il işğal altında olan ərazilərdə böyük talançılıqla məşğul olublar. Demək olar ki, hər şey məhv edilib, hətta təbiət, ekologiya belə onlardan ziyan çəkib. Bütün dünya bu barbarlığa şahiddir. Azərbaycan xalqı tarixi ədaləti güc, birlik, igidlər və şəhidlər hesabına bərpa etdi.
Prezident İlham Əliyevin Kəlbəcər və Laçın rayonlarına səfərləri bir daha əyani olaraq sübut etdi ki, qarşıya qoyulan hədəflərə çatmaq yolunda intensiv işlər getməkdədir. Bütün infrastruktur layihələr uğurla icra olunur. Davamlı olaraq ölkəmizdə yeni yollar çəkilir, məktəb binaları, səhiyyə ocaqları və s. tikilir. Bu gün biz gənc nəslin qarşısında duran ən böyük vəzifələrdən biri də öz ölkəmizin, xalqımızın tarixini dərindən öyrənməklə yanaşı, onu gözlənilən müdaxilələrdən, basqılardan qorumaq və gələcək nəsillərə çatdırmaqdır.
Kəmalə Məmişova – Zərdab rayon Bıçaqçı kənd tam orta məktəbin direktoru