“Yol hərəkəti təhlükəsizliyi” təlimi iştirakçılarına sertifikatlar verildi – FOTO
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən Nəqliyyat Təlim və Tədris Mərkəzinin müəllim heyəti “Yol hərəkəti təhlükəsizliyi” təlimində iştirak edib. Bu gün isə təlimdə iştirakçılarına sertifikatlar təqdim olunub.
“Yeni Gündəm” xəbər verir ki, təlimin təşkilatçısı Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin Cənubi Qafqazda “Özəl sektorun inkişafı və texniki peşə təhsili və təlimi” proqramıdır.
6 günlük proqramı Alman Yol Təhlükəsizliyi Komissiyasında akkreditə olunmuş “Hurmoğlu Education and Consultancy – HED Academy”nin (Türkiyə) mütəxəsisləri keçiblər.
Təqdimat mərasimində çıxış edənlər bildirib ki, bu təlim logistika və nəqliyyatda kiçik və orta müəssisələrə təcrübələrini artırmaq, yol-nəqliyyat hadisələrinin qarşısını almaq, yol daşımalarında təhlükəsizliyi gücləndirməyə kömək edəcək. Sertifikat əldə edən şəxslər gələcəkdə təlim mövzularını tədris etmək imkanı qazanıb.
Qeyd edək ki, Nəqliyyat Təlim və Tədris Mərkəzində sürücülük, iş və istirahət rejiminin xüsusiyyətləri, habelə avtomobil nəqliyyatı ilə yüklərin daşınmasını tənzimləyən normativ hüquqi aktlar üzrə də təlimlər keçirilir. Nəqliyyat xidmətləri təqdim edən mərkəzin təhsilə əlçatanlığını artırmaq üçün Gəncə, Şirvan, Lənkəran və Biləsuvarda regional filialları fəaliyyət göstərir.