Azərbaycanın hər bir bölgəsi inkişaf, tərəqqi dövrünü yaşayır
Dövlət başçısı İlham Əliyevin rayonlara yeni təyin edilmiş İcra Hakimiyyəti başçıları ilə görüşlər keçirməsi və onlara tapşırıqlarını verməsi də ölkənin hərtərəfli inkişafında əsas rol oynayan regionların tərəqqisi ilə yanaşı, vətəndaş amilinə verilən yüksək dəyəri nümayiş etdirir
Azərbaycanın hər bir bölgəsi inkişaf, tərəqqi dövrünü yaşayır. Ən əsası, regionlar arasında sağlam rəqabət gedir. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoyaraq regionların malik olduğu potensialdan səmərəli istifadənin vacibliyini bildirdi. Regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət proqramının qəbulu bölgələrin inkişafında yeni mərhələnin əsasını qoydu. Hər bir proqramın uğurlu icrası növbəti sənədlərin təsdiqlənməsinə geniş imkanlar açır. Bu baxımdan deyə bilərik ki, hazırda 4-cü Dövlət proqramının icrası digər sənədlərdən irəli gələn vəzifələrin yerinə yetirilməsinə və yeni prioritetlərin müəyyənləşdirilməsinə əsaslanır. Hər bir Dövlət proqramında ayrı-ayrı bölgələrin inkişafına dair tədbirlər planı və icra mexanizmi öz əksini tapıb. Diqqət çəkən əsas məqam budur ki, dövlət başçısı İlham Əliyev mütəmadi olaraq regionlara səfərlər edir, Dövlət proqramından irəli gələn vəzifələrin icrası ilə yaxından tanış olur, problemləri ictimaiyyətin öz dilindən eşidir və onların icrası istiqamətində mühüm tapşırıqlar verir. Vətəndaş məmnunluğunun artırılmasının prioritet olduğu atılan hər addımda özünü qabarıq şəkildə büruzə verir. Prezident İlham Əliyev ilk gündən bu çağırışı səsləndirdi ki, əgər xalq görülən işlərdən razı olarsa, mən də razı olacam. Göründüyü kimi, insan amili, insanların yüksək rifah şəraitində yaşayışı dövlətin siyasətində əsasdır. Eyni zamanda, Prezident hər bir vətəndaşının yanında olmaqdan məmnunluq hissi keçirir.
Dövlət başçısı İlham Əliyevin rayonlara yeni təyin edilmiş İcra Hakimiyyəti başçıları ilə görüşlər keçirməsi və onlara tapşırıqlarını verməsi də ölkənin hərtərəfli inkişafında əsas rol oynayan regionların tərəqqisi ilə yanaşı, vətəndaş amilinə verilən yüksək dəyəri nümayiş etdirir: “Ölkə Prezidenti 2013-cü ildə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda bu çağırışı etmişdir ki, 2003-cü ildə “Neft kapitalını insan kapitalına çevirək!” deyəndə elmə, texnologiyalara, təhsilə qoyulan vəsaitdən söhbət getmir. Söhbət ondan gedir ki, Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır. Dövlət qurumları tərəfindən normal rəftar edilməli, təhdid edilməməli, incidilməməlidir: “Belə hallar var?! Var! Kim bunu edir?! Dövlət məmurları! Kim incidə bilər vətəndaşı?! Dövlət məmuru! Mən yenə də deyirəm, bütövlükdə bölgələrdə icra nümayəndələrinin fəaliyyəti müsbətdir, ancaq belə hallar da vardır. Buna yol vermək olmaz. Hər bir dövlət məmuru öz xalqına xidmət etməlidir. Hər bir icra başçısını mən vəzifəyə təyin edərkən, onu qəbul edərkən ona bir neçə əsas istiqaməti göstərirəm: inkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət!”
Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru