İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir
İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir
“Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin qisasını döyüş meydanında aldıq və bununla fəxr edə bilərik. Öz yaxınlarını itirmiş insanlar, hesab edirəm, bununla təsəlli tapa bilərlər. Çünki onların qəhrəmanlığı, onların şücaəti və fədakarlığı torpaqlarımızın azad olunmasına xidmət etdi. Məhz onların qanı bahasına biz torpaqları almışıq, geri qaytarmışıq. Hər birimiz deyirdik, ürəyimizdə deyirdik və sözdə də deyirdik ki, nəyin bahasına olursa-olsun, biz torpaqlarımızı geri almalıyıq…”.
Prezident İlham Əliyev çıxışında şəhidlərimizin haqq yolunda, Vətən uğrunda həlak olduqlarını, qəhrəmanlıqlarının bu gün bütün dünyada artıq gerçək kimi qəbul olunduğunu diqqətə çatdıraraq, onların şücaəti nəticəsində bu gün bizim bayrağımızın azad edilmiş torpaqlarda ucaldıldığını, xalqımızın, dövlətimizin müzəffər dövlət, müzəffər xalq kimi yaşadığını və bunun əbədi olacağını deyib. Dövlətimizin başçısı fikirlərinin davamında İkinci Qarabağ müharibəsinin Azərbaycanın şanlı tarixi olduğunu, bu şanlı, parlaq qələbənin xalqımızın tarixində əbədi qalacağını bildirib: “Bəlkə də tarixdə buna oxşar parlaq və tam qələbə heç vaxt olmamışdır. Biz hazırlaşırdıq, biz bütün tədbirləri görürdük, bütün addımları vaxtında atırdıq. Bütün gücləri bir amal uğrunda səfərbər etmişdik ki, torpaqlarımızı işğalçılardan azad edək. Həm hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı, texniki təchizat, həm də vətənpərvərlik hissi – bütün bu amillər, xalq-iqtidar birliyi, ölkəmizdə mövcud olan sabitlik və xoş ovqat qələbəyə gətirən amillər olmuşdur…”.
Bəli, Vətən müharibəsində qələbəmizi şərtləndirən əsas amillər sırasında qəhrəman döyüşçülərimizin Vətən sevgisi, Vətən məhəbbəti, onların torpağa, yurda bağlılığı önəmli rol oynadı. Onlar Ermənistanın işğalı səbəbindən ölkəmizin hansı ağrı-acıları yaşadığını, neçə-neçə azərbaycanlı ailəsinin məhv edildiyini, valideynlərinin doğma yurdlarından didərgin salındıqlarını yaxşı bilirdilər. Onlar Ermənistan ordusu tərəfindən törədilən vəhşilikləri heç zaman unuda bilmirdilər, Ermənistan və qondarma “Dağlıq Qarabağ rejimi”nin rəhbərliyi tərəfindən törədilən Xocalı soyqırımını yaddan çıxarmır, günahsız qurbanların xatirəsini daim əziz tuturdular. Bax, bütün bunlara görə də Vətən müharibəsində torpağa, Vətənə, dövlətə sonsuz sevgilərlə bağlı olan gənclərimiz şücaət göstərərək, parlaq qələbə qazandılar. Müzəffər Azərbaycan Ordusunun igid əsgər və zabitləri hərb tarixinə düşəcək bir səviyyədə döyüşərək, yaxın məsafədən əlbəyaxa döyüşlərdə düşmənə qalib gəldilər.
Nicat Mütəllimov
Saatlı Mərkəzi Rayon Xəstəxanasının əməkdaşı