Azərbaycan uzun illərdir etibarlı tərəfdaş kimi xam neftini dünya və Avropa bazarlarına ixrac edir
Azərbaycan uzun illərdir etibarlı tərəfdaş kimi xam neftini dünya və Avropa bazarlarına ixrac edir
Azərbaycanın Şərq Tərəfdaşlığı ölkələri sırasında özünəməxsus yeri var. Eləcə də Avropa İttifaqı ilə əməkdaşlıq dövlətimizin xarici siyasətinin əsas prioritetlərindən biridir. Ümumiyyətlə, Azərbaycan bütün dünyada etibarlı tərəfdaş kimi nüfuz qazanıb. Yaratdığı mükəmməl əməkdaşlıq və tərəfdaşlıq formatı ölkəmizə ən qlobal layihələri reallaşdırmağa imkan verir. Beynəlxalq və regional enerji təhlükəsizliyinin təmin olunmasında əsas söz sahiblərindən sayılan Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə vacib layihələr gerçəkləşdirir. Hər zaman “Neft Azərbaycanın milli sərvətidir” devizi ilə bu önəmi vurğulayan Ümummilli Lider Heydər Əliyevin neft strategiyası neft sənayemizin yeni mərhələdə inkişafına dünyanın diqqətini cəlb edən əsas amil kimi mühüm rol oynayıb. Bu gün enerji resurslarının çatdırılmasında, şaxələnməsində Azərbaycan ciddi tərəfdaş kimi dünya miqyasında tanınmaqdadır.
Cənub Qaz Dəhlizi, eləcə də Azərbaycanın dəstəyi ilə reallaşan digər enerji layihələri regionun təhlükəsizliyinə dəstək olmaqla yanaşı, Azərbaycanın valyuta gəlirlərinin artırılması baxımından çox əhəmiyyətlidir. Bu gün Xəzər hövzəsində çoxlu sayda ölkəyə iqtisadi fayda gətirən və təhlükəsizlik qarantı rolunda çıxış edən uğurlu enerji layihələrindən söhbət açarkən mütləq tarixə nəzər salmaq gərəkdir. Qeyd edək ki, Xəzər hövzəsində beynəlxalq əməkdaşlığın təməli Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin uzaqgörənliyi ilə 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” ilə qoyulub. Tezliklə Avropa bazarına, neft ixrac edən ölkəyə çevrildik. İki strateji neft boru kəmərinin inşası ilə Azərbaycan Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü öz üzərinə götürdü. Biri Türkiyənin Aralıq dənizi sahilindəki limana qədər uzanır, digəri isə Gürcüstanın Qara dəniz sahilindəki limana qədər. Bununla da Azərbaycan Qara dəniz bazarı və dünya bazarlarına təchizatı şaxələndirməyə nail oldu. Azərbaycanın təbii qaz ehtiyatlarına tələbat durmadan artır. Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması bütün ölkələr üçün böyük perspektivlər vəd edir. Sözügedən Memorandum enerji resurslarımızdan gələcəkdə daha da səmərəli istifadə etdirilməsi istiqamətində atılmış çox vacib addımdır. Bu sənəd gələcək fəaliyyətimizin yol xəritəsidir. Avropa İttifaqı ölkəmizin əsas ticarət tərəfdaşıdır. Ticarətimizin təqribən yarısı üzv dövlətlərin payına düşür. 15 ilə yaxındır Azərbaycan Avropa bazarlarına etibarlı şəkildə xam neft nəql edir. Ölkəmiz hazırda regionda sabitləşdirici faktor kimi çıxış edir.
Azərbaycan tərəfdaşları üçün etibarlı və sabit təbii qaz təchizatçısıdır və bu, uzunmüddətli tərəfdaşlıqlar üçün strateji davamlılığın artmasına, enerji səmərəliliyi və həmçinin iqtisadi artımın sənaye bazalarının gücləndirilməsinə öz töhfəsini verir.
Nəticə etibarilə dünyada böyük etimad qazanan ölkəmizin strateji tərəfdaşlıq əlaqələri güclənir, dostlarının və tərəfdaşlarının sayı artır, beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir.
Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova