22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Çoxpartiyalı parlament

Çoxpartiyalı parlament

Çoxpartiyalı parlament

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2018-ci ildən başlayaraq dövrün tələblərinə uyğun, eləcə də ölkəmizin inkişaf tempini daha da sürətləndirmək məqsədilə siyasi və kadr sahələrində islahatların aparılmasına start verildi. Demokratik düşüncəli və savadlı gənclərimizə böyük etimad göstərildi. Prezident cənab İlham Əliyev onları yüksək vəzifələrə təyin etdi. Ölkə başçımızın bu təşəbbüsünə dəstək olaraq 2019-cu ildə Azərbaycan Respublikasının Milli Məclisi növbədənkənar parlament seçkiləri keçirilməsi barədə qərar qəbul etdi. 2020-ci ilin fevral ayında VI çağırış Milli Məclisə seçkilər keçirildi. Gənclərlə  bərabər təcrübəli ziyalılarımız da demokratik yolla xalqın səsini qazandılar.

Prezident cənab İlham Əliyev 10 mart 2020-ci  il tarixdə VI çağırış Milli Məclisin ilk iclasında çıxış etdi. Ölkə başçımızın da qeyd etdiyi kimi, xarici müşahidəçilər, xüsusən Avropa İttifaqı seçkilərin demokratik keçirilməsi ilə əlaqədar obyektiv bəyanat verdilər. Bu onu göstərir ki, Avropa İttifaqı Azərbaycan Parlamenti ilə əməkdaşlıq etməyə və işləməyə hazırdır.

2020-ci ildə keçirilmiş parlament seçkilərində Azərbaycanda fəaliyyət göstərən bütün siyasi partiyalar iştirak etdilər. VI çağırış Milli Məclis çoxpartiyalı bir parlament kimi formalaşdı. Bu gün Milli Məclis Azərbaycanda siyasi sistemin təkmilləşdirilməsində çox böyük bir rol oynayır. Partiyalararası dialoqun aparılması siyasi islahatların daha dərindən keçirilməsinə imkan yaradır. Bu məqsədlə Prezident Administrasiyasının məsul şəxsləri mütəmadi olaraq digər partiya rəhbərləri ilə görüşlər keçirir. Ölkə rəhbərliyi siyasi partiyaların normal fəaliyyət göstərmələri üçün onlara hər cür şərait yaratmışdır.

Qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılır. Siyasi islahatlarla yanaşı Prezident cənab İlham Əliyev tərəfindən icra orqanlarında da uğurlu islahatlar aparılır. Öz işinin öhdəsindən gələ bilməyən, hərəkətlərində xalqı narazı salan istər mərkəzi,  istərsə də yerli icra orqanlarının rəhbər işçiləri vəzifələrindən kənarlaşdırılır. Kimliyindən və hansı vəzifədə olmasından asılı olmayaraq ciddi qanun pozuntusuna yol vermiş hər kəs qanunla cəzalandırılır. Prezident cənab İlham Əliyev bu cür insanlara qarşı haqlı olaraq çox sərt və qətiyyətli mövqe nümayiş etdirir.

Yeni tərkibdə fəaliyyətə başlamış Milli Məclis ölkə rəhbərliyi tərəfindən həyata keçirilən siyasi islahatlardan kənarda qalmamışdır. Cənab İlham Əliyev qanunvericilik sahəsində islahatların uğurlu şəkildə davam etdirilməsi üçün deputatlar qarşısında böyük vəzifələr durduğunu qeyd etmişdir. Milli Məclisin qarşısında duran ən vacib məsələ siyasi sistemin formalaşdırılması və gücləndirilməsi, iqtisadi inkişafın dərinləşdirilməsinə imkan yaradan qanunların qəbul edilməsidir.

Cənab İlham Əliyev hər zaman milli dəyərlərimizə və onların qorunmasına xüsusi diqqət yetirir.  Ölkə başçımız Milli Məclisə milli dəyərlərimizin qorunması üçün qanunvericilik bazasının daha da genişləndirilməsini tövsiyə etmişdir. Hər il dövlət büdcəsi təsdiqlənəndə görünür ki, cari ilin büdcəsi ötən ilin dövlət büdcəsindən daha sosial yönümlüdür. Əmək haqları, pensiyalar mütəmadi olaraq qaldırılır. Bütün bunlara böyük iqtisadi mənbə tələb olunur. Bunun üçün iqtisadiyyatın bütün sahələrində şəffaflıqla bağlı böyük işlər aparılır. Kölgə iqtisadiyyatı aradan qaldırılır, vergi orqanları başda olmaqla digər strukturlarda mütəşəkkil işlər aparılır.

Azərbaycan əhalisinin əksər hissəsini gənclər təşkil edir. Bugünkü gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmaları, onların işlə təminatı və asudə vaxtlarının səmərəli keçirmələri, xarici təsir altına düşməmələri üçün çox iş görülməlidir. Milli Məclisdə bu istiqamətlərdə, eləcə də gənclərimizin vətənpərvərlik ruhunda yetirmələri üçün qanun layihələri hazırlanmaqdadır. Beynəlxalq aləmdə ölkəmizə qarşı əsassız iddialarla çıxış edən qüvvələr hələ də mövcuddur. Ölkə başçısı  Milli Məclisdəki çıxışında bu cür qüvvələrlə hər zaman mübarizə aparmağın vacib olduğunu vurğuladı. Hər bir dövlət məmurunun, deputatın ən əsas vəzifəsi dövlətinə, xalqına ləyaqətlə xidmət etməsi olmalıdır. Milli Məclisin hər bir deputatı istər xaricdən, istərsə də daxildən Azərbaycana qarşı yönəlmiş istənilən təxribat xarakterli çıxış edənlərin cavabını layiqincə verir. Bu gün Azərbaycan Respublikasının Milli Məclisi Prezident cənab İlham Əliyevin daxili və xarici siyasətinə uyğun fəaliyyət göstərir. Heç kəs Azərbaycana qarşı təhdidlə, zor gücü ilə danışa bilməz. Çünki Azərbaycanda sarsılmaz xalq-iqtidar birliyi mövcuddur.

 

Cəlal Ağayev

Saatlı rayonu Şəhər 1 saylı ümumi orta məktəbin direktoru

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın