Anlaşma Memorandumunun mühüm əhəmiyyəti
Anlaşma Memorandumunun mühüm əhəmiyyəti
Aprelin 25-də Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev imzalanma mərasimində iştirak ediblər.
Anlaşma Memorandumunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Bolqarıstanın energetika naziri Rosen Hristov, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto, Rumıniyanın energetika naziri Virgil-Daniel Popesku və Slovakiyanın iqtisadiyyat naziri Karel Hirman imzalayıblar.
İmzalanmış Anlaşma Memorandumu icra olunduqdan sonra Avropada enerji təhlükəsizliyini birmənalı olaraq gücləndirəcək və Azərbaycan üçün daha çox Avropa ölkəsinə daha çox qazı ixrac etməyə fürsət yaradacaq.
Azərbaycan Avropanın, nəinki enerji, o cümlədən bir sıra digər sahələrdə də etibarlı tərəfdaşıdır. Avropa İttifaqının 9 üzv dövləti ilə Azərbaycan “Strateji Tərəfdaşlıq haqqında” Bəyannamə və ya Sazişlərə imza atıb və qəbul edib. Bu, o deməkdir ki, Avropa İttifaqına üzv dövlətlərin üçdə biri Azərbaycanın strateji tərəfdaşıdır və bu tərəfdaşlığın çox güclü gələcəyi var.
Ötən ilin iyul ayında Azərbaycan və Avropa Komissiyası “Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nu imzaladılar. Onun əsasında, biz 2027-ci ilə qədər Avropa İttifaqı bazarına qaz təchizatımızı iki dəfə artırmağı planlaşdırırıq. 2021-ci ildə biz Avropaya 8 milyard kubmetr qazı çatdırdıq, bu il isə 12 milyard kubmetri hədəfləyirik. Beləliklə, həmin həcm bu il üçün planlaşdırdığımız 24,5 milyard kubmetr səviyyəsində ümumi qaz ixracımızın təxminən yarısını təşkil edəcək. Təbii ki, qaz hasilatı və ixracımız artacaq. Çünki biz hasilatı mövcud qaz yataqlarında artıracağıq və gələn illərdə isə yeni yataqlarda təbii qazın hasilatını gözləyirik. Bu gün Azərbaycan qazı Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana və İtaliyaya ixrac edilir. Bu ildən başlayaraq qaz Rumıniyaya da çatdırılır. Əgər bütün lazımi interkonnektorlar olarsa, bu ilin sonundan etibarən Macarıstana və Slovakiyaya qaz təchizatına başlamaq planlaşdırılır.
Təbii qaz Azərbaycanın Avropaya ixrac etdiyi yeganə məhsul deyil. İyirmi ildən artıqdır ki, biz xam nefti ixrac edən iri təchizatçı kimi etibarlı tərəfdaşıq. Neft-kimya məhsulları və elektrik enerjisi, həmçinin ixracımızın bir hissəsidir. Tam həqiqətdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra üç ildən az müddətdə, 1994-cü ildə müqavilə imzaladı. Sonradan həmin müqavilə “XX əsrin müqaviləsi” adlandırıldı. Ölkəmiz ilk dəfə olaraq Xəzər dənizində nefti hasil və ixrac etmək məqsədilə xarici neft şirkətlərini dəvət etdi. Bir sözlə, bu gün biz XXI əsrin layihəsini həyata keçiririk və onun miqyası genişlənir.
Enerji sahəsində etibarlı tərəfdaş kimi Azərbaycan bütün hədəflərə nail olmaq üçün bu istiqamətdə addımları davam etdirməyə birmənalı olaraq hazırdır. Eyni zamanda, üç əsas enerji infrastrukturu layihəsinin uğurlu tamamlanmasından sonra, yəni – iki neft boru kəməri – biri Xəzərdən Aralıq dənizinə, digəri isə Xəzərdən Qara dənizə gedən boru kəməri və uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizindən sonra, hazırda biz Azərbaycanın bərpaolunan enerjinin istehsalı və ixracı mənbəyinə çevrilməsi üzərində çalışırıq. Azərbaycan 25 qiqavatdan artıq bərpaolunan enerjinin istehsalı məqsədilə bərpaolunan enerji sahəsində aparıcı beynəlxalq şirkətlərlə müqavilələri və anlaşma memorandumlarını imzalayıb. İlk külək və günəş enerjisi stansiyalarının tikintisi başlayıb. Azərbaycanda bərpaolunan enerjinin hesablanmış potensialı təxminən 200 qiqavatdır. Bu həcmə Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavat da aiddir. Əlbəttə ki, yaşıl enerjinin əsas ixrac istiqaməti Avropadır.
Beləliklə, neft meqalayihələrindən tutmuş, hazırda qaz, sonra yaşıl hidrogenə qədər layihələr var. Bütün bunlardan əlavə, bizim aramızda güclü ötürmə xətləri olacaq və bu, tamamilə yeni vəziyyət yaradacaq. Bir sözlə, biz Avrasiyanın enerji xəritəsini yenidən cızırıq.
Arif Abasov
Saatlı rayonu Qırağlı kənd tam orta məktəbin direktoru