Ümummilli Liderin tarixi çıxışında Azərbaycan Xalq Cümhuriyyəti ənənələrinin qorunub yaşadılması fikri də ilk cümlələr içərisində yer almışdı
Ümummilli Liderin tarixi çıxışında Azərbaycan Xalq Cümhuriyyəti ənənələrinin qorunub yaşadılması fikri də ilk cümlələr içərisində yer almışdı
Azərbaycanın siyasi tarixinin həm məsuliyyətli, həm də şərəfli bir təqvim göstəricisindən – Milli Qurtuluş Günündən söz açarkən Ulu Öndərin 15 iyun 1993-cü ildə Ali Sovetin Sədri seçilərkən Milli Məclisdəki tarixi çıxışını xatırlamamaq mümkün deyil. Tarix zamanla sübut etdi ki, Ulu Öndərin bu tarixi çıxışı həm də gələcəkdə müstəqil Azərbaycanın ümumi inkişaf konturlarının cızıldığı yol xəritəsidir.
Ulu Öndərin həmin çıxışında uzaqgörənliklə səsləndirdiyi, vaxtilə bəzilərinə xülya kimi görünən fikirlərin bənd-bənd reallaşması Azərbaycan xalqının öz böyük oğluna güvəninin təsadüfi olmadığının bariz göstəricisidir.
Ulu Öndər çıxışında da ilk sətirlərdə vurğuladığı kimi, 1993-cü ildə Azərbaycanın taleyi ilə bağlı necə böyük bir məsuliyyət yükünə çiyin verdiyinin fərqindəydi: “Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm”.
Ümummilli Liderin tarixi çıxışında Azərbaycan Xalq Cümhuriyyəti ənənələrinin qorunub yaşadılması fikri də ilk cümlələr içərisində yer almışdı: “Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında, müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır”.
Ulu Öndərin siyasi irsini layiqincə yaşadan cənab Prezident də çıxışlarında müasir Azərbaycan Respublikasının 100 yaşlı Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olduğunu vurğulayır. Bu siyasətin davamı kimi Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunub.
…Müstəqilliyimizin ilk illərində hələ də sovet buxovları üçün darıxan, “bəlkə də qaytardılar” düşüncəsi ilə yaşayanlara Ulu Öndər elə həmin çıxışında fikrini çatdırmışdı. Bu fikirlər fikir olmaqla qalmadı, zaman keçdikcə real həyatda öz təsdiqini tapdı: “Mənim fikrimcə, Azərbaycan Respublikası bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək. Keçmiş Sovetlər İttifaqının bərpa olunması, Azərbaycan Respublikasının da ora daxil olması ehtimalı haqqında bəzi şayiələr, fikirlər gəzir. Bunlar xülyadır. Mən bu fikirləri rədd edirəm və bütün Azərbaycan vətəndaşlarını bu fikirləri rədd etməyə dəvət edirəm”.
Ümummili Lider respublikanın qarşısında çox böyük və ağır vəzifələr durduğunu söyləyərkən ölkədə sabitliyin bərpasını ən vacib vəzifələrdən hesab edirdi. Ulu Öndər hakimiyyətdə olduğu dövrdə bu sabitliyin yaranmasına, qorunmasına və gələcək nəslə ən dəyərli töhfə kimi çatdırılmasına nail oldu: “Müstəqilliyi, suverenliyi təmin etmək üçün Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş torpaqları geriyə qaytarılmalıdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olunmalıdır, müharibə qurtarmalıdır, sülh yaranmalıdır. Azərbaycan Respublikasının vətəndaşları sülh və əmin-amanlıq şəraitində yaşayıb öz dövlətini özü istədiyi kimi qurmalıdır”.
Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru
Ümummilli lider Heydər Əliyevin ən böyük arzularından biri də Azərbaycanın milli-mənəvi dəyərlərini dünyada tanıtmaq idi
Ulu Öndər həmin illərdə müstəqillik yolunda titrək addımlarını atan Azərbaycanın siyasi, iqtisadi inkişafının hüquqi, demokratik dövlət quruculuğundan keçdiyini bilirdi və hakimiyyətdə olduğu müddətdə bu tezisinin gerçəkləşməsi üçün bütün səylərini səfərbər etmişdi: “Müstəqil Azərbaycanda demokratiya inkişaf etdirilməlidir. Siyasi plüralizmə geniş yol verilməlidir. Azərbaycan Respublikasında Konstitusiyanın pozulmasına, qanun pozulmasına yol verilməməlidir. Dövlət quruculuğu və cəmiyyətin formalaşması məhz demokratik prinsiplər əsasında olmalıdır. Siyasətdə və iqtisadiyyatda sərbəstlik, hürriyyət, insan azadlığı, insan haqlarının qorunması və sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı prinsipləri bərqərar olmalıdır. Yəni bizim respublikamız bir sənə bundan öncə başladığı yola davam etməlidir. Bu düzgün yoldur, doğru yoldur, bu yolla bizim respublika daha qətiyyətlə getməlidir. Əmin olmalısınız ki, mən bu yola həmişə sadiq olacağam”.
Qətiyyətli rəhbər Heydər Əliyev 1993-cü ilin yayında xalqımızı vətəndaş müharibəsinə sürükləyən məlum Gəncə qiyamı ilə bağlı hadisələrin araşdırılması və sonrakı dövrdə günahkarların cəzalandırılması üçün sona qədər prinsipiallıq nümayiş etdirdi: “İndi bizim respublikanın gərgin vəziyyətdə olmasının əsas səbəblərindən biri iyun ayının 4-də Gəncədə baş vermiş hadisələrdir. Hadisələr dəhşətlidir, qan tökülüb, cinayət edilib. Bunlar araşdırılmalıdır və bütün qanunu pozmuş adamlar, cinayətdə iştirak etmiş adamlar, cinayəti təşkil etmişlər hansı tərəfdən asılı olmasına baxmayaraq, qanun qarşısında məsuliyyət daşımalıdır. Bu məsələ ilə deputat-istintaq komissiyası məşğul olur. Biz isə gərək tezliklə yaranmış gərginliyi aradan qaldıraq. Ancaq demişəm, bir də deyirəm: heç vəchlə silah işlədilməsinin tərəfdarı ola bilmərəm. Bu gərginlik, qarşıdurma ancaq sülh yolu ilə, barışıq yolu ilə, qarşılıqlı anlaşma yolu ilə, danışıqlar yolu ilə həll olunmalıdır. Güman edirəm ki, bizim xalqımızın müdrikliyi, nüfuzlu adamların, Azərbaycanın ziyalılarının, Azərbaycanın ağcaqqallarının hamısının bir yerdə səyi və bizim hamımızın bir yerdə çalışmamız şübhəsiz ki, bunları təmin edə biləcək”.
Ümummilli lider Heydər Əliyevin ən böyük arzularından biri də Azərbaycanın milli-mənəvi dəyərlərini dünyada tanıtmaq idi. Hakimiyyətdə olduğu 1993- 2003-cü illərdə ömrünün vəfa etdiyi qədər də bu arzunun reallaşmasına çalışdı: “Biz çalışmalıyıq ki, Azərbaycan uzun illərdən, əsrlərdən sonra, ilk dəfə müstəqilliyini aldıqdan sonra bütün dünyaya öz tarixi nailiyyətlərini, öz milli ənənələrini nümayiş etdirə bilsin. Güman edirəm ki, Azərbaycan xalqının bu barədə həm tarixi, həm müasir potensialı olduqca böyükdür. Bunun üçün bizim həm elmimiz, həm mədəniyyətimiz, həm tarixi ənənələrimiz, həm dini mənbəyimiz olan İslam dini – hamısı birlikdə çox böyük əsas yaradır. Vəzifəmiz bundan ibarətdir ki, bunlardan səmərəli istifadə edək”.
Ulu Öndər tərəfindən istiqaməti müəyyənləşdirilən həmin yolu hazırda Azərbaycanın Prezidenti İlham Əliyev, respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva beynəlxalq səviyyəli uğurlara imza ataraq davam etdirirlər.
Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri
Ulu Öndər Azərbaycanda əsrlərdən bəri mövcud olan multikultural ənənələri siyasi müstəvidə inkişaf etdirdi.
Ümummilli Lider sözügedən çıxışında ölkəmizdə multikulturalizm və tolerantlıq ənənələrinin qorunub saxlanılmasının vacibliyini vurğulamışdı: “Təəssüf ki, gərginliyi yaradan səbəblərdən biri də Azərbaycanda uzun illər bir yerdə yaşayan millətlər, etnik qruplar arasındakı münasibətlərin bir qədər pozulmasıdır. Azərbaycan on illərlə, yüz illərlə bu torpaqda yaşayan bütün insanların Vətəni olub, bundan sonra da Vətəni olmalıdır. Azərbaycan Respublikasının ərazisində olan hər bir vətəndaş milliyyətindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, eyni hüquqa malik olmalıdır. Əgər biz bu məfhumları rəhbər tuta bilsək və bunu əməli surətdə həyata keçirə bilsək, biz Azərbaycan Respublikasında olan bütün xalqların, bütün millətlərin tam birləşməsini təmin edə bilərik. Bu bizim əsas vəzifələrimizdən biridir. Güman edirəm ki, biz buna nail olacağıq”.
Ulu Öndər Azərbaycanda əsrlərdən bəri mövcud olan multikultural ənənələri siyasi müstəvidə inkişaf etdirdi. Bu gün Azərbaycanın dünyada multikultural və tolerantlıq məkanı kimi tanınmasında Ulu Öndərin bu sahədə əsasını qoyduğu siyasətin çox böyük rolu var. Prezident İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm İli” elan olunması Ulu Öndərin bununla bağlı ideyalarının bu gün də qorunub yaşadılmasından xəbər verir.
Ümummilli Lider 1993-cü il iyunun 15-də etdiyi çıxışında bütün bu məsələrlə yanaşı, xarici siyasət kursunun düzgün müəyyənləşdirilməsinin vacibliyi barədə də fikirlərini bəyan etmişdi: “Azərbaycan Respublikası demokratik dövlət kimi bütün dövlətlərlə bərabərhüquqlu münasibətlər yaratmalıdır. Birinci növbədə, bizim yaxın qonşularımızla lazımi mədəni, iqtisadi, dövlət münasibətləri yaradılmalıdır. Bu baxımdan Türkiyə Cümhuriyyəti ilə olan əlaqələr, şübhəsiz ki, respublikanın əhalisi tərəfindən bəyənilir. Qonşu İran İslam Respublikası ilə bizim münasibətlərimiz yaxşılaşdırılmalıdır, inkişaf etdirilməlidir. Rusiya çox böyük dövlətdir, bizim şimalda olan qonşumuzdur. Şübhəsiz ki, Rusiya ilə Azərbaycan arasında müstəqil prinsiplər əsasında münasibətlər bundan sonra daha da yaxşı, daha da geniş, səmərəli olmalıdır. Bütün Avropa ölkələri ilə bizim əlaqələrimiz genişlənməlidir. Xüsusən İngiltərə, Fransa, Almaniya və başqa Avropa ölkələri ilə. Bütün müsəlman ölkələri ilə, ərəb ölkələri ilə, türkdilli ölkələrlə bizim əlaqələrimiz daha da sürətlə inkişaf etməlidir”.
Ulu Öndərin bu çıxışının bütün mahiyyəti özündə bütövlükdə azərbaycançılıq ideologiyasını ehtiva edir. Ümummili Lider Azərbaycanın qurtuluş və inkişaf yolunun xalqın vahid bir ideya ətrafında həmrəy olub yumruq kimi sıx birləşməkdən keçdiyini dəfələrlə vurğulamışdı və ömrünün qalan hissəsini bu milli birliyin təmin olunması üçün sərf etdi: “Bütün daxili iğtişaşlar, daxili didişmələr kənara qoyulmalıdır. Bütün xalq da bilməlidir ki, indi biz hamımız bir olmalıyıq. Azərbaycanın bu faciəli dövründə biz böyük fəlakət qarşısındayıq. Bu dövrdə bütün qüvvələr birləşməlidir, bütün siyasi partiyalar, bütün siyasi qurumlar, bütün siyasi və ya ictimai təşkilatlar, bütün insanlar hamısı birləşməlidir.
Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini
Müstəqil Azərbaycanın ordu quruculuğunda əsaslı dönüşün başlanğıcı
Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın istəyi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra onun müstəqil dövlət quruculuğu istiqamətində tarixi xidmətlərindən biri də Azərbaycan silahlı qüvvələrini ağır böhranlı vəziyyətdən çıxarması, ordunu siyasi oyunlardan kənarlaşdırması oldu. Ulu öndər zəngin dövlətçilik təcrübəsi, qətiyyətli və ardıcıl siyasəti ilə çox mürəkkəb şəraitdə ordu quruculuğuna yeni məzmun verdi və ölkədə müasir ordu formalaşdırılmasının əsasını qoydu.
Müstəqil dövlətimizin memarı və qurucusunun rəhbərliyi altında o zaman respublikanın hərbi təhlükəsizliyinin və suverenliyinin qarantı olacaq ordu yaradılmasının dövlət səviyyəsində, mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi üçün qısa müddətdə qəti və təxirəsalınmaz tədbirlər müəyyənləşdirildi. Prezident və Ali Baş Komandan Heydər Əliyevin müstəsna səyləri ilə xalqın və ölkənin bütün imkanları bu mühüm prosesə səfərbər edildi. Həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində ordu quruculuğu zərərli sapınmalardan xilas edildi. Bu proses dövlətçilik təcrübəsi və milli maraqlar əsasında aparıldı və bununla da ordu quruculuğunun keyfiyyətcə yeni bir mərhələsi başlandı. Həmin mərhələnin başlanğıcı isə dövlət başçısı Heydər Əliyevin radio və televiziya ilə Azərbaycan xalqına 2 noyabr 1993-cü il tarixli müraciəti ilə qoyuldu.
Bu taleyüklü müraciət ərəfəsində Azərbaycanda hərbi siyasi şərait son dərəcə kəskinləşmiş, Ermənistan silahlı qüvvələrinin ölkəmizin ərazilərində apardığı işğalçılıq hücumları xeyli genişlənmişdi. Belə bir şəraitdə xalqın böyük əksəriyyətinin etimadı və iradəsi ilə müstəqil dövlətimizin yeni və həqiqi Prezidenti seçilmiş ümummilli lider Heydər Əliyev Azərbaycan xalqına tarixi müraciət etdi və xalqı bu təcavüzə qarşı səfərbər olmağa çağırdı.
Ulu öndər Heydər Əliyev həmin müraciətində təcavüzkarın cilovlanması üçün uyğun xarici siyasət xəttinin seçildiyini və bu xəttin səmərəliliyinin artırılması üçün müvafiq tədbirlərin həyata keçiriləcəyini bəyan etdi. Bununla belə, Ali Baş Komandan öz çağırışında konkret tarixi şəraitdə ölkənin müdafiə qüvvələrinin təşkilatlanmalı olduğunu xüsusi qabartdı və bu sahədə bütün cəmiyyət qarşısında dayanan vəzifələrdən söz açdı.
Doğrudan da, yalnız güclü müdafiə qüvvələri təcavüzkar niyyətlərdən əl çəkməyən düşmənə layiqli müqavimət göstərməklə onu geri çəkilməyə məcbur edər və baş verə biləcək yeni təcavüzlərin qarşısını ala bilərdi. Ölkə Prezidenti xalqa müraciətində Azərbaycanın müstəqilliyinin etibarlı şəkildə qorunmasını da təcili olaraq belə qüvvələrin formalaşdırılması ilə bağlayırdı. O bildirirdi ki, ölkənin xarici siyasətinin hansı səviyyədə qurulmasından asılı olmayaraq Azərbaycan xalqı güclü silahlı qüvvələrin təşkilinə nail olmalı və respublikanın ərazi bütövlüyünə etibarlı təminat yaratmalıdır.
Tarixi müraciətində Prezident Heydər Əliyev təəssüflə qeyd edirdi ki, aparılan naşı və məsuliyyətsiz siyasət nəticəsində Azərbaycanın müdafiə qüvvələri hələ də formalaşmamışdır və ölkənin keçirdiyi ağır hərbi böhranın əsas səbəblərindən biri də güclü ordunun olmamasıdır. Böyük siyasətçi və təcrübəli dövlət xadimi Heydər Əliyev öz müraciətində müxtəsər şəkildə Azərbaycanda ordunun təşkil edilməməsinin səbəblərini açıqladı, ölkənin müdafiə qüvvələrinin böhranlı vəziyyətdən çıxarılmasının yollarını göstərirdi.
Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal
Ulu Öndər Heydər Əliyev:Vətən hamınındır, hamı da eyni əzmkarlıqla onu qorumalı, yolunda canından keçməyə hazır olmalıdır
Ulu Öndər Heydər Əliyev Azərbaycan ordusunun böhranlı vəziyyətə düşməsini konkret faktlarla açıb göstərir, belə bir vəziyyətin milli və dövlət maraqlarına cavab vermədiyini vurğulayırdı.
Respublika rəhbərinin xalq qarşısında çıxışında əksini tapmış geniş təhlil göstərirdi ki, mlli müdafiə qüvvələrinin kifayət qədər zəifləməsinin səbəblərindən biri də o zamankı Müdafiə Nazirliyinin fəaliyyətində, ordu hissələrinin təşkilində, hərbi əməliyyatların aparılmasında sistemliliyin olmaması idi.
Azərbaycanda mürəkkəb hərbi-siyasi şəraitin yaranmasının səbəblərindən danışan Heydər Əliyev cəmiyyətdəki qeyri-sabitliyə də toxunur, bu vəziyyəti geniş təhlil edir və naşı, xəyanətkar qüvvələrin ölkənin müdafiə qüvvələrinin parçalanmasına göstərdiyi mənfi təsiri ictimaiyyətin diqqətinə çatdırırdı. Ulu öndər müraciətində bütün xalqı, dünyabaxışından asılı olmayaraq bütün siyasi qüvvələri yaranmış olan vəziyyəti reallıqla qiymətləndirməyə, əl-ələ verərək Azərbaycanı ağır vəziyyətdən çıxarmağa çağırırdı.
Dövlət rəhbəri hələ heç də hər şeyin itirilməsi fikri ilə razılaşmırdı və yaranmış vəziyyətdən çıxmaq üçün Azərbaycan xalqının qüdrəti və imkanları olduğunu inamla vurğulayırdı: “Bu vəziyyətdən çıxmaq üçün Azərbaycan xalqının qüdrəti və imkanları var. Lakin bundan ötrü gərək xalq bir məqsədə xidmət etsin. Torpağımızı, Azərbaycanın ərazi bütövlüyünü qorumaq, onun suverenliyini, müstəqilliyini qorumaq hər bir vətəndaş üçün, hər bir azərbaycanlı üçün ən ümdə, ən ülvi, ən başlıca vəzifə olmalıdır. Qalan hisslər, duyğular, qalan cəhdlər hamısı bir kənara qoyulmalıdır”.
Ulu öndər Heydər Əliyev yaranmış vəziyyətin tezliklə aradan qaldırılması üçün ilk növbədə xalqa müraciət edirdi, xalqı səfərbər olmağa çağırırdı. Respublika rəhbəri qeyd edirdi ki, Azərbaycanın gələcək taleyi, onun mövcud olub-olmayacağı xalqın öz əlindədir və düşmən tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarını da azərbaycanlılardan başqa, kimsə azad etməyəcəkdir: “Hər bir vətəndaş, hər bir azərbaycanlı hiss etməlidir ki, indi vətəni qorumaq üçün hərə öz payını verməlidir, hərə öz yerini tapmalıdır. İndi hər kəs müsəlləh əsgər olmalıdır. Bundan artıq vəzifə yoxdur”.
Prezident xalqa müraciətində bütün ictimaiyyəti, ilk növbədə isə işğal olunmuş rayonların əhalisini bu ruhda kökləməyə, praktiki fəaliyyət göstərməyə çağıırırdı. Onun fikrincə, Laçının, Şuşanın, Kəlbəcərin, Ağdamın, Füzulinin, Cəbrayılın, Qubadlının, Zəngilanın hörmətli və nüfuzlu şəxsləri öz qüvvələrini toplayaraq yerli gənclərin orduya səfərbər olunmasında dövlət orqanları ilə daha yaxından əməkdaşlıq etməli, səfərbərlik işində buraxılmış nöqsanları aradan qaldırmaqda, müdafiə qüvvələrini möhkəmləndirməkdə kömək etməli idilər.
Ölkənin bu gününün və sabahının ümidi kimi qiymətləndirdiyi gənclərin ayrı-ayrı hissələrinin Vətənin çətin günündə müftəxor həyat tərzi seçmələrini Heydər Əliyev xalqın milli tarixi köklərindən, adət və ənənələrindən uzaq düşməsi kimi xarakterizə edir və haqlı olaraq onlara bildirirdi ki, bu torpaq, Vətən hamınındır, hamı da eyni əzmkarlıqla onu qorumalı, yolunda canından keçməyə hazır olmalıdır.
Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı
İstiqlala və firavan istiqbala gedən yol
Ümummilli liderimiz hələ birinci dəfə ölkəmizə rəhbərlik etdiyi ilk günlərdən Azərbaycanı hərtərəfli və sürətli inkişaf etdirməklə müstəqil güclü dövlətə çevirməyi qarşısına məqsəd qoydu. “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” – deyən Heydər Əliyev dərindən dərk edirdi ki, millətin siyasi müstəqilliyinin özülünü onun iqtisadi cəhətdən azadlığı şərtləndirir. Buna görə də, SSRİ-nin əyalətlərindən biri kimi yanaşıldığından 60-cı illərin sonlarına doğru həyatın bütün sahələrində, o cümlədən iqtisadi sahədə geriləyən, mənfi meyillərin güclənərək getdikcə daha dərin kök saldığı Azərbaycanda hakimiyyətə gələn dahi öndərin ilk işlərindən biri, respublikada iqtisadi potensialın dağılmasının, ictimai-siyasi həyatda yaranmış tənəzzülün qarşısını almaqdan ibarət oldu. Heydər Əliyevin gərgin əməyinin, yorulmaz fəaliyyətinin və yüksək idarəçilik qabiliyyətinin sayəsində o illər ictimai və iqtisadi sahədəki köklü islahatlar, baş verən dəyişikliklər miqyasına və xalqın rifahının keyfiyyətcə yeni mərhələyə keçməsinə görə Azərbaycanın quruculuq salnaməsində ən parlaq dövrü təşkil etmişdir. Heydər Əliyevin müstəqil dövlətçilik strateji proqramının özünəməxsusluğu onunla səciyyələnirdi ki, burada nəzərdə tutulan tədbirlərin icrası bir sahənin deyil, bütün sahələrin çoxşaxəli inkişafını və milliləşdirilməsini təmin edirdi.
Heydər Əliyevin milli müstəqil dövlət quruculuğuna gedən yolda gördüyü böyük işlər, SSRİ-nin daxili və xarici siyasəti çərçivəsində olsa da, Azərbaycanın xarici aləmlə iqtisadi, mədəni, elmi və sair sahədə əlaqələrinin genişləndirilməsinə xidmət edirdi. Bu məqsədlə Bakıda ittifaq və beynəlxalq əhəmiyyətli tədbirlər təşkil olunur, eləcə də SSRİ respublikaları və digər xarici ölkələrdə Azərbaycan elmi, mədəniyyəti və incəsənəti günləri keçirilirdi ki, bütün bunlar xarici ölkələrlə, orada yaşayan insanlarla əlaqələrin qurulmasına, azərbaycanlıların xalq olaraq özünəməxsus tarixi, mədəni ənənələrinin hər yerdə tanınmasına, Bakının isə həmin dövrdə dünya miqyasında tanınan mədəniyyət və elm mərkəzinə çevrilməsinə, nəticədə isə Azərbaycan iqtisadiyyatının möhkəmlənməsinə hesablanmışdı.
Ulu öndərin dərindən düşünülmüş məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın aqrar-sənaye kompleksi də bir necə dəfə genişləndirildi və ölkənin nəinki ərzaq müstəqilliyi təmin olundu, üstəlik, daxili məhsulun yarısından da artıq çəkisi olan bir sahəyə çevrildi. Azərbaycanın rayonlarında yüzlərlə zavod və fabrik tikildi. Kəndlərdə əhalinin əksəriyyəti dövlətdən əməkhaqqı almağa başladı. İqtisadi yüksəliş sözsüz ki, bütün sahələrin inkişafına ciddi təkan verdi.
Azərbaycan inkişaf edib yüksəldikcə, onun rəhbərinin də nüfuzu artırdı. Heydər Əliyevin “Sosialist Əməyi Qəhrəmanı” fəxri adını alması, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu üzvlüyünə namizəd seçilməsi xalqımızı nə qədər qürurlandırırdısa, tarixi düşmənlərimiz olan erməniləri bir o qədər məyus edirdi. Bununla belə, onlar ilk vaxtlar bunu büruzə vermir, təfəkkür tərzlərinə xas olan yaltaqlıqla vəziyyətdən çıxmağa çalışırdılar. 1982-ci ildə böyük öndərimizin İttifaq rəhbərliyinin ən yüksək pillələrindən birinə – Sovet İttifaqı Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə irəli çəkilməsi isə ermənilər üçün qorxulu yuxuya çevrildi. Heydər Əliyevin Mərkəzi Komitənin Siyasi Bürosuna üzv seçilməsi və ikinci dəfə “Sosialist Əməyi Qəhrəmanı” fəxri adına layiq görülməsi onlara daha bir ağır zərbə oldu. Ümummilli liderimiz yeni vəzifənin də öhdəsindən layiqincə gəlirdi. Heydər Əliyevin şöhrəti artdıqca, ölkə rəhbərliyinin yüksək eşalonunda əyləşənlərin də ona qarşı qısqanclıq hissləri güclənirdi.
Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc
Böyük qayıdış hərtərəfli uğurları şərtləndirdi
Sirr deyil ki, Siyasi Bürodan uzaqlaşmağa qərar vermiş Heydər Əliyevin 20 Yanvar faciəsi baş verənədək fəal siyasətlə məşğul olmaq niyyəti yox idi. Ancaq ulu öndər bu hadisəyə biganə qala bilməzdi və qalmadı da. Onun 1990-cı ilin sərt qış günlərində Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək respublikada 20 Yanvar faciəsini törətmiş Sovet İttifaqı rəhbərliyini kəskin şəkildə ittiham edən qətiyyətli bəyanatla çıxış etməklə, Azərbaycan xalqının yanında olduğunu bildirməsi, yeni tarixi epoxanın başlanğıcında Heydər Əliyevin müstəqillik uğrundakı mübarizəsinin başlanğıcı kimi böyük əhəmiyyət kəsb edirdi.
Təbii olaraq bundan sonra ona qarşı təzyiqlər və təxribatlar kampaniyası geniş vüsət aldı. Həmin kampaniya daxilində hətta onu həbs etmək də istəmişlər. Buna baxmayaraq o, heç nədən və heç kimdən çəkinməyərək Azərbaycana üz tutsa da, ona Bakıda yaşamağa imkan vermədikləri üçün doğulub boya-başa çatdığı Naxçıvana qayıtdı. Naxçıvanda xalq onu, o, isə xalqı müdafiə etdi. Qeyd olunmalıdır ki, həmin vaxt ermənilərin məkrli niyyəti Naxçıvana da yönəlmişdi, onların planlarında buranın işğalı da nəzərdə tutulmuşdu. Ulu öndər buna imkan verməyərək erməniləri yerində oturtmaqla, Naxçıvanı qorudu və bununla da müstəqilliyin əldə edilməsi üçün həlledici addımlar atdı. Məhz onun təşəbbüsü ilə ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı elan edildi və Azərbaycanın Ali Məclisinə bu bayrağın dövlət bayrağı kimi qəbul edilməsi barədə vəsatət göndərildi. Bununla yanaşı, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adı dəyişdirilərək “Sovet Sosialist” sözlərinin çıxarılması da müstəqilliyə doğru gedən yolda atılan çox ciddi addımlardan biri idi. Göründüyü kimi, Azərbaycanın dövlət müstəqilliyinə gedən yol dahi öndərin təşəbbüsü, uzaqgörən təfəkkürü, gərgin əməyi, dərin düşüncəsi, iti zəkası, cəsarəti və qətiyyəti hesabına Naxçıvandan başlamışdır.
Hadisələrin məntiqi davamı olaraq, 1992-ci ilin noyabrında siyasi platforması Azərbaycanın parlaq gələcəyindən xəbər verən Yeni Azərbaycan Partiyası yaradıldı. Yeni Azərbaycan Partiyası öz düzgün fəaliyyəti, həmçinin bilavasitə xalqa və milli maraqlara xidməti sayəsində qısa zaman kəsiyində, 1993-cü ildə iqtidar partiyasına çevrildi. Azərbaycan xalqı növbəti dəfə müdrikliyini göstərib öz dahi rəhbərinə üz tutaraq onun hakimiyyətə gəlməsini təkidlə xahiş etməklə Yeni Azərbaycan Partiyasının iqtidar partiyasına çevrilməsini reallaşdırdı. Azərbaycanını və xalqını canından çox sevən ulu öndərin bu anda başqa seçimi yox idi. Heydər Əliyev Bakıya gəldi və həmin anda həll edilməli olan ən ümdə məsələni – vətəndaş müharibəsinin dayandırılmasını həll etdi. Bundan sonra, Azərbaycanda sabitlik yarandı və bu böyük islahatların başlanmasına rəvac verdi.
Hər kəsə məlumdur ki, o illərdə Azərbaycan vətəndaş müharibəsindən təzəcə qurtulmuş, atəşkəs rejimini yenicə əldə etmiş ölkə olduğundan, həmin vaxtlarda Azərbaycana sərmayə gətirmək, investorları sərmayə qoymaq üçün həvəsləndirmək, onları inandırmaq həddindən artıq çətin, demək olar ki, mümkünsüz bir məsələ idi. Ancaq bütün bunlara baxmayaraq, ulu öndər 1994-cü ilin sentyabr ayında Azərbaycanın müstəqillik tarixində mühüm əhəmiyyəti olan “Əsrin müqaviləsi” kimi bir müqavilənin bağlanılmasına nail oldu. O da məlumdur ki, Azərbaycan neftinin dünya bazarlarına çıxmasında gərgin əməyi olan ulu öndər Heydər Əliyev Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməlini öz əlləri ilə qoymuşdur. Bundan sonra, bu gün Azərbaycanı dünyada böyük qaz potensialına malik olan bir dövlət kimi tanıdan “Şahdəniz” layihəsi reallaşdı.
Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru
Ümummilli liderin ideyaları yeni müstəvidə uğurla reallaşdırılır
Ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilmiş iqtisadi islahatların sayəsində sürətlə qüdrətlənən Azərbaycanda paralel olaraq digər sahələrdə, o cümlədən hüquq sahəsində əsaslı islahatların aparılmasına zəmin yarandı. 1993-cü ilin ikinci yarısından başlayaraq Azərbaycanda cinayətkarlığa qarşı mübarizə gücləndirilərək qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Bu barədə danışılarkən ulu öndərin 9 avqust 1994-cü il tarixdə imzaladığı “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” Fərmanının əvəzsiz rolu xüsusi vurğulanmalıdır. Bu sahədə aparılan islahatlar, o cümlədən sözügedən fərman əsasında hüquq-mühafizə orqanlarının fəaliyyəti cinayətkar təzahürlərə, xüsusən də, mütəşəkkil cinayətkarlığa, korrupsiyaya və terrorizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı səfərbər edildi. Bütün bunlar Azərbaycanda ardıcıl və sistemli surətdə hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinə başlamaq imkanını verdi. Məhz ulu öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradıldı. 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi yolu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. Bu ali hüquqi akt ölkəmizin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə bərabər, demokratik-hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun təməlini qoydu. Azərbaycan Prezidenti yanında Əfv Komissiyasının yaradılması və əfvetmə institutunun bərpası isə aparılan humanist siyasətin bariz nümunəsi idi. Xüsusi vurğulanmalıdır ki, 1995-2003-cü illərdə ümummilli lider Heydər Əliyevin imzaladığı 32 əfv fərmanı ilə üç mindən artıq məhkum azadlığa buraxılmış, həmçinin onun təşəbbüsü ilə Milli Məclisin bu dövrdə qəbul etdiyi yeddi “Amnistiya haqqında” qərarı 60 mindən artıq şəxsə şamil edilmişdir.
Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc
Vətən və xalq qarşısındakı xidmətlərin müstəsna əhəmiyyəti
Haqq dünyasına köçdükdən sonra hafizələrdə qalmaq və xalqın qəlbində əbədi yaşamaq heç də hər kəsə nəsib olmur. Xalq yalnız sevdiyi insanları yadda saxlayır və onu daim qəlbində yaşadır. Bu sevgini isə yalnız Heydər Əliyev kimi millətini və dövlətini sevən vətənpərvər insanlar öz müstəsna xidmətləri ilə qazanır. Hər kəsə məlumdur ki, nəhəng tarixi şəxsiyyət Heydər Əliyev xalqı və vətəni qarşısında misilsiz xidmətləri ilə hələ sağlığında ikən “dünyanın ən böyük azərbaycanlısı” adını qazanmış və bu adı tarixin yaddaşında əbədi həkk etdirmişdir. Buna görə də, ulu öndər Heydər Əliyevin doğum günü hər il respublikamızda, eləcə də onun hüdudlarından çox-çox uzaqlarda böyük təntənə ilə qeyd olunur, əbədiyaşar liderimizin parlaq xatirəsi dərin ehtiramla yad edilir və əminik ki, bu ənənə hər zaman davam etdiriləcəkdir.
Gənc yaşlarından dövlət təhlükəsizliyi orqanlarında qulluq keçən Heydər Əliyevin zəngin elmi, geniş dünyagörüşü, yüksək mənəvi-əxlaqi keyfiyyətləri, peşə biliklərini mükəmməl qavraması, nümunəvi xidməti, prinsipiallığı və mahir idarəçilik qabiliyyəti onun uğurlarının davamlılığını şərtləndirir və müxtəlif mükafatlarla təltif olunan, eləcə də ardıcıl olaraq vəzifədə irəli çəkilən ulu öndər 1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə qədər yüksəlir, elə həmin ildə də ona general-mayor ali hərbi rütbəsi verilir. Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə uzun onilliklərdən sonra ilk dəfə olaraq azərbaycanlının təyin edilməsi, Azərbaycanın, o cümlədən bu orqanın tarixində yeni bir mərhələnin başlanğıcı idi. Heydər Əliyevin bu vəzifəyə gəlişi hər şeydən əvvəl Azərbaycan SSR DTK-nın uğuru idi, çünki artıq bu orqana səriştəli, təcrübəli və peşəkar, təhlükəsizlik sisteminin daxili iş mexanizmini, əməliyyat heyətinin qarşısında duran vəzifələri dərindən bilən, ən başlıcası isə xalqının milli maraqlarının təminatçısı olan azərbaycanlı rəhbərlik edəcəkdi.
14 iyul 1969-cu il tarixdə Azərbaycanda siyasi hakimiyyətə gələn dahi şəxsiyyət Heydər Əliyev ilk gündən hər cür ideoloji-siyasi və digər maneələrə sinə gərərək Azərbaycan xalqının milli özünüdərki üçün bütün mümkün tədbirləri həyata keçirməyə başlamış, ictimai şüurdakı qorxunu, tərəddüdü aradan qaldırmağa, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi yüksəlişlərə ruhlandırmağa müvəffəq olmuş və azərbaycançılıq məfkurəsinin rejimin ideoloji repressiya maşınında boğulmasının qarşısını qətiyyətlə almışdır. Bu sahədə kütləvi informasiya vasitələrinin əhəmiyyətini nəzərə alan müdrik lider Heydər Əliyev Azərbaycan KP MK-nın 20 mart 1970-ci il tarixli plenumundakı çıxışında onların fəaliyyətindən narazılığını ifadə edərək demişdir: “…Bəzən mətbuat, televiziya və radio işçiləri mədəniyyətin və məişətin inkişafına, xalqın mənəvi həyatına aid mühüm məsələləri lazımi səviyyədə işıqlandırmağı bacarmırlar…”. Bu kəsərli çıxışdan sonra mətbuatda, televiziya və radioda xalqın milli-mənəvi dəyərlərini, adət-ənənələrini, tarixini, ədəbiyyatını, mədəniyyətini, incəsənətini, folklorunu təbliğ edən materiallar əhəmiyyətli dərəcədə çoxalmış, milli irsi təcəssüm edən verilişlər ərsəyə gətirilmiş, ana dilinin təbliği istiqamətində konkret addımlar atılmışdır.
Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc
Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir
Ulu öndər Heydər Əliyev dövlət müstəqilliyinin ən gərgin və mürəkkəb illərində taleyin hökmü ilə xalqın müdrikliyinə arxalandı, təhlükənin genişlənməsinə imkan vermədi, möhkəm iradəsi və düzgün qərarları ilə Azərbaycan xalqını bəlalardan, dövlətimizi parçalanmaq, müstəqilliyimizi itirmək təhlükəsindən xilas etdi. Heydər Əliyevin qətiyyəti sayəsində Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin, eləcə də ölkədə cinayətkarlığın qarşısı alındı, qanunsuz silahlı dəstələr ləğv olundu, mütəşəkkil ordu yaradıldı, dövlət müstəqilliyi qorunub saxlanıldı.
Ölkə daxilində ictimai-siyasi şərait bərpa olunduqca müstəqil respublikanın dövlət təsisatları yaradılmağa, qurulmağa başladı. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə ilk milli Konstitusiyamızın qəbulu ölkədə genişmiqyaslı hüquqi islahatların həyata keçirilməsinə böyük imkanlar verdi. Məhz buna görə də ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət aldı ki, bunun da əsasını müstəqil Azərbaycanın qəbul etdiyi ilk Konstitusiya təşkil edirdi.
Kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə məhz ulu öndər Heydər Əliyev xalqımızı və tariximizi, Azərbaycan dövlətçiliyini xilas etdi, qoruyub saxladı, Azərbaycanın varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtardı. Dövlətimizin qorunub saxlanılması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir, qurtuluş deməkdir!
Bəli, Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Ümummilli liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı, sabitlik və əmin-amanlıq yaratdı. Heydər Əliyevin Azərbaycana rəhbərliyə qayıtdıqdan sonrakı dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edildi, onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas olundu, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazandı. Dahi şəxsiyyət Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlamına bir daha sadiq qaldığını sübut etdi ki, həqiqətən Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır və dönməzdir.
Məhz ulu öndər Heydər Əliyevin qətiyyətli xarici və daxili siyasəti nəticəsində Azərbaycan artıq dünya miqyasında tanınıb, beynəlxalq təşkilatlarda öz layiqli yerini tutub, öz sözünü cəsarətlə demək qüdrətindədir. Əsası görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil xarici siyasət xətti düşünülmüş prinsiplər əsasında hazırda da uğurla davam etdirilir. Ümummilli liderimizin məyyənləşdirdiyi düzgün siyasi xətt respublikada qısa vaxtda ordu quruculuğunu möhkəmləndirmiş, güclü, mütəşəkkil ordunun yaradılmasına gətirib çıxarmışdır. Torpaqlarımızın bir hissəsinin düşmən tapdağı altında olduğu belə çətin durumda ordu quruculuğuna böyük diqqət yetirilməsi daxili siyasətin daha bir uğuru deməkdir. Ulu öndər Heydər Əliyevin Azərbaycan üçün, xalqımız üçün gördüyü işləri sadalamaqla bitib tükənən deyil. Çünki, Azərbaycanın hər daşında, torpağında, quruculuq işlərində ulu öndərin izləri var, onun fəaliyyətinin uğurlu bəhrələrini hər yerdə görmək mümkündür. Bu gün onun möhtəşəm işləri, əməlləri, misilsiz xidmətləri xalqımıza bəllidir və gözümüz önündədir.
Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc