22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Ulu Öndər Heydər Əliyevin cəsarətli mövqeyi

Ulu Öndər Heydər Əliyevin cəsarətli mövqeyi

Ulu Öndər Heydər Əliyevin cəsarətli mövqeyi.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi ilk dövrlərdən dilimizin qayğısına qalmağa başlamış, dil məsələsini qabardanların Sibirə sürgün olunduğu bir vaxtda ana dilimizin bizim üçün həddindən artıq əziz olduğunu vurğulamış, onun uğrunda mübarizə aparmış, 1978-ci ildə qəbul olunan Azərbaycan SSR-nin növbəti Konstitusiyasında Azərbaycan dilinin rəsmi dövlət dili statusu almasına nail olmuş, dilimizin təbiiliyini qoruyub gələcək nəslə çatdırmaq üçün əlindən gələni etmişdir. 1993-cü ildə xalqın təkidli tələbi və xahişi ilə yenidən hakimiyyətə gələn Heydər Əliyev ana dilimizin- Azərbaycan dilinin adını özünə qaytarmış, 1995-ci ildə referendum yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Bundan sonra da dilimizin qorunması və inkişafı ilə bağlı qanunlar qəbul edilmiş, dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında fərman imzalanmış, hətta Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır. Müstəqilliyimizin ilk ilində latın qrafikalı Azərbaycan əlifbasına keçid etsək də, bu qərar kağız üzərində qalmışdır. Ulu Öndərin müvafiq fərmanından sonra ölkədə bütün yazılı sənədləşmə işləri latın qrafikası ilə aparılmağa başlandı. Məhz Ümummilli lider Heydər Əliyevin 2001-ci ilin avqust ayının 9-da imzaladığı sərəncama əsasən 1 avqust respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur.

2003-cü ildən Azərbaycana rəhbərlik edən, Ulu Öndərin siyasi və mədəni irsinin davamçısı cənab prezident İlham Əliyevin hakimiyyəti illərində də Azərbaycan dilinin qorunmasına xüsusi həssaslıqla yanaşılmış, bir sıra sərəncamlar, dövlət proqramları həyata keçirilmişdir. “Dilimizin hüdudsuz imkanlarından yetərincə və düzgün istifadə edilməməsi halları hələ də kifayət qədər geniş yayılmışdır. Televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi, az qala, adi hala çevrilmişdir. Bu sahədə hüquqi tənzimləmənin və daimi nəzarətin olmaması dil pozuntularının azaldılması və aradan qaldırılması istiqamətində təsirli tədbirlər görməyə imkan vermir”- deyə vurğulayan ölkə başçısı 2018-ci il noyabr ayının 1-də “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” dilimizin inkişafına xidmət edən növbəti fərmanını imzalamışdır. Bəli, doğrudan da ana dilimizi qorumaq hər birimizin vəzifəsidir. Çünki ana dilimiz dövlət rəmzlərimiz olan himn, bayraq, gerb kimi müqəddəsdir.

 Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı- Əvəz Soltanov

 

 

70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi.

Zəngin ifadə imkanlarına malik olan Azərbaycan dilinin qədim tarixi vardır. Tarixin müxtəlif dövrlərində ana dilimiz bir çox təsirlərə məruz qalsa da xalqımız bu dili qoruyub yaşatmış və yetişən növbəti nəsillərə ötürmüşdür. Milli dilimiz üçün çətin dövlərdən biri ölkəmizin Sovetlər birliyinin tərkibində olduğu illər, xüsusilə də 1970-ci illərin ortaları olmuşdur. Lakin Azərbaycanın dahi oğlu Heydər Əliyevin cəsarəti və şəxsi təşəbbüsü nəticəsində Azərbaycan dili zamanın bu sınağından da uğurla çıxa bilmişdir. Belə ki, 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında ulu öndər Heydər Əliyevin  təşəbbüsü ilə “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”, maddəsi  öz əksini tapmışdır. Sovetlər dövründə Azərbaycan dilinin mənfi təsirlərə məruz qalmasının qarşısını almaq üçün dahi şəxsiyyət hər zaman öz gücünü səfərbər etmiş, xalqımızın milli sərvətini qoruyub saxlaya bilmişdir.

Xalqımız müstəqillik əldə etdikdən sonra ana dilimiz bütün təsirlərdən azad olmuş və ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətləri sayəsində Azərbaycan dili özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Hər millətin özünə məxsus ana dili var ki, bu onun milli sərvətidir. Ana dili millətin mənəvi diriliyidir. Hər kəs öz anasını və vətənini sevdiyi kimi, ana dilini də sevir. Ulu öndərimiz Heydər Əliyev öz ana dilini bilməyənləri “şikəst” adlandırırdı. Dahi şəxsiyyət Heydər Əliyev ana dilimiz haqqında demişdir: “Bizim çox gözəl, zəngin, cazibədar dilimiz var. Bəlkə də biz bu dildə danışdığımıza görə öz dilimizin zənginliyini və gözəlliyini hələ tam dərk edə bilməmişik. Ancaq bilin ki, bu, həqiqətdir. Ona görə də bunu heç bir şeyə dəyişmək olmaz. Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini-Azərbaycan dilini, dövlət dilini mükəmməl bilməlidir. Gənclərə tövsiyyə edirəm ki, əgər kiminsə bu barədə çatışmazlığı varsa, çalışın, bunu aradan qaldırın. Xarici ölkələrdə təhsil alarkən, həmin ölkənin dilini öyrənərkən öz dilinizi heç vaxt unutmayın və öz ana dilinizi heç bir başqa dilə dəyişməyin. Xalqın, millətin, insanın öz ana dilindən əziz heç bir şeyi ola bilməz.”
Ulu öndər Heydər Əliyevin ana dilimz haqqında söyləmiş olduğu bu müqəddəs sözlərə diqqət yetirdikdə bir daha Azərbaycan dilinin nə qədər səlis, geniş və zəngin ifadə imkanlarına malik olduğunu görmək olur. Eyni zamanda ümummilli liderimiz bu nitqi ilə hər bir vətəndaşın, xüsusilə də gənclərin qarşısında müqəddəs bir vəzifə qoymuşdur. Bu müqəddəs vəzifə ana dilimiz olan Azərbaycan dilinin mükəmməl öyrənilməsi və onun qorunub saxlanmasıdır.

Bu işdə ulu öndər Heydər Əliyev misilsiz xidmətlər göstərmiş, həmçinin hər bir azərbaycanlıya böyük örnək olmuşdur. Belə ki, bütün xarici ölkələrə səfərləri zamanı  öz çıxışlarını dövlət dilimiz olan Azərbaycan dilində etməsi ana dilimizin təbliğatı sayəsində görlmüş böyük işlərdir. Azərbaycan dilinin inkişafı naminə görülmüş işlər bununla yekunlaşmır. Ümummilli lider Heydər Əliyev bu sahədə bir çox fərman və sərəncamlar imzalamışdır. 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, 2001-ci il avqust ayının 9-da “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərmanlar verildi. Məhz  2001-ci il avqustun 9-da imzalanan Fərmana əsasən avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur.

Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı- Ehtiram Osmanov

 

 

Ulu Öndər Heydər Əliyevin 2001-ci il 18 iyun tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanı

Ulu öndər Heydər Əliyevin 2001-ci il iyunun 18-də imzalamış olduğu “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanı özündə bir çox məqsədləri cəmləşdirirdi. Azərbaycanın dövlət müstəqilliyinin başlıca rəmzlərindən sayılan Azərbaycan dilinin tətbiq və inkişaf etdirilməsinə dövlət qayğısının artırılması, ana dilimizin öyrənilməsi, elmi tədqiqinin fəallaşdırılması, dilimizin cəmiyyətdə tətbiq dairəsinin genişləndirilməsi və bu işə nəzarətin gücləndirilməsi kimi məsələlər gündəmdə olmuşdur. Bu Fərmana əsasən Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət Dil Komissiyası yaradılmış və Azərbaycan Respublikasında dövlət dili haqqında qanun layihəsini hazırlanıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilmişdir. Həmçinin Azərbaycan Respublikasının nazirlik, idarə, təşkilat və müəssisə rəhbərləri öz tabeliklərində olan qurumlarda dövlət dilinin və latın qrafikasının tətbiqi işinin yaxşılaşdırılması ilə bağlı uzunmüddətli kompleks planlar hazırlayıb həyata keçirmişlər. Bu Fərmanın tələbindən irəli gələrək Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası bir sıra tədbirlər planları həyata keçirmiş, ölkədə yayımlanan telekanallarda nümayiş etdirilmək üçün alınmış xarici kino və televiziya məmulatlarının Azərbaycan dilinə dubliyajı məsələləri öz həllini tapmışdır. Eyni zamanda ölkədə Azərbaycan dilində çap olunan qəzet, jurnal, bülleten, kitab və digər çap məhsullarının istehsalının 2001-ci il avqustun 1-ə qədər bütövlükdə latın qrafikasına keçməsini təmin etmişdir.  2002-ci il sentyabr ayının 30-da  3 fəsil 20 maddədən ibarət “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. 2003-cü ilin yanvarın 2-də isə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Fərman imzalandı.

Ulu öndərimizin siyasi kursunu uğurla davam etdirən cənab prezidentimiz İlham Əliyev də Azərbaycan dilinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirməkdədir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dövlət dilin yad təsirlərdən qorunub saxlanması və inkişafını təmin etmək məqsədilə müxtəlif fərman və sərəncamlar imzalamışdır.

 Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı- Bahar Qurbanova

 

 

 Ulu Öndər Heydər Əliyevin cəsarətli mövqeyi.

Bütün süni məhdudiyyətlərə rəğmən Ulu Öndər Heydər Əliyev ana dili məsələsində öz mövqeyini hər zaman çox qətiyyətlə qorumağa müvəffəq olmuşdur.Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. 70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinə dövlət dili statusunun verilməsində əvəzsiz rolu olmuşdur.1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.”Ulu Öndər Heydər Əliyevin 2001-ci il 18 iyun tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanı Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. Sözügedən Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır. Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin səyləri xalqımız üçün əvəzedilməz töhfələrdir.Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.Bütün maneələrə və çətinliklərə baxmayaraq ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Bu gün dünyada 50 milyondan çox insan üçün  Azərbaycan dili ana dilidir. Azərbaycan dilinin müxtəlif tərcümə, izahlı, terminoliji, etimolji lüğətlərinin hazırlanıb çap olunmasında müşahidə olunan nizamsızlığın aradan qaldırılması, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan azərbaycanlıların folklorunun, dialekt və ləhcələrinin öyrənilməsi kimi məsələlər də gündəmə gətirilməlidir. Azərbaycan dili və mədəniyyəti milli və bəşəri dəyərləri də ehtiva edir. Azərbaycan dilinin qorunması hər kəsin borcudur. Zənginliyi nöqteyi-nəzərindən Azərbaycan dilinin dünya dilləri arasında xüsusi yeri vardır.

 Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı- Əvəz Soltanov

 

 

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinə dövlət dili statusunun verilməsində əvəzsiz rolu.

Hər bir xalqın milli-mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Dil hər bir xalqın varlığının ən əsas, bəlkə də yeganə təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dilimiz xalqın keçdiyi bütün tarixi mərhələdə onunla birgə olmuş, onun taleyini yaşamışdır. Əsrlər, qərinələrdir ki, xalqımızın əbədiyaşarlığına xidmət edən ana dilimiz qədim tarixə malik olan, min illərin müxtəlif burulğanlarından alnıaçıq, üzüağ çıxaraq müasir dövrə gəlib çatmış ən böyük mənəvi sərvətimizdir. Ana dilimiz dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir.Bu bir faktdır ki, Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi, qorunması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.Sovet hakimiyyəti dövründə, xüsusən də 20-ci, 30-cu, 40-cı, 50-ci, hətta 60-cı illərdə əhalisinin əksəriyyətinin azərbaycanlılardan ibarət olmasına baxmayaraq, respublikamızda Azərbaycan dili hakim bir dil deyildi. Ana dilimizin inkişaf etdirilməsi və zənginləşdirilməsi qeyri-mümkün idi və dövlət tərəfindən bu məqsədlə hər hansı bir tədbir də görülmürdü.70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Rus dilinin hüquqlarının genişləndirilməsi ilə əlaqədar “vahid dil” siyasəti daha geniş şəkildə təbliğ olunurdu. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq çox riskli və qorxulu idi. Dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Çünki bu, onlardan ötrü tale məsələsi ola bilərdi. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycan Respublikasının rəhbəri olan Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdir. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Bu, əslində ana dilinin dövlət dili statusunu qorumaq məqsədi güdürdü.SSRİ Konstitusiyası qəbul edildikdən sonra müttəfiq respublikaların Konstitusiya layihəsi dərc olunaraq ümumxalq müzakirəsinə verildi. Bu layihədə Azərbaycan dilinin hansı status daşıması məsələsi öz əksini tapmamışdı. Kommunist ideologiyasının hökmranlıq etdiyi o dövrdə əhalinin iştirakı ilə keçirilən müzakirələr formal xarakter daşıyırdı. Buna baxmayaraq, milli ruhlu ziyalılar layihəyə Azərbaycan dilinin salınmamasından narazılıqlarını bildirmişdilər. Yenə də respublikamızın rəhbəri Heydər Əliyev həyatını riskə qoyaraq Konstitusiya layihəsinə Azərbaycan dilinin dövlət dili olması barədə maddə salınmasına çalışırdı. Lakin Moskvadakı rəhbər xadimlər müxtəlif bəhanələr gətirərək bunun qarşısını alırdılar. Xalqını, millətini böyük məhəbbətlə sevən ulu öndər isə inadından əl çəkmirdi. Öz məqsədinə çatmaq üçün fəaliyyətini israrla davam etdirirdi. Ulu öndər yaranmış ağır vəziyyətdə SSRİ-nin o vaxtkı rəhbəri L. İ. Brejnevlə danışdıqdan sonra Azərbaycan dilinin dövlət dili statusunun Konstitusiyaya salınması məsələsini, nəhayət, birdəfəlik həll edir. Ümumxalq müzakirəsinə verilmiş Azərbaycan Respublikası Konstitusiya layihəsinin 73-cü maddəsinə belə bir təklif olundu: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Nəticədə Azərbaycan Konstitusiyası böyük tarixi şəxsiyyət Heydər Əliyevin təklif etdiyi şəkildə qəbul olundu və Azərbaycan dili dövlət dili statusu aldı. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi ümummilli lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu öndər bununla gələcək müstəqil dövlətçiliyin milli atributlarından birini məharətlə qorudu. Bundan sonra isə ana dilimizin inkişafı və qorunması sahəsində mühüm əhəmiyyətli tədbirlərin həyata keçirilməsinə nail oldu. Hələ Kommunist ideologiyasının hökmranlıq etdiyi dövrdə ulu öndər deyirdi: “Dil xalqın böyük sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir”.Ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində müxtəlif vasitələrdən istifadə edirdi. Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğı göstərilməsi, milli dildə nəşr edilən kitabların tirajlarının çoxaldılması və digər tədbirlər ana dilinin daha da inkişaf etdirilməsi məqsədini daşıyırdı. Ana dilimizə göstərilən bu qayğı və dövlət başçımızın fədakarlığı nəticəsində xalqımızın milli ruhu getdikcə yüksəlir, özünə inam artır və müstəqillik düşüncələri daha da güclənirdi. Azərbaycan dilinin inkişafı isə daim diqqət mərkəzində saxlanılırdı.

Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı- Ehtiram Osmanov

 

 

1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür.

Xalqın təkidli tələbi və xahişi ilə 1993-cü ildə yenidən siyasi hakimiyyətə gələn Heydər Əliyev digər sahələrdə olduğu kimi, milli-mənəvi dəyərlərimizin qorunması, adət-ənələrimizin, milliliyimizin inkişafı məsələsini diqqətdə saxladı. Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsinə xüsusi önəm yetirən ümummilli lider ana dilimizi — Azərbaycan dilini özümüzə qaytardı. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər olundu və onların çox böyük əksəriyyəti ana dilimizin Azərbaycan dili adlandırılması təklifini dəstəklədi. Müzakirələrin nəticəsi olaraq 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirildi. Bir-birinin ardınca fərmanlar imzalandı, qanunlar qəbul edildi.

Ulu öndər Heydər Əliyev şəxsən özü Azərbaycan dilinin qorunmasına və inkişafına xüsusi diqqət yetirmişdir. 2001-ci ilin iyunun 18-də böyük dahi şəxsiyyət “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzaladı. Tarixi əhəmiyyət kəsb edən bu sənəd dilimizin inkişafı və tətbiqi sahəsində meydana çıxan problemlərin həllində mühüm rol oynadı. Həmin fərmanda Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının yaradılması da nəzərdə tutulurdu. Dünyanın heç bir dövlətində analoqu olmayan belə bir qurumun yaradılması ana dilimizin tətbiqi işinin təkmilləşdirilməsinə daha səmərəli şəkildə nəzarət etmək və bu prosesi ümummilli maraqlar kontekstində tənzimləmək məqsədi daşıyırdı.

2001-ci il avqustun 9-da Azərbaycan Prezidenti yeni fərman — “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” mühüm bir sənəd imzaladı. Hər il avqust ayının 1-i Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilsin.

Müstəqilliyimizin ilk ilində — 1991-ci ildə latın qrafikalı Azərbaycan əlifbası qəbul olunsa da, bu qərar kağız üzərində qalmışdı. Yalnız ümummilli liderimiz Heydər Əliyevin fərmanından sonra ana dilimizin tətbiqi işinin daha mükəmməl səviyyədə həyata keçirilməsinə stimul verildi. Məhz bundan sonra respublikada bütün yazılı sənədləşmələr latın qrafikası ilə aparıldı. Artıq latın qrafikalı Azərbaycan əlifbası beynəlxalq aləmə daha da yaxınlaşıb. Ulu öndərin daxili və xarici siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” və “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamları da öz ictimai-tarixi əhəmiyyətinə görə yüksək qiymətləndirilir. Həmin fərmanlara uyğun olaraq 2004-cü ildə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərə tutulan əsərlərin siyahısı hazırlanmış və çap olunmuşdur. Möhtərəm Prezidentimiz milli-mənəvi dəyərlərimizə, elmin və mədəniyyətin inkişafına böyük diqqət yetirdiyini bir daha təsdiqlədi.

Bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlıdır. Ulu öndərin “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi sox sevir və bu dildə danışmağımla fəxr edirəm” müdrik kəlamı ana dilimizə olan məhəbbət və hər bir soydaşımız üçün örnəkdir.

Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı- Bahar Qurbanova

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın