22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Milli mətbuatın inkişafı

Milli mətbuatın inkişafı

Milli mətbuatın inkişafı

Məlum olduğu kimi, əsası 1875-ci ildə “Əkinçi” qəzetinin işıq üzü görməsi ilə qoyulan Azərbaycan mətbuatı olduqca böyük inkişaf yolu keçib. Keçən iki əsrə yaxın dövrdə bir sıra problemlərlə üzləşən, həmçinin, ağır sınaqlardan çıxan Azərbaycan mətbuatı bu gün müasir dünyada özünə layiqli yer tapa bilib. Ümumiyyətlə, demokratiyanın əsas göstəricilərindən sayılan söz azadlığı prinsipi dövlətlərin, xalqların inkişafında, cəmiyyətlərin formalaşmasında müstəsna rol oynayır. Eyni zamanda, Azərbaycanda inkişafın kompleks təmini həm də bu prinsipə sadiqlikdən irəli gəlir. Ölkəmiz dünyada söz azadlığının qorunduğu, mətbuatın yüksək səviyyədə inkişaf etdiyi dövlətlər sırasındadır. Xüsusi olaraq vurğulamaq lazımdır ki, ölkəmizdə azad sözün inkişafı və mətbuatın yüksək müasir standartlara yiyələnməsi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. İstər 1969-cu ildə Azərbaycana rəhbərlik etdiyi dönəmlərdə, istərsə də xalqımızın təkidli tələbi ilə 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra Ümummilli liderimiz Heydər Əliyev ölkəmizdə mətbuatın inkişafı, söz azadlığının bərqərar olması istiqamətində mühüm addımlar atdı. Ulu Öndər Heydər Əliyev deyirdi ki, “jurnalist əməyi qeyri-adi əməkdir. Böyük səy, zəhmət, cəsurluq, hünər, fədakarlıq, öz peşəsinə vurğunluq tələb edən əməkdir”. Ulu Öndərin rəhbərliyi və birbaşa iştirakı ilə hazırlanan ölkə Konstitusiyasında vətəndaşların söz azadlığı hüququ təsbit edildi. Bundan başqa, məhz Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan jurnalistikasının inkişafı və müasir standartlara yiyələnməsi, həmçinin, peşəkarlığın inkişafı istiqamətində qanunvericiliyin təkmilləşdirilməsində əsaslı rol oynadı. Əsası Ulu öndərimiz tərəfindən qoyulan siyasətin uğurla davam etdirilməsi Azərbaycanda söz, fikir azadlığının yaradılmasını təmin edib. Bu isə ölkəmizi dünyada sözə, insan hüquqlarına hörmət edən ölkə kimi tanınmasına yol açıb.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova

 

 

Ulu Öndər Heydər Əliyevin dövlət siyasətində Ordu quruculuğu

Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın hərtərəfli inkişafına, qüdrətlənməsinə öz töhfəsini verərək, onun gələcəyinin inkişaf strategiyasını müəyyən edib. Rəşadətli Azərbaycan Ordusunu müasir müstəqil dövlətimizin memarı və qurucusu olan Ulu Öndər Heydər Əliyev formalaşdırmışdır.  Müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu Ümummilli Lider Heydər Əliyevin başladığı və Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır. Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra ölkəmizdə hərbi kadrların hazırlanması prosesi geniş vüsət almışdır. Ümummilli liderin təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradılmışdır. O zaman bu qərarı vermək böyük cəsarət tələb edirdi. Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəb yaradıldı. Azərbaycan Ordusu qısa müddət ərzində böyük inkişaf yolu keçdi və bölgənin ən güclü qüvvəsinə çevrildi. Azərbaycan Ordusunun güclənməsinin və uğurlu şəkildə təşkilatlanmasının ən başlıca səbəbi, ordu quruculuğuna Heydər Əliyevin rəhbərlik etməsi idi. Azərbaycanın müstəqilliyinə, xalqının milli maraqlarına dərindən bağlı olan Ulu Öndər Heydər Əliyev müstəsna dövlətçilik təcrübəsi, təşkilatçılıq bacarığı, yorulmaz işgüzarlığı ilə ordu quruculuğuna xüsusi bir önəm verdi.

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu ilə bağlı başladığı işlər  Möhtərəm  Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Silahlı Qüvvələrimiz daha da modernləşdirilib, ən son hərbi texnologiyalar orduya cəlb edilib. Azərbaycan Ordusu bu gün dünyanın 50 ən güclü ordusu sırasında yer alıb. 44 günlük Vətən müharibəsi  Ordumuzun gücünü dünyaya bir daha nümayiş etdirdi.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Dilarə Hacızadə

 

 

Xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini ehtiram və minnətdarlıqla yad edir

Azərbaycan siyasətinin ən parlaq siması, bəşəriyyətin dünyaya bəxş etdiyi şəxsiyyətlərdən biri, xalqının layiqli oğlu, qürur, istinad mənbəyi, insanlıq tarixində əbədilik qazanmış lideri Heydər Əliyevdir. Bu gün Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu və inkişafı liderlik amili ilə birbaşa bağlıdır. Başqa sözlə, ölkəmizin inkişafında, gələcəyə əmin addımlarla irəliləməsində lider fenomeni müstəsna əhəmiyyətə malikdir. Bu da bir həqiqətdir ki, müasir Azərbaycan dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən dahi şəxsiyyət, əbədiyaşar lider, Ulu Öndər Heydər Əliyev olmuşdur. İctimai-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli Lider Heydər Əliyevin inkişaf strategiyası, Onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. 12 dekabr Azərbaycan xalqının Ümummilli Lideri, böyük dövlət xadimi Heydər Əliyevin anım günüdür. Xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini böyük ehtiramla və minnətdarlıqla yad edir. Ümumiyyətlə, inkaredilməz reallıqdır ki, Ümummilli Liderin Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətləri Onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Müstəqil və qüdrətli Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir, möhtəşəm nailiyyətlər qazanaraq tarix yazır. Ulu Öndərin xatirəsi hər bir vətənpərvər azərbaycanlı üçün əziz və müqəddəsdir. Çünki Azərbaycanın müasir tarixi, milli dövlətçiliyimiz bu dahi şəxsiyyətin adı ilə sıx bağlıdır. Xalqımız bütün şüurlu həyatını Azərbaycanın tərəqqisinə həsr etmiş Ümummilli Liderini heç vaxt unutmur və unutmayacaq.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva

 

 

Milli-mənəvi dəyərlərin qorunması istiqamətində əhəmiyyətli tədbirlər görüldü

Dünya xalqları arasında milli mənəvi dəyərləri ilə tanınan Azərbaycan xalqı yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə özünəməxsus yer tutur. Azərbaycan xalqı hər zaman milli dəyərlərə sadiqliyini göstərib, bu dəyərləri əsrlərlə yaşadaraq onu inkişaf etdirib. Tarixin hər bir dövründə ölkəmizdə milli dəyərlərimizin qorunması və onun gələcək nəsillərə çatdırılması aktual olub. Elə günümüzdə də bu müsbət tendensiya özünü qoruyub saxlayır. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu var. Bu bir danılmaz faktdır ki, İslam dini bizim milli-mənəvi dəyərlərimizin ən önəmli faktorlarından biri hesab edilir.

Xalqın toy-büsat mərasimi, bayram adət-ənənələri, Novruz mərasimləri, yas mərasimləri, islam dininin təmizlik, düzlük, insanlıq kimi bəşəri, ali hissləri tərbiyə edən dəyərləri onun milli mənəvi dəyərlərini özündə yaşadır.

Azərbaycan xalqının dünya siyasi arenasına bəxş etdiyi nadir şəxsiyyət olan Heydər Əliyev də Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra siyasi reallıqdan çıxıb ideya formasında azərbaycanlıların istiqlal duyğularında qığılcım kimi közərən milli dövlətçilik düşüncəsini – XX əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq əsrin sonlarına doğru – müstəqil Azərbaycan dövləti kimi əzəmətli reallığa qovuşdurmuşdur. Sağlığında Ümummilli liderlik ucalığına qovuşmuş bu müdrik şəxsiyyət böyük fədakarlıqlar hesabına qurub-yaratdığı dövlətin sarsılmazlığını, demokratik yüksəlişini, Azərbaycanın müstəqilliyinin əbədiliyini, daimiliyini, dönməzliyini təmin etmişdir. Əgər Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında ötən əsrin 70-80-cı illərində Azərbaycanın sosial-iqtisadi, mədəni yüksəlişi üçün həyata keçirilən tədbirlər, milli şüurun oyanışı istiqamətində istər açıq, istərsə də gizli şəraitdə görülən böyük işlər olmasaydı, biz bu gün Azərbaycanın suveren dövlət kimi mövcudluğundan danışa bilməzdik.

Prezident cənab İlham Əliyev daim vurğulayır ki, bu gün milli ideologiyamızın əsas tərkib hissələrindən biri məhz azərbaycançılıqdır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müdrikliklə irəli sürdüyü azərbaycançılıq ideologiyası həyat tərzində, əxlaqda, mənəviyyatda, dildə, dində, ədəbiyyatda, bir sözlə, maddi və mənəvi mədəniyyətin bütün sahələrində istiqamətləndirici məfkurə olmalıdır. Əsrlərdən miras qalmış mütərəqqi mənəvi dəyərlər Azərbaycan xalqının milli mövcudluğunun və dövlətçiliyinin qarantına çevrilməlidir. Eyni zamanda hər bir vətəndaş bu torpağa, Vətənə, xalqa mənsubluğu, milli-mənəvi, dini dəyərləri ilə qürur duymalıdır. Ölkə rəhbəri ilk gündən xalqın milli mədəniyyətinin və mənəviyyatının qorunub saxlanmasına, inkişaf etdirilməsinə xidmət edən strateji siyasi kursa üstünlük vermişdir. Prezident cənab İlham Əliyevin mədəniyyət və incəsənət işçilərinin – rəssamların, heykəltəraşların, eləcə də yazıçı və şairlərin problemlərini xüsusi diqqət mərkəzində saxlaması, onların iş şəraitini yaxşılaşdırması üçün göstəriş verməsi də xüsusi vurğulanmalıdır. Bu təbəqədən olan insanların dövlət səviyyəsində yubiley mərasimlərinin keçirilməsi, onların sosial durumunun yaxşılaşdırılması istiqamətində konkret addımların atılması, o cümlədən mədəniyyət və incəsənət xadimlərinə fərdi Prezident təqaüdlərinin təsis edilməsi bu siyasətin mühüm tərkib hissəsidir. Bu sahəyə dövlət qayğısının gündən-günə artırılması və beynəlxalq təcrübənin tətbiqi istiqamətində görülən işlər qeyri-maddi mədəni irsin gələcəyinə nikbin baxmağa ümidləri artırır.

Gəncliyə Dəstək İctimai Birliyin sədri Vəfa Xəlilli

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın