Zirvə görüşünün Şuşada keçirilməsi böyük rəmzi məna daşıyır
Zirvə görüşünün Şuşada keçirilməsi böyük rəmzi məna daşıyır.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən təmas xəttində yerləşən mövqelərimizə və mülki yaşayış məntəqələrimizə edilən hücumlara, açılan artilleriya atəşinə cavab olaraq rəşadətli Azərbaycan Ordusu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında uğurlu əks-hücum əməliyatı keçirərək 1992-ci il mayın 8-də Erməni silahlı birləşmələri tərəfindən işğal edilən Şuşa şəhərini 2020-ci il noyabrın 8-də düşməndən azad etdi. Ordumuzun cəsur və peşəkar hərbi qulluqçuları şəhərə sıldırım qayalardan qalxaraq, əlbəyaxa döyüşlə Şuşanı düşməndən təmizlədi. Şəhərin işğaldan azad olunmasından sonra düşmən artıq Azərbaycan Ordusunun qarşısındakı acizliyini etiraf edərək noyabrın 10-da üçtərəfli bəyanatı imzalamağa məcbur oldu. Bununla da Azərbaycanın ayrılmaz bir hissəsi olan Qarabağ tamamilə işğaldan azad edildi. Şuşa indi azad nəfəs alır. Şuşa keçmiş şöhrətinə qovuşur. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişi ilə artıq şəhərdə tarixi abidələrin, yolların, kommunikasiya xətlərinin, ümumiyyətlə bütün infrastrukturun bərpası və yenilənməsi ilə bağlı mühüm işlər görülməkdədir. Şuşa yenidən mədəniyyət beşiyi olaraq dünya mədəni irsinə öz töhfəsini verməyə davam edəcək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 may 2021-ci il tarixli sərəncamına əsasən, Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir”. “Zirvə görüşünün Şuşada keçirilməsi, təbii ki, böyük rəmzi məna daşıyır. Şuşa 4 ilə yaxındır ki, işğaldan azad edilib və orada sürətlə bərpa-quruculuq işləri aparılır”. Onu da bildirməliyəm ki, azad edilmiş torpaqlarda qardaş ölkələrin təşəbbüsü və maliyyə dəstəyi ilə artıq bir məktəb və bir incəsənət mərkəzi fəaliyyətə başlayıb. Bunlar Özbəkistan və Qazaxıstan tərəfindən inşa edilib. Bir məktəbin təməlini isə bu yaxınlarda Qırğızıstan Prezidenti ilə bərabər Ağdam rayonunda qoyduq. Cəbrayıl rayonundakı bir məntəqədə isə Macarıstanın maliyyə dəstəyi ilə bir məktəb inşa ediləcək. Yəni bütün bunlar bir daha birliyimizi göstərir.
Cəvahir Murtuzayeva-Zərdab Gənclər Evi SXM-in psixoloqu.
İqlim məsələləri bu gün Azərbaycanın gündəliyində duran əsas vəzifələrdən biridir.
Hazırda iqlim dəyişmələri dünyanı narahat edən qlobal problemlərdən biridir.
Məlum olduğu kimi, XVIII əsrdən etibarən başlayan sənayeləşmə dövründən, xüsusən də XX əsrin ortalarından sonra Yer kürəsinin iqlim sisteminə çox böyük mənfi təsirlər göstərilmiş, digər atmosfer tullantıları ilə yanaşı, istixana effekti yaradan qazların qlobal miqyasda sürətli artımı baş vermişdir. İqlim Dəyişmələri üzrə Hökümətlərarası Ekspertlər qrupunun son qiymətləndirmə hesabatına görə son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb. Temperaturun artması isə əsasən istilik effekti yaradan qazların – karbon dioksid (CO2), metan (CH4), azot oksidi və xlor-fülor birləşmələrin konsentrasiyasının artması ilə birbaşa bağlıdır. İqlim Dəyişmələri üzrə Hökümətlərarası Panel (İPCC) tərəfindən təqdim edilmiş məlumata görə, sənaye dövrünü əhatə edən son 250 ildə atmosferdə məhz karbon qazının ümumi miqdarı 28%, metanın miqdarı isə 60% artmışdır.Azərbaycan da qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmamışdır. Son 100 ildə Azərbaycan ərazisində orta illik temperaturlar 0,4-1,30C-yə qədər artmışdır. İqlim dəyişmələri fonunda Azərbaycan daşqınlar, qar uçqunları, tufanlar, qasırğalar, dalğalanmalar, güclü küləklər, istiliklər, quraqlıqlar, buzlaqların əriməsi, şoranlaşma, torpaqların deqradasiyası, səhralaşma, yağıntıların və su ehtiyatlarının azalması və bu kimi ekstremal iqlim hadisələrinin təsirlərinə məruz qalır. İqlim dəyişmələri həm regional həm də qlobal səviyyədə insanların qida təhlükəsizliyini və suya çıxışını məhdudlaşdırır, aclıq, yoxsulluq və digər ağır sosial-iqtisadi nəticələrə, miqrasiyanın güclənməsinə səbəb olur, yoluxucu və xroniki xəstəlikləri artırır. Təsadüfi deyildir ki, Ümumdünya Səhiyyə Təşkilatı isə 21-ci əsrdə qlobal sağlamlıq üçün ən böyük təhlükə kimi iqlim dəyişmələrini göstərmişdir. Mütəxəssislərin fikrincə, gələcəkdə qlobal istiləşməni minimuma endirmək səyləri uğurlu olsa belə, dəniz səviyyəsinin artması, okean istiliyinin və turşululuğunun yüksəlməsi kimi neqativ təsirlərin müəyyən hissəsinin əsrlər boyu davam edəcəkdir.Azərbaycan Respublikası Milli Məclisi BMT – nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını 1995-ci ildə ratifikasiya etmişdir. Ölkəmiz İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Əlavə 1 qrupuna daxil olmayan tam hüquqlu tərəf kimi İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası qarşısında istilik effekti yaradan qaz tullantılarının kadastrının hazırlanması, müntəzəm olaraq yenilənməsi, milli məlumatların hazırlanması kimi öhdəliklər götürmüş və bu öhdəliklər sistemli şəkildə yerinə yetirilmişdir. Azərbaycan Respublikası Konvensiyanın Kioto Protokolunu 2000-ci ildə təsdiq edilmişdir. Kioto protokolu üzrə öhdəliklərin yerinə yetirilməsinin 2-ci dövrü üçün qəbul edilmiş Doha əlavəsi 14 aprel 2015-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya edilmiş və ölkə prezidenti tərəfindən imzalanmışdır.2015-ci ilin sentyabr ayında keçirilmiş BMT-nin tarixi Sammitində isə dünya liderləri tərəfindən qəbul edilmiş “2030-cu ilədək Dayanıqlı İinkişaf sahəsində Gündəlik”də qarşıdakı on beş il ərzində ölkələr “heç kəsi kənarda qoymamaq” prinsipini rəhbər tutaraq, sosial-iqtisadi məsələlər ilə yanaşı, məhz iqlim dəyişmələrinə qarşı mübarizənin vacibliyi və dünya ictimaiyyətinin səfərbər olmasının önəmi vurğulanmışdır. Azərbaycan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına əlavə olan Paris Sazişini 22 aprel 2016-cı ildə imzalamış və həmin ilin oktyabr ayında ratifikasiya etmişdir. Məhz, Paris Sazişinin 4-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası 2015-ci ilin oktyabrında BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının katibliyinə özünün “Milli səviyyədə Müəyyən edilmiş Töhfələr” (NDC) sənədini təqdim etmiş və qlobal miqyasda iqlim dəyişmələrinin qarşısının alınması təşəbbüslərinə töhfə olaraq, 1990-cı baza ili ilə müqayisədə 2030-cu ilə qədər istixana effekti yaradan qaz emissiyalarının (İEYQ) 35% həcmində azaldılmasını hədəfləmişdir.COP (Conference of the Parties; Tərəflərin Konfransı) 1995-ci ilin mart ayında Almaniyanın Berlin şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası üzərində ali qərarların verilməsi üçün yaradılmış qurumdur. COP-un missiyası konvensiyadan irəli gələn tələblərin, tövsiyələrin icrasına nəzarət etməkdir. Bu tələblər əsasən qlobal istiləşmə tempini səngitmək, qlobal istiləşməyə məruz qalan ərazilərin adaptasiyasına dəstək olmaq və 2050-ci ilə qədər sıfır emissiyaya nail olmaqdır.
Toğrul Abulov-Zərdab Gənclər Evi SXM-in əməkdaşı .