22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Cənabın dövlətinin gəlhagəlidir – Müəllimlər “qan ağlayır” // VİDEO

Cənabın dövlətinin gəlhagəlidir – Müəllimlər “qan ağlayır” // VİDEO

Düşünürəm

Görəsən niyə bu qədər adətdən, ənənədən, mentalitetdən, dəyərdən, alidən, müqəddəsdən uzaq düşdük?

Bu kimlərin marağında idi və bu marağı yaradan səbəb nə idi?

Ağsaqqal, ağbirçək kəlməsi ilə qan yatırılardı, indi küçələr doludur qısa ətəkli, silikon dodaqlı boya ilə birçəyi qaraldılmış “ağbirçəklər”lə, nəvəsi yaşında qızlara baxıb ağzının suyunu axıdan, onlara söz atan “ağsaqqallar”la.

Qadına “ülvi” dedik !
“Qadın hüquqları”, “qadına şiddətə son” şüarları və sair… hazırkı nəticə: ərinin yanından başqasına ərə getmək adı ilə qoşulub gedən və bu problemi də televiziya kanallarında müzakirə edən “qadınlar”.

KİŞİ – bu sözün əvvəllər bir sanbalı, bir ağırlığı vardı, indi bilmək olmur kim kişidir, kim kişi sevdalısı – cinsi azlığın nümayəndəsi.

Dindar” dedik, “ilahiyyatçı” dedik, – “o, dünya yoxdur, Tanrının kitabı müqəddəs deyil” dedi.

Molla” dedik ölümüzü etibar etdik, o, mollaların da məzar başında ölümüzə Məhəmməd Füzulinin fars dilindəki qəzəllərini oxuduğunu gördük.

Onsuzda ölənə qədər tabe olduğumuz qurumların rəhbərləri – məmurlar bizə qəzəl oxuyurlar da, bir də əbədi həyata yola salanda buna nə gərək var?!

Və nəhayət gəldik valideyndən sonra ikinci müqəddəs varlıq, ikinci valideyin sayılan müəllim adına.

Müəllimlərin zəhmətləri danılmazdır. Özümüzün öhdəsindən gələ bilmədiyimiz 1–2 uşağımızı məktəbə göndəririk, orada isə müəllimlər hər sinifdə 20-30-40 nəfər uşağın tərbiyəsi və təhsili ilə məşğul olur. Bu ağır məsuliyyətdir və müəllim adını müqəddəs edən də məhz bu zəhmət, bu məsuliyyətdir. Amma, gəl ki, ona da bu ölkədə əngəl olanlar tapıldı. Ən acınacaqlı hal budur ki, bu əngəli məhz məsul qurumun rəhbərliyi özü yaratdı.

Emin Əmrullayev “ədalət”, “qanun”, “şəffaflıq” adı altında həyata keçirdiyi yenilikləri ilə illərlə güvəndiyimiz, özümüzdən sonra övladlarımızı da etibar etdiyimiz müəllimlərin alnına “savadsız” damğası vurdu.

Ortaya atılan “sertifikasiya bəlası” əsasən 8-10 il və daha artıq iş stajı olan müəllimlərin qüruru ilə oynadı.

Təsəvvür edin, şagirdləri imtahan verib işində qalan bir çox müəllimlər, özləri imtahandan kəsilərək, “savadsız adına layiq görüldülər”.

Bəli, əvvəlcə bir tikə çörəkləri ilə təhdid edilərək saxta işlərə, rüşvətə məcbur edilən, beləliklə də adlarının yanındakı müqəddəs sözünü zədələyən müəllimlər, bu gün özləri rüşvət istənilən tərəf olaraq, haqsızlığa məruz qalıblar.

Qeyd edim ki, “bir tikə çörəkləri ilə təhdid edilərək saxta işlərə, rüşvətə məcbur edilən” ifadəsini əbəs yerə vurğulamadım. Bu barədə məlumatlar, səs yazıları zaman-zaman sosial mediada və sosial şəbəkələrdə paylaşılıb.

DogruXeber.az” xəbər verir ki, haqsızlığa uğradıqlarını iddia edən, indi işsiz qalan, alnına “SAVADSIZ” damğası vurulan yüzlərlə (keçmiş) müəllim indi də “Kanal14“ə axın edib.

Onlar aidiyyatı qurumlarda dəfələrlə müraciətlər etmələrinə baxmayaraq, ədalət tapa bilmədikləri üçün, çarəni başlarına gətirilənləri media vasitəsilə ictimaiyyətlə bölüşməkdə görüblər. Görünür bu vasitəylə onlar şagirdlərinə özlərini sübut etməyə, alınlarındakı ləkəni təmizləməyə can atırlar.

Bundan əlavə, onların bir çoxları ailənin yeganə qazanc gətirəni, tənha olanı, yaxud atasız uşaq böyüdənləridir ki, rüşvət vermədikləri üçün kompüterlərinə müdaxilə olunduğunu, həmçinin işarələdikləri düzgün cavabların sürüşdürüldüyünü iddia edirlər.

10 il, 20 il müəllim işləyib, müəllimlər, mühəndislər, jurnalistlər, mühasiblər, hətta alimlər belə yetişdirən, amma bu gün müəllimlərin iddia etdiyi kimi “taleləri ilə oyunlar oynanılan” və “bu oyunda uduzdurulan” müəllimlərin barəsində isə Emin Əmrullayev deyir, – “savadı olmayan müəllimi biz işə qaytarsaq haqsızlıq olar”.

Bəs imtahanda iştirak etməyib, “yüksək nəticə” ilə işdə qalanlar haqlıdırmı, Emin müəllim?

Bəs bu müəllimlərin vurğuladıqları nüanslar ədalətdirmi?

Doğrusu bu qədər ədalət tərəfdarı olan təhsil nazirinin həyat yoldaşının xarici ölkədə təhsil almasına, üstəlik də həmin təhsilin illik ödənişinin məbləğinə nəzər saldıqda, adam “ildırım vurmuş” kimi yerindəcə donub qalır.

Xatırladaq ki, bundan cəmi bir neçə gün əvvəl araşdırmaçı jurnalist Cavanşir Həsənli şəxsi Facebook səhifəsində yazıb:
“Emin Əmrullayevin həyat yoldaşı Nigar Əmrullayeva – Hənifəyevanın Cambridge Judge Business School-da iki illik təhsil haqqını hansı mənbədən ödəyir. Şəxsi büdcəsindən, yoxsa nazirlik hesabına?

Cənab nazirin xanımının illik təhsil haqqının miqdarı ilə bağlı bir az yanlışlığa yol vermişəm. Bu səbəbdən düzəliş etmək istərdim. Əvvəl qeyd etdiyim illik 63 min funt sterlinq məbləğ sadəcə bakalavr təhsilinə aiddir və əslində Əmrullayev ailəsinin ödədiyi məbləğ bundan xeyli çoxdur.

Üstəlik xanım Əmrullayeva məhz həyat yoldaşının karyerasının yüksəldiyi dövrdə Londondakı Kral Kollecinin (King College) diplomunu alıb. Burada xarici tələbələr üçün illik təhsil haqqı 37 min funt sterlinq, Londonda bir tələbənin yaşayış xərcləri təxminən 1800 funt sterlinq təşkil edir.

Təəssüf ki, cənab Əmrullayevin həyat yoldaşının Kral Kollecində təhsilinin də hansı mənbədən ödəndiyi bəlli deyil. Bir daha qeyd edirəm ki, Emin Əmrullayev nazir olana qədər onun həyat yoldaşı məktəbəqədər təhsil müəssisəsində təlimçi işləyib.

Nigar Əmrullayeva – Hənifəyeva King College ilə kifayətlənməyərək 2023-cü tədris ilində İngiltərədə sözügedən ali təhsil müəssisəsində MBA təhsili (Biznesin İdarə Olunması) almağa bağlayıb və ikiillik proqramı gələn il başa vuracaq.
Qlobal Executive MBA üçün təhsil haqqı 102,235 funt sterlinq təşkil edir. Yəni cənab nazirin həyat yoldaşının ikiillk beynəlxalq MBA təhsili (sadəcə təhsil haqqı) 205 min funt sterlinq təşkil edir. Söhbət nə az – nə çox 450 min manatdan gedir. Diğər xərclər – səfər və yaşamaq, qida, zəruri vəsaitlər xərcləri bura daxil deyil.

Qeyd: Beynəlxalq səviyyəli MBA diplomuna sahib olan şəxs xüsusilə karyerasında yüksələ və daha yüksək maaşlı vəzifədə çalışa bilər.

Yeri gəlmişkən, Azərbaycan Beynəlxalq Bankın Maliyyə menecmenti departamentinin direktoru Əli Dadaşzadə də həmin ali təhsil müəssisəsində MBA təhsili alır. Ümumiyyətlə həmin sinif üzrə təhsil proqramına qatılanların əksəriyyəti bankirlər və iş adamlarıdır.

Mən nazir Emin Əmrullayevin həyat yoldaşı ilə bağlı məlumatı açıqladığımdan bircə gün keçməmiş Kembric Universiteti Judge Business School-da MBA təhsili alan tələbələrin siyahısı olan səhifəni bağlayıb:

Bilmirəm texniki problemdir, yoxsa bizim nazirin əli o qədər uzundur, amma hər halda fakt faktlığında qalır və linkin bağlanması nazirin üzərinə ciddi şübhələr yönəldir.

Amma bu heç nəyi dəyişmir, cənab nazir!”

 Cənabın dövlətinin gəlhagəlidir -  Müəllimlər "qan ağlayır" // VİDEO

Düşünürəm…

Görəsən müəllimlərin iddia etdikləri rüşvət məsələsinin Emin Əmrullayevin bu maneəsiz lüksünə bir qatqısı varmı?

Qeyd edək ki, qarşıdan bağça müəllimlərinin sertifikasiya imtahanları gəlir və bu barədə də qulağımıza bəzi xəbərlər artıq çatıb.

Bir sözlə, belə başa düşürük ki, “cənabın dövlətinin gəlhagəlidir”. Ona görə də mövzunu hələ davam etdirəcəyik.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın