22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Maraqlar təmin olunanda qanunsuz iş icraçıları qanun icraçılarını “kor” edə bilir – VİDEO

Maraqlar təmin olunanda qanunsuz iş icraçıları qanun icraçılarını “kor” edə bilir – VİDEO

“Nəzərinizə çatdırmaq istəyirik ki, Sabunçu rayon icra hakimiyyətinin Sabunçu qəsəbəsi Qambay Vəzirov küçəsindəki qanunsuz tikinti ilə bağlı 31.12.2023-cü il tarixində məlumat verərkən, artıq tikinti başa çatdırılmış, dam örtüyü döşənmişdir”.

DogruXeber.az” xəbər verir ki, bu sözləri Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin rəisi Cəbrayıl Xanlarov Sabunçu rayon Sabunçu qəsəbəsi Qambay Vəzirov küçəsində, neft şirkətinə məxsus ərazidə qanunsuz inşa edilmiş üç mərtəbəli iaşə obyekti barəsindəki sorğumuza cavab olaraq bildirib.

Sabunçuda neft ərazisində aparılan qanunsuz işlər – FOTO

Bu qanunsuz işdə dövlət qurumları “yaxasını kənara çəkir” – Bəs günahkar kimdir ? // FOTO

Bəzi məmurların yazılmamış qanunlarla idarəçiliyi – VİDEO

Sabunçu “kralı” rayonu ” öz qanunları” ilə idarə edir – VİDEO

Ölkə başçısının tapşırıqlarına qarşı çıxan məmurlar – FOTO

“Ov ovlayıb, quş quşlayan” nazirin vəzifə səlahiyyətlərindən sui-istifadə edən Cəbrayıl Xanlarova sözü keçmir?

Bəli, demək ki, qanun “kvadrat” (FHN, Sabunçu İH, ARXKOM və ƏMDX) arasında o, küncə-bu küncə dəyərək əzilib gedir.

Aylar öncə, sözügedən qanunsuz tikinti ilə bağlı bu dörd məsul qurumun qanunla “pas-pas oynadıqları”ndan bəhs etmişdik. Həmçinin cavablarının bir-birilərinə zidd olduğuna dair hər 4 quruma təkrar rəsmi sorğular göndərmişdik. Digərləri şablon cavabları yenə təkrar göndərsələr də Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyi aylardır sonuncu sorğumuzu cavabsız qoymuşdur. Nəhayət ötən həftə agentliyin rəisi Cəbrayıl Xanlarov öz imzası ilə cavab göndərdi ki, “Sabunçu icra hakimiyyəti bizə deyəndə, artıq iş-işdən çoxdan keçmişdi və dam örtüyü döşənən tikintiləri sökmək İxtiyarımız da yoxdur”.
Yəni məktubun məzmunu belə idi.

Sabunçu icra hakimiyyəti də 5-6 dəfə bir hərfini belə dəyişdirmədən, eyni şablon mətnli məktub göndərir ki, bəs “Biz 31.12.2023-cü il tarixində FHN-nə demişik, daha bizlik deyil”.

Allah var, bir-birinin üstünə atsalar da “bir-birinin namını da vermirlər”.
Cəbrayıl Xanlarov icra hakimiyyətinin gec məlumat verdiyini desə də, icra hakimiyyətinin başa çatmış tikintini sökmək ixtiyarının olmadığını da deyir.

Eh… ay Cəbrayıl müəllim, görünür sizin xəbəriniz yoxdur. Sizin Adil müəllim vətəndaşın pulunun biraz əskik olduğuna görə evini başına uçurtmağa ixtiyarı haradan aldı bəs?

Bəli-bəli, bu təqdim etdiyimiz videodakı şəhid ailəsinin özünün iddiasıdır.

Gördüyünüz kimi, şəhid ailəsi olduğunu deyən ailə icra hakimiyyətinə 4.500 (dörd min beş yüz) manat verib tikdiyi və içində yaşadığı mənzilini əlavə tələb olunan 1.500 (min beş yüz) manatı verə bilmədiyi üçün məhz icra hakimiyyətinin uçurtduğunu iddia edir.

Başa çatmış tikintini sökmək ixtiyarı olmayan icra hakimiyyəti içində yaşayış olan mənzili sökdüyü halda, bəs qanunsuz tikilmiş və tikinti işləri davam etdiyi üçün üstü sadəcə köhnə dəmir parçaları ilə müvəqqəti qapadılmış iaşə obyektinə niyə toxunmadı?

Yaxud, necə oldu ki, o, boyda obyekt 3 mərtəbə qaldırıldı və bunu o, cür mərkəz yerdə icra hakimiyyəti başa çatana qədər görmədi?

Üstəlik, qurumlar məsuliyyəti bir-birinin üstünə ata-ata sahibkara vaxt qazandırdılar ki, inşaat işləri tam bitsin, dəmir parçaları dam örtüyü ilə əvəz edilsin. Təbii ki, onların bu “xeyirxahlıq”ları sahibkar tərəfindən qiymətləndirilməmiş deyil, əks halda aqibəti şəhid Subhan Abdurrahmanlının anasının və yuxarıda videoda təqdim etdiyimiz ailənin evi kimi olardı. Diqqət etdinizsə, qanunsuz olduğuna görə uçurdulmuş evin ətrafında 10-larla yeni tikilmiş evlər görünürdü. Bəlli ki, bu da Vəliyevin “mərhəmətinin bəhrəsi” deyil.
Axı mərhəmətlə bu qədər sərvət sahibi olmaq mümkünsüzdür.

“Sərvət” demişkən, baxmayaraq ki, Adil Vəliyevin sərvətlərinin siyahısını zamanla hissə-hissə təqdim etmişik, bu dəfə də biznes həyatına ilk addım atmasından bugünə qədərki zamana diqqət çəkmək istədik.

Media üzərindən araşdırma apardığımız zaman, “cümhuriyyət.az”da belə bir məlumata rast gəldik ki, Adil Vəliyevin biznes dünyası onun Sabunçu rayonuna icra başçısı vəzifəsinə gətirilməzdən öncə başlayıb. O, sonralar onun birinci müavini olan və vəzifədən alınan Şakir Alıyevlə birlikdə şərikli biznes fəaliyyəti ilə məşğul olub, “Volkswagen”, “Audi”, “Seat”, “Porsche” avtomobil markalarının ölkəmizdə rəsmi dileri olub və bu indi də davam edir. İcra başçısının Azərbaycanda böyük tikililəri, mağazaları, şadlıq evlərinin olduğu bildirilir. Adil Vəliyev icra başçısı təyin olunandan bir müddət sonra Bakıxanov qəsəbəsində, dəmir yolu stansiyasının yaxınlığında «AQAT» şadlıq sarayını tikdirdi. Bu şadlıq evi dəmir yolunun təhkim zolağında yerləşir. Bundan başqa, rayon ərazisində bir neçə göydələn inşa etdirdi. Həmin binalar üçün lazım olan plastik qapı-pəncərə Adil Vəliyevin Sabunçu qəsəbəsində yerləşən böyük sexində hazırlanır. Həmin sex Adil müəllim başçı təyin olunandan sonra fəaliyyətə başlayıb. Uzun müddət aktiv biznes fəaliyyəti ilə məşğul olmuş icra başçısı vəzifəyə təyin olunandan sonra da bu işlərindən əl çəkməyib və hətta kapitalını xeyri artırıb.
media üzərindən apardığımız araşdırmalardan əldə etdiyimiz məlumatlarda deyilir ki, rayon ərazisindəki torpaq satışından son üç il ərzində külli miqdarda gəlir əldə edilib.

Bir sözlə, Adil Vəliyev icra başçısı keçəndən sonra rayonun bütün qəsəbələrində ticarət obyektlərinin və fərdi yaşayış sahələrinin sayı artdı. Araşdırma aparılsa, həmin tikililərin əksəriyyətinin sənədinin qanunsuz olduğu üzə çıxar. İcra başçısına yaxın adamlar iddia edirlər ki, o “Sarı gəlin” şadlıq sarayını və digər obyektlərinin bir neçəsini satıb. Məmur belə fəndlərdən istifadə etməklə diqqəti özündən yayındırmağa çalışır. Hazırda “Sarı gəlin” şadlıq sarayı icra başçısına yaxın şəxslərdən biri tərəfindən idarə olunur. Bir ara, belə məlumat yayılmışdı ki, guya icra başçısı Sabunçu rayonunun qəsəbələrini öz pulu hesabına abadlaşdırır. Sonradan bunun da yalan olduğu üzə çıxdı. İcra başçısı hazırda rayon ərazisində bir neçə iri tikinti layihəsi həyata keçirir. “Bakıxanov Rezidens”in ona məxsus olduğu deyilir”.

İcra başçısı köməkçisinin müəmmalı açıqlaması:

İcra başçısının biznes fəaliyyəti ilə bağlı onun köməkçisi Müslüm Mahmudov mediaya rəsmi açıqlama verib və deyilənlərin reallığı əks etdirdiyini bildirib: – “Doğrudur, Adil Vəliyevin icra başçısı təyin olunmazdan əvvəl həqiqətən də “Sarı gəlin” şadlıq sarayı olub. 3 il əvvəl icra başçısı təyin olunan zaman Adil müəllim şadlıq sarayını satıb. Amma Şakir Alıyevlə ortaq olmayıb. Şakir Alıyev “Sarı gəlin” şadlıq sarayının direktoru vəzifəsini icra edib. Hazırda isə rəsmi olaraq Adil Vəliyevə məxsus şadlıq sarayı yoxdur. Bəli, Adil müəllim “Volkswagen”, “Audi”, “Seat”, “Porsche” avtomobil markalarının ölkəmizdəki rəsmi importyorudur. Sadəcə vəzifədə olduğundan bu işlərlə oğlu Ənvər Vəliyev məşğul olur. İcra başçısı şəxsən bizneslə məşğul deyil”. İcra başçısının köməkçisi guya bu açıqlaması ilə başçını müdafiə edib. Əslində, o özü dolayısı ilə rayon rəhbərinin biznes layihələrində indi də yaxından iştirak etdiyini təsdiq etmiş olub. Özəl mənbələrdən əldə etdiyimiz məlumatlarda bildirilir ki, Ənvər Vəliyevin biznes obyektlərinə rəhbərliyi sadəcə olaraq formal xarakter daşıyır: “İcra başçısı sərəncamındakı bütün ticarət obyektlərinə, avtomobil satışı mərkəzlərinə şəxsən özü nəzarət edir. Hətta maliyyə məsələlərini də birbaşa özü həyata keçirir.

2003-cü ilə qədər dövlət qulluğunda çalışan Vəliyev haqqında məlumatda deyilir ki, güya yalnız 2003-2012-ci illərdə bizneslə məşğul olub. Məgər şirkət qurmaq o, qədərmi asan və tez başa gələn işdir ki, Vəliyev 5 il dövlət qurumunda çalışıb, işdən çıxıb dərhal “Euro Style” LTD şirkətini təsis etdi?

Qaldı ki, dövlət qulluğundan oliqarx həyata keçidin bu qədər asan və rahatlığına, o, da bir ayrı mövzudur.

Şəhərsalma və Arxitektura Komitəsinin (ARXKOM) məsuliyyətinə gəldikdə isə, hər kəsə məlumdur ki, bu qurumun ölkə ərazisində aparılan qanuni, yaxud qeyri-qanuni bütün tikintilərə nəinki müdaxilə etmək səlahiyyəti var, hətta ümumiyyətlə onun icazə sənədi olmadan heç bir tikinti aparmaq mümkün deyil. Amma, Qambay Vəzirov küçəsində özü də 3 mərtəbəli iaşə obyekti qurumların məlumatlı olduğu halda maneəsiz başa çatdırıldısa, demək ki, tikintinin dayandırılması Anar Quliyevin, Adil Vəliyevin, Cəbrayıl Xanlarovun və Mətin Eynallayevin şəxsi maraqları xaricində olub.

Qeyd edək ki, ölkə qanunlarının kobud şəkildə pozulduğunun aşkar göstəricisi olan bu məsələ, qanuni həllini tapmadığı sürəcə medianın gündəminə qalmaqda davam edəcək.

Mövzunu davam etdirəcəyik.

Redaksiamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın