Cənab Prezidentin Rusiya Federasiyasına səfəri əlaqələrimizin inkişafında əhəmiyyətli rol oynayacaq
Cənab Prezidentin Rusiya Federasiyasına səfəri əlaqələrimizin inkişafında əhəmiyyətli rol oynayacaq
Azərbaycan-Rusiya münasibətləri yüksələn xətlə inkişaf edir. Bu əlaqələr dövlət başçılarının siyasi iradəsinə uyğun olaraq hazırda yeni mərhələyə qədəm qoyub. Ölkələrimizin qarşılıqlı əlaqələrində siyasi münasibətlər mühüm yer tutur. Vaxtilə Azərbaycan və Rusiyanın Sovet İttifaqda yer alması ölkələrimiz arasında münasibətlərin özünəməxsus xarakterini formalaşdırıb. Müstəqillik illərində bu əlaqələr daha sürətlə inkişaf edib. Azərbaycan-Rusiya diplomatik əlaqələri 1992-ci il aprelin 4-də qurulub. 1992-ci il sentyabrın 25-də Rusiyanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb.
Prezident İlham Əliyevin oktyabrın 7-də Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Rusiya Federasiyasına səfəri əlaqələrimizin inkişafında əhəmiyyətli rol oynayacaq. Cənab İlham Əliyev bildirdi ki, Rusiya Federasiyası Prezidentinin Azərbaycana bu yaxınlardakı dövlət səfəri Rusiya-Azərbaycan münasibətlərinin müttəfiqlik xarakterini bir daha təsdiq etdi. Əminəm ki, əldə olunmuş razılaşmaların həyata keçirilməsi gələcəkdə münasibətlərimizin ardıcıl inkişafı işinə xidmət edəcək.
Onu da qeyd edək ki, MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib. Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biridir. Bu gün Laçın azaddır və burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb. Prezident İlham Əliyev çıxışında onu da qeyd etdi ki, növbəti il Azərbaycanda III MDB Oyunları keçiriləcək. Gəncə şəhəri idman paytaxtına çevriləcək. Yarışlar, həmçinin Azərbaycanın 10-dan çox şəhərində keçiriləcək.
Təbii ki, ölkəmizin bütün sahələrdə geniş imkanlara, zəngin təcrübəyə malik olması beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyində öz sözünü deyir. Azərbaycan idman ölkəsi kimi beynəlxalq aləmdə yeri və rolunu möhkəmləndirir. Azərbaycanın ev sahibliyi edəcəyi III MDB Oyunları ölkəmizin həm qurumla, həm də üzv dövlətlərlə əlaqələrinin inkişafında öz sözünü deyəcək.
Cənab İlham Əliyevin çıxışında diqqət göstərdiyi məsələlərdən, Azərbaycanın ev sahibliyi edəcəyi tədbirlərdən biri də COP29 oldu. Bildirdi ki, bir aydan sonra Bakı ən böyük beynəlxalq tədbirə – COP29 iqlim konfransına ev sahibliyi edəcək. Azərbaycan 200-ə yaxın ölkənin bu konfransın Bakıda keçirilməsi haqqında yekdil qərarını bütün dünya ictimaiyyətinin Azərbaycana hörmətinin əlaməti kimi qiymətləndirir.
Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru
Azərbaycan-Rusiya əlaqələrinin inkişafı üçün geniş imkanlar mövcuddur
Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik İli” elan edilməsi həm bu məsələnin aktuallığını, həm də Azərbaycanın ev sahibliyi edəcəyi COP29-un əhəmiyyətini açıqladı. Hər bir beynəlxalq tədbir keçirilən ölkə ilə yanaşı, iştirakçı dövlətlərin də gündəmə gətirilən məsələ ilə bağlı təcrübəsinin öyrənilməsində, hədəflərə doğru səylərin birləşdirilməsində öz sözünü deyir. Bakı iki həftə ərzində dünyanın ekoloji mərkəzi olacaq. 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, Azərbaycanı daha yaxından tanıyacaq, həqiqətlərimizin təbliğatçısına çevriləcəklər. COP29 Azərbaycanın yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamıdır. Ölkəmiz iqtisadi, siyasi, humanitar, diplomatik mərkəz kimi daim dünyanın diqqətindədir. Bu, ölkəmizin hərtərəfli inkişafının və zəngin təcrübəyə malik olmasının göstəricisidir. Azərbaycan qlobal probemlərin həllinə böyük töhfələr verir. Əməkdaşlığa, sülhə, təhlükəsizliyə yönələn çağırışları, irəli sürdüyü təşəbbüsləri daim beynəlxalq dəstək qazanır. Azərbaycan COP29 beynəlxalq konfransını da yüksək səviyyədə keçirəcək. Bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. COP29 ölkəmizin beynəlxalq nüfuzuna yeni əlavələr edəcək.
Bu reallığı da xüsusi qeyd etməliyik ki, tarixi Zəfərimiz, suverenliyimizin tam təmin edilməsi Azərbaycanın istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlarda əlaqələrinin inkişafında əhəmiyyətli rol oynayır. Ölkəmiz bu gün də yeni əməkdaşlıq platformalarının müəllifi kimi tanınır. Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasında üçüncü tərəf Rusiyadır. Rusiya, eyni zamanda, şanlı Qələbəmizdən sonra Azərbaycanın Ermənistana təklif etdiyi sülh müqaviləsinin imzalanmasına dəstəyini bu istiqamətdə keçirilən görüşlərin təşəbbüskarı olması ilə də təsdiqləyir. Rusiya Prezidenti Vladimir Putin iki ölkə arasında münasibətlərin bu günündən bəhs edərkən bildirir ki, münasibətlərimiz uğurla, etibarlı və çox praqmatik şəkildə inkişaf edir. Biz Azərbaycan rəhbərliyinin dövlətlərarası əlaqələrimizin məhz qarşılıqlı maraq və mən deyərdim ki, bir-birinə müəyyən səviyyədə rəğbət əsasında qurulmasının tərəfdarı olduğunu hiss edirik. Azərbaycanda rus dilində fəaliyyət göstərən və uşaqlara təhsil verən məktəblərin mövcudluğunu başqa cür izah etmək mümkün deyil. Prezident Əliyev respublikada rus dilinin öyrənilməsini hərtərəfli dəstəkləyir. Bu, bütün vektorlar üzrə müşahidə edilir. Bu, nədən xəbər verir? Bu, ondan xəbər verir ki, Azərbaycan rəhbərliyi Azərbaycan vətəndaşlarına rus dilinin lazım olacağını bilir. Nə üçün? İkitərəfli əlaqələrin inkişafı üçün və bu əlaqələr hazırda inkişaf edir.
Azərbaycan-Rusiya əlaqələrinin inkişafı üçün geniş imkanlar mövcuddur. Tərəflər bu əməkdaşlığın daha da möhkəmlənməsində maraqlıdır və bunu atdıqları addımları ilə təsdiqləyirlər.
Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini
Son dövrlərdə MDB ölkələri ilə Azərbaycanın əlaqələrinin məzmununu xeyli zənginləşibdir
Azərbaycan Respublikası mühüm siyasi platformaya çevrilən Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclaslarında fəal şəkildə iştirak edərək dostluq əlaqələrinə, mehriban qonşuluq münasibətlərinə, millətlərarası həmrəyliyə, etimada, qarşılıqlı anlaşmaya, əməkdaşlığın inkişafına və gücləndirilməsinə böyük töhfə verir. Prezident İlham Əliyevin oktyabrın 8-də MDB Dövlət Başçıları Şurasının iclasında iştirakı və verdiyi mühüm mesajlar bu baxımdan yeni siyasi reallıqlar fonunda bir sıra məqamlara da aydınlıq gətirilməsi ilə yadda qaldı.
İlk növbədə, tədbirin ev sahibi Rusiya Federasiyası ilə münasibətlərimizin bütün sahələrində artan dinamikasına nəzər salındı və yeni siyasi-iqtisadi keyfiyyət dəyişikliklərinin müşayiət olunduğu xatırlandı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Rusiya Prezidentinin Azərbaycana bu yaxınlardakı dövlət səfəri münasibətlərin müttəfiqlik xarakterini bir daha təsdiq etdi. Rusiya dövlət başçısının cari ilin avqust ayında ölkəmizə səfəri çərçivəsində imzalanmış yeni sazişlər əməkdaşlığın daha da inkişafı üçün əlavə imkanlar yaratmaqla yaxın qonşuluq və dostluğun xarakterini bariz şəkildə əks etdirməkdədir. İki ölkə arasında iqtisadi əlaqələrin ritmi hər il yüksəlir və 2024-cü ilin yanvar-avqust aylarında qarşılıqlı ticarət dövriyyəsinin həcmi 3 milyard dollara çatıb. Hazırda Rusiya Azərbaycanın xarici ticarət tərəfdaşları sırasında 3-cü yerdə dayanır.
Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən sonra regionda yaratdığı əlverişli və fayda verməyə yönəlmiş addımları Rusiya və digər MDB ölkələri ilə münasibətlərdə yeni keyfiyyət dəyişikliklərinə səbəb olub. Şimal-Cənub nəqliyyat dəhlizinin yeni potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən siyasət isə birbaşa rifah və iqtisadi əməkdaşlığın güclənməsinə xidmət edir. Həmin nəqliyyat arteriyasının bir hissəsinə çevrilə biləcək Zəngəzur dəhlizi isə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, eləcə də qardaş Türkiyə və türk dünyası üçün də yeni imkanlar aça bilər. Bu kontekstdə adıçəkilən layihələrin uğurla həyata keçirilməsi digər MDB ölkələri üçün də əlavə stimullar deməkdir.
Son dövrlərdə MDB ölkələri ilə Azərbaycanın əlaqələrinin məzmununu xeyli zənginləşib, əmtəə dövriyyələrinin həcmi və strukturu daha da genişlənib. Həmçinin birlik ölkələri ilə humanitar-mədəni əməkdaşlıq da keyfiyyətcə yeni səciyyə qazanmışdır. Bu humanitar platformanın qürurverici tablosu isə MDB Humanitar Əməkdaşlıq Şurasının qərarı ilə Şərqi Zəngəzur iqtisadi rayonun və eləcə də regionun trans-kommunikası mərkəzlərindən biri olan Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı elan edilməsidir. Bu qərarın verilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqında böyük fərəh və qürur hissi doğurdu.
Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri
Azərbaycan tolerant, multikultural, bəşəri humanizm və xeyirxahlıq ənənələrinin daşıyıcısıdır
Həmçinin, III MDB Oyunlarının 2025-ci ildə ölkəmizin ikinci böyük şəhəri olan Gəncədə keçirilməsi Azərbaycanın idman ölkəsi kimi nüfuzunun göstəricisi, idman ictimaiyyətində qazandığı etibarın ifadəsidir. Bu tədbir Gəncənin timsalında regionlarımızda idman hərəkatının inkişafının da irəliləməsində, eləcə də təşviqində də əhəmiyyətli rol oynayacaq.
MDB Dövlət Başçıları Şurasının iclasında diqqət çəkən məqamlardan biri də II dünya müharibəsində qazanılmış qələbənin 80 illik yubileyi ilə bağlı müraciətin qəbul edilməsidir. Azərbaycanın bu müharibədə önəmi hədsiz dərəcədə böyükdür, ümumi qələbənin qazanılmasına həm sanballı töhfələr, həm də böyük sayda qurban verib. Belə ki, Azərbaycan əhalisinin 20.6 faizi (700 min) müharibədə iştirak edib, 350 mini həlak olub, eyni zamanda, 130 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Müharibədə neft və neft məhsullarının 80, hərbi texnika üçün yanacağın 96 faizini təchiz edən Azərbaycan qələbənin əldə edilməsində qəhrəman respublikalardan biri kimi xatırlanır.
Azərbaycan tolerant, multikultural, bəşəri humanizm və xeyirxahlıq ənənələrinin daşıyıcısıdır. Humanitar missiyası ilə bölgədə dərin dostluq təməlləri qurub. Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı elan edilməsi bu baxımdan Azərbaycana olan səmimi dostluq münasibətinin nümunəsi, etimadın göstəricisidir. Uzun illər ermənilərin silah, qaçaqmalçılıq, qanunsuz miqrasiya və narkotik vasitələrin dəhlizinə çevirdiyi Laçın indi sülh, rifah, MDB məkanında dostluq və humanizmin simvoluna çevrilmək üzrədir.
Beləliklə, MDB Dövlət Başçıları Şurasının iclası bir daha Azərbaycanın dostluq və mehriban qonşuluq münasibətlərinə sadiqliyini, dövlətlərarası və millətlərarası həmrəyliyə, etimada əməkdaşlığa töhfə verən nüfuzlu ölkə olmasını nümayiş etdirdi.
Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal