Tarixi missiya
Tarixi missiya
Əbədiyaşar şəxsiyyət, xalqımızın Ümummilli Lideri, Ulu öndər Heydər Əliyev bu sözləri Dünya Azərbaycanlılarının 2001-ci ilin noyabr ayında keçirilən I Qurultayında demişdi-“Əmin olduğumu bildirmək istəyirəm ki, biz bu münaqişənin də ləğv olunmasına, aradan götürülməsinə nail olacağıq, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır, işğal olunmuş torpaqlar azad ediləcək, yerindən-yurdundan didərgin düşmüş qaçqınlar öz doğma torpaqlarına qayıdacaqlar”.
2006 və 2011-ci illərdə Bakıda Heydər Əliyev Sarayında, 2016-cı ildə isə Heydər Əliyev Mərkəzində keçirilən Qurultaylarda dünya azərbaycanlılarını salamlayan cənab İlham Əliyev bu dəfə onları Qarabağda – Zəfərimizin rəmzi olan Şuşada bir araya gətirdi. Dünya azərbaycanlılarının həmrəylik mesajı bu dəfə Şuşadan dünyaya bəyan olundu və bu mesajda xalqımızın tarixi zəfəri, Qarabağın Azərbaycan olduğu ifadə edildi. Bu mənada Dünya Azərbaycanlılarının V Qurultayının ruhu da, məzmunu da fərqli idi. Ona görə ki, bu qurultay Şuşada keçirilirdi. Ona görə ki, cənab Prezidentimiz onları yalnız dünya azərbaycanlılarının lideri yox, həm də döyüş meydanında Zəfər çalmış Ali Baş Komandan kimi salamladı. Cənab İlham Əliyev onları ən böyük arzularının həyata keçməsini təmin edən dövlət başçısı kimi qarşıladı. Elə buna görə də Prezident cənab İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayını Zəfər qurultayı adlandırdı: “Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə, Zəfər adı xalqımıza çox yaraşır”.
Vüsalə Kərimova –Zərdab şəhər 1 saylı məktəb liseyin direktoru