Heydər Əliyev hüquqi dövlətin Azərbaycan modelini yaratmağa nail oldu
Heydər Əliyev hüquqi dövlətin Azərbaycan modelini yaratmağa nail oldu
Müstəqilliyin ilk illərində ölkənin məruz qaldığı hərbi təcavüz, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri, habelə ölkə daxilində vətəndaş müharibəsinin reallığa çevrildiyi bir şəraitdə xalqımızın yeganə ümidi dəmir iradəyə, yüksək idarəçilik keyfiyyətlərinə, geniş siyasi dünyagörüşünə malik xarizmatik lider olan Heydər Əliyevlə bağlı olmuşdur.
Məhz belə bir mürəkkəb vəziyyətdə 1993-cü ilin yayında ulu öndər xalqın çağırışı ilə Naxçıvandan respublikaya rəhbərliyə qayıtdı. Xalqımızı və dövlətimizi böyük təhlükələrdən xilas etmək, müstəqil Azərbaycan dövlətini qurmaq missiyasına “ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” söyləməklə başlayan Heydər Əliyev nadir və iti dövlətçilik zəkası, cəsarəti və sarsılmaz iradəsi ilə Azərbaycanda demokratik hüquqi dövlət yaratmağa müvəffəq oldu.
Heydər Əliyev dövlət müstəqilliyimizi əbədi və dönməz etdi, ölkəmizə sabitlik, sülh və əmin-amanlıq, siyasi islahatlar, demokratikləşmə, iqtisadi yüksəliş, sosial inkişaf gətirdi. Atəşkəsə nail olundu, iqtisadiyyat dirçəldi, Azərbaycanı tənəzzül etmiş dövlətdən inkişaf edən ölkəyə çevrildi. Respublikamızın beynəlxalq əlaqələrini möhkəmləndirərək gələcək inkişafa hesablanmış bir çox transmilli layihələrin, xüsusilə uğurlu neft strategiyasının təməli qoyuldu. Düşünülmüş xarici siyasət kursu ölkəmiz üçün təkcə siyasi dəstək deyil, həm də iqtisadi əməkdaşlıq və investisiya imkanları yaratdı.
Tam ictimai-siyasi sabitlik bərqərar olunduqdan sonra zəngin dövlətçilik təcrübəsinə malik olan böyük strateq Heydər Əliyev hüquqi dövlətin Azərbaycan modelini yaratmağa nail oldu. İlk milli Konstitusiyanı gerçəkləşdirməklə demokratik hüquqi dövlət quruculuğu prosesinə güclü təkan verildi. Ölkədə hüquqi dövləti qurmaq üçün mükəmməl hüquq sistemi, effektiv məhkəmə hakimiyyəti, hakimiyyət bölgüsü kimi prinsiplər yaradıldı.
Ulu öndər ordu quruculuğunu prioritet fəaliyyət istiqamətlərindən biri elan edərək eyni zamanda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında təşəbbüsü ələ almaqla danışıqlar prosesində Azərbaycanın üstün mövqeyini təmin etdi.
Cavid Nuriyev –Zərdab şəhər sakini, fəal gənc