Hər bir azərbaycanlının missiyası
Ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir. “Millətin milliliyini saxlayan onun dilidir” ,- deyən ümummilli lider Heydər Əliyevin 2001-ci il avqustun 9-da imzaladığı fərmana əsasən, hər il 1 avqustun tarixini xalqımız Azərbaycan dili və Əlifbası Günü kimi böyük təntənə və sayğı ilə qeyd edir.
Ölkəmiz SSRİ-nin tərkibində olduğu ilk dövrlərdə Azərbaycan dilinin dövlət dili səviyyəsində fəaliyyət göstərməsi üçün lazımi şərait və imkanlar yaradılmamışdı. Lakin ötən əsrin 70-ci illərində respublikanın iqtisadi, ictimai-siyasi və mədəni ideoloji həyatında böyük dönüş yaradan ulu öndər Heydər Əliyev dil məsələsinə də böyük önəm verirdi. 1969-1982-ci illərdə sovet Azərbaycanına rəhbərlik edən Ulu öndər müxtəlif tədbirlərdə Azərbaycan dilində çıxış etməklə dilimizə verdiyi dəyəri göstərdi. O, həmçinin rusdilli məktəblərdə Azərbaycan dilində dərsliklərin daha çox istifadəsinə dair göstərişlər də vermişdi. Qeyd etməliyik ki, 1921-ci ildə Azərbaycan SSR Konstitusiyasında dilimiz haqqında heç bir maddə salınmamışdı. 1937-ci ildə isə Azərbaycan SSR Konstitusiyası layihəsində nəzərdə tutulur ki, dövlət dili türk dilidir. Moskvadan tapşırıq gəlir ki, həmin maddə çıxarılsın. Belə də olur, sonra isə bu məsələ tamamilə unudulur. Ancaq Ümummilli Liderin səyləri nəticəsində 1978-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul edilərkən Azərbaycan SSR-in Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edilmişdir. Ümummilli Lider ana dilinin saflığının qorunmasına çalışaraq bunu alim, şair, yazıçılardan, bütövlükdə, ziyalılardan qətiyyətlə tələb edirdi. Azərbaycanın rəhbəri, hətta rəsmi toplantılarda bu məsələ barədə öz prinsipial mövqeyini açıq-aydın, birbaşa bildirirdi.
O, Azərbaycan xalqının əsrlərə söykənən təcrübəsindən, sınaqlarından keçən adət-ənənələri yaşatmağa çalışmışdır.
Ümummilli Liderin müstəqillik dövründə ölkəmizə rəhbərlik etdiyi dönəmdə Azərbaycan dili öz inkişafının yeni mərhələsinə qədəm qoydu, milli dövlətçiliyin başlıca rəmzlərindən biri kimi sözün həqiqi mənasında dövlət dili statusu qazandı. Ulu Öndərin həyata keçirdiyi ana dili siyasətini bu gün Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir.
Prezident İlham Əliyevin bu sahədəki siyasəti bütövlükdə 1993-cü ildən bu yana yürüdülən dil siyasətinin ayrılmaz tərkib hissəsi və məntiqi davamıdır. Həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın folklorumuzun, aşıq musiqisinin, muğamlarımızın, maddi və qeyri-maddi mədəni irsinin inkişafında göstərdiyi misilsiz xidmətlər ana dilimizin qorunması üçün ən vacib amillərdən biri kimi dəyərləndirilməlidir.
Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı da öz ana dilini, milli adət-ənənələrini unutmamalıdır. Çünki xalqın taleyi, onun mənliyi, mənəviyyatı və mədəniyyəti olan dil cəmiyyətin təşəkkülü və inkişafı ilə birgə yaranır, tərəqqi edir. Məhz bu gün dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya çəkib gətirən, ümummilli hədəflərin müzakirəsinə toplayan da ana dilimizə olan sevgi və qırılmaz bağlılıqdır.
İnanırıq ki, Azərbaycan dilinin təsir dairəsinin genişləndiyi, onun tədrisinə böyük əhəmiyyət verildiyi indiki zamanda dilçi alimlərimiz, ziyalılarımız, müəllimlərimiz və bütün ictimaiyyət bu şərəfli missiyanın həyata keçirilməsində bundan sonra da var qüvvəsi ilə çalışacaq.
Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri