22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Məmurların əhalidən oğurladıqları haqq: Ədalət yerini tapmalıdır!

Məmurların əhalidən oğurladıqları haqq: Ədalət yerini tapmalıdır!

Deputat: “Özəlləşdirmə çekləri ilə bağlı məsələyə məntiqi yekun vurulmalıdır”Sabiq nazir: “Oliqarxların müəssisələri ələ keçirməsi vətəndaşın günahı deyil” 

Hüquqşünas: “Onların ləğvi barədə qanun yoxdur və çeklər hələ də qüvvədədir”

Ölkəmiz yenicə dövlət müstəqilliyi əldə etdiyi illərdə Azərbaycan hökumətinin qarşısında duran əsas hədəflərdən biri də sovetdən qalmış dövlət əmlakının ədalətli bölüşdürülməsi ilə bağlı idi. Çünki ölkə bir sistemdən digər sistemə keçid edirdi və Sovet Azərbaycanı artıq tarixdə qalmışdı.

Belə bir dövrdə Ulu Öndər Heydər Əliyev tarixi bir fərman imzaladı. Fərmanda sovetlər dövründən miras qalan dövlət əmlakının özəlləşdirilməsi zamanı əsas payçıların Azərbaycan vətəndaşları olması öz əksini tapdı. Fərmana əsasən, özəlləşdirilməyə çıxarılan dövlət əmlakının  65 faizi vətəndaşlar arasında bölünməli idi.

Lakin məmur oliqarxiyasının və bir qrup işbazın “xidməti” sayəsində bu mütərəqqi proses yarımçıq saxlanıldı. 2011-ci ildə özəlləşdirmə çeklərinin tədavül müddətinin başa çatdığını elan etdilər. Hansı ki, bununla bağlı fərmanda və qanunvericilikdə özəlləşdirmə çeklərinin qiymətli dövlət kağızı olması qeyd olunurdu. “Qiymətlər kağızlar haqqında” Azərbaycan Respublikasının Qanununda isə qiymətli kağızlar üçün müddət nəzərdə tutulmayıb. Eyni zamanda, inflyasiyadan qorunmaqla bir özəlləşdirmə çeki minimum 2000 ABŞ dolları ekvivalentində qiymətləndirilib.

Bu gün özəlləşdirmə çekləri tədavüldə olmasa da, ölkə ictimaiyəti bunun qanunsuz olduğunu bildirir, bununla bağlı müvafiq qurumlara çağırışlar edirlər. Çekləri əllərində qalan yüzminlərlə vətəndaş isə tarixi ədalətin bərpa olunacağı günü gözləyirlər. Çek sahibləri ölkə rəhbərliyinə açıq məktubla müraciət ediblər. Əksər deputatlar və ziyalılar da özəlləşdirmə çekləri ilə bağlı müəyyən çağırışlar edirlər.

Milli Məclisin üzvü Anar İsgəndərov AYNA-ya açıqlamasında deyib ki, bu gün çekləri əllərində qalan vətəndaşlar var və onların taleyinə aydınlıq gəlməlidir: “Əslində bununla bağlı iqtisadçılar və iqtisadçı millət vəkilləri danışsalar, daha yaxşı olardı. Bildiyim qədər onlar da bununla bağlı öz mövqeyini ifadə ediblər. Bir tarixçi alim olaraq deyə bilərəm ki, özəlləşdirmə çekləri ilə bağlı qərar uzaq tarixdə verilməyib. Xatirimdədir, o zaman bununla bağlı Ulu Öndər Heydər Əliyevin fərmanı ictimaiyyət arasında coşqu ilə qarşılandı. Azərbaycan bir sistemdən digər sistemə keçid edirdi. Sovetdən qalma dövlət əmlakının əsas payçılarının vətəndaşlar olması Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqına və dövlətinə olan bağlılığının daha bir göstəricisi idi. Digər fərman və sərəncamlar kimi, Ulu Öndərin bu fərmanı da ictimaiyyət arasında böyük rəğbətlə qarşılandı”.

“Bu gün müvafiq qurumlar bununla bağlı hərəkətə keçməlidir. Şübhəsiz ki, vətəndaşların mülkiyyət hüquqlarının qorunması zəruridir. Aidiyyəti qurumlar bununla bağlı monitorinq aparmalıdır. Çekləri əllərində qalan vətəndaşların sayı nə qədərdir, onların gələcək taleyinə hansı formada qərar verilməlidir? Tədavül müddəti artırılmalıdır, yoxsa kompensasiya ödənilməlidir? Yaxud da növbəti özəlləşdirilmə prosesində iştiraklarına şərait yaradılmalıdır? İqtisadçı olmadığıma görə, bu məsələyə dair hər hansı rəy verə bilmərəm. Lakin bir məqam var ki, özəlləşdirmə çekləri əllərində qalan xeyli sayda vətəndaş var və bu məsələyə məntiqi yekun vurulmalıdır”, – deyə deputat bildirib.

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov da AYNA-ya açıqlamasında söyləyib ki, ölkə vətəndaşları zamanında bu çeklərə böyük ümidlərlə baxıblar və mövzunun aktuallığını itirməməsinin əsas səbəblərindən biri də budur: “Bəzən belə iddialara rast gəlirik ki, payçıların onlara məxsus özəlləşdirmə çeklərini satışa çıxarmaq üçün imkanı olub. Hətta bu məqsədlə bir neçə dəfə tədavül müddətinin artırılması da qeyd olunur. Lakin bunu söyləyənlər o məqamı unudurlar ki, insanlar bu çeklərə ümidlə baxırdılar və proses onların istəklərinə uyğun şəkildə təşkil edilməyib. Bu səbəbdən də xeyli sayda vətəndaş hələ də çeklərini qoruyur”.

“Ulu Öndər Heydər Əliyevin bununla bağlı fərmanında aydın şəkildə qeyd edilirdi ki, özəlləşdirməyə çıxarılacaq dövlət əmlakının 65 faizinin sahibi vətəndaşlar olmalıdır. Hər bir çekin əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib”, – deyə professor vurğulayıb.

Yusifov özəlləşdirmə çeklərinin tədavül müddətinin artırılmasını təklif edir: “Əgər bu proses fərmanda və qanunvericilikdə nəzərdə tutulduğu formada aparılsaydı, o zaman insanlarımız kifayət qədər əmlaka sahib olardılar. Bu gün onlar nəinki buna nail olmayıblar, yüzminlərlə vətəndaş hələ də tarixi ədalətin bərpa olunacağı günü gözləyir. Oliqarxların dövlət müəssisələrini ələ keçirməsi vətəndaşın günahı deyil. Əslində onlar da bu prosesdə istismar olunublar və məhz buna görə də çekləri “qara bazar”da satmaqdan imtina ediblər. Bütün hallarda vətəndaşların hüquqları bərpa edilməli, dəyən zərər hökumət tərəfindən kompensasiya edilməlidir”.

Hüquqşünas Xəyal Bəşirov da eyni fikirdədir. Onun AYNA-ya dediyinə görə, özəlləşdirmə çeklərinin tədavül müddəti yenidən artırılmalıdır: “Özəlləşdirmə çekləri qanunvericiliyə uyğun olaraq vətəndaşlara verilibsə və ləğvi barədə rəsmi qanun qəbul edilməyibsə, bu halda sözügedən çeklər hələ də qüvvədədir. Özəlləşdirmə çeklərinin etibarsız hesab olunması ilə bağlı qanun mövcud deyil. Yəni özəlləşdirmə çekləri hələ də etibarlı sayılır”.

“Bu baxımdan mütləqdir ki, özəlləşdirmə çekləri əllərində qalan vətəndaşların taleyinə aydınlıq gətirilsin. Bununla bağlı yeni qərarların qəbuluna və vətəndaşlara dəymiş zərərin ödənilməsinə ehtiyac var. Bir halda ki, qanun vətəndaşın tərəfindədir, ona riayət etmək lazımdır”, – deyə həmsöhbətimiz diqqətə çatdırıb.

QEYD

Məlumat üçün bildirək ki, özəlləşdirmə çekləri 1997-ci ildə dövlət qeydiyyatında olan bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Çeklərin hər birinin dəyəri eynidir. Qanuna əsasən, özəlləşdiriləcək bütün iri və orta dövlət əmlakının ən azı 65 faizi özəlləşdirmə çekləri ilə əvəzlənməli, özəlləşdirmə prosesi bu şəkildə həyata keçirilməlidir.

Hər bir çekin dəyəri 1/32 milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu, o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır.

Çeklər çap olunan zaman dövlət buna böyük miqdarda vəsait ayırıb və qiymətli kağız olaraq bu vauçerlər dollardan və digər valyutalardan qiymətli tutulur. İnflyasiya qorunmaqla bir payçı üçün  özəlləşdirmə çekinin dəyəri minimum 2000 ABŞ dolları ekvivalentində qəbul edilib. Qanunda vauçerlər üçün müddət nəzərdə tutulmasa da, tədavül müddətinin dayandırılması bəzi məmurların mövzunu qapatmaq cəhdi kimi qiymətləndirirlər.

Əhalinin maarifçilik səviyyəsinin aşağı olması, bəzi işbazların və məmur-oliqarxiyasının prosesin önünə keçməsi nəticə etibarilə bu vəziyyəti şərtləndirdi. Bəziləri vauçerlərini “qara bazar”da satışa çıxarsalar da, ədalətin zəfər çalacağı günü gözləyib bu günə qədər çeklərini qoruyanlar da var.

Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.

Müəllif: Aydın Gəray

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın