Tarixi qələbəmiz,düşmənin tarixi məğlubiyyəti ilə bitdi
Bir çox tarixi hadisələr öz dəyərini və əhəmiyyətini zaman ötdükcə daha bariz şəkildə biruzə verir. İnsanlar və xalqlar daha dolğun nəticəyə gəlirlər. Bu həm fərdlərin, həm də xalqların keçdikləri yolda rast gəlinən obyektiv həqiqətdir. Təsadüfi deyil ki, siyasət və tarix anlayışlarını müqaisə edərkən: “Siyasət bu günki tarix, tarixsə, keçmiş siyasətdir” deyirlər. Ötən 28 ilin tarixi, həm də siyasi proseslərinə nəzər saldıqda bu ifadənin nə qədər məntiqi olduğunu anlamaq olur. XX əsrin 90-cı illərinin əvvəlində baş vermiş erməni işğalları, bu işğaldan ötən dövr ərzində həyata keçirilən, şahidi olduğumuz siyasət, beynəlxalq güclərin ikiüzlü, öz mənafelərinə xidmət edən mövqeyi, keçmiş Qarabağ probleminin həllində dövlətimizin, dövlət rəhbərimizin həm daxili, həm də xarici siyasətdə sərgilədiyi ardıcıl, mətin mövqe, uzun illərdir işi-gücü “düşmən dəyirmanına su tökmək” olan, adını müxalifət qoyub faktiki düşmənçiliklə məşğul olan marginal siyasi qruplaşmaların antiazərbaycan mövqeyi qeyd olunanların sübutudur.
Eyni zamanda ötən bu illər ərzində dövlətmizin, cəmiyyətimizin və ən əsası hər bir Azərbaycan vətəndaşının daha güclü, daha sağlam, sosial rifahı daha yüksək olan fərd kimi yaşamasından ötrü həyata keçirilən sosial-iqtisadi və mədəni-siyasi layihələr, dövlət proqramları, beynəlxalq səviyyədə – həm dövlətərarası, həm də beynəlxalq birliklərlə aparılan iş, yekun etibarı ilə bizə bu günkü Azərbaycanı – dinamik inkişaf edən, tam daxili siyasi sabitliyə nail olmuş, ümumi iqtisadi göstəriciləri hər il artan, qüdrətli orduya malik, əhalinin sosial rifahına yönəlik tədbirlərlə sosial tərəqqiyə nail olmuş, beynəlxalq və regional nüfuzuna görə dünyada istənilən səviyyədə mövqeyi qəbul olunan, sözü keçən bir dövləti, cəmiyyəti bəxş etmişdir.
Heç şübhəsiz ki, bu tarixi eksrursdan gəlinən nəticə əslində keçilən uzun yolun sonunda hansı tarixi nailiyyətlər əldə etdiyimizi sübuta yetirir. Bu sübutları sadalamaqla bitən deyil. Zaman ötdükcə bütün bu qeyd olunanları bir dövlətin, cəmiyyətin tarixi və gələcəyi üçün nə qədər böyük önəm daşıdığı bəlli olur. Bu mənada xüsusi qeyd olunan və bütövlükdə dövlətçilik tariximizə qızıl hərflərlə həkk olunmuş, 44 gün davam edən Vətən müharibəsi həm uzun illər ərzində əldə olunmuş gücün, möhkəm təməllər üzərində imza edilmiş strategiyanın məntiqi yekunu və davamlılığının təminatı idi.
27 sentyabrdan başlanan “Zəfər” yolu 8 noyabr 2020-ci ildə tarixi qələbəmiz, düşmənin tarixi məğlubiyyəti ilə bitdi.
44 gün davam edən müharibənin hər dəqiqəsi tarixə döndü. Ordunun strateji və tarixi döyüş əməliyyatları, dövlətlə xalqın birliyi və bütün bu günlər ərzində təkcə səngərdəki hərbiçilərimizi deyil, diplomatik cəbhədəki gedişləri ilə həm də xalqını ruhlandıran Ali Baş Komandanın dəmir iradəsi bu qalibiyyəti bizlərə yaşatdı. Şəhidlərimizin, qazilərimizin mərdliyi, məsuliyyəti, döyüş ruhu bu qələbəni bizə bəxş etdi. Təkcə Ermənistana deyil bütün dünyaya sübut edə bildik ki, keçmiş Qarabağ probleminin həlli öz əlimizdə olub. Amma beynəlxalq ictimaiyyətə olan güvənimiz, mənfur qonşumuzun nə zamansa, “ipə-sapa yatacağına” olan inamımız bizi həm səbrli olmağa, həm də daha güclü olub düşmənin başını əzmək üçün dünyanı qandırmağa vaxtımız olsun deyə hərəkətə keçməmişik. Lakin nə beynəlxalq ictimayət, nə də hiyləgər qonşu bunu dəyərləndirməyib. Odur ki, Azərbaycan əsgərinin “Dəmir yumruğ”u hər kəsə öz yerini göstərdi.
İndi möhtəşəm tarixi gündən düz 2 il ötür. Bu iki il ərzində xalqımız qələbənin təntənəsini yaşamaqdadır.
Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqllar Şurasının sədri