Azərbaycan və Bolqarıstan arasında əməkdaşlığın dərinləşməsi üçün böyük imkanlar mövcuddur
Bolqarıstan və Azərbaycan dost, strateji tərəfdaş ölkələr olaraq bir-biri ilə çox sıx əlaqədədirlər. Bu əlaqələrin hüquqi əsasını 2015-ci ildə ölkələrimiz arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə təşkil edir. Mövcud Bəyannamə Bolqarıstan-Azərbaycan əməkdaşlığının davamlılığını təmin etməklə yanaşı iki ölkə arasındakı əlaqələri yüksək səviyyəyə qaldırmışdır. Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamədə təsbit edilmiş bütün məsələlər artıq həyatda öz əksini tapmışdır. Ölkələrimiz arasındakı siyasi əlaqələr davamlı olaraq inkişaf edir.
30 sentyabr tarixində Bolqarıstana rəsmi səfəri zamanı Prezident İlham Əliyev Bolqarıstan-Azərbaycan əlaqələrini çox yüksək qiymətləndirmiş və iki ölkə arasında əlaqlərin bundan sonra da uğurla davam etdiriləcəyini bildirmişdir.
Məlum olduğu kimi Azərbaycan bəzi ölkələrlə yanaşı Bolqarıstana da qaz ixrac edir. Hər bir ölkə üçün enerji təhlükəsizliyi məsələləri həmişə mühüm əhəmiyyət kəsb edir. Ancaq müasir dövrümüzdə dünyada baş verən geosiyasi hadisələr fonunda enerji təhlükəsizliyi məsələlərinin əhəmiyyəti daha da artmışdır. Strateji tərəfdaş olaraq ölkələrimiz enerji təhlükəsizliyi sahəsində əlavə addımlar atılacaqlar. Bununla bağlı Prezident İlham Əliyev qeyd etdi ki, Bolqarıstana ixrac ediləcək Azərbaycan qazının həcminin artırılması nəzərdə tutulub. Uzun illərdir etibarlı tərəfdaş kimi xam neftini dünya və Avropa bazarlarına ixrac edən Azərbaycan artıq qaz hasilatını artıraraq öz tərəfdaşlarını təbii qazla təmin etməkdə maraqlıdır. Bu baxımdan Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi tarixi əhəmiyyətə malikdir. Belə ki, interkonnektor Azərbaycan qazının Avropaya daha geniş miqyasda nəql olunmasına imkan yaratmaqla bərabər Avropa qitəsində enerji təhlükəsizliyinə də çox böyük fayda verəcəkdir.
Enerji təhlükəsizliyi məsələləri haqqında danışarkən Prezident İlham Əliyev Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq haqqında Memorandumun böyük əhəmiyyəti olduğunu vurğuladı. İmzalanmış Memoranduma əsasən, növbəti bir neçə ildə Azərbaycan Avropaya qaz ixracatını ən azı 2 dəfə artıracaqdır. Bunun üçün ölkəmizin zəngin qaz ehtiyyatları, eləcə də yeni və çoxşaxəli qaz nəqliyyat infrastrukturu vardır. Həmçinin bu sahədə əldə edilmiş uğurlar gələcək planlar üçün də gözəl zəmin yaradır.
Bolqarıstana səfəri çərçivəsində Prezident İlham Əliyev öz çıxışında Azərbaycanın böyük tranzit və nəqliyyat-kommunikasiya potensialına malik olduğunu diqqətə çatdıraraq Azərbaycanın öz ərazisində çox müasir nəqliyyat infrastrukturu – dəmir yolları, avtomobil yolları, yeni Beynəlxalq Dəniz Ticarət Limanı yaratdığını bildirmişdir. Bu istiqamətdə əməkdaşlıq Bolqarıstan və Azərbaycan nəqliyyatçılarına maraqlı olduğu üçün uzunmüddətli və genişmiqyaslı gələcək əməkdaşlıq haqqında fikir mübadiləsinin aparılması razılaşdırılmışdır. Ümumiyyətlə, Azərbaycan və Bolqarıstan arasında yeni əməkdaşlıq imkanları araşdırılacaq. Bir halda ki, iqtisadiyyat və sərmayə sahələrində əməkdaşlığın dərinləşməsi üçün çox böyük imkanlar mövcuddur. Ölkə başçısının qeyd etdiyi kimi, Bolqarıstan şirkətləri Azərbaycanda daha genişmiqyaslı işlərin görülməsinə dəvət olunacaqlar. Xüsusilə, işğaldan azad olunmuş ərazilərimiz əməkdaşlıq üçün yeni imkanlar yaradır.
Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru