Bu gün Bolqarıstan və Azərbaycan iki dost və strateji tərəfdaş ölkələr kimi bir-biri ilə daha sıx əlaqədədirlər
Bu gün Bolqarıstan və Azərbaycan iki dost və strateji tərəfdaş ölkələr kimi bir-biri ilə daha sıx əlaqədədirlər
Müasir dövrdə Azərbaycan ilə Bolqarıstan arasında davam etdirilən çox sıx əməkdaşlıq özünün uğurlu nəticələrini göstərməkdədir. İki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir. Bu mənada Azərbaycan ilə Bolqarıstan arasında münasibətlər hər zaman yüksək səviyyədə olub və müsbət dinamikası ilə seçilib. Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var. Bundan başqa, iki ölkə arasında ticarət, nəqliyyat, xüsusilə yük daşımaları, sərmayələr, yüksək texnologiyalar, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər mövcuddur. Ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsində, bu əlaqələrin yeni mərhələyə qədəm qoymasında, strateji əməkdaşlıq səviyyəsinə çatdırılmasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2015-ci ilin mart ayında Bolqarıstan Respublikasına rəsmi səfəri və rəsmi səfəri zamanı imzalanmış Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə böyük rol oynamışdır. Bu son dərəcə mühüm sənədlə tərəflər qarşılıqlı maraq doğuran sahələrdə həm ikitərəfli formatda, həm də beynəlxalq aləmdə iki ölkə arasında əməkdaşlığı dərinləşdirmək və genişləndirmək məqsədilə strateji tərəfdaşlığa daxil olduqlarını bəyan ediblər. Hazırda siyasi, iqtisadi, elmi, texniki və mədəni əlaqələr istiqamətində münasibətlər sürətlə və uğurla inkişaf etməkdədir. Artıq yeddi ildir ki, bir-birini strateji tərəfdaş hesab edən ölkələrimiz arasında sıx əməkdaşlığın uğurlu nəticələri müşahidə olunmaqdadır. Cari ilin sentyabrın 30-da Prezident cənab İlham Əliyevin Bolqarıstana növbəti səfəri hər iki ölkə arasında münasibətlərin daha da inkişaf etməsinə zəmin yaratmaqla strateji əməkdaşlıq səviyyəsini daha da yüksəldəcək.
Zərdab rayon Gənclər və İdman idarəsinin rəisi – Ələkbər Kərimov