Türk Ordusu yolunda açılan İMKANLAR: “Türkdilli dövlətlərin birliyi artıq tarixi-siyasi reallıqdır” – Anar Əsədli ilə müsahibə
“Yaxın zamanlarda Azərbaycanla Qırğızstan arasında hərbi sənaye və hərbi-siyasi məsələlər üzrə sazişlərin gündəmə gəlməsi istisna olunmur”.
Azərbaycan Prezidenti İlham Əliyev Bişkekdə Azərbaycan və Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə keçirilən iclasında bildirib ki, Strateji Tərəfdaşlıq haqqında Bəyannamə Azərbaycan ilə Qırğızıstan arasında münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldırıb. Dövlət başçısı 6 ay əvvəl Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana səfəri zamanı Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin imzalandığını və bunun iki ölkə arasında münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldırdığını xatırladıb.
Azərbaycan-Qırğızıstan münasibətlərinin artan temp üzrə inkişafı, o cümlədən Türk Dövlətləri Təşkilatının geosiyasi aləmə mümkün təsirləri ilə bağlı
Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli Xəbəraz.org-a müsahibə verib.
Sözügedən müsahibəni təqdim edirik:
– Anar bəy, Azərbaycanla Qırğızıstan arasında mövcud olan Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin əhəmiyyəti nədir və bu bəyannamə nə vəd edir?
– Türk Dövlətləri Təşkilatının yaranması türkdilli ölkələr arasında münasibətlərin daha əhatəli və dərin əməkdaşlığı üçün yeni fürsətlər açıb. Təşkilat daxilində əlaqələrin çoxşaxəli və konkret istiqamətlər üzrə müəyyənləşməsi ilə yanaşı, ölkələrarası ikitərəfli tərəfdaşlıqları da əhəmiyyətli edib. Bu gün türkdilli ölkələr arasında inteqrasiyanın daha yeni mərhələyə qədəm qoyması dəyişən geosiyasi və geoiqtisadi reallıqlar fonunda ciddi nəticələrə hesablanıb. Milli və strateji maraqlarla yanaşı, regional maraqlar da bu inteqrasiyanı zəruri edən əsas faktordur. Türkdilli ölkə başçılarının bir-birlərinin ölkələrinə qarşılıqlı rəsmi səfərlərinin intensivləşməsi, dövlətlərin mühüm və strateji sahələr üzrə bərabərhüquqlu əməkdaşlıq çərçivəsində müqavilələrin, sazişlərin bağlanması yeni dövrün sifarişidir. Ən önəmlisi budur ki, hər bir ölkənin xalqı və bütövlükdə cəmiyyəti bu prosesdən son dərəcə məmnundur. Bu mənada dövlətlərin zamanın nəbzini doğru tutduqları qənaətinə gələ bilərik.
Xüsusilə Sovet İttifaqının dağılmasından, eləcə də Soyuq Müharibənin bitməsindən sonra bölgədə maraqları olan qlobal güc mərkəzlərinin gizli-aşkar təzyiqləri, maneələri şəraitində xəyal kimi görünən türkdilli dövlətlərin birliyi artıq tarixi-siyasi reallıqdır və bu, geridönməz xarakter alıb.
– Son dövrlər qlobal miqyasda iqtisadi gücə çevrilən Çinin genişlənən iqtisadi ekspansiyası, qlobal siyasi duruşunu müəyyənləşdirməkdə tərəddüdləri olan Rusiyanın çox ciddi geosiyasi yanlışlıqlara yol verərək qonşusu Ukrayna ilə müharibəyə girişməsi, Co Baydenin ABŞ-da prezident seçildikdən sonra müəyyən mənada pərən-pərən düşmüş Avroatlantik məkana bağlı ölkələri bir araya gətirib Rusiyaya, eyni zamanda Çinə qarşı mübarizədə NATO hərbi blokunu gücləndirmə çabaları müşahidə olunur. Mövcud siyasi gedişatı nəzərə alsaq, türk dövlətləri öz təhlükəsizliyini təmin etmək üçün nə etməlidir?
– Bütün bu proseslər fonunda türk dövlətləri də öz talelərinə sahib çıxaraq kənarda dayanmamalı, siyasi iradə ortaya qoyaraq sərəncamlarında olan mümkün potensialı və imkanları, bütün resursları birləşdirib dəyişən dünyada, xüsusilə mövcud olduqları coğrafiyada bir güc faktoru kimi meydana çıxmalıdırlar. Türk Dövlətləri Təşkilatı (TDT) məhz belə bir zaman kəsiyində zərurətə çevrilib və bu gün biz qədim türklərin ata yurdu Qırğızıstanla Azərbaycan arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin daha konkret məzmunda zənginləşdirilməsinə məhz bu konteksdən qiymət verməliyik.
Dünyada güc balansı dəyişir, dövlətlərarası münasibətlər yenidən format olunur və qarşıda dünya siyasətində baş verə biləcək daha ciddi hərbi-siyasi kataklizmlərə, hətta dünyanın siyasi xəritəsində ehtimal olunan dəyişikliklərə, o cümlədən iqtisadi, humanitar böhranlara, regional müharibələrə hər mənada hazır olmaq, bütün yaşana biləcək problemlərə qarşı həm TDT formatında kollektiv şəkildə, həm də ikitərəfli tərəfdaşlıqlar çərçivəsində duruş gətirmək zərurəti qaçılmaz olub.
– Qırğızıstan və Azərbaycan, eləcə də digər türk dövlətlərini bir-birinə bağlayan ən önəmli faktor nədir?
– Ən mühüm faktor milli-identifik kimlik məsələsidir, xalqların qardaşlığı və qırılmaz mənəvi, mədəni tellərlə bir-birini tamamlayan soyköküdür. Təkcə dövlət rəhbərləri səviyyəsində yox, eyni zamanda ictimai-siyasi təşkilatlar, qeyri-hökumət təşkilatları, elm, təhsil, mədəniyyət sahələri səviyyəsində də əlaqələrimizi möhkəmlətmək, xalqlararası inteqrasiyanı dərinləşdirmək baxımından birgə faydalı layihələr həyata keçirmək üçün münbit zəmin formalaşmaqdadır. Dünya ölkələri görməlidir ki, türkdilli ölkələr həyatın bütün zəruri sahələri üzrə inkişaf yolunda birgə fəaliyyətin yeni modellərini, nümunələrini yarada bilirlər və bu xüsusda qardaşlıq faktoru xüsusi rola malikdir. Qırğızıstan böyük ticarətin döndüyü Çindən başlayan tarixi İpək Yolu, başqa formada “Bir Kəmər, Bir Yol” qlobal layihəsində əlverişli coğrafi mövqeyə sahib olan başlanğıc türk dövlətidir. İkinci Qarabağ savaşında qazandığımız tarixi zəfərdən sonra daha da aktuallaşan və bir müddət sonra açılacaq Zəngəzur dəhlizinin də bu mənada əhəmiyyət kəsb edəcəyi Azərbaycanla münasibətlərini daha üst səviyyələrə qaldırmaq məqsədilə ortaya qoyduğu siyasi iradə təqdirəlayiqdir. Özbəkistanla sərhədyanı ərazilərlə bağlı uzun illərdən bəri davam edən hərbi-siyasi münaqişə qardaşca yoluna qoyulduqdan sonra Kremlin patronajlığı ilə ərsəyə gələn Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində bugünlərdə keçirilməli olan hərbi təlimlərdən imtina etməsi isə ciddi qərar idi və əslində, bununla bağlı ayrıca paraqraf açılmalıdır.
– Demək olarmı ki, artıq Azərbaycanla Qırğızıstanın ticarət dövriyyəsini artırmaq, hər iki ölkənin sahib olduğu iqtisadi potensialdan səmərəli faydalanmaq üçün yeni fürsətlər yaranır?
– Xalqlar daha çox qaynayıb-qarışsın, gəliş-gedişlər daha da çoxalsın deyə turizm imkanları, viza rejimləri, nəqliyyat-kommunikasiya imkanlarının asanlaşdırılması müzakirə olunan məsələlər arasındadır.
İki ölkə arasında təhsil, media, kənd təsərrüfatı, rabitə, hava əlaqəsi, maliyyə və başqa sahələri əhatə edən sazişlərin bağlanmasından sonra istisna olunmur ki, yaxın zamanlarda hərbi sənaye və hərbi-siyasi məsələlər üzrə sazişlər də gündəmə gəlsin. Son vaxtlar müşahidə etdiyimiz beynəlxalq hüququn işləmədiyi, yaxud çox zəif təsir mexanizmlərinin qaldığı indiki kritik zamanda güc faktoru daha çox önəm qazanıb. Buna görə də dövlətlərin təhlükəsizliyi, ərazi bütövlüyü və suverenliyi prioritet məsələ kimi kollektiv hərbi əməkdaşlığı daha da aktuallaşdırıb.
– İstər İkinci Qarabağ müharibəsində, istərsə də ən son davam edən Ukrayna-Rusiya savaşında hər kəs şahid oldu ki, Rusiya hərbi arsenalı müasir müharibələr aparmaq üçün bütün parametrlər üzrə geri qalır. Bu müşahidə türk dövlətlərinin də hərbi sənayəsini yeniləmək üçün bir siqnal olmalıdırmı?
– Rusiya hərbi sənayesi ən çox da elmi-texniki modernizasiyada qlobal rəqiblərinə uduzur. Uzun illər Rusiyanın hərbi-siyasi təzyiqi altında qalan Mərkəzi Asiyanın türkdilli ölkələri, eləcə də Qırğızıstanın hərbi arsenalı, böyük ölçüdə rus istehsalı silahlarla, hərbi texnika və təchizat əsasında qurulub. Son müharibələr bu ölkələri ciddi mənada rus silahları ilə əlaqədar tərəddüdə salıb. İndi Qırğızıstan haqlı olaraq hərbi arsenalını tamamilə yenilənmək, müasir silah və hərbi texnika ilə təchiz etmək üçün alternativ kanallar axtarır və bu planda Azərbaycanın təcrübəsindən yararlanmaqla, son illər hərbi sənayedə qlobal tərəqqiyə nail olan qardaş Türkiyə və İsraillə yeni müqavilələrin bağlanması sürətlənə bilər. Strateji bəyannaməyə yeni məzmun verməklə bağlı siyasi iradənin ifadə olunması həm də bununla bağlıdır.
Qlobal siyasətin qarmaqarışıq olduğu indiki zamanda Türk Dünyası ölkələrinin daha konkret desək, dünənə qədər terror təşkilatı kimi tanınan radikal dini qruplaşma “Taliban”ın siyasi hakimiyyəti ələ keçirdiyi və qonşuları üçün daim hərbi təhdid potensialını saxladığı Əfqanıstanla qonşu olan Qırğızıstanın Azərbaycanla, o cümlədən digər türkdilli ölkələrlə xarici siyasəti, xarici kəşfiyyat və hərbi-siyasi məsələlərini birlikdə koordinasiya etmələri, regionun özündə və ətrafında baş verənlərə münasibətdə vahid mövqe sərgiləmək istiqamətində razılaşmalar da böyük ehtimalla, qarşılıqlı səfərlər zamanı müzakirə edilir. Gələcəkdə bunlarla bağlı sazişlərin imzalanması mümkündür.
– Türk dövlətlərinin getdikcə daha da yaxınlaşan münasibətlərinin əsas hədəfi nədir?
– Türkdilli ölkələrin bir araya gəldikləri Türk Dövlətləri Təşkilatının bir beynəlxalq təşkilat olaraq, Qara Dəniz və Aralıq Dənizi hövzəsi, Cənubi Qafqaz, Xəzər Dənizi hövzəsi, həmçinin Mərkəzi Asiya regionlarını əhatə edən böyük bir coğrafiyada dinamik şəkildə dəyişən geosiyasi və geoiqtisadi landşaftda adekvat güc mərkəzinə çevrilməsi əsas hədəflərdən biridir. Türkdilli ölkələrin birgə hərbi təlimlərinin daha intensiv hal alması, qarşılıqlı hərbi əməkdaşlıq imkanlarının tez-tez dəyərləndirilməsi, bu mənada qarşılıqlı səfərlərin artması onu deməyə əsas verir ki, bu proses yaxın tarixdə Turan Ordusunun əsasının qoyulması ilə bitəcək. Ortaq hərbi güc olmadan diplomatiya masalarında söz sahibi olmağın mümkün olmadığını görürük. Son hadisələr bir daha sübut etdi ki, birlik olmasaq, bizi tək-tək sıradan çıxarmağa, yaxud öz təsir dairələrinə qatmağa hazır olan beynəlxalq mərkəzlər var. Yalnız birliyin bu formatına üstünlük verməklə bizi gözləyən qlobal siyasi, iqtisadi, sosial, humanitar kataklizmlərdən ya az itki ilə, ya da daha uduşlu çıxmaq müəssər olacaq. Ən vacib faktorlardan biri də təbii ki, türkdilli ölkələrdə nəhayət hüququn aliliyinin, demokratik, bəşəri prinsiplərin, idarəetmə mexanizmlərinin, çoxpartiyalı plüralist cəmiyyətlərin formalaşmasına nail olmaqdır. Bu, həmin ölkələri mütərəqqi dünya qarşısında daha güclü edəcək, beynəlxalq təzyiqlər üçün bəhanələri sıradan çıxaracaq və bununla bütün sahələr üzrə inkişafın daha sabit xətti tutulacaq.