25 oktyabr tarixi 44 günlük müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu
Qubadlının azad edilməsi Vətən müharibəsinin gedişində mühüm rol oynadı. Qərbdən Ermənistan, şimaldan Laçın və Hadrut, şərqdən Cəbrayıl, cənubdan Zəngilan ilə həmsərhəd olan Qubadlı rayonunun 27 illik erməni işğalından azad edilməsindən iki il ötür. Qubadlı rayonu 1993-cü il avqustun 31-də erməni hissələrinin genişmiqyaslı hücumu nəticəsində işğal edilmişdi. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, qəhrəman əsgərlərimizin şücaəti və xalqımızın birmənalı dəstəyi sayəsində xalqımız Qubadlının işğal tarixini deyil, artıq onun işğaldan azad edilməsi tarixini qeyd edir. Buna görə də şəhidlərimiz, yaralılarımız və veteranlarımıza və ümumiyyətlə Qələbəmizdə əməyi keçən hər kəsə dərindən minnətdarıq. Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunması həm düşmən ordusunun geri çəkilmə sürətini artırdı, həm də Ordumuzun mənəvi-psixoloji üstünlüyünü daha yüksək səviyyəyə qaldırdı. Buna görə də Azərbaycan Silahlı Qüvvələri hücum templərini artırmaqla Qubadlı rayonunun daha sürətlə azad edilməsi üçün münbit şərait yaratdı. Döyüş əməliyyatları nəticəsində Qubadlının şəhər mərkəzi ilə yanaşı, 41 kəndi də əsgərlərimizin igidliyi nəticəsində işğaldan azad edildi. Digər 52 kənd isə noyabrın 10-da qüvvəyə minmiş birgə Bəyanatın imzalanmasından sonra əraziyə yerləşdirilən Rusiya sülhməramlıları tərəfindən erməni silahlılarının təmizlənərək Azərbaycana qaytarıldı. Düşmənin Qubalıda itirdikləri hərbçilərin sayı təxminən 800 nəfər idi. Yaralıların sayının isə bundan iki-üç dəfə çox olduğu ehtimal edilir. Qubadlının azad olunmasının strateji, hərbi, siyasi, iqtisadi, mənəvi-psixoloji əhəmiyyəti var. Bu rayonun azad edilməsi Azərbaycanın Ermənistan üzərində hərbi üstünlüyünü möhkəmləndirdi. Qubadlının azad olunması ilə Silahlı Qüvvələrimizin Laçın istiqamətində əməliyyatlar həyata keçirmək üçün möhtəşəm imkan əldə olundu. Qoşunlarımızın irəliləməsi üçün Hadrut-Şuşa istiqamətində isə kifayət qədər geniş şərait yarandı. Laçın istiqamətinə yol açıldı. Laçın dəhlizini tam atəş nəzarətində saxlamağa nail olundu. Düşmən ehtiyatlarının Qarabağa daşınmasını və düşmən bölmələrinin Qarabağ daxilində manevr etmək imkanı tam məhdudlaşdırıldı. Laçın dəhlizinin bağlanması isə xüsusilə Şuşanın azad edilməsi üçün həyata keçirilən döyüş əməliyyatlarının taleyini əvvəlcədən həll etdi. Düşmənin müqaviməti kifayət qədər ciddi idi. Lakin Laçın yolunun bağlı olduğu halda Ordumuz qarşısında düşmənin uzun müddət tab gətirməyəcəyi əvvəlcədən bəlli oldu. Qubadlı döyüşləri Silahlı Qüvvələrimizin qəsbkar Ermənistan ordusuna qarşı apardığı müharibənin məntiqi sonluğunu bir qədər də yaxınlaşdırdı.
Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Ehtiram Osmanov