8 noyabr: ŞUŞA şəhəri
1992-ci il mayın 7-dən 8-nə keçən gecə erməni hərbi birləşmələri 11 min nəfərlik qoşunla üç istiqamətdən Şuşa şəhərinə hücum edib və şəhər işğal olunub. Azərbaycan xalqı üçün müstəsna tarixi, mədəni, mənəvi və rəmzi əhəmiyyətə malik olan, “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan Şuşa şəhərinin işğalı ilə Azərbaycan xalqının maddi-mədəni və mənəvi irsinə ağır zərbə vurub. Bütün azərbaycanlıların daima qəlbində yaşatdığı Şuşanın bir gün azad olunacağı ümidi heç bir zaman itməyib. Buna səbəb xalqın öz liderinə, onun sözlərinə, vədlərinə inanması olub. Xalqın Şuşanın azad olunacağına inamı məhz Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də Prezident cənab İlham Əliyevin dəfələrlə çıxışları və müsahibələri zamanı verdiyi vədlərlə daha da artıb. Elə bu inamla verilən vədlərin gerçəkləşməsi nəticəsində Şuşa öz azadlığına qovuşub.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə etmişdir. 44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edilmişdir. Nəhayət noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir. 44 gün davam edən Vətən müharibəsinin 42-ci günündə – noyabrın 8-də azərbaycanlıların illərdir həsrətində olduğu Şuşa şəhəri işğaldan azad edildi və elə həmin gün Şuşada Azərbaycan bayrağı qaldırıldı. Bu tarixi və müqəddəs müjdəni Azərbaycan xalqına Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev böyük fəxarət və qürur hissi ilə çatdırdı. Dövlət başçısı noyabrın 8-də Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəndən sonra, elə Şəhidlər xiyabanından Şuşanın azad olunduğu xəbərini bütün düynaya bəyan etdi. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev bildirdi: “Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda, bəlkə də, ən xoşbəxt günlərimdən biridir.
Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olmuşdur. Şuşa uğrunda gedən müharibədə canından keçən əsgər və zabitlərimiz heç bir silahdan istifadə etməyərək döyüşdü. Dağları aşaraq Şuşaya daxil oldular. Ən sonunda uğrunda canından belə keçməyə hazır olduqları, mədəniyyət paytaxtı olan Şuşanı işğaldan azad etdilər. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynamışdır. Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnmişdir. Bəli Şuşamız azaddır və günü-gündən dirçəlir. Biz bu qədim Azərbaycan şəhərinə əbədi olaraq dönmüşük!
Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Dilarə Hacızadə