22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Ümummilli liderin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir – Anar Məmmədov

Ümummilli liderin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir – Anar Məmmədov

Milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Onun həyat və fəaliyyətinin bütün dövrləri hər bir azərbaycanlı üçün örnək, şərəf və fəxarət mənbəyi hesab edilə bilər.

Heydər Əliyevin 3 sentyabr 1991-ci ildə xalqın tələbi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə seçilməsi Azərbaycan miqyasında böyük rəğbətlə qarşılanan əhəmiyyətli siyasi hadisə idi. Artıq xalqımız əmin idi ki, ən azı Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası bundan sonra daha heç vaxt düşmən caynağına keçə bilməz. Bu hadisə Dağlıq Qarabağ ətrafında torpaqların itirilməsi prosesinin tez-tez müşahidə olunduğu ağır bir vaxtda xalqda ölkənin ərazi bütövlüyünün bərpa olunacağına da ümid yaratmışdı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclaslarında ölkənin müxtəlif bölgələrindən gəlmiş rəsmi qurumların nümayəndələrinin, haqları tapdanmış sadə, zəhmətkeş insanların iştirak edib, özlərinin mövcud vəziyyətləri barəsində dəqiq məlumatlar verərək çıxış yolları barədə məsləhətlər almaları, dəstək görmələri Ali Məclisi Azərbaycan xalqının ümid qapısına çevirmişdi. Bütövlükdə isə görkəmli dövlət xadimi Heydər Əliyev ölkənin və xalqın ümid çırağı idi.
O illərdə Naxçıvanda müdafiənin etibarlı təşkili, Türkiyə və İranla əlaqələrin qurulması, Araz çayı üzərində “Ümid körpüsü”nün salınması, keçmiş sovet ordusunun hissələrinin muxtar respublikadan çıxarılması və onlara məxsus hərbi texnika və sursatın təhvil alınması, torpaq islahatlarının və ordu quruculuğunun həyata keçirilməsi Ulu Öndərin siyasi fəaliyyətinin Naxçıvan dövrünün möhtəşəm nümunələri idi. Belə ki, Naxçıvanda Azərbaycan Ordusunun hərbi hissələrinin yaradılmasına ötən əsrin 90-cı illərində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə başlanıldı.  Xalqımızın böyük oğlu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçiləndən cəmi  4 gün sonra – 1991-ci il sentyabrın 7-də Müdafiə Komitəsi yaradıldı. Həmin dövr Heydər Əliyevin muxtar respublikada ordu quruculuğu istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlərlə, blokada şəraitində yaşayan Naxçıvanı düşmən hücumlarından qorumaqla yanaşı, həm də müstəqil Azərbaycanda Milli Ordu quruculuğu prosesinin başlanğıcı oldu.
Həmin ərəfədə taleyin hökmü ilə ağır blokada şəraitində olan Naxçıvana rəhbərlik edən Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Naxçıvan Muxtar Respublikasının İran və Türkiyə dövlətləri ilə əlaqələri yaradıldı, Naxçıvanın həyati tələbatlarını ödəmək, kommunikasiya əlaqələrini bərpa etmək üçün protokollar imzalandı. Muxtar respublikaya rəhbərlik etdiyi 1 il 9 ay ərzində Heydər Əliyevin əsasını qoyduğu xarici əlaqələr bölgəni labüd fəlakətdən xilas etdi. Bütün bunlar yalnız və yalnız Naxçıvan MR Ali Məclisinin sessiyasına sədrlik edən Heydər Əliyevin həm böyük siyasi iradəsinin, dönməz azərbaycançılıq idealının, qeyri-adi cəsarətinin və uzaqgörənliyinin sayəsində həyata keçirilmişdi.
Bir sözlə, görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Azərbaycanda dövlət müstəqilliyinin formalaşdırılmasının böyük məktəbinə çevrilmişdir. Məhz Ulu Öndərin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsindəki yorulmaz və səmərəli fəaliyyəti ilə çətin və mürəkkəb şəraitdə muxtar respublikanın qorunub saxlanılması və inkişaf etdirilməsi ilə bərabər, həm də Azərbaycan miqyasında müstəqillik uğrunda mübarizənin qüvvətləndirilməsinə, demokratik proseslərin inkişaf etdirilməsinə böyük təkan verilmişdir.

Anar Məmmədov,

Milli Məclisin deputatı

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın