21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Özəlləşdirmə çeki sahiblərinə zərbə: “Zavod və fabriklər yırtıcı oliqarx dəstəsi tərəfindən mənimsənildi”

Özəlləşdirmə çeki sahiblərinə zərbə: “Zavod və fabriklər yırtıcı oliqarx dəstəsi tərəfindən mənimsənildi”

Dünyanın əksər ölkələrində iqtisadiyyatın ən önəmli hərəkətverici sahələrindən biri qiymətli kağızlar bazarı hesab olunur. Bu fonda dünya birjalarında qiymətli kağızlar bazarının həcmi sürətlə artmaqdadır. Qiymətli kağız – onun sahibinin əmlak və qeyri əmlak hüquqlarını və bu hüquqların verilməsi imkanını müəyyən edilmiş formaya və məcburi rekvizitlərə riayət etməklə təsdiqləyən sənəddir. Qiymətli kağızların saxlanılması üçün risklər olmasa da, Azərbaycanda bu sahə diqqətdən kənarda qalıb. Vaxtilə Azərbaycanda qiymətli kağızlardan biri də özəlləşdirmə çekləri olub. Hansı ki, 32 milyon ədəd özəlləşdirmə çeki 25 mart 1995-ci il tarixində dövriyyəyə buraxılıb. 1996-cı ildə ulu öndər Heydər Əliyevin fərmanına əsasən, vətəndaşlara verilən özəlləşdirmə çeklərinin hər birinin dəyəri eynidir. Bu özəlləşdirmə çekləri 1997-ci ilədək anadan olmuş bütün ölkə vətəndaşlarına artıq miras-əmlak payı olaraq verilib. Qiymətli kağız olan dövlət özəlləşdirmə çekinin çıxarılmasının hüquqi əsası hər bir Azərbaycan vətəndaşına dövlət əmlakından verilmiş dövlət özəlləşdirmə payıdır. Bunu I Dövlət Proqramının 3-cü bölməsinin 4-cü abzası da açıq ayın ifadə edir.

Bu gün əlində hələ də çeki qalan vətəndaşlarımız var və onlar haqqlaırnın bərpa olunacağı günü gözləyirlər. Hətta bununla bağlı yüz minlərlə ailə ölkə başçısı İlham Əliyevə Açıq Məktub ünvanlayıblar.

Sözügedən AÇIQ MƏKTUB-la aşağıdakı linkdən tanış ola bilərsiniz:

https://www.facebook.com/groups/668471343515846/posts/1577668382596133

 

Eyni zamanda özəlləşdirmə çekləri barədə daha geniş məlumat əldə edə bilərsiniz:

https://huquqaz.com/?s=%C3%B6z%C9%99ll%C9%99%C5%9Fdirm%C9%99+%C3%A7ekl%C9%99ri

 

Mövzu ilə bağlı İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli Huquqaz.com-a açıqlamasında bildirib ki, gələcəkdə sözügedən məsələ ilə bağlı müvafiq proqramlar qəbul olunacaq və özəlləşdirmə çeklərindən həmin proseslərdə istifadə etmək imkanı yaradıla bilər:

“Hər bir prosesin iqtisadi və hüququ əsasları olmalıdır. O vaxtı özəlləşdirmə çekləri paylananda hər kəsə eyni hüquq verildi. Bəzi insanlar əlindəki çeklərdən istifadə etdilər, bəziləri isə saxlamağa üstünlük verdilər. Bu, onların şəxsi seçimi olmuşdu. Özəlləşdirmə çekləri tədavülə buraxılarsa, hesablanma prosesi fərqli olacaq. Çünki o vaxtı qiymətlər başqa idi, indi isə dəyərləri dəyişib. Ölkədə bir neçə dəfə devalvasiya yaşanıb və manatın məzənnəsi dəyişilib. Bütün hallarda özəlləşdirmə prosesinin yenidən olacağı gözləniləndir. Çünki işğaldan azad olunmuş torpaqlarımız var və həmin ərazilərdə hələlik özəlləşdirmə prosesi həyata keçirilməyib. Bu baxımdan özəlləşmə prosesi həmin ərazilərdə yeni formada tətbiq olunacaq və ola bilər ki, özəlləşdirmə çeklərindən istifadəyə də imkan yaradılsın. Ona görə də özəlləşdirmə çeki sahibləri gözləmə mövqeyində qala bilərlər”.

 

Əllərdə qalan özəlləşdirmə çeklərinin aqibətinin hələ də həll olunmasının təəssüf doğurduğunu bildirən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev isə öz növbəsində qeyd edib ki, vətəndaşlar öz hüquqlarını daha ciddi şəkildə tələb etməlidirlər:

“Özəlləşdirmə çekləri ilə bağlı proses o vaxtı elə həddə çatdırıldı ki, bu vauçerlər dəyərsiz kimi qəbul olunurdu. Yəni çeklər qəpik-quruşa satılırdı. Əgər bu çeklərə vaxtında dəyər verilsəydi və vətəndaşlar düzgün maarrifləndirilsəydi, özəlləşdirmə prosesinə müsbət təsiri ola bilərdi. Azərbaycanda mövcud olan zavod və fabriklər yırtıcı oliqarx dəstəsi tərəfindən mənimsənildi. Bu gün deputatlar, ictimai nüfuzlu şəxslər, o cümlədən sıravi vətəndaşlar çağırışlar edərək əllərdə qalan özəlləşdirmə çekləri ilə bağlı problemin həll olunmasını istəyirlər. Təəssüf doğuran amil budur ki, ölkə başçısının imzaladığı fərman və sərəncamlara düzgün əməl olunmur, laqeyd yanaşılır. Bu isə xalqın dövlət başçısına olan etimadını sarsıdır. Bəzi qüvvələr çalışırlar ki, dövlət başçısının verdiyi fərmanlara sabotaj etsinlər və xalqla prezident arasında uçurum yaratsınlar. Bu işdə hökümətin bəzi üzvləri olduqca fəaldır və istəklərinə qismən nail olublar. Məndə də özəlləşdirmə çekləri var. Ölkədə qanunlar işləməlidir ki, insanların haqqı bərpa olunsun”.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın