21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Azərbaycanla Serbiyanın əlaqələri daha da güclənəcək

Azərbaycanla Serbiyanın əlaqələri daha da güclənəcək

Azərbaycanla Serbiyanın əlaqələri daha da güclənəcək

Dekabrın 21-də Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə görüşü keçirildi. Xatırladaq ki, hər iki Prezidentin Belqradda son görüşü bir ay bundan əvvəl olmuşdu. Qısa zaman kəsiyində ölkə başçılarının təkrar bir araya gəlməsi onu göstərir ki, Mərkəzi Avropanın ən önəmli ölkələrindən biri olan Serbiya Azərbaycanla əlaqələrə xüsusi önəm verir. Azərbaycana gəlincə, Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Serbiya Respublikası ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biridir.

Ölkələrimiz arasında diplomatik münasibətlər 1997-ci il avqustun 21-də qurulub. Ölkələrimiz arasında əlaqələrin qurulmasının 25 illiyi münasibətilə bu il avqustun 21-də Azərbaycan və Serbiya prezidentləri arasında telefon danışığı olub. Telefon danışığı zamanı ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, kənd təsərrüfatı, enerji, investisiya və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb. Həmçinin ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdığı, Azərbaycan və Serbiyanın bir-birinin ərazi bütövlüyünü dəstəklədiyi qeyd olunub.

Serbiya Azərbaycanla ikitərəfli iqtisadi əməkdaşlığın, o cümlədən energetika sahəsində daha da inkişaf etdirilməsinə maraq göstərir. Serbiyanın yüksək səviyyəli rəsmiləri Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclaslarında mütəmadi olaraq iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Prezidenti Aleksandr Vuçiçlə görüşdən sonra mətbuta verdiyi Bəyanatında qeyd edildi ki, “Təbii ki, energetika sektoru əməkdaşlığımızın bir hissəsidir. Son vaxtlar bu sahə daha böyük əhəmiyyət kəsb edir. Azərbaycanın təbii resursları artıq müxtəlif istiqamətlər üzrə ixrac edilir, həmçinin Avropa qitəsinə, o cümlədən Serbiyaya qonşu olan ölkələrə. Həm təbii qaz, həm elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün imkanlar var, müvafiq danışıqlar aparılmışdır. Gələn ildən başlayaraq Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixrac edilməsi üçün əminəm ki, əməli addımlar atılacaqdır. Onu da bildirməliyəm ki, dörd gün bundan əvvəl Azərbaycanın elektrik enerjisinin Avropaya çatdırılması üçün müvafiq saziş imzalanmışdır. Qara dənizin dibi ilə çəkiləcək kabel Azərbaycanı bu sahədə də Avropa üçün önəmli təchizatçı kimi təsdiqləyəcək. Bütün bunlar yeni imkanlar, yeni üfüqlər açır və biz bu sahədə, əlbəttə ki, ikitərəfli formatda və çoxtərəfli formatda əməkdaşlıq edəcəyik.”

Rusiya-Ukrayna müharibəsindən sonra Avropanı gözləyən enerji problemlərində əsas çıxış yollarından biri də məhz Azərbaycanla əməkdaşlığın genişləndirilməsidir. Bu gün Avropa ciddi enerji böhranı ilə üz-üzədir. Buna görə də enerji məhsullarının idxalı məsələsində, eyni zamanda bir çox sahələr üzrə yeni bazarlar axtarışındadır. Avropa ölkələrində bir çoxları haqlı olaraq belə düşünür ki, bu məsələdə ən etibarlı tərəfdaş Azərbaycan hesab edilməlidir. Serbiya Prezidenti bir neçə dəfə vurğulayıb ki, Prezident İlham Əliyev verdiyi hər bir sözü yerinə yetirib. O baxımdan Azərbaycanla Serbiyanın həm enerji təhlükəsizliyi, həm də bir çox digər sahələrdə əlaqələri daha da güclənəcək. Özəlliklə imzalanan yeni sazişlər iki ölkə arasındakı iqtisadi, ticari münasibətləri növbəti dəfə yüksək səviyyəyə çatdıracaq.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

Azərbaycan uğurlu  xarici siyasət həyata keçirir.

Bu siyasətdə dünya dövlətləri ilə bərabərhüquqlu əməkdaşlıq, qarşılıqlı etimada əsaslanan münasibətlərin qurulması xüsusi yer tutur. Bu istiqamətdə dövlətimiz mühüm nailiyyətlər əldə edib. Hazırda Azərbaycanla dost və tərəfdaş olan ölkələrin sayı kifayət qədərdir. Belə dövlətlərindən biri də Serbiyadır.

Azərbaycanın dost və tərəfdaş ölkələri dünyanın müxtəlif qitələrini əhatə edir. Bu baxımdan, Balkan ölkələri, o cümlədən Serbiya ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir. Ölkəmizə səfər edən Serbiya Prezidenti Aleksandar Vuçiçin dekabrın 21-də Prezident İlham Əliyevlə görüşü və aparılan müzakirələr bu mənada xüsusi vurğulanmalıdır. Səfər ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Müzakirələrdən sonra dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər. Qarşılıqlı səfərlərin intensivliyi hər iki ölkənin münasibətləri daha da möhkəmlətmək və keyfiyyətcə yeni səviyyəyə qaldırmaq istəyinin təzahürüdür.

Öən ayın sonunda  Azərbaycan Prezidenti Serbiyaya səfər etmişdi. Həmin səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Serbiya Prezidenti Aleksandar Vuçiç “Azərbaycan Respublikası Prezidenti ilə Serbiya Respublikası Prezidenti arasında Birgə Bəyanat”ı, “Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında Memorandum”u və onun əlavəsi olan “Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının Əsasnaməsi”ni imzalayıblar. Bu sənədlərin imzalanması iki ölkə arasında əməkdaşlığı yeni səviyyəyə yüksəldəcək.

Serbiya Prezidentinin ölkəmizə səfəri çərçivəsində dövlət başçıları mətbuata bəyanatlarında vacib mesajlar verdilər. Prezident İlham Əliyev Serbiya və Azərbaycanın strateji tərəfdaş olduqlarını bildirib: “Biz hər zaman bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmişik, dəstəkləyirik və bu siyasət dəyişməz olaraq qalacaq. Biz beynəlxalq hüququn tərəfdarıyıq və əminik ki, ölkələr arasında münasibətlər ancaq beynəlxalq hüququn norma və prinsipləri əsasında tənzimlənə bilər. Bu sahədə dünyada müşahidə olunan ikili standartların təzahürləri, əlbəttə ki, bizi çox narahat edir. Beynəlxalq hüququn norma və prinsipləri bütün ölkələr üçün əsas olmalıdır. Belə gözəl strateji tərəfdaşlıq münasibətlərindən və eyni zamanda, şəxsi dostluq münasibətlərimizdən istifadə edərək, əlbəttə, biz ümid edirik ki, bütün sahələrdə bunun nəticəsi olacaq, ilk növbədə, ticarət sahəsində. Əminəm ki, əldə edilmiş razılaşmaların icrası nəticəsində ticarət dövriyyəsi artacaq, hələ ki, o, istənilən səviyyədə deyil. Nəqliyyat-logistika sahəsində böyük potensial var. Xüsusilə nəzərə alsaq ki, Azərbaycan və Serbiya ərazilərindən beynəlxalq nəqliyyat dəhlizləri keçir, burada da uzlaşma və bağlantının yaradılması üçün bizim müvafiq qurumlar fəal işləməlidir. Aidiyyəti qurumlar arasında təmaslar artıq yaranıbdır”. Serbiyanın dövlət başçısı isə Azərbaycanla strateji tərəfdaşlığın önəmindən, ölkəmizin uğurlu siyasətinin nəticələrindən bəhs edib.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

 

Azərbaycan-Serbiya əlaqələri dostluq və qarşılıqlı anlaşma üzərində qurulub

Məlum olduğu kimi, Serbiya prezidenti Aleksandar Vuçiç Azərbaycana işgüzar səfərə gəlib. Səfər çərçivəsində hər iki ölkənin dövlət başçılarının təkbətək görüşləri keçirilib, mətbuata bəyanatlarla çıxış ediblər. Azərbaycan və Serbiya prezidentlərinin çıxışlarında səslənən fikirlərin ümumiləşdirilmiş məntiqi ondan ibarətdir ki, Azərbaycan-Serbiya əlaqələri dostluq və qarşılıqlı anlaşma üzərində qurulub. Eyni zamanda, iki ölkənin bir çox sahələr üzrə əməkdaşlığının böyük tarixi var və sirr deyil ki, Serbiya və Azərbaycan strateji tərəfdaşdırlar.

Azərbaycan və Serbiya öz resurslarına arxalanan, müstəqil siyasət yürüdən ölkələrdir. Bu mənada, bu gün bir-biri ilə sıx əlaqədə olan Azərbaycan və Serbiyanın gələcək əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi üçün mühüm amillər mövcuddur. Onu da əlavə etmək lazımdır ki, ölkələr hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib, dəstəkləyir və bu siyasət dəyişməz olaraq qalacaq.

Prezident İlham Əliyevin bildirdiyi kimi Serbiya-Azərbaycan əlaqələrinin gələcəyi ilə bağlı ancaq nikbin fikirdə olmaq olar. Ölkə arasında qəbul edilmiş qərarların reallaşdırılması ilə inkişaf dinamikasını yüksəltmək, ticarət, nəqliyyat-logistika, energetika, müdafiə sənayesi və başqa sahələrdə uğurlu əməkdaşlıq nümunələri ortaya qoymaq mümkündür: “Heç şübhəsiz ki, iki ölkənin əldə etdiyi qarşılıqlı razılaşmaların icrası əsasında ticarət dövriyyəsi artacaq. Eləcə də uğurlu əməkdaşlıq özünü Azərbaycan və Serbiya ərazilərindən keçən beynəlxalq nəqliyyat dəhlizləri üzrə birgə fəaliyyətdə də göstərəcək. Əlbəttə ki, ən geniş və mühüm əməkdaşlıq sektorlarından birini də energetika sahəsi təşkil edir. Hazırda Avropaya qaz nəqlini həyata keçirən Azərbaycanın Serbiya ilə həm təbii qaz, həm də elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün imkanları var. Bu gün 22 milyard kubmetr qaz ixrac edən Azərbaycan gələcək illər ərzində potensialını 35 milyard kubmetrə qədər artıracaq. Azərbaycan Cənub Qaz Dəhlizi, TANAP, TAP layihələri ilə digər enerji qaynaqlarının da Avropaya ixracı üçün əlverişli şərait yaradır. Yəni, bu gün Azərbaycan Avropanın enerji təminatı mənbəyidirsə, gələcəkdə həm də enerji koridoru, qovşağı olacaq. Serbiya da öz növbəsində 2023-cü ildə qaza olan tələbatının 40 faizə qədərini Azərbaycan hesabına bağlamağı planlaşdırır. Bu məqamda elektrik enerjisinin ixracı və idxalı sahəsindəki əməkdaşlıq münasibətlərini qeyd etmək lazımdır. Çünki Serbiyanın elektrik enerjisinə olan tələbatının 10 faizini də idxal edir. Qış aylarında isə bu rəqəm 30 faizə qədər artır. Ona görə də bu ölkənin elektrik enerjisi idxal etmək planları da genişdir. Belə məqamda Qara dəniz vasitəsilə Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirən elektrik paylayıcı şəbəkənin yaradılması xüsusi əhəmiyyət kəsb edir. Bu fonda isə təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabər olan, təsdiq olunmuş bərpaolunan enerji potensialının 167 qiqavatdan çox olan Azərbaycanın Serbiyanın da enerji təhlükəsizliyinin təminatı nöqteyi-nəzərdən əvəzsiz rolu bir daha diqqət mərkəzinə gəlir”.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

Serbiya Prezidentinin diplomatik üslubda toxunduğu böyük güclərlə bağlı həssas məqam müstəqillik dövründə ölkəmizin üzləşdiyi ədalətsizlikləri və ayrı-seçkilik faktlarını da bir daha yada saldı

Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç dekabrın 21-də Bakıda mətbuata verdiyi bəyanatda məna dərinliyi və səmimiyyəti ilə seçilən belə bir fikir səsləndirdi: “Hər dəfə Azərbaycana gələndə, Bakını ziyarət edəndə böyük dəyişikliklərin şahidi oluram. Azərbaycandan olan birisi üçün bu, bir qədər qeyri-adi görünə bilər. Lakin bu, həqiqətən də belədir. Çünki bir ölkədə yaşayan insanlar həmin ölkənin nə qədər dəyişdiyini görə bilmirlər”. Serbiyanın dövlət başçısı bu açıqlaması ilə Prezident İlham Əliyevin siyasi qısqanclarına, eləcə də ölkəmizin bədxahlarına müdrik kəlamlardan birindəki bu dərin hikməti yenidən xatırlatmış oldu. Xatırlatdı ki, həqiqətən də uca zirvələr kənardan daha yaxşı görünür.

Cənab Vuçiç Prezident İlham Əliyevin liderliyi ilə ölkəmizin qazandığı uğurları gözü götürməyənlərə bu mühüm mesajı da verdi ki, Azərbaycanın nailiyyətlərini yalnız təbii sərvətlərinə bağlamaq istəyənlər kökündən yanılırlar. Çünki belələri tarixi nailiyyətlərimizin arxasında qətiyyətli və praqmatik siyasi lider amilinin dayandığını, Azərbaycan xalqının məhz onun ətrafında birləşdiyini ya görmək istəmir, ya da reallığı etiraf etmək işlərinə yaramır. Serbiya Prezidentinin mətbuata açıqlamasında tarixə etdiyi ekskurs həm də bu səbəbdən olduqca təsirli idi: “Bəziləri deyə bilərlər ki, bu, neft və qaza görədir… Yenə də qısa bir hekayəni sizinlə paylaşmaq istəyirəm. 1971-1972-ci illərdə Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan yaşlı Şeyx Bin Zayed Liviyaya səfəri zamanı demişdi ki, ümid edirəm, 40 ildən sonra onun ölkəsi Liviya kimi olacaq. Liviyanın BƏƏ-dən beş dəfə çox neft ehtiyatı var. Lakin bir ölkənin hansı vəziyyətdə olduğuna, digər ölkənin isə hansı vəziyyətdə olduğuna nəzər salın. Əminəm ki, Prezident Əliyev özü ilə bir çoxlarımızın arasında və dünya miqyasında Azərbaycandan da daha böyük həcmdə təbii ehtiyatlara və xammala malik ölkələr arasında olan fərqi göstərə bildi… Dünyada bir çoxları bilir ki, mən kimisə həddindən artıq tərifləməyi xoşlayan biri deyiləm. Mən bizim ikimizdən daha böyük və güclü olduğunu düşünənləri belə tərifləmirəm”.

Serbiya Prezidentinin diplomatik üslubda toxunduğu böyük güclərlə bağlı həssas məqam müstəqillik dövründə ölkəmizin üzləşdiyi ədalətsizlikləri və ayrı-seçkilik faktlarını da bir daha yada saldı. Yada saldı ki, tarixi ədalətin və beynəlxalq hüququn Azərbaycanın tərəfində olmasına baxmayaraq, ərazilərimizin 20 faizi otuz il ərzində işğal altında qaldı. Təhlükəsiz dünya nizamına görə məsuliyyət daşıyan böyük dövlətlər ədaləti dərhal bərpa etmək və Ermənistanın işğalına son qoymaq əvəzinə, vasitəçilik missiyalarını yalnız səmərəsiz danışıqlar masasının təşkilində görürdülər. Böyük güclərin bu cür siyasi qərarsızlığı, bəzilərinin isə siyasi riyakarlığı ucbatından uzun illər ərzində milli qürurumuz sınağa çəkildi. Halbuki zamanında işğalçıya öz yeri göstərilsəydi, vasitəçilərdən bəziləri şəxsi maraqlarını beynəlxalq hüquqdan üstün tutmasaydı, dünya sivilizasiyası indiki qədər real təhlükə ilə üzləşməzdi. Beynəlxalq hüququn aliliyi vaxtında təmin edilsəydi, BMT Təhlükəsizlik Şurasının Azərbaycanla bağlı olan məlum dörd qətnaməsi 27 il ərzində kağız üzərində qalmazdı. Azərbaycan xalqı onların heç bir əməlini unutmayıb və artıq qalib xalq kimi onu möhtəşəm Zəfərə çatdıran siyasi liderinin ətrafında indi daha sıx birləşib.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

Ölkəmizin siyasi palitrası rəngarəngdir

“Bütün maneə və çətinliklərə baxmayaraq, bu tarixi qələbəni ona görə qazana bildik ki, bədxahlarımızın məkrli planlarına aldanmadıq, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası ilə başlanan və Prezident İlham Əliyevin əzmlə davam etdirdiyi yolun məhz qələbə yolu olduğuna ilk gündən hər birimiz inandıq. İqtisadi müstəqilliyini ilbəil daha da gücləndirən və ordu quruculuğuna əlahiddə diqqət ayıran dövlətimizin gücünə, Prezident İlham Əliyevin qətiyyətli lider keyfiyyətlərinə, Vətənə bağlı olan siyasi iradəsinə inandıq və yanılmadıq. Tarixi Zəfəri həm də ona görə qazana bildik ki, işğal nəticəsində onilliklər ərzində tərkibində yaşamağa məhkum olduğumuz imperiya xalqımızın milli-mənəvi dəyərlərini, milli kimliyini, Vətən sevgisini, azadlıq və müstəqillik eşqini məhv edə bilmədi. Bu ali dəyərləri qoruyub yaşada bildiyimizə, önümüzdə gedən siyasi liderin heç bir təhdid və təzyiq altında ölkəmizin ərazi bütövlüyünün təmin olunması yolundan dönməyəcəyinə əmin olduğumuza görə, haqq savaşına, Vətən müharibəsinə qalxdıq. Ulu Öndər Heydər Əliyev bu müqəddəs savaşın amallarını vaxtilə belə səciyyələndirmişdi: “Vətən müharibəsi bütün xalqın, hər bir vətəndaşın öz şərəf və namusunu qorumaq üçün apardığı müharibədir!”. Ayrı-ayrı coğrafiyalarda yaşamağımıza, adət-ənənələrimizdəki fərqliliklərə baxmayaraq, Serbiya Prezidenti Aleksandar Vuçiç də Azərbaycanın uğurlarının təməlində məhz Vətənə xidmət amalının dayandığını xüsusi olaraq vurğuladı: “Prezident Əliyev kimi ölkəsinə sevgi ilə rəhbərlik etdikdə belə bir vəziyyətin şahidi oluruq… Mən bunu Prezident Əliyevə və onun işinin nəticələrinə səmimi rəğbət bəslədiyimə görə deyirəm”.

Ölkəmizin siyasi palitrası rəngarəngdir, xeyli sayda müxalifyönümlü partiyalar mövcuddur. Aralarında özü-özünü radikal, yəni barışmaz adlandıran, hətta digər əqidədaşlarını da bəyənməyib “ana müxalifət” adına iddia edən bir siyasi kəsim də var. Vətən, xalq, dövlət, dünya azərbaycanlıları və türk dünyası ilə bağlı olan məsələlər həmin siyasi kəsimin çox tez-tez yüksək pafosla sui-istifadə etdiyi mövzulardandır. Aydındır ki, özlərini necə adlandırmalarından asılı olmayaraq, müxalifdirlər. O da aydındır ki, elə bu səbəbdən vətəndaş diqqətini cəlb etmək, hələ də var olduqlarını göstərmək üçün bəlağətli üsluba üstünlük verirlər. Lakin Vətən, torpaq, dövlətlə bağlı ümumxalq məsələlərdə öz siyasi kimliyini olduğundan artıq göstərmək üçün əndazəni aşan pafos çox vaxt ziyanlı da ola bilir. Onların özləri üçün deyil, ümumi Vətənimiz üçün. Böyük mütəfəkkir Konfutsi müdrik kəlamlarından birində belə demişdi: “Kamil insan gözəl söz söyləyə bilən insan deyil, söylədiyini edən və edə bildiyini söyləyən insandır”. Təəssüf ki, barışmaz müxalifətçi adına iddia edənlər bu dərin hikməti çox zaman unudurlar. Çünki onlar qalib xalqın siyasi düşüncə tərzini və onu bu qələbəyə gətirib çıxaran liderə bəslənən ictimai inamın dərinliyini ya görə, ya da duya bilmirlər. Belələrinə elə gəlir ki, cəmiyyət pafoslu ritorikanın onların şəxsi təbliğinə hesablandığını hələ də ayırd edə bilmir.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın