Ölkənin gələcəyi elə planlaşdırılmalıdır ki, uzunmüddətli dayanıqlı inkişaf təmin edilsin, müstəqillik əbədi olsun
Ölkənin gələcəyi elə planlaşdırılmalıdır ki, uzunmüddətli dayanıqlı inkişaf təmin edilsin, müstəqillik əbədi olsun
Ölkənin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının 05 mart 2021-ci il tarixində keçirilmiş VII qurultayı ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımında müstəna əhəmiyyət kəsb edən bir siyasi hadisə oldu. Birmənalı olaraq demək lazımdır ki, partiyanın bu ali forumunda etdiyi çıxışında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin ölkədə siyasi dialoqun daha da möhkəmləndirilməsi, iqtisadi sahədə antiinhisar siyasətinin gücləndirilməsi və xarici siyasət sahəsində ölkəmizin maraqlarına cavab verən əməkdaşlıq kursunun davam etdirilməsi kimi prioritetlər barədə söylədiyi fikirlər bizim gələcək inkişaf proqramlarımız üçün baza platformasıdır. Həmçinin dövlətimizin başçısı öz tarixi çıxışında ölkənin iqtidar partiyasının inkişaf tarixinin ən mühüm mərhələlərini qeyd etmiş və Partiyanın perspektiv xarakterli strateji hədəflərini vurğulamışdır. Bu mənada YAP-ın VII qurultayı partiyanın tarixində yeni inkişaf mərhələsinin başlanğıcı kimi dəyərləndirilməlidir.
Birmənalı olaraq qeyd olunmalıdır ki, Ulu Öndər Heydər Əliyevin siyasi irsi dövlətimizin inkişafının təməlində duran əsas ideoloji amildir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyasının ölkəmizin müstəqilliyinin əldə olunmasında və qorunub saxlanmasında oynadığı tarixi rolun önəmi ölçüyəgəlməzdir. Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin siyasi təcrübəsi, bilikləri, müdrikliyi, xalq qarşısında göstərdiyi xidmətlər, bütün dövrlərdə nümayiş etdirdiyi əsl sarsılmaz vətənpərvərlik ruhu və öz xalqına, Azərbaycan dövlətçiliyinə olan sadiqliyi səbəbilə ölkəmizin mütərəqqi insanlarını onun ətrafında birləşməsi nəticəsində yaradılıb. Dövlət başçısının da Partiyanın VII qurultayında etdiyi çıxışında dediyi kimi, faktiki olaraq məhz 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Ondan sonra heç bir il keçməmiş – 1993-cü ilin oktyabr ayında Ulu Öndər Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkəmizin böhrandan çıxma prosesi də məhz həmin tarixdən başladı. Etiraf olunmalıdır ki, əgər Ulu Öndər Heydər Əliyev ölkəmiz üçün, xalqımız və dövlətimiz üçün sözün əsl mənasında ölüm-qalım məsələsinin həll edildiyi həmin dövrdə hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan ya bir dövlət kimi artıq mövcud deyildi, ya da ən yaxşı halda böyük dövlətlərin əlinin altında marionet bir dövlət kimi yarımmüstəmləkə həyatını yaşayırdı. Lakin Ulu Öndər Heydər Əliyevin səyləri ilə 1993-2003-cü illər Azərbaycanın tam müstəqil dövlət kimi formalaşması üçün həlledici illər oldu. Həmin dövrdə dövlətçiliyin əsasları qoyuldu, Konstitusiya qəbul edildi. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yaradıldı, ordu quruculuğuna start verildi. Bütün bu başlanğıclar isə Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildi və nəticədə Azərbaycan bu gün siyasi və iqtisadi baxımdan tam müstəqil, öz ərazi bütövlüyün öz gücünə bərpa etmiş, regionda şəriksiz lider mövqelərini inamla özündə saxlayan, yüksək beynəlxalq nüfuza sahib olan güclü və suveren bir dövlət kimi beynəlxalq aləmdə özünü təsdiq etmişdir.
Nağıyev Abbas – Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri