Azərbaycanın Qoşulmama Hərəkatına rəhbərlik etməsi formal xarakter daşımayır
Azərbaycanın Qoşulmama Hərəkatına rəhbərlik etməsi formal xarakter daşımayır.
Regionda aparıcı faktora çevrilən Azərbaycanın son illər dünyada artan nüfuzu onun beynəlxalq təşkilatlarla əlaqələrində və onların fəaliyyətində fəal iştirakına gətirib çıxarıb. Artıq dünya dövlətləri Azərbaycanı etibarlı, mühüm tərəfdaş, sözü imzası qədər dəyərli olan ölkə kimi qəbul edirlər. Bu gün Azərbaycan bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi təmsil olunmur, eyni zamanda, bir çox qərarların qəbulunda və icrasında yaxından iştirak edir. Eyni zamanda, dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı isə məhz Azərbaycanın sədrliyi dövründə özünün ən uğurlu dövrünü yaşayır. Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi 2019-cu ildən etibarən üç il müddətinə həyata keçirməyə başlayıb. 2019-cu ildə ölkəmiz Qoşulmama Hərəkatının sammitinə uğurla ev sahibliyi etdi və bu tədbirdə Prezident cənab İlham Əliyev vurğuladı ki, Azərbaycan öz sədrliyi dövründə beynəlxalq hüququ və ədaləti müdafiə edəcək. Belə də oldu. Qoşulmama Hərəkatına üzvlükdən qısa müddət sonra Azərbaycanın quruma sədrlik etməsi üzv dövlətlərin ölkəmizə olan etimadının və Azərbaycanın beynəlxalq nüfuzunun artmasının, eləcə də respublikamızın qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin parlaq nümunəsinə çevrildi. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın fəal surətdə çoxtərəfli diplomatiyanı təşviq etməsi dünya birliyi tərəfindən təqdir olunur.
Azərbaycan İkinci Qarabağ müharibəsində tarixi Zəfər qazandı və hazırda azad edilmiş əraziləri öz gücü hesabına bərpa edir. Bütün bunların böyük vaxt, enerji, maliyyə və insan resursları almasına baxmayaraq Azərbaycan yalnız öz daxili məsələləri ilə kifayətlənmir, pandemiya zamanı olduğu kimi postpandemiya dönəmində də qlobal məsələlərə çevik reaksiya verir, təşəbbüslərlə çıxış edir, liderliyini davam etdirir. Bu sammit isə öz növbəsində Prezident, Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyevin fəal, təşəbbüskar və çevik xarici siyasətinin növbəti bariz göstəricisidir. Qoşulmama Hərəkatı ölkələrinin Azərbaycana tam etimadının nəticəsində üzv dövlətlərin yekdil rəyinə əsasən, ölkəmizin təşkilata sədrliyi daha bir il, yəni 2023-cü ilin sonuna kimi uzadılıb. Bu, bir daha onu göstərir ki, Azərbaycan təşkilatın fəaliyyətinə mühüm töhfələr verir. Beləliklə, deyə bilərik ki, Azərbaycanın növbəti dəfə qlobal məsələlərin müzakirə olunacağı mühüm bir toplantıya ev sahibliyi etməsi, eyni zamanda, ölkəmizin multilateralizmə və qlobal həmrəyliyə verdiyi önəmin göstəricisidir.
Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc