Azərbaycan xalqı ali hədəfinə çatmışdır
Azərbaycan xalqı ali hədəfinə çatmışdır
Artıq 2020-ci ilin noyabrından tariximizin ən parlaq səhifələrindən olan Zəfərimizlə bayramlarmızı sonsuz qürur və fəxarət hissi ilə qeyd edirik. Vətən müharibəsinin davam etdiyi 44 gündə 30 ilin işğalına son qoymaq böyük səylərin, qətiyyətin, bir sözlə, müstəqil siyasətin nəticəsidir. Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri ilə 30 ildə etdiyi bu kimi çağırışları reallıqda təsdiqlədi. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun gücü, qüdrəti sayəsində Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbə gələcəyimizə stimulverici amil oldu. Vətən müharibəsinin davam etdiyi 44 günün hər anında tarix yazan Azərbaycan Ordusunun gücü, qüdrəti beynəlxalq təşkilatların hesabatlarında da etiraf edilir. Ali Baş Komandan cənab İlham Əliyevin müharibə başlanan zaman xalqa müraciətindəki mətinlik, qətiyyət, qələbəyə inam onu göstərdi ki, cənab Prezident ordumuzun gücünə, xalqımızın birliyinə, həmrəyliyinə güvənir. Xalqımız isə elə müharibənin ilk günündən dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin uğurlu siyasəti nəticəsində torpaqlarımızın işğaldan azad ediləcəyinə əmin idi. 44 günlük İkinci Qarabağ müharibəsi bu əminliyi bir daha təsdiqlədi. Cənab Prezidentinin hər zaman səsləndirdiyi, beynəlxalq təşkilatların tribunasından bəyan etdiyi “Bu gün beynəlxalq münasibətlərdə “kim güclüdür, o da haqlıdır” fikirləri Onun yenilməz siyasi iradəsi əsasında güclü dövlət konsepsiyasının uğurla həyata keçirilməsində, iqtisadi, siyasi və hərbi gücün yaradılmasında öz sözünü dedi. Məhz bu üç amilin vəhdəti 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizi şərtləndirdi, 30 il işğal altında olub mənfur düşmənin vəhşiliklərinə şahidlik edən, amma tarixi sahibinə qovuşacağına ümidini bir an belə itirməyən torpaqlarımızın azadlığına yol açdı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev, eyni zamanda, bu gücə arxalanaraq 44 günlük müharibə dövründə həm də informasiya cəbhəsində xalqının, ölkəsinin maraqlarını qətiyyətlə müdafiə etdi.
Hazırda tarixi Zəfərimizin reallıqları əsasında regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması prioritet məsələdir. Azərbaycan Ermənistanla münasibətləri normallaşdırmaq üçün sülh müqaviləsinin imzalanmasını təklif etdi. Bu istiqamətdə keçirilən görüşlərin, sonda imzalanan bəyanatların hər biri dövlət Prezident cənab İlham Əliyevin diplomatik məharətinin uğurlarını özündə ehtiva edir. Azərbaycanın mövqeyi dəstəklənir, maraqları müdafiə edilir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Prezident cənab İlham Əliyev ata vəsiyyətini şərəflə yerinə yetirdi. Azərbaycanın ərazi bütövlüyünü bərpa edən müdrik Lider, qalib Sərkərdə kimi adını əbədi olaraq tarixə qızıl hərflərlə yazdı, 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrildi. Zəfərimiz ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident cənab İlham Əliyevin dövlətə, xalqa bağlılığını, Ulu Öndərin şah əsəri olan müasir müstəqil Azərbaycana qazandırdığı qalibiyyətin təqdimatı oldu.
Rauf Məlikov- Zərdab şəhər sakini, Zərdab Peşə liseyinin direktoru