21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Azərbaycanın nəqliyyat və logistika infrastrukturu ECO-nun üzv dövlətləri üçün açıqdır

Azərbaycanın nəqliyyat və logistika infrastrukturu ECO-nun üzv dövlətləri üçün açıqdır

Azərbaycanın nəqliyyat və logistika infrastrukturu ECO-nun üzv dövlətləri üçün açıqdır.

Ölkəmiz ECO-nun üzv dövlətləri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı genişləndirməkdə qərarlıdır. “Azərbaycan ECO-nun üzv dövlətləri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı daha da genişləndirməkdə qərarlıdır və təşkilatın növbəti Zirvə görüşünə ev sahibliyi etməyə hazırdır.” Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın paytaxtı Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısında bildirib.

Ötən ay ECO Nazirlər Şurası İclasının Şuşada keçirildiyini vurğulayan dövlətimizin başçısı qeyd edib ki, Azərbaycanın nəqliyyat və logistika infrastrukturu ECO-nun üzv dövlətləri üçün açıqdır. Son illər Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub və Avrasiyanın Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat – logistika mərkəzlərindən birinə çevrilib. Hər iki dəhlizin Azərbaycandan keçən hissələri tam hazırdır. Biz hazırda bu dəhlizlər boyu dəmir yolu xətlərinin yükaşırma qabiliyyətinin genişləndirilməsi üzərində işləyirik. Azərbaycan ECO-nun Təmiz Enerji Mərkəzinin rəsmi ev sahibi olaraq təsdiqlənib. İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü kimi Azərbaycan təşkilatın işində fəal iştirak edir. ECO-nun ötən Zirvə toplantısından keçən dövrdə görülən işlər barədə məlumat verən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın Təşkilata uğurlu sədrliyi münasibətilə Prezident İlham Əliyevi təbrik edib. “Yaşıl keçid və qarşılıqlı əlaqələr” ilində ölkəmizin sədrliyi çərçivəsində həyata keçirilən tədbirlərin və təşəbbüslərin tərəfdaşlığımızın genişlənməsinə böyük töhfə verdiyini vurğulayaraq deyib ki, Bakıda Təmiz Enerji Mərkəzinin və Regional Elektrik Bazarının təşkili istiqamətində əməli tədbirlər həyata keçirilir, həmçinin ekologiya sahəsində də yüksək səviyyəli dialoq platforması yaradılıb. Turizm sektorunda əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə ilk dəfə olaraq tur-operatorlar şəbəkəsi formalaşdırılıb və Təhlükəsiz Turizmin İnkişafı Proqramı təsdiq edilib. Qeyd edilib ki, Özbəkistan Azərbaycan və Türkiyə ilə yükdaşımalarla bağlı məlumatları rəqəmsallaşdırıb və digər ölkələrlə də analoji layihələr həyata keçirilir. Tarixi “İpək yolu”nun keçdiyi Azərbaycanın yerləşdiyi ərazi bütün dövrlərdə Avropa və Asiyanı, ən uzaq dövlətləri birləşdirən, strateji ticari-iqtisadi dəhlizlərin qovuşduğu məkanlardan olub. Bu gün də Azərbaycan qonşu ölkələrlə müqayisədə təbii üstünlüklərə malikdir. Belə ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin ən əlverişli kəsişməsində yerləşir və bu baxımdan, geostrateji mövqeyə malikdir. Bunu nəzərə alaraq ölkəmizdə nəqliyyat infrastrukturunun inkişafı, tranzit potensialının artırılması istiqamətində bir sıra irimiqyaslı layihələr reallaşdırılıb. Bakıda və respublikanın bölgələrində beynəlxalq hava limanlarının, avtomobil yollarının tikintisi, dəmir yolu xətlərinin və təyyarə parklarının yenilənməsi iqtisadi əlaqələrin genişlənməsində mühüm rol oynayır. Bunlar Azərbaycanın tranzit potensialını və tranzit daşımalarında iştirak imkanlarını genişləndirir. Türkmənistan, Tacikistan və Türkiyə, eləcə də Azərbaycan ilə İran arasında razılaşdırılmış multimodal dəhlizlərin xalqlarımız arasında əlaqələrin inkişafına xidmət edəcəyini, energetikanın ECO üçün çox vacib sahə olduğunu qeyd edən ECO-nun Baş katibi Xusrav Noziri bu istiqamətdə Xartiyanın imzalanmasının əhəmiyyətini vurğulayıb. “Turizm paytaxtları” konsepsiyası çox mühüm təşəbbüsdür. İndiyədək 6 şəhər, o cümlədən Tacikistanın Düşənbə, İranın Sari və Ərdəbil, Özbəkistanın Şəhrisəbz, Türkiyənin Ərzurum və Azərbaycanın Şuşa şəhərləri “Turizm paytaxtları” seçilib. Vətən müharibəsində qazandığımız tarixi qələbə yeni inkişaf perspektivləri açmaqla yanaşı, həm də ölkəmizin dünyadakı siyasi çəkisini daha da artırdı .Çinin Avropa ilə mal mübadiləsində yeni yollardan biri olan Şərq-Qərb nəqliyyat dəhlizi böyük əhəmiyyət kəsb edir. Ölkə başçımızın dediyi kimi, “Azərbaycan etibarlı tranzit ölkəsi kimi dünya arenasında özünü təsdiqləyib”. Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü olub. Görüşdə Araz çayı üzərində Ağbənd istiqamətində dəmir yolu və avtomobil yolu körpülərinin tikilməsi və İran ərazisindən dəhlizin çəkilməsi ilə əlaqədar məsələlər müzakirə olunub. Eyni zamanda, Şimal-Cənub Nəqliyyat Dəhlizi üzrə Azərbaycan ərazisində dəmir yolu infrastrukturunun ötürmə qabiliyyətinin artırılması və tikintisinin Rəşt-Astara dəmir yolu ilə sinxron qaydada həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Söhbət zamanı energetika sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib, “3+3” formatının əhəmiyyəti qeyd edilib, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunulub.

Ümumiyyətlə, Özbəkistanın paytaxtı Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısının keçirilməsi səmimi dostluq və qardaşlıq münasibətlərinin ən bariz sübutudur. Prezident İlham Əliyevin dediyi kimi, bu gün ölkələrimiz arasında bütün istiqamətlər üzrə fəal qarşılıqlı əlaqələr üçün möhkəm zəmin mövcuddur və münasibətlər məhz bu əsas üzərində sürətlə inkişaf edir.

Samir Talıbov

Saatlı Tarix-diyarşünaslıq muzeyinin əməkdaşı

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın