21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Dörd ünsür, dörd bayram çərşənbəsi

Dörd ünsür, dörd bayram çərşənbəsi

   Dörd ünsür, dörd bayram çərşənbəsi

 

Novruz bayramı bir dəyər kimi xalqımızı bütünlüklə təsdiq edən bənzərsiz bayramdır. Onun minillərin o tayından gələn özünəməxsus fəlsəfəsi, ritual və mərasimləri, yemək mədəniyyəti böyük dəyərlər toplusudur. Bu bayram təkcə təbiətin dirilişi deyil, həm də insan düşüncəsinin yenilənməsidir.

Novruzun gəlişi – əmək mövsümünün başlanması deməkdir.  Bu baxımdan da insanlar qoyun–quzunun yaza salamat çıxarılması, südün, ətin, yağın, pendirin bol olması üçün müxtəlif nəğmələr yaradıblar. Son ayın dörd çilləyə bölünməsi isə ümumiyyətlə, təbiətin dörd əsas ünsürdən ibarət olması etiqadına əsaslanır. Bu dörd ünsür su, od, hava və torpaqdır. Qədim etiqadlara görə, son ayın hər həftəsində sanki bu ünsürdən biri canlanır, oyanır, yaşamağa başlayır. Bunların hamısının dirilməsi, qızması, yeni keyfiyyət kəsb etməsi ilə ümumiyyətlə, təbiət oyanır, qış qurtarır, yaz başlanır.

Qışın yola salınması, baharın gəlişi və təbiətin dirilməsini rəmzləşdirən çərşənbələrin özünəməxsus yeri var. Çərşənbələr yaradılışın xalq düşüncəsindəki təsəvvürləri üzərində meydana gəlib. Orta əsrlər dövründə dünyanın yaranmasının əsasında dörd ünsürün dayanması və bu əsasda Şərqdə formalaşan, “ab” (su), “atəş” (od), “xak” (torpaq), “bad” (külək) ilə əsaslandırılan “dörd ünsür” nəzəriyyəsi çərşənbələrin bayram kimi formalaşmasına təsir göstərmişdir. Azərbaycan qədimdən çərşənbə bayramlarının keçirildiyi coğrafiya olaraq tanınır. Əski təqvimlə ilin son dörd çərşənbəsi bayram kimi keçirilir. Novruza bir ay qalmış dörd çərşənbə sıra ilə qeyd edilir. Novruz öncəsi keçirilən dörd çərşənbədən birincisi isə Su çərşənbəsidir.

Əski təqvimə görə, “ilaxır çərşənbə”lərin birincisi olan Su çərşənbəsi boz ayın dörd çərşənbəsinin ilkidir. Yaradılışın sudan başlanması, həyatın ilk qaynağının su olması qədim təsəvvürlərdə də öz əksini tapır. Xalq arasında o, “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “sular Novruzu”, “gül çərşənbə” kimi də tanınmışdır.

Su ilə bağlı xalq arasında yayılan sınamalar vardır. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Qorxulu yuxuların suya danışılması ilə insanı izləyən qəzaların dəf olunması inamı türk mifoloji mətnlərin əsasını təşkil edir. Əzəli inamlarda su sağlamlığın mənbəyi sayılır. Su çərşənbəsi günü axar sudan keçənlər azar-bezardan xilas olar. İlk çərşənbədən başlayaraq, qonşuya axşamçağı ələk, od verilməz. Zərurət olanda istəyə gələnin başından örpəyini götürüb sonra verərdilər. Həmçinin çərşənbədə evə süpürgə çəkmək də olmaz. Digər inanca görə isə süfrəyə su dağılması aydınlıqdır. Bundan başqa, lal axan sudan keçməzlər, yuxuda su görmək aydınlıqdır, səfərə çıxan adamın arxasınca su atarlar, odu su ilə söndürmək günahdır və s. inanclarımız vardır.

İlin ikinci çərşənbəsi isə Od çərşənbəsi adlanır. Bu çərşənbədən etibarən günəş torpağı daha da qızdırmağa başlayır. Üçüncü çərşənbəmiz isə Yel çərşənbəsidir. Bu gündən etibarən bəzi ağaclarda tozlanma başlayır. Dördüncü və ilin son ilaxır çərşənbəsi isə Torpaq çərşənbəsi adlanır.

Torpağı təbiət su ilə isladır, günəşlə isidir, onu yaratmağa hazırlayır, ona görə də ta qədimdən insanlar ilk yaz əkini xışla-kotanla məhz torpaq çərşənbəsi günündə başlayardılar.

Novruz bayramının özünəməxsus adətləri vardır. Səməni cücərtmək, papaq atmaq, qulaq falına çıxmaq,yumurta döyüşdürmək,tonqaldan tullanmaq,qonaq getmək,yaşlıları ziyarət edərək bayramlarını təbrik etmək,küsülülərin barışması,el şənlikləri təşkil edərək yallı getmək bayramın əsas adətlərindəndir. Keçəl ilə Kosa isə Novruz bayramının əsas rəmzləri hesab edilirlər.

Azərbaycanda bu bayram hər il yüksək  təntənə ilə keçirilir. Biz fəxr edirik ki, Novruz xalqımızın ən böyük bayramıdır. Xalqımız əsrlər boyu bu bayramın adətlərini qoruyub saxlaya bilib və arzumuz budur ki, gələcək nəsillər də çox əsrlik tarixə malik olan bu əziz bayramı qoruyub saxlasın.

 

Məmmədova İlhamə

Saatlı rayonu Yeni Novruzlu kənd tam orta məktəbin müəllimi.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın