21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Şairə Aynur Qafarlı ömrünə qısa baxış

Şairə Aynur Qafarlı ömrünə qısa baxış

Qafarlı Aynur Afət qızı 1976-cı ildə Şəki şəhərində anadan olmuşdur. 1998-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə bakalavr, 2003-cü ildə Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası ixtisası üzrə magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirmişdir. 2013-2017-ci illərdə dissertantura pilləsində təhsil almış, 2022-ci ildə pedaqogika üzrə fəlsəfə doktoru dərəcəsi almaq üçün dissertasiya işini uğurla müdafiə etmişdir.1 dərs vəsaitinin, Azərbaycanda və xaricdə nəşr edilmiş 15 məqalə və tezisin, 2 şeir kitabının müəllifidir.

BİR ŞƏHİD ƏSGƏRƏ

Cəbhəyə yollandın bir payız günü,
Tutdun öz canından Vətəni baha.
Oğlundan, qızından yoxdur xəbərin,
Əbədi yuxuya getmisən daha.

Sadiqsən içdiyin əsgər andına,
Qəbrinə əyilib diz çökürəm mən.
Mənim gözlərimdə Vətən eşqinin,
Heç zaman sönməyən məşəlisən sən.

Yardın öz sinənlə istehkamları, –
Düşmənin başına odlar ələdin.
Aldın qisasını Mübarizlərin,
Neçə qaniçəni qana bələdin.

Çəkilir Vətənin başındakı çən,
Yox olur dağlardan acı küləklər.
Kasıb bir komada doğulsan da sən,
İndi mənzilindir bütün ürəklər.

Mən də istəyirəm ölənə kimi,
Vətəni sənintək müqəddəs bilək.
Adın əsrlərlə yaşayacaqdır,
Köçsən də gözündə min odlu dilək.

ŞANLI AZƏRBAYCAN ƏSGƏRİNƏ

Durdun keşiyində Ana Vətənin,
Yol alıb, ürəkdən-ürəyə getdin.
Hər zaman hər yerdə ağ olsun üzün,
Bu yurdu yağıdan sən azad etdin.

Sənə halal olsun ananın südü,
Sənə halal olsun yediyin çörək.
Ucalıq yaraşır uca adına,
Ey əsgər qardaşım, toyunu görək.

Sənin başın üstə parlayır bu gün,
Bir bax başın üstə doğan ülkərə.
Dünən qazandığın o zəfər üçün,
Sənə “sağ ol” deyir Vətən min kərə.

Tarix unudarmı şücaətini?!
Bəllidir hər kəsə qüdrətin sənin.
Bu elin əbədi səadətiyçün,
Vulkana çevrildi nifrətin sənin.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın