21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir

Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir

44 günlük müharibə nəticəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir.

Xalq yalnız o Liderlərin ardınca gedir ki, ona inanır, ona güvənir. Bu inam, bu güvənc isə sınaqlardan çıxaraq qazanılır. Əsl lider yalnız o zaman xalqının sevimlisinə çevrilir, onun gözündə ucalır, qəlbində özünə taxt qurur ki, söz və əməl birliyi ilə bütün sınaqlardan alnı açıq,  üzü ağ çıxır.  Tarix bu həqiqəti dəfələrlə sübut edib, bu həqiqət Prezident İlham Əliyevin simasında tarix səhnəsində bir daha öz təsdiqini tapdı.

“Azərbaycan torpaqları işğaldan azad olunmalıdır, 1 milyon qaçqın, köçkün öz doğma torpaqlarna qayıtmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev. – Bu vəd veriləndə 2003-cü il idi. Prezident kimi Qarabağla bağlı ilk vəd idi bu. Xalq ona yenicə səs vermişdi, özünə Prezident seçmişdi. Dahi Heydər Əliyevdən sonra Azərbaycanı, özünün taleyini ona etibar etmişdi. Ondan çox şey gözləyirdi, ən çox istədiyi isə ləyaqətinin, qürurunun qaytarılması, viran edilmiş yurdunun, Qarabağının xilası idi. Asan deyildi. O, özü də yaxşı  bilirdi asan olmadığını və o gündən dilindən düşmədi Qarabağ. Bütün qərarlarında, bütün görüşlərində, bütün səfərlərində  ən Ali kürsülərdə belə ilk mübtədası  Qarabağ oldu.

Müxtəlif kürsülərdə hər kəsin gözü qarşısında qətiyyətlə, əminliklə səsləndirdi bu fikirləri. Kadr arxasında olanları isə heç də hamı görmürdü. Görünməyənlər   onun xalqına verdiyi vədləri gerçəyə çevirmək üçün davamlı çalışmaları idi. Güclü iqtisadiyyat, mükəmməl sosial layihələr, xalqın rifahı, qüdrətli ordu, sarsılmaz xalq-iqtidar birliyi ölkənin günü-gündən artan beynəlxalq nüfuzu.

2003-2020-ci illərdə böyük siyasi  iradə və qətiyyətlə görülən bu böyük  işlər ümumilikdə  sabaha, sabahkı qələbəyə hesablanmışdı.

Nəhayət o gün də gəldi. Qarabağ əsl sahibinə qayıtdı. Güclü hazırlıq, düzgün taktika, düzgün seçilmiş zaman möhtəşəm Qələbəni də təmin etdi. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı. 44 gün davam edən və “Vətən müharibəsi” olaraq adlandırılan müharibə Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatmışdır. Azərbaycanın mədəniyyət paytaxtı hesab edilən Şuşa şəhəri Şanlı Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. 1 dekabr tarixi etibarı ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bu 44 günlük müharibə Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu.

Cənab Prezident İlham Əliyev adını tarixə ölkəsinin ərazi bütövlüyünü bərpa edən  müdrik dövlət başçısı, güclü lider,  müzəffər Ali Baş Komandan kimi yazdı. Şah İsmayılın, Nadir şahın qurduğu imperiyaların süqutundan sonra Azərbaycan  ilk dəfə bu miqyasda tarixi torpaqlarını  qaytarmağa nail oldu. Dedi və etdi. Sözünün sahibi olduğunu yenidən ən ali səviyyədə nümayiş etdirdi. Onun fəlsəfəsi budur.  Sözü imzası qədər keçərlidir.

 

Vasif Əliyev – Zərdab rayonu Yarməmmədbağı kənd tam orta məktəbinin psixoloqu

 

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın