Azərbaycan Avropanın, nəinki enerji, o cümlədən bir sıra digər sahələrdə də etibarlı tərəfdaşıdır
Azərbaycan Avropanın, nəinki enerji, o cümlədən bir sıra digər sahələrdə də etibarlı tərəfdaşıdır
Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasına işgüzar səfərə gəlib. Həmin gün Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimi keçirilib və bu mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev iştirak ediblər.
Həmçinin aprelin 25-də iki dövlət başçılarının iştirakı ilə Sofiyada SOCAR-ın Bolqarıstan Respublikasındakı ofisinin açılışı olub.
Qeyd edilməlidir ki, Sofiyada 4 Balkan ölkəsi ilə SOCAR arasında imzalanan Anlaşma Memorandumu bu ölkələr üçün mühüm əhəmiyyətə malikdir. Avropa ölkələrinin hazırki zamanda yaşadıqları enerji problemləri zamanı enerji resurslarının daha da şaxələndirilməsi, o cümlədən enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində imzalanmış Memorandum çox mühüm addımdır. Həmçinin Yunanıstan ilə Bolqarıstan arasında interkonnektor vasitəsilə inteqrasiya layihəsi Azərbaycanın təbii qaz təchizatının coğrafiyasını genişləndirmək imkanını yaradıb. Bu layihə Avropada enerji təhlükəsizliyinin gücləndirilməsinə artıq öz töhfəsini verir.
Cənab Prezidentin Bolqarıstan səfəri Azərbaycanın enerji siyasətində atılan önəmli addımlardandır. Ölkə başçısı bu istiqamətdə davamlı addımlar atır. Xüsusən Şərqi Avropa dövlətləri ilə bu istiqamətdə əlaqələr və əməkdaşlıq genişlənir. Şərqi Avropa dövlətləri Azərbaycan enerji bazarı üçün əsas tranzit rolunu oynayır, həm də istehlakçı ölkələrdir. Bu eyni zamanda Azərbaycanın Aİ ilə yaxınlaşması və inteqrasiya istiqamətində atılan mühüm addımdır.
Azərbaycanın uğurlu enerji siyasətində Bolqarıstan kimi ölkələrin üzərinə böyük yer düşür. Bu baxımdan ölkə başçısının Bolqarıstana olan bu səfəri ölkəmizin iqtisadi əlaqələri və dayanıqlı enerji bazarlarına çıxışının təmin olunması baxımından çox önəmlidir.
Azərbaycan Avropanın, nəinki enerji, o cümlədən bir sıra digər sahələrdə də etibarlı tərəfdaşıdır. İmzalanmış Anlaşma Memorandumu icra olunduqdan sonra Avropada enerji təhlükəsizliyini gücləndirəcək və Azərbaycan üçün daha çox Avropa ölkəsinə daha çox qaz ixrac etməyə fürsət yaradacaqdır.
Bu səfər Avropaya – Avropanın üçdə birinə səfər kimi – Balkanlarda yerləşən bütün ölkələrə səfər kimi qiymətləndirmək lazımdır. Bu səfərin əhəmiyyəti bir ölkənin sərhədlərini artıq çoxdan keçib. Azərbaycan artıq bütün Avropa ölkələri ilə ciddi müttəfiq kimi dəyərləndirilir. Bu gün Azərbaycanın Avropa İttifaqı ölkələri ilə münasibətdə əhəmiyyəti Avropanın istənilən ölkəsindən daha yüksəkdir və daha əhəmiyyətlidir. Mübaliğə etmədən demək mümkündür ki, Avropanın özünü Avropanın başında hesab edən Fransa kimi ölkələr Avropa ölkələri üçün bəlkə Azərbaycandan daha az faydalıdır. Bu gün Avropanın Baltikyanı ölkələr kimi sonradan qoşulan ölkələr məhz Azərbaycanın yardımı sayəsində müasir çağırışlara davam gətirə bildilər. Azərbaycanın indiki şəraitdə Avropa üçün əhəmiyyətini İlham Əliyev daha dəqiq qiymətləndirib: “Biz Avrasiyanın enerji xəritəsini yenidən cızırıq”.
Sofiyada SOCAR, eləcə də Mərkəzi Şərqi Avropa ölkələrini təmsil edən bir neçə şirkətlərlə bağlanan müqavilə həm Azərbaycanın Avropada enerji təhlükəsizliyindəki rolunu artıracaq, həm də ölkəmiz üçün dövlət gəlirlərinin artırmasına səbəb olacaqdır.
SOCAR regionda aktiv şirkətlərdəndir. Xüsusən də Avropanın enerji təhlükəsizliyinə verəcəyi enerji təminatında xüsusi rolu var. Digər tərəfdən SOCAR investisiyalarının həcmini genişləndirməyə çalışır. Bu hal təbii ki SOCAR üçün investisiyaların diversifikasiyası baxımından mühümdir. Azərbaycan üçün enerji resursularını Avropa bazarına daha geniş həcmdə və miqyasda çıxarması baxımından əsasdır. Bu baxımdan Azərbaycan iqtisadiyyatı üçün vacib anlaşmadır. Bu, birmənalı şəkildə Azərbaycanın dövlət gəlirlərinin artmasına kömək edəcəkdir.
Yaxın perspektivdə isə yeni planlarımız vardır. Bu gün Azərbaycan qazı Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana və İtaliyaya ixrac edilir. Bu ildən başlayaraq qaz Rumıniyaya da çatdırılır. Əgər bütün lazımi interkonnektorlar olarsa, bu ilin sonundan etibarən ölkəmiz Macarıstana və Slovakiyaya qaz təchizatını başlayacaqdır. Bu da Azərbaycanın növbəti uğuru kimi dəyərləndirilməlidir.
Ələddin Zeynalov
Saatlı Tarix-diyarşünaslıq muzeyinin əməkdaşı