Öz xalqına sadiqliyinin təcəssümü olan prinsipial vətəndaş mövqeyi
Öz xalqına sadiqliyinin təcəssümü olan prinsipial vətəndaş mövqeyi
Tariximizdə müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamlarının sayəsində Azərbaycan əsrlərdən bəri formalaşdırmış olduğu milli dövlətçilik ideyasını, bütöv bir millətin etnik-siyasi potensialını qoruyub saxlaya bilmişdir. Ən yeni tariximizdə bu missiyanı Dahi şəxsiyyət Heydər Əliyev üzərinə götürmüş və şərəflə, ləyaqətlə öhdəsindən gəlmişdir. Məhz Heydər Əliyev sayəsində Azərbaycan öz müstəqilliyinə nail olmuş, dünya dövlətləri sırasında öz mövqeyini qoruyub saxlaya bilmiş, üzərinə düşən xilaskarlıq missiyasını şərəflə yerinə yetirməkdən ötrü zamanın bütün ağırlığını öz çiyinlərinə götürərək dövlətimizi dünyanın xəritəsindən silinmək təhlükəsindən, xaos və hərc-mərclikdən qurtarmışdır. Böyük düha sahibi Heydər Əliyev öz misilsiz xidmətləri ilə Azərbaycan xalqının və onun tarixinin ən qüdrətli şəxsiyyətinə çevrilmişdir. Heydər Əliyevin həyatı və fəaliyyəti nəhəng və qüdrətli məktəbdir.
1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürmüş və ölkənin o dövrkü rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur olmuşdur. Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Ali Sovetə rəhbərlik etdiyi bu qısa müddətdə parlamentin ruhunu kökündən dəyişdi. Milli Məclisə siyasi mədəniyyət gətirdi. Dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində uğurla sınaqdan çıxmış müsbət inkişaf modellərinin potensialına müraciət edərək, Ulu Öndər onların Azərbaycan reallıqlarına adaptasiyasına müvəffəq olmuşdur. Xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Ulu Öndərin adı ilə bağlıdır. Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modelinin gerçəkləşdirilməsinə nail olmuşdur.
Ulu Öndərin ən böyük gücü dərin, həm də universal biliyində, qətiyyətində, işgüzarlığında, hökmündə, qeyri-adi yaddaşında, tükənməz səbrində, müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində, qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, siyasətçi keyfiyyətlərində, mahir diplomat olmasında, həmsöhbətinə təsir etmək gücünə malik olmasında idi. Xeyirxahlıq və alicənablıq, inam və etibar, təmkin və səmimiyyət, zəka, səbat, diqqət və başqa cəhətlər Heydər Əliyevin unikallığı idi.
Zərdab rayon Salahlı kənd ümumi orta məktəbinin direktoru-Rəşad İsmayılov
Böyük şəxsiyyətin prinsipial mövqeyi
Ulu Öndər Heydər Əliyevin çoxşaxəli və zəngin irsinin öyrənilməsi zaman keçdikcə daha da aktuallaşır. Bu böyük şəxsiyyətin dövlət idarəçiliyində zəngin tarixi təcrübəyə, müasirliyə söykənən və gələcəyə aparan təşəbbüskarlıq meyarları ayrıca təhlil olunmağa layiqdir. Çünki mükəmməl dövlət idarəçiliyi bütün dövrlər və bütün cəmiyyətlər üçün, xüsusilə müstəqilliyini və dövlətçiliyini uzun illərdən sonra bərpa edən, gənc və sürətli inkişaf yoluna qədəm qoyan dövlətlər üçün həmişə vacib məsələlərdən biri olmuşdur.
Heydər Əliyev özünün keçdiyi bənzərsiz həyat yolunda qazandığı misilsiz təcrübəni, tarixi prosesləri dərindən dərk edərək onlardan əldə etdiyi nəticələri xalqının və millətinin inkişafına, qurduğu dövlətin tərəqqisinə yönəltməyi bacaran müdrik siyasi xadim və rəhbər idi. Çox güclü şəxsiyyət və müdrik siyasətçi olan Heydər Əliyevin zamanın sınağından çıxmış ümumi prinsip və meyarlarla yanaşı, dövlət idarəetməsində tətbiq etdiyi öz prinsipləri və meyarları var idi. Bu meyarlar təcrübədə özünü doğrultmuş meyarlar idi və bütövlükdə onları işgüzarlıq, prinsipiallılıq, cəsarətlilik, vətənə, dövlətə, xalqa sədaqət, milli-mənəvi dəyərlərə dərin hörmət, ümumi mənafeləri hər şeydən üstün tutmaq meyarları kimi səciyyələndirmək olar. Ümummilli Lider özünün yüksək qiymətləndirdiyi, dəqiqliklə əməl etdiyi, vacib hesab etdiyi və hər bir insanda görmək istədiyi bu cəhətlərin onunla çalışan dövlət adamlarında da olmasını istəyir və onlarla bu prinsiplər əsasında münasibət qururdu.
Ulu Öndər üçün ən başlıca prinsip isə hər kəsin tutduğu mövqedən və vəzifədən, maddi və digər imkanlarından, istedad və qabiliyyətindən asılı olmayaraq ümummilli mənafelərə sadiqliyi, bu mənafeləri qoruması və yaşatması idi. Keçmiş sovet idarəetmə sisteminin ən mühüm strukturlarında çalışmış, bu sistemin incəliklərini dərindən bilən müdrik və görkəmli dövlət xadiminin keçdiyi həyat yoluna, bu yolda xalqı və milləti üçün gördüyü işlərə nəzər saldıqda onun nə qədər realist və uzaqgörən bir siyasi xadim olmasını bir daha görür və bu insanın xalqına nə qədər fədakarlıqla xidmət etdiyinə heyran qalırsan. Heydər Əliyev olduqca müdrik və uzaqgörən bir siyasətçi kimi Azərbaycanın gələcəkdə müstəqilliyinə xələl gətirə biləcək maneələri əvvəlcədən sanki görür və belə maneələrin qarşısını almaq üçün, ilk növbədə, respublikanın qanunvericilik bazasında mükəmməl hüquqi normalar yaradılmasına böyük diqqət yetirirdi.
Heydər Əliyev öz keçdiyi həyat yolunda və Azərbaycan tarixinin bütün mərhələlərini dərindən bildiyinə görə 1991-1993-cü illərdə Azərbaycanın düşdüyü ağır vəziyyətin bir səbəbinin də səriştəsiz rəhbərliyin və peşəkar kadrların olmamasından irəli gəldiyini yaxşı bilirdi. O, dünya tarixində ayrı-ayrı xalqların öz millətinin, dövlətinin xilaskarlıq missiyasını üzərinə götürən böyük şəxsiyyətlərinin həyat yolunu, mübarizə metodlarını da mükəmməl bilirdi və özü də belə şəxsiyyətlərdən biri olduğuna görə Azərbaycanın xilaskarlıq missiyasını öz üzərinə götürmüşdü. Ulu Öndər Azərbaycanın bir dövlət kimi yaşamasına, inkişafına və tərəqqisinə zəmin yaratmış, onu qoruyub saxlamış və bugünkü inkişafı üçün möhkəm iqtisadi və siyasi bünövrə qurmuşdur. Ona görə də Heydər Əliyev xalqının Ümummilli Liderinə çevrilmiş və bu şərəfli missiyanı ömrünün son dəqiqəsinədək əzmlə yerinə yetirmişdir.
Zərdab rayon Əlibəyli kənd tam orta məktəbinin direktoru-Kəmalə Əliyeva
Ölkəmizin yeni tarixi: Ulu Öndərin doğma Vətənə qayıdışı
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz mənalı və zəngin ömrünü bütövlükdə millətinə, xalqına, vətəninə və dövlətinə həsr etmişdir. Millətini canından artıq sevən ulu öndərə olan sonsuz xalq məhəbbətinin sirri də məhz elə budur. Ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin banisi adlandırılması təsadüfi deyil. Dahi siyasətçi xalqının ağır günündə Kremlin təqiblərindən yaxa qurtarıb 1990-cı il iyulun 20-də Vətənə döndü. Lakin Vətəndə – onun paytaxtı Bakıda tariximizin ən rüsvayçı faktlarından biri baş verdi: xalqın xilaskar oğluna vaxtilə onun qurub-yaratdığı paytaxtda qalmaq, ağır fəlakət anında doğma xalqı ilə birlikdə olmaq, ona yol göstərmək imkanı verilmədi. Böyük dövlət xadimi Bakıya gəlişindən iki gün sonra — 1990-cı il iyulun 22-də doğma Naxçıvana pənah aparmalı oldu. Heydər Əliyev Naxçıvanda bütün Azərbaycanın qurtuluş mübarizəsinə başladı. 1993-cü ilin iyununda — Heydər Əliyevin hakimiyyətə qayıdışı ərəfəsində Azərbaycan öz tarixinin ən qanlı burulğanı içərisində çabalayırdı. Cəbhədə ağır məğlubiyyətlər, xəyanətlər, satqınlıq, vəzifə ələ keçirmək üçün müqəddəs torpaqlarımızın hərraca qoyulması adi hal almışdı. Ölkədə, sözün əsl mənasında, hakimiyyətsizlik idi. Siyasi hərc-mərclik, hərki-hərkilik baş alıb gedirdi. Bölgələrimizdə, rayonlarda, paytaxtın ayrı-ayrı məhəllələrində faktiki olaraq silahlı quldur dəstələri hökmranlıq edirdilər. Xalq vahimə və təşviş içərisində idi. Məhz o zaman — 1993-cü ilin iyun günlərində Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın qurtuluşunda həlledici dönüş baş verdi. Müdrik dövlət xadimi bir neçə siyasi gedişdən sonra vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Xarici və daxili düşmənlərin Azərbaycanı parçalayıb yox etmək, müstəqil dövlətimizi aradan qaldırmaq planı puça çıxdı. Dövlətimizin, xalqımızın tarixi müqəddəratının idarəçilik sükanı dahi dövlət adamının əlinə keçdi. Vətən, millət, bütün xalqımız məkrli düşmənlərin hazırladığı fəlakət uçurumuna yuvarlanmadı, fəlakətdən, ölüm qəzasından yan keçdi. Qurtuluş savaşında qələbəyə doğru dönüş başlandı. Ümummilli Lider Heydər Əliyevin adı xalqımızın xilaskarı, müstəqil Azərbaycan dövlətinin memarı kimi tariximizə qızıl hərflərlə əbədi həkk olub. Məhz Ulu Öndərin sayəsində Azərbaycan xalqı həm sovet dövründə, həm də müstəqillik dövründə öz tarixinin ən mühüm nailiyyətlərini qazanıb, başqa sözlə desək, ən böyük uğurlarımız xalqımızın böyük oğlu, dahi şəxsiyyət Heydər Əliyevin liderliyi və müəllifliyi ilə ərsəyə gəlib.
Müstəqilliyimiz üçün ən ağır anlarda yenə də Heydər Əliyev xalqın dadına çatdı. Vətəni və xalqı naminə ozamankı iqtidarın təklifini qəbul edərək rəhbərliyi öz üzərinə götürməyə razılıq verdi. Elə həmin gündən Azərbaycanda bütün sahələrdə dönüş yarandı. Vətəndaş müharibəsi son qoyuldu, separatçılıq proseslərinin qarşısı qətiyyətlə alındı, qanunsuz silahlı birləşmələr tərk-silah edildi. Müstəqilliyimizin ilk illərində orduda hərc-mərclik, intizamsızlıq hökm sürürdü. Heydər Əliyev vahid komandanlıq altında nizami ordu quruculuğuna başlayaraq tez bir zamanda müharibənin gedişində dönüş yarada bildi. Azərbaycan Ordusu öz Ali Baş Komandanının rəhbərliyi altında əks-hücum əməliyyatları keçirərək düşmənə ağır zərbələr endirdi. Heydər Əliyevin döyüş meydanında dönüşə nail olması atəşkəs müqaviləsinin imzalanmasına imkan verdi. 2020-ci ildə qazandığımız tarixi zəfərimiz sayəsində torpaqlarımızın işğaldan azad olunması bir daha göstərdi ki, müzəffər ordumuzun formalaşdırılması üçün bu müqavilə nə qədər əhəmiyyətli idi. Ulu Öndər münaqişənin həlli ilə bağlı böyük uzaqgörənliklə bildirirdi ki, sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır. Məhz bu prinsipə sadiq qalmaqla Azərbaycanın Müzəffər Ali Baş Komandanı İlham Əliyev uzun illər ordu quruculuğuna xüsusi diqqət yetirərək, tarixi Zəfərimiz üçün ordumuzu hər cəhətdən ən yüksək hazırlıq səviyyəsinə çatdırdı.
Zərdab rayon Gəlmə kənd tam orta məktəbinin direktoru-Rasif Qaçayev