İqtisadi müstəqillik və “Əsrin müqaviləsi”
İqtisadi müstəqillik və “Əsrin müqaviləsi”
Ümummilli lider Heydər Əliyevin xalqın iradəsi və çağırışı ilə 1993-cü ildə hakimiyyətə qayıdışı Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu. Azərbaycan dövlətini və ölkə iqtisadiyyatını labüd fəlakətdən, hərc-mərclikdən xilas edən dahi rəhbər ölkənin iqtisadi yüksəlişi üçün də təcili tədbirlər görməyə başladı. İttifaq səviyyəsində mövcud olan iqtisadi əlaqələr dağıldıqdan sonra milli iqtisadiyyatın dirçəldilməsi üçün ölkənin təbii resurslarından istifadə edilməsi və yerli məhsulların xarici bazarlara çıxışının təmin edilməsi mühüm əhəmiyyət kəsb edirdi.
Məhz belə bir dövrdə, Azərbaycanın zəngin neft ehtiyatlarının mövcudluğunu nəzərə alan ümummilli lider Heydər Əliyev ilk vaxtlardan başlayaraq danışıqlar prosesinə ARDNŞ-in vitse-prezidenti, millət vəkili İlham Əliyevi də cəlb etdi. Beləliklə, cənab İlham Əliyev yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəal iştirakçılarından oldu. Onun bütün fəaliyyətinin mərkəzində özünün dəfələrlə vurğuladığı bir ideya dururdu: “Bizim məqsədimiz təkcə neft hasil etmək, onu nəql etmək, bundan vəsait əldə etməkdən ibarət deyildir. Bizim məqsədimiz neftdən gələn bütün mənfəətləri həm siyasi, həm iqtisadi, həm də başqa mənfəətləri Azərbaycan xalqının gələcək mənafeyinə, rifahına yönəltməkdən ibarətdir”.
Bütün bu işlərin əsas məqsədi SSRİ-nin süqutundan sonra iflic vəziyyətə düşmüş Azərbaycan iqtisadiyyatını dirçəltmək, dünya iqtisadiyyatına daha geniş inteqrasiya etməklə beynəlxalq aləmdə ölkənin nüfuzunu artırmaq və doğma Azərbaycan dövlətini dünyəvi bir dövlətə çevirməkdən ibarət idi. Təbii ki, burada ölkənin sosial-iqtisadi inkişafı, xarici əlaqələrin genişləndirilməsi, istehsal sferasının fəaliyyətinin bərpası və genişləndirilməsi, insanların maddi rifah halının yaxşılaşdırılması, ölkədə həyat səviyyəsinin yüksəldilməsi və s. qarşıda duran mühüm vəzifələrdən idi. Ümummilli lider Heydər Əliyevin sözləri ilə desək: “Biz ölkəmizi iqtisadi cəhətdən inkişaf edən ölkə etmək istəyirik. Biz ölkəmizin vətəndaşlarına firavan həyat yaratmaq istəyirik. Biz müstəqil dövlət kimi daim yaşamaq istəyirik. Bütün bu işlər – təkcə neft sahəsində deyil, Azərbaycanın iqtisadiyyatının, həyatının bütün başqa sahələrində də gördüyümüz işlər məhz bu məqsədi daşıyır”.
20 sentyabr 2009-cu ildə Azərbaycan Respublikasının özünü təsdiq etdiyi, müstəqil dövlət kimi öz yeraltı və yerüstü sərvətlərinin şəriksiz sahibi olduğunun rəmzi sayılan “Əsrin müqaviləsi”nin imzalanmasının on beşinci ili tamam olur. Bu müqavilənin imzalanmasından ötən 15 il ərzində yaranan siyasi və iqtisadi vəziyyət nəinki Azərbaycanda, həm də Qafqaz regionunda, eləcə də müqavilənin iştirakçısı olan digər dövlətlərdə ciddi və mütərəqqi dəyişikliklərə səbəb olmuşdur. “Əsrin müqaviləsi”ndən keçən müddəti xronoloji təhlil etdikdə və bu müddət ərzində ölkənin iqtisadi göstəricilərinə nəzər saldıqda, müqavilənin əhəmiyyətliliyi bir daha aydın olur. Hamımıza məlumdur ki, 20 sentyabr 1994-cü ildə Bakı şəhərində Xəzər dənizinin Azərbaycana aid sektorunda yerləşən “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə istismarı ilə bağlı neft hasilatı üzrə ixtisaslaşmış, yüksək nüfuza malik dünya dövlətlərini təmsil edən 12 iri neft şirkəti arasında beynəlxalq müqavilə imzalanmışdır ki, bununla da “Yeni neft strategiyası” uğurla həyata keçirilməyə başlandı. Bu müqavilələr Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildi və 12 dekabr 1994-cü il tarixdə qüvvəyə mindi. Ölkəmizin iqtisadi inkişafında əvəzsiz rol oynayan və sonradan “Əsrin müqaviləsi” adlandırılan bu iri layihə üzrə ilkin neft 12 noyabr 1997-ci ildə hasil edilməyə başlandı. Təqribən, 730 milyon ton neft və 200 milyard kubmetrə yaxın təbii qaz – kondensat ehtiyatına malik olan yataqlarda görüləcək işlərə 12-14 milyard ABŞ dollarına yaxın investisiya qoyuluşu nəzərdə tutulurdu ki, bu da müstəqilliyini yenicə əldə etmiş Azərbaycan Respublikası üçün çox vacib idi. Eyni zamanda, “Əsrin müqaviləsi”nin ilk günlərindən başlayaraq Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti yaradıldı və təsdiq olunmuş vahid proqram üzrə ARDNŞ ilə birgə işlərə başlandı. Bu saziş sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 26 sazişin də imzalanmasına şərait yaratdı. İmzalanmış neft sazişləri üzrə Azərbaycanın neft sənayesinin inkişafı üçün nəzərdə tutulmuş 64 milyard ABŞ dolları vəsait qoyuluşunun 57,6 milyard dolları dəniz yataqlarının mənimsənilməsinə və perspektivli strukturlarda kəşfiyyat-axtarış işlərinin aparılmasına yönəldilmişdir. Ümumilikdə isə “Əsrin müqaviləsi”nin həyata keçirilməsilə Azərbaycan iqtisadiyyatında dönüş yarandı, böyük işlərə və iri layihələrə start verildi. Görülən operativ tədbirlər nəticəsində artıq 1999-cu ilin dekabrında Azərbaycan nefti ilə doldurulmuş ilk tanker dünya bazarına çıxarıldı. Yuxarıda qeyd edildiyi kimi, başlıca məqsədi milli iqtisadiyyatın dirçəldilməsi olan neft strategiyasının reallaşmasından əldə edilən valyuta isə ümummilli lider Heydər Əliyev tərəfindən yaradılmış Dövlət Neft Fondunda toplanaraq ölkənin taleyüklü məsələlərinin həllinə və sosial problemlərin aradan qaldırılmasına yönəldilirdi.
Aparılan statistik təhlillərdən aydın olur ki, ölkəmizin iqtisadi uğurları 2008-ci ildə də davam etmiş və gələcəkdə daha da sürətli inkişaf üçün zəngin potensial formalaşdırılmışdır. Ölkə başçısı İlham Əliyevin qeyd etdiyi kimi: “2008-ci ilin yekunları, eyni zamanda, son beş il ərzində görülən işlərə vurulan yekundur. Azərbaycan xalqı bu işlərə mənim üçün ən vacib olan münasibətini keçən ilin oktyabr ayında prezident seçkilərində bildirmişdir. Bu, bizim üçün ən böyük göstəricidir. Bizim işlərimizin düzgün aparılmasına ən böyük işarədir, ən böyük sübutdur. Elə etməliyik ki, növbəti illərdə xalqın etimadını doğruldaq, Azərbaycanın qarşısında duran bütün məsələləri uğurla həll edək, Azərbaycanı daha da gücləndirək, bölgədə və dünyada mövqelərimizi möhkəmləndirək, iqtisadi sahədə daha ciddi nailiyyətlərə çataq, bütün sosial məsələləri həll edək və beləliklə, ölkəmizi uğurla irəliyə aparaq”.
Təbii ki, milli iqtisadiyyatın ayrı-ayrı sahələrində uğurlu nəticələrin əldə edilməsinə, ilk növbədə, düzgün daxili siyasətin həyata keçirilməsi, ölkədə demokratik mühitin formalaşdırılması və iş adamları üçün münbit şəraitin yaradılması əsasında nail olunmuşdur. İş adamları ilə mütəmadi görüşlərin keçirilməsi, xüsusi razılıq tələb edilən fəaliyyət növlərınin sayının azaldılması, sahibkarlığın inkişafına xidmət edən dövlət proqramlarının qəbulu, qeydiyyat-uçot məsələlərinin sadələşdirilməsi, ölkədə Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinin genişləndirilməsi, iş adamlarına güzəştli kreditlərin verilməsi, “bir pəncərə” sisteminin yaradılması və s. dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının, xüsusilə özəl sektorun inkişafı və demokratik prinsiplərin reallaşdırılması istiqamətində atılan addımların çox az bir qismidir.
Beləliklə, “Əsrin müqaviləsi” müstəqil Azərbaycan Respublikasının mövcudluğu barədə dünyaya verdiyi ilk praktik, əməli işə dayanan bəyanatı idi. Biz bu müqaviləni imzalamaqla Azərbaycanın tam müstəqil dövlət olduğunu, xalqımızın öz sərvətlərinə sahib olduğunu dünyaya bir daha nümayiş etdirdik, – deyən ümummilli liderin bu sözləri 1994-cü ilin 20 sentyabrından sonra dəfələrlə təsdiqini tapdı. Təbii ki, həmin vaxtdan bu günədək, “Əsrin müqaviləsi”ndən ötən illər Azərbaycanın müstəqillik və dövlətçilik tarixinin əsas taleyüklü hissəsidir. Eyni zamanda, hər bir azərbaycanlıya məlumdur ki, bu illər heç də rəvan olmamışdır. Azərbaycanın müstəqillik yolunda saysız-hesabsız maneələr olub, dövlətçiliyimizə zərbə vurmağı qarşısına məqsəd qoyan mənfur düşmənlərlə mübarizə, müstəqilliyimizi hədəfə alan təxribatlar, qiyam və çevriliş cəhdləri həyata keçirilib. Bütün bunlara baxmayaraq Azərbaycan dövləti və xalqı özünün dahi oğlu, yenilməz Heydər Əliyevin müdrik siyasəti və qətiyyəti sayəsində bu əngəlləri birər-birər aşaraq sabitlik, inkişaf və rifah yoluna çıxdı. Eyni zamanda, Heydər Əliyevin neft strategiyası da zamanın bütün sınaqlarından uğurla çıxaraq bu inkişaf və rifahın baş təminatçısına çevrildi.
Yekunda ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasının “Əsrin müqaviləsi”ndən başlanan inkişaf yolunda qarşıda duran vəzifələri və başlıca məqsədi yığcam ifadə edən bir fikrini yada salmaq daha məqsədəuyğun olardı: “1994-cü ildən Azərbaycan dövləti özünün yeni neft strategiyasını həyata keçirir və bu strategiyanın da əsas mənası, əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən, o cümlədən neft və qaz sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha da səmərəli istifadə etməkdən ibarətdir”.
Rauf Salmanov
Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı