Dövlətçilik ənənələrinə böyük dəyər verilir
Dövlətçilik ənənələrinə böyük dəyər verilir
1918-ci il mayın 28-də Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaradıb. Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir.
Bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldıran Azərbaycan Xalq Cümhuriyyətində qısa zaman ərzində dövlət bayrağı, Azərbaycan vətəndaşlığı təsis olunmuşdur. Milli ordu qurulmuş və Qafqaz İslam Ordusu ilə birlikdə Bakı işğalçılardan azad edilmişdir. Azərbaycanın ilk parlamenti təsis olunmuş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Lakin Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşaya bilmişdir.
Azərbaycan xalqı 1991-ci ildə müstəqilliyini yenidən bərpa etmiş və oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunmuşdur. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə istinad olunmuş və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir. Baxmayaraq ki, xalqımız öz müstəqilliyini bərpa etmişdi, ancaq naşı və səriştəsiz rəhbərlər səbəbindən Azərbaycanı 1920-ci ilin aqibəti gözləyirdi. Belə olan halda müdrik xalqımız çıxış yolunu dahi şəxsiyyət Heydər Əliyevin ətrafında birləşməkdə gördü. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoydu. Dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində uğurla sınaqdan çıxmış müsbət inkişaf modellərinin potensialına müraciət edən Ulu Öndər onların Azərbaycan reallıqlarına adaptasiyasına müvəffəq oldu.
Dövlətçilik ənənələrini qoruyub yaşadan Ulu Öndər Heydər Əliyev hər zaman qeyd edirdi ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir. Heç də təsadüfi deyil ki, ilk dəfə olaraq rəsmi qaydada üçrəngli bayrağı Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırıb. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir.
Dövlətçilik ənənələri bu gün də layiqli formada qorunub saxlanılır. Prezident cənab İlham Əliyev Xalq Cümhuriyyəti haqqında fikir bildirərkən qeyd edir ki, Azərbaycan dövləti və xalqı Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsini əziz tutur. 2007-ci il 25 may tarixində Azərbaycanın paytaxtı Bakı şəhərinin İstiqlaliyyət küçəsində dövlət başçısının təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal bəyannaməsi abidəsinin ucaldılması, Azərbaycan Xalq Cümhuriyyətinin 90 və 100 illik yubileylərinin keçirilməsi, 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi Azərbaycanın dövlətçilik tarixində çox mühüm və şərəfli bir mərhələ olan Şərqdə ilk parlamentli respublikanın əhəmiyyətinin hər zaman uca tutulduğunun, eləcə də dövlətçilik ənənələrinə böyük dəyər verildiyinin sübutudur.
Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı
Müstəqillik ən böyük sərvətimizdir
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, sərhədləri müəyyən edilmiş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmişdir. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2021-ci il oktyabrın 15-də “Müstəqillik Günü haqqında” Azərbaycan Respublikası Qanununu təsdiq etmiş, həmin Qanuna əsasən mayın 28-i ölkəmizdə Müstəqillik Günü elan edilmişdir. Qanunda da qeyd olunduğu kimi, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti yaradılmış, 1991-ci il oktyabrın 18-də isə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunmuş, bu zaman 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə istinad edilmişdir. Bu baxımdan ölkə Prezidentinin imzaladığı müvafiq qanunda 28 may tarixi mahiyyət və məzmununa uyğun olaraq dəqiq ifadə olunmuşdur.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev deyirdi: “Müstəqillik bir bəyanatla olmur. Müstəqillik əməli işlə olur. Əməli iş də ondan ibarətdir ki, biz özümüz öz ölkəmizin, öz torpağımızın, millətimizin, taleyimizin sahibi olmalıyıq”.
Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin aprelində süqut etsə də, müstəqillik ideyaları xalqımızın yaddaşından heç vaxt silinmədi. Xalq özünün istiqlal arzularını nəsildən-nəslə ötürdü. 1970-1980-ci illərdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf etdi, həm iqtisadi, həm də sosial sahədə böyük uğurlar qazandı. Görkəmli dövlət xadiminin rəhbərliyi altında həyata keçirilmiş tədbirlər ölkəmizin müstəqillik uğrunda mübarizəsinə real hüquqi-siyasi və iqtisadi əsaslar yaratdı. Azərbaycan ötən əsrin sonlarında müstəqilliyini yenidən bərpa etdi. Lakin əsrin əvvəlində olduğu kimi, bu dəfə də erməni təcavüzü ilə üzləşərək torpaqlarının işğalı və müstəqilliyinin itirilməsi təhlükəsi ilə rastlaşdı. Tarixi hadisələr göstərir ki, Azərbaycan xalqı müstəqil dövlətini yaratmaq istəyəndə daim erməni faktoru ilə üzləşmiş, ölkəmizin müstəqil dövlət olmasını istəməyənlər “erməni məsələsi”ndən yetərincə istifadə etmişlər. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə yaranmış gərgin vəziyyəti belə xarakterizə etmişdir: “Bütün tarixboyu xalqımızın müstəqillik arzusu ilə yanaşı, bu istəyə qarşı həyata keçirilmiş faciə və soyqırımı hadisələri də heyrətamiz şəkildə təkrar olunmuşdur. Xalqımızın bəxti onda gətirmişdir ki, ötən əsrin sonlarında nail olduğumuz ikinci dövlət müstəqilliyi üçün real təhlükə yarandığı bir dövrdə Heydər Əliyev kimi qüdrətli şəxsiyyət yenidən ali hakimiyyətə qayıtmış, Azərbaycan Xalq Cümhuriyyəti ilə başlanan milli dövlətçiliyi arzudan reallığa çevirmişdir”.
Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru
28 May tarixinin Müstəqillik Günü kimi təsbit olunması dövlət suverenliyimizin 1918-ci ildə bərqərar olunması faktına əsaslanır
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. İstiqlal Bəyannaməsi xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.
23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır. Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Dövlət bayrağı, Azərbaycan vətəndaşlığı təsis olunmuşdur. Milli ordu qurulmuş və Qafqaz İslam Ordusu ilə birlikdə Bakı işğalçılardan azad edilmişdir. Qısa müddət ərzində olduqca mütərəqqi sayılan müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul olunmuşdur.
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin xarici siyasətinin başlıca məqsədi yeni yaradılmış dövləti dünyaya tanıtmaq idi. Milli hökumətin qarşısında dayanan əsas vəzifələrdən biri Paris Sülh Konfransında, dünyanın siyasi nizamının yenidən quruluş aldığı bir zamanda müttəfiq dövlətlər tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin tanınmasını, habelə dünyanın aparıcı dövlətləri ilə diplomatik əlaqələrin yaradılmasını təmin etmək idi. Buna görə də ilk növbədə, Avropanın bir sıra ölkələrinə yeni bir dövlətin qurulması barədə rəsmi məlumat göndərildi. Dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.
1991-ci ildə xalqımız öz müstəqilliyini bərpa etdi və həmin il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olundu. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə istinad olunmuş və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir. Müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da onu qoruyub saxlamaq daha çətin, məsuliyyətli bir işdir. XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü bir tərəfdən, daxili münaqişələr digər tərəfdən ölkəni çətin bir vəziyyətə salmışdı. Məhz belə bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn Ulu Öndər dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu.
Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc
Ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir.
Ulu Öndər Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı. İlk dəfə olaraq rəsmi qaydada üçrəngli bayrağı Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırıb. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. Bununla da müstəqilliyə gedən yolun əsası qoyulub. Sovet İttifaqı mövcud olduğu bir vəziyyətdə belə cəsarətli addımın atılması Ulu Öndərin xalqına, dövlətinə nə qədər bağlı olduğunu, bu yolda nə qədər cəsarətli, dönməz olduğunu bir daha göstərdi.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında bu gün demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı tədbirlər görülür. Qazanılmış nailiyyətlər hər bir Azərbaycan vətəndaşında qürur hissi doğurur. Prezident cənab İlham Əliyevin səyləri nəticəsində xarici dövlətlərlə hərtərəfli beynəlxalq münasibətlər inkişaf etdirilib, balanslaşdırılmış siyasət nəticəsində Cənubi Qafqazda sabitlik təmin olunub, Azərbaycan Avropanın əsas enerji təchizatçılarından birinə çevrilib.
Hər zaman dövlətçilik ənənələrinə sadiqlik nümayiş etdirən Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə Bakı şəhərinin İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal bəyannaməsi abidəsinin 2007-ci il 25 may tarixində rəsmi açılış mərasimi baş tutmuş və dövlət başçısı mərasimdə iştirak etmişdir. Prezident cənab İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi, həmçinin Cümhuriyyətin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamları milli yaddaşın formalaşması prosesində mühüm əhəmiyyət kəsb edir. Prezident cənab İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi Azərbaycanın dövlətçilik tarixində çox mühüm və şərəfli bir mərhələ olan Şərqdə ilk parlamentli respublikanın əhəmiyyətinin hər zaman uca tutulduğunun, eləcə də dövlətçilik ənənələrinə böyük dəyər verildiyinin sübutudur. Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli Qanunu ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı” təsis olunmuşdur.
2021-ci il 15 oktyabr tarixində “Müstəqillik günü haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olmuşdur. Sözügedən Qanunla 28 May Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilmişdir. 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir.
Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc
Müstəqilliyin, dövlətçiliyin əsaslarının qoyulduğu tarix
Xalqımızın çoxəsrlik dövlətçilik tarixində 1918-ci il mayın 28-i tarixinin xüsusi yeri və rolu vardır. Məhz həmin gün Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etdi. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradıldı, dövlət atributları təsis olundu, sərhədləri müəyyən edildi, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirildi, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atıldı. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynadı. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir.
Təəssüflər olsun ki, müstəqilliyə gedən yol heç də hamar olmamış, hələ cümhuriyyət yaranmamışdan əvvəl xalqımızın taleyində dəhşətli faciələr baş vermişdir. Tarixin müxtəlif mərhələlərində mifik və bədnam “Böyük Ermənistan” ideyasını gerçəkləşdirməyə çalışan erməni millətçiləri bolşevik silahlı dəstələri ilə birgə 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı soyqırımı həyata keçirmişlər. Həmin günlərdə Bakı şəhərində və respublikamızın digər bölgələrində on minlərlə dinc sakin yalnız azərbaycanlı olduqlarına görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə – yeksan edilmişdir. Azərbaycanda mart soyqırımını törətməklə erməni-bolşevik qüvvələri daha böyük məqsədlər güdür, Azərbaycan torpaqlarını işğal etmək istəyirdilər. Lakin 1918-ci ilin may ayında Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, milli dövlətçiliyin bərpası, Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin başlanması düşmənlərin bu planlarını pozmuşdu.
May ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi Konstitusiya aktı statusuna malik olan ilk hüquqi sənəd – İstiqlal Bəyannaməsində müstəqil Azərbaycan dövlətinin yarandığı bəyan olunmuş, onun hakimiyyətinin şamil edildiyi ərazinin hüdudları müəyyənləşdirilmiş, həmçinin dövlətin əsas fəaliyyət prinsipləri öz əksini tapmışdı.
Bəyannamədə demokratik dövlətə məxsus atributların – hakimiyyətin xalqa mənsub olması, vətəndaşların mülki və siyasi hüquqlarının təmin edilməsi, həmçinin ölkənin bütün vətəndaşlarına bərabər hüquqların, o cümlədən Avropanın bir sıra inkişaf etmiş dövlətlərini qabaqlayaraq qadınlara seçki hüququnun verilməsi, suveren, demokratik, hüquqi dövlət yaradılması niyyəti bəyan edilmişdi.
İstiqlal Bəyannaməsinin siyasi-hüquqi mahiyyəti ondan ibarət idi ki, o, Azərbaycanda demokratik rejimli parlament respublikası idarəçilik formasını, ali dövlət hakimiyyəti orqanları sistemini, hökumətin qanunverici orqan qarşısında məsuliyyət daşımasını və ümumilikdə parlamentçiliyin formalaşdırılmasını, eyni zamanda vətəndaşların hüquqi statusunun əsaslarını bərqərar edərək möhkəmləndirmişdi.
Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc
Azərbaycan Xalq Cümhuriyyətinin axıra qədər həyata keçirə bilmədiyi işlər onun varisi kimi müstəqil Azərbaycan Respublikası tərəfindən davam etdirildi və Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə reallaşdırıldı
Ümumiyyətlə, müdrik Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli Lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı. Ölkəmiz SSRİ-nin tərkibində olduğu dövrdə də bir çox dövlətçilik atributlarını saxlaya bilmiş, iqtisadiyyatını, elmini və mədəniyyətini inkişaf etdirmiş, müstəqillik hissləri xalqımızı heç vaxt tərk etməmişdir. Ümummilli Lider Heydər Əliyev xalqımızın dövlətçilik ənənələrinin yaşadılması və inkişafı istiqamətində çox böyük işlər görmüş, XX əsrin sonlarında itirilmiş müstəqilliyin yenidən bərpa olunmasında və qorunub möhkəmləndirilməsində misilsiz xidmətlər göstərmişdir.
Xalq Cümhuriyyətinin ənənələrinə sadiqlik nümayiş etdirən Ümummilli Lider Heydər Əliyev hələ 1990-cı ildə ilk dəfə Naxçıvanda Cümhuriyyətin üçrəngli bayrağını Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul etdi və bu, müstəqilliyə gedən yolun başlanğıcı oldu. Xalqın çağırışı ilə 1993-cü ildə respublikaya yenidən rəhbərliyə qayıdan Ulu Öndər Heydər Əliyev nadir və iti dövlətçilik zəkası, cəsarəti və sarsılmaz iradəsi ilə xalqımızı və dövlətimizi böyük təhlükələrdən xilas etdi, Xalq Cümhuriyyəti dövründə təməli qoyulmuş müstəqil Azərbaycan ideyasını gerçəkləşdirdi, müstəqilliyimizi dönməz və əbədi etdi. Azərbaycan Xalq Cümhuriyyətinin axıra qədər həyata keçirə bilmədiyi işlər onun varisi kimi müstəqil Azərbaycan Respublikası tərəfindən davam etdirildi və Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə reallaşdırıldı.
Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu, onun dəsti – xəttini böyük əzmlə, qətiyyətlə, uğurla davam etdirən Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatı gücləndi, qüdrətli ordu, demokratik dövlət təsisatları yaradıldı, qanunun aliliyi, insan hüquqları, söz və mətbuat azadlığı təmin edildi, vətəndaş cəmiyyəti formalaşdırıldı,Tarixi Zəfər qazanıldı və müstəqillik yolunda ölkəmizin davamlı inkişafına qədəm qoyuldu. Ümumiyyətlə, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Müstəqil Azərbaycanımız hər gün yeni – yeni uğurlara, nailiyyətlərə imza atır, necə deyərlər, öz mühüm hədəflərinə nail olur.
Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini
Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizdə müstəsna əhəmiyyət daşıyan yer tutur
Cümhuriyyətin elanına gətirən yol uzun və bir sıra amillərin təsiri altında olub. Məlumdur ki, Azərbaycanın Şimal torpaqlarının Çar Rusiyası tərəfindən işğal edilməsinə qədərki müəyyən dövrlərdə Azərbaycan xalqının zəngin dövlətçilik ənənələri olmuşdu. 1828-ci ildə Azərbaycanın şimal topaqları çar Rusiyası tərəfindən xanlıqlar formasında işğal edildikdən sonra tamamilə yeni bir şərait yarandı. İki yerə bölüşdürülsə də, Azərbaycan xalqı işğalla barışmadı. Azərbaycanın şimalında işğala qarşı müqavimət hərəkatı, üsyanlar baş verdi. Amansızlıqla yatırılan üsyanlardan sonra müstəqillik şüurunun, onun daşıyıcılarının məhvinə başlandı. Müstəmləkəçiliyə qarşı çıxanları amansız Sibir sürgünləri və həbsxanalar gözləyirdi. Cümhuriyyət elan edilənədək Sibir sürgünündə, təxminən, 5 min nəfər azərbaycanlı var idi.
Çarizm orqanları hakimiyyət əleyhinə olan ən xırda təzahürləri qəddarlıqla məhv edirdi. Aparılan islahatlar başlıca olaraq çarizmin ümumi müstəmləkəçilik maraqlarına, ucqarları imperiyanın mərkəzinə daha sıx bağlamağa xidmət edirdi.
Azərbaycanda demoqrafik şəraiti dəyişdirmək məqsədi ilə qeyri-azərbaycanlılar, xüsusən ermənilər iri şəhərlərə və müxtəlif yaşayış məntəqlərinə yerləşdirilirdilər. Yadellilərin gəlməsi sadəcə demoqrafik şəraiti dəyişdirmədi, onlar eyni zamanda yerli əhaliyə məxsus zəngin torpaqlara sahib oldular və varlandılar. Gəlmələr üçün üstün şərait yaradılırdı. Bütün bunlar təkcə sosial deyil, eyni zamanda milli ziddiyyətləri də kəskinləşdirirdi. Sonrakı dövrlərdə baş verən ən böhranlı anlarda məhz gəlmələr çarizmin müstəmləkəçilik siyasətinin yerlərdə dayaqlarına çevrildilər. Azərbaycanın qarşılaşdığı bütün milli və ərazi problemlərinin kökləri məhz çar Rusiyası tərəfindən işğal edildidkən sonra qoyuldu.
Çarizm özünün ümumi imperiya mənafeləri naminə Azərbaycanda işlərin aparılmasına kömək edən yerli etibarlı şəxslərdən ibarət məmurların yaradılmasında maraqlı idi. Ona görə də yeni təhsil sistemini tətəbiq etməyə başladı. Hansı məqsədlər güdməsindən asılı olmasına baxmayaraq, açılan məktəblər və mədəni-maarif müəssisələri Azərbaycan xalqının maariflənməsinə, dövrünün elm və mədəniyyət nailiyyətlərindən xəbər tutmasına imkan verirdi. Ana dilində ilk qəzet dərc edildi. İlk milli teatr yaradıldı. Maarifçilik milli hisslərin oyanmasında, milli şüurun inkişafında, milli özünüdərkində və nəhayət, milli hərəkatın yaranmasına gətirdi. Azərbaycan xalqının millət olaraq formalaşmasında bu amillər mühüm rol oynadı. Rusiyada gedən proseslər heç şübhəsiz, Azərbaycana da təsirsiz ötüşmədi. İmperiya tərkibində olan Azərbaycanın şimalında xalqımızın ümmətçilikdən millətçiliyə keçməsi Cənubi Azərbaycana nisbətən daha sürətli oldu. Azərbaycanın şimalı Rusiya vasitəsi ilə Avropaya daha çox yaxınlaşdı. Abbasqulu Ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi və b. ziyalılar xalqın maariflənməsində əvəzsiz xidmət göstərdilər. Carizm dövründə yaradılmış müxtəlif ictimai təşkilatlar, xeyriyyə cəmiyyətləri xalqın problemlərinin həllinə yardım edilməsində, humanitar əsasda birləşməsində müəyyən rol oynadı. “Azərbaycanlılar” ifadəsindən həmin vaxtlarda dərc edilən rus dilli qəzetlərdə istifadə edilməyə başlandı.
Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal
Azərbaycanın idarə forması Xalq Cümhuriyyəti idi
Cümhuriyyətin qurulması və fəaliyyəti əhəmiyyətinə görə Azərbaycan sərhədlərini aşaraq daha geniş bir anlam daşıyırdı. Cümhuriyyət bütün müsəlman Şərqinin Dan Ulduzu oldu. Müsəlman dünyasına respublika məfhumunu, məfkurəsini, idarə üsulunu Azərbaycan xalqı gətirdi, müsəlman xalqlarına zülmətdən xilas olmağın yolunu göstərdi, ürəklərində ümid çırağı yandırdı. Heç əbəs deyil ki, Cümhuriyyət yaradıldıqdan sonra Sibir sürgünündə azərbaycanlılarla yanaşı zülm çəkən yüzlərlə ərəb, fars, əfqan və başqa xalqların nümayəndəsi Azərbaycanın vətəndaşı olmaq üçün müraciət etmişdilər. Bu gün Şərqdə müstəmləkəçiliyn və müstəmləkə zülmü altında inləyən xalqların olmaması eyni zamanda Cümhuriyyətin təsiri və Azərbaycan xalqının tarixi xidmətlərindən biridir. Cümhuriyyət dövründə qadınlara səs hüququ verildi. Cümhuriyyət olmasaydı, heç şübhəsiz, Azərbaycan SSR-də qurula bilməzdi. Almaniyaya arxalanan gürcülər mayın 26-da Seymdən çıxaraq dövlət müstəqilliklərini elan etdilər. Azərbaycan fraksiyası mayın 27-də toplaşaraq dövlət müstəqilliyini elan etmək qərarına gəldi. Bu zaman Osmanlı ilə Zaqafqaziya arasında Batumda keçirilən danışıqlarında iştirak edən M.Ə.Rəsulzadə qiyabi olaraq Milli Şuranın sədri seçildi. Fraksiya özünü Azərbaycan Milli Şurası elan etdi. Azərbaycan xalqının tarixi istəyi yerinə yetirildi. Milli Şuranın mayın 28-də Tiflisdə keçirilən iclasında altı bənddən ibarət Azərbaycanın İstiqlal bəyannaməsi qəbul edildi.
Azərbaycanlıların tarixi torpaqlarında ermənilərin yaratdıqları Ararat Respublikasının paytaxtı olmadığından Azərbaycan Milli Şurası iki xalq arasında milli sülhün yaradılması, digər ərazilərə əsassız iddialar irəli sürməyəcəyi düşüncəsi ilə İrəvanı paytaxt olaraq güzəştə getdi. Beləliklə, gəlmə ermənilərə azərbaycanlı torpaqlarında Cənubi Qafqazda dövlət yaradıldı və paytaxt şəhəri verildi. Lakin bununla kifayətlənməyən daşnak Ermənistanı azərbaycanlılara qarşı soyqırımları davam etdirdi və əsassız ərazi iddialarını genişləndirdi.
Azərbaycanın idarə forması Xalq Cümhuriyyəti idi. Yeni dövlət bütün qonşularla mehriban münasibətlər qurmaq istəyini bəyan etdi. Ölkə ərazisində yaşayan bütün xalqlar bərabər elan edildilər. Onlar üçün bərabər hüquqlar elan olundu. Azərbaycanın başında xalqın seçdiyi Milli Şura dayanırdı. Azərbaycan parlamentli respublika idi.
Cümhuriyyətin elan edilməsi ilə Azərbaycan xalqı XX əsrdə ilk dəfə olaraq Dövlət Millətinə çevrildi. Əgər Azərbaycan Rusiya tərəfindən xanlıqlar formasında işğal edilib imperiyanın tərkibinə ayrı-ayrılıqda qatılmışdısa, 1918-ci ildə onun tərkibindən tək millət, tək dövlət və tək bayraq olaraq çıxdı.
Cümhuriyyətin ərazisi Cənub-Şərqi Zaqafqaziyanı əhatə edirdi və 113,9 min kv. km idi. Bunun 97,3 min kv. km mübahisəsiz, 16,6 min kv. km mübahisəli idi.
Bu zaman Cənubi Qafqazda 8 mln. 81 min 668 nəfər əhali yaşayırdı. Onun 4 mln. 617 min 671 nəfəri azərbaycanlı idi. Azərbaycan Xalq Cümhuriyyətinin əhalisinin 75,4 faizini və ya 3 mln. 481 min 889 nəfərini azərbaycanlılar təşkil edirdi. Digərləri müxtəlif dövrlərdə çarizmin köçürmə siyasəti nəticəsində Azərbaycana yerləşdirilən gəlmələr idi.
Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri
Azərbaycan Cümhuriyyəti qadınlara səsvermə hüququnu tanımaqla Qərb ölkələrinə nümunə oldu
Almaniya və müttəfiqləri müharibədə məğlub olduqdan və Osmanlı qüvvələri çıxdıqdan sonra Bakıya noyabrın 17-də ingilis generalı Tomson başda olmaqla müttəfiq qoşunları gəldi. Erməni, rus milli şuralarının anti-Azərbaycan fəaliyyətinə baxmayaraq, Tomson Bakıda vəziyyətlə tanış olduqdan sonra bildirdi ki, Azərbaycan hökumətinə və baş nazirinə böyük hörmət bəsləyir və yeni koalisiyalı hökumət yaradılana qədər onun hökuməti ölkədə yeganə qanuni hökumət olaraq qalır. Osmanlı bayrağına bənzəyən Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dəyişdirildi və üçrəngli bayraq qəbul edildi.
Gəncədə hərbi və mülki hakimiyyət arasında yaranmış ixtilaflar nəticəsində fəaliyyətini dayandırmış Milli Şura noyabr ayında Bakıda fəaliyyətə başladı. Milli Şura Azərbaycan parlamentini 120 nəfərdən ibarət formalaşdırmağı qərara aldı. Azərbaycan parlamentinin yaradılması haqqında qanun 1918-ci il noyabrın 19-da qəbul edildi. Parlamentin tərkibinə əhalinin sayına uyğun olaraq 80 nəfər azərbaycanlı və digər xalqların nümayəndələri daxil edilməli idi. 1918-ci il dekabrın 7-də Tağıyevin qız məktəbində (indiki Əlyazmalar İnstutunun binasında) Azərbaycan parlamenti açıldı. 11 fraksiyanın fəaliyyət göstərdiyi parlamentdə yerlər aşağıdakı kimi bölüşdürülmüşdü: türk-müsəlman əhali-80; ermənilər-21; ruslar-10; almanlar-1; yəhudilər-1; gürcülər-1; polyaklar-1; Bakı həmkarlar ittifaqı-3; Bakı neft sənayeçiləri Şurası və Ticarət-Sənaye İttifaqı-2. Lakin Azərbaycanın müstəqilliyini qəbul etməyən ermənilər və başqaları parlamentin işində iştirakdan boyun qaçırdılar. Parlamentin 155 iclası keçirildi. Müzakirəyə çıxarılan 270-dən çox qanun layihəsindən 230-u qəbul edildi. Parlamentin sədri vəzifəsinə özü iştirak və heç bir zaman iclaslara sədrlik etməyən Əlimərdan bəy Topçubaşov, müavinləri Həsən bəy Ağayev və Məmmədyusif Cəfərov seçildilər. Parlamentin sonuncu iclası 1920-ci il aprelin 27-də keçirildi.
Azərbaycan dünya demokratiyasına mühüm töhfə verdi. Azərbaycan Cümhuriyyəti qadınlara səsvermə hüququnu tanımaqla Qərb ölkələrinə nümunə oldu.
Himn və bayraq qəbul edildi. Xüsusi xidmət orqanları yaradıldı. Sərhəd və Gömrük xidməti quruldu. Ordu yaradıldı. Türk dili (Azərbaycan dili) dövlət dili elan edildi. İbtidai və orta məktəblərdə işlərin ana dilində aparılması haqqında qanun qəbul edildi. Bakı Dövlət Universiteti yaradıldı. Təhsil və xalq maarifi, səhiyyə sahəsində tədbirlər həyata keçirildi. Ölkənin hər yerində müxtəlif səviyyəli məktəblər açıldı. Dərsliklər hazırlanmağa başladı. Xaricdən müəllimlər dəvət edildi. Mədəniyyətə xüsusi diqqət yetirildi. Teatrlar, kitabxanalar yaradıldı. Ana dilində mətbuat orqanları quruldu. Milli kadrların hazırlanmasına xüsusi diqqət yetirildi. 100 nəfər azərbaycanlı gəncin xarici ölkələrdə oxumağa göndərilməsi barədə qərar qəbul edildi.
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin xarici siyasətinin başlıca məqsədi yeni yaradılmış dövləti tanıtmaq idi. Ona görə də hökumət yarandığı vaxtdan etibarən fəal xarici siyasət yürütməyə başladı. İlk növbədə Avropanın bir sıra ölkələrinə yeni bir dövlətin qurulması barədə məlumat göndərildi.
Antanta ölkələri Azərbaycana yardım göstərilməsi barədə qərarlar qəbul etdilər. Azərbaycan dövləti beynəlxalq münasibətlər sisteminə daxil olmaq üçün ilk addımlar atdı. Xarici siyasətin mühüm istiqamətlərindən biri qonşu dövlətlərlə münasibətlər idi.
Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru
Azərbaycan Xalq Cümhuriyyətinin qurulması xalqımızın həyatında yeni bir mərhələnin başlanğıcı oldu
Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən, yarandığı dövr üçün inqilabi sayılan bir çox ünsürləri özündə ehtiva edən dövlət nümunəsi olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi.
Cümhuriyyətin ömrü uzun olmasa da, qısa bir müddət – 23 ay ərzində çox böyük işlər görə bilib. Bu qısa dövrdə dövlət bayrağı, dövlət himni və gerbi, Azərbaycan vətəndaşlığı təsis edilib, milli ordu yaradılıb. Həmin dövr üçün olduqca mütərəqqi sayılan müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul edilib. Demokratik hüquq və azadlıqların, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi və həyata keçirilmiş digər işlər həmin dövr üçün atılmış böyük addımlar idi.
Milli dövlətçilik tariximizdə Cümhuriyyət xadimlərinin misilsiz xidmətlərinin yüksək dəyərləndirilməsi, onların zəngin irsinin öyrənilməsi və təbliği ilə ümummili lider Heydər Əliyevin xidmətləri xüsusilə qeyd edilməlidir. Misal üçün, cümhuriyyətin bizə ən böyük mirası olan 3 rəngli şanlı bayrağımız ilk dəfə Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1990-cı il noyabrın 17-də Naxçıvan MR Ali Məclisinin sessiyasında qaldırıldı və Naxçıvan MR-nın dövlət bayrağı kimi rəsmiləşdirildi. Azərbaycan SSR Ali Soveti qarşısında bu bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatətin qaldırılması, o dövrdəki Azərbaycan rəhbərliyinin 1991-ci il fevralın 5-də belə bir qərar qəbul etməyə məcbur olması, ümummili liderin ən böyük xidmətlərindədir.
Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc