Elşad Həsənov qanunsuz nə tikintilərə mane olmur, nə vətəndaşları qəbul etmir… – Bəs nə işə baxır?
Doğrudur, bu kimi hallar adlarını çəkdiyimiz hər iki rayon ərazisində yeni deyil, amma danılmazdır ki, yeni icra başçılarının gəlişindən sonra daha da artıb. Və qəribəsi də budur ki, müstəqil medialar bu barədə məlumatlar yayımlandıqca Elşad Həsənov ilə Rafiq Quliyevə sanki, “yaradıcılıq” ilhamı gəlir və bu “fəaliyyətləri”ni daha da genişləndirirlər.
Qanunsuz fəaliyyət göstərən məmurlar demek olar ki, hər zaman olub, lakin onlar etdikləri qanunsuzluqları heçolmasa gizli həyata keçirirdilər. Kimsə də bundan xəbər tutduğunda tez aradan qaldırmaq üçün əllərindən gələni edirdilər.
Məsələn, “dünən”in “lal deputatı” statusu ilə tanınan Elşad Həsənov bu gün də rəhbərlik etdiyi Yasamal rayonunun ərazisində aparılan qanunsuz tikintilərə “karam, koram, lalam” prinsipi ilə yanaşır ki, təbii olaraq bütün bunların da qarşılıqsız olmasının mümkünsüz olduğunu hər kəs bilir.
Bir çox müstəqil medialarda, eləcə də “MUMtv.az” informasiya portalında dəfələrlə Yasamal rayonunda aparılan qanunsuz tikintilərdən bəhs edilən məlumatlar dərc edilib. Hətta, bəzi saytlarda bəzi tikintilərin Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən söküldüyü barəsində də məlumatlar yer alır. Görünür, həmin sökülən tikintilərin sahibləri FHN-yi ilə razılığa gələ bilməyib. Yoxsa ətrafda aparılan digər qanunsuz tikintilərə göz yuman nazirlik onları niyə görsün ki?!
Özü də həmin ərazilər üzrə təyin edilmiş istər İcra nümayəndəsi olsun, istər bələdiyyə sədri, istərsə də digər məsul şəxslər olsun tikinti başa çatana qədər gözə dəymirlər. Elə ki, kimsə şəxsi həyətində nəysə etməyə niyyətləndi və əlinə bel götürüb yerini hamarlamağa başladı icra nümayəndəsi, bələdiyyə, FHN-nin məsul əməkdaşları, ərazi üzrə sahə müvəkkili və sair qapısında sıraya düzülür. Başlayırlar tikinti haqqında qanunun maddələrini əzbər saymağa. Elə ki, vətəndaş əlini cibinə saldı məcəllənin bütün maddələri yaddan çıxır və həmin məsul şəxslər tikinti başa çatana qədər yoxa çıxırlar.
“Yoxa çıxır” demişkən, artıq bir neçə gündür ki, Yasamal rayonunda yaşayan vətəndaş Elşad Həsənovu yerində tapıb, qəbuluna düşə bilmir.
Belə ki, yaşlı vətəndaş səhhəti səbəbilə özü başçının qəbuluna gedə bilmədiyi üçün onun yerinə yaxını eyni zamanda mətbuat nümayəndəsi qəbula düşüb yaşlı vətəndaşın müraciətini bildirmək üçün Elşad Həsənovun Yasamal rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində – aparatın strukturunda qeyd edilmiş əlaqə nömrəsinə zəng edir. Dəstəyi qaldıran xanım gah deyir “Elşad müəllim qəbuldadır”, gah deyir “tədbirdədir. Belə çıxır ki, Elşad Həsənovun kabinetinin girişində əyləşən bu xanım gün ərzində onu görə bilmir.
Belə olan halda adamın sıravi sakinlərə ürəyi ağrıyır vallah…
Bir yandan da Elşad Həsənovun bu qədər “gərgin” iş rejimində çalışmasına inansaq, vallah təqdir edərik də ortada buna dair gözlə görüləcək bir irəliləyiş yoxdur.
Gördüyümüz, eşitdiyimiz yalnız aparılan qanunsuz tikintilər, yağışda daşan kanalizasiyalar, yerində tikinti tikilməsi üçün kəsilən ağaclar (bu işlər də təbii olaraq ETSN ilə müştərək həyata keçirilir) və sair kimi problemlərdir.
Yeri gəlmişkən, növbəti yazılarımızda Elşad Həsənovun əmlakları və biznesləri barəsində məlumatları, həmçinin görüntülərini təqdim edəcəyik.
Diqqətiniz bizdə olsun.
“MUMtv.az” hər kəsin söz haqqını tanıyır.